“‘Olaylar" qəzeti peşəkarlıq və etimad nümunəsidir” – Ramiyə Məmmədova- OLAYLAR-30
15 Aprel 16:46 Sosial"Bizim mətbuat və media sahəsində əslində çox böyük problemlər var və biz bu problemləri bacardığımız qədər gündəmə gətirməyə, işıqlandırmağa çalışırıq. Təbii ki, Azərbaycanda media sahəsində uzun müddətdir fəaliyyət göstərən peşəkar jurnalistlər, saytlar və qəzetlər mövcuddur və onların ölkə mətbuatına verdiyi töhfə danılmazdır. Bir qəzetin 30 il ərzində fasiləsiz fəaliyyət göstərməsi olduqca çətin məsələdir, xüsusilə də kapitalist dövründə bu daha da çətinləşir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib. O qeyd edib ki, "Olaylar" qəzeti 30 il ərzində cəmiyyətin səsini işıqlandıraraq peşəkarlıq və etimad nümunəsi göstərib:
""Olaylar" qəzeti və onun kimi bir neçə media qurumu həm ölkədə, həm də dünyada baş verən hadisələri mütəmadi olaraq işıqlandırmaqla mühüm rol oynayıb. Onlar hər zaman çalışıblar ki, əllərindən gələni etsinlər, insanların problemlərini gündəmə gətirsinlər, dövlət daxilində gedən proseslərə münasibət bildirsinlər və bu məsələlərə aydınlıq gətirsinlər. Bütün bunlarla yanaşı, təbii ki, müxtəlif çətinliklərlə də üzləşiblər. Ancaq yenə də bu qədər müddət fəaliyyət göstərmək hər media qurumuna nəsib olmur - bunun üçün böyük təcrübə və peşəkarlıq tələb olunur. Bir daha qeyd etmək istəyirəm ki, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Mənə elə gəlir ki, sizin qəzet də peşəkar və dürüst media nümayəndələrinin sırasındadır. Azərbaycan xalqının 30 il ərzində qarşılaşdığı çətinlikləri, daxili və xarici təzyiqləri, geosiyasi prosesləri düzgün və dolğun şəkildə işıqlandırmaq bu qəzetin ən böyük nailiyyətlərindən biridir. Əgər bir media qurumu 30 il ərzində oxucunun rəğbətini qazanıbsa və bu gün də fəaliyyətini davam etdirirsə, demək ki, o, etimadı doğrulda bilib və hələ də aktualdır. Ümid edirəm ki, bu uğurlarınız davamlı olacaq.
Ümumiyyətlə, Azərbaycanda media sahəsində çox ciddi problemlər var və bu problemlər nə qədər çox danışılırsa, bir o qədər də dərinləşir. Bu səbəbdən istərdim ki, hər bir media qurumu dürüst, obyektiv və məsuliyyətli şəkildə fəaliyyət göstərsin. Mətbuat xidməti elə sahədir ki, insanlar çox zaman öz fikirlərini yox, məhz orada yayılan fikirləri əsas götürüb danışırlar".
R. Məmmədova sonda "Olaylar" qəzetinin rəhbərliyinə və kollektivinə xoş arzularını çatdırıb.
"Sonda isə arzum budur ki, sizin qəzet də hər zaman mütəxəssislərlə, peşəkar insanlarla işləsin və insanların istədiklərini yox, məhz real, doğru informasiyanı cəmiyyətə çatdırsın. Sizin fəaliyyətiniz yüksək qiymətləndirilir.
Sizi və rəhbərliyinizi "Olaylar" qəzetinin 30 illik yubileyi münasibətilə təbrik edirəm, sizə yeni-yeni uğurlar arzulayıram".
Səidə Ramazanova