Gürcüstanda partiyaların ləğvi ilə bağlı qanun layihəsi qəbul edilib – ÖZƏL
15 Aprel 16:43 DünyaGürcüstan parlamenti siyasi partiyaların fəaliyyətinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. "Gürcü Arzusu" fraksiyası tərəfindən təqdim olunan qanun paketi 83 səslə yekdilliklə təsdiqlənib.
Olaylar.az xəbər verir ki, layihəyə əsasən, əgər bir siyasi partiyanın məqsədi, fəaliyyəti və şəxsi tərkibi əvvəllər məhkəmə qərarı ilə qadağan edilmiş partiyanın məqsədi, fəaliyyəti və tərkibi ilə üst-üstə düşürsə, həmin partiya da qadağan edilə bilər. Həmçinin Konstitusiya Məhkəməsinin belə partiyaların fəaliyyətinin qanunauyğunluğunu qiymətləndirməsi üçün müəyyən olunmuş müddət 9 ay olacaq. Seçki dövründə isə bu müddət 14 günə endiriləcək.
"Gürcü Arzusu" partiyasının deputatı Tornike Çeişvili bildirib ki, bu müddət daha da qısaldıla bilər və məsələ ikinci oxunuşda dəqiqləşəcək.
Hazırkı qanunvericiliyə görə, yalnız Konstitusiya Məhkəməsinin qərarı ilə partiyanın fəaliyyəti qadağan oluna bilər. Partiya yalnız ölkənin konstitusiya quruluşunu zorla dəyişməyə cəhd edərsə, müstəqilliyinə və ərazi bütövlüyünə təhdid törədərsə və ya zorakılığı, müharibəni, nifrəti təşviq edərsə ləğv edilə bilər. Qadağa və ya ləğv edilmədən sonra partiyanın əmlakı dövlət büdcəsinə keçir.