“Media öz funksiyasını yerinə yetirə bilmir” - AKTUAL
22 Noyabr 2013 16:35 SosialBu gün efirlərdə təşkil olunan tok-şoularda əsas ekspertlər ekstrasens, cadugər və falçılardı. Yəni, cəmiyyətimizdə bu təbəqədən başqa heç kəs insanların problemlərini müzakirə edə bilməz, ya da ki bu müzakirəni edə biləcək ağıl onlarda yoxdu. Əlbəttə ki, bu səhv yanaşmadı. Sadəcə bu gün yayımlanan verilişlərdə əsas məqsəd reklam, sponsor cəlb etmək olduğundan teleproqram aparıcıları və digər məsul şəxslər kor-koranə olaraq veriliş hazırlayıb, yalandan şou yaradırlar. "Az sonra siz bundan xəbərdar olacaqsız" kimi çoxdan şablonlaşmış ifadələr hələ də yerli telekanallarda tez-tez işlədilir. "Az sonra"nın üzərindən 1 saata yaxın vaxt getsə də tamaşaçıların səbirsizliklə gözlədiyi bağlama açılmır. Bir çox mütəxəssislər belə iddia edir ki, tamaşaçı nəyi tələb edirsə, nəyə tələbat varsa, nə daha çox baxılırsa onu da təqdim etməliyik. Tamaşaçı üçün cinayət hadisəsinin detalları da maraq doğurur. Tamaşaçı bunu tələb edir deyə biz də ətraflı olaraq hər bir detalına qədər cinayətin necə baş verdiyini çatdırmalıyıq. Nəticədə nə olacaq? Cinayət hadisələri bundan daha artıq baş verəcək. Efirdə yayımlanan verilişlər sırasında maarifləndirici əhəmiyyətə malik olan yayımlar demək olar ki, yox dərəcəsindədi. Kənardan Azərbaycan teleməkanına nəzər yetirdikdə çox eybəcər bir mənzərə ilə qarşılaşmış olacağıq. Camaata ağıl öyrədən, qarşısındakına nə gəldi söyləyən, etik davranış normalarından heç bir anlayışı olmayan aparıcılarımız az deyil. Onları daha çox insanların şəxsi həyatı maraqlandırır. Reytinq qazanmaq, insan emosiyalarına təsir etmək, auditoriya yığmaq üçün əsas hədəf məişət problemləri olur. Məişət problemlərinin, iki tərəf arasındakı münasibətin efir məkanında qabardılması ailə dəyərlərimizin nə qədər dəyərsizləşdiyini göstərir. Hər ailədə problem var. O zaman belə çıxır ki, efir yalnız 9 milyonluq əhalinin ailədaxili problemlərinə həsr edilməlidi. Mövzu ilə bağlı BDU-nun jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu və aparıcı Elçin Əlibəylinin fərqli münasibətini öyrəndik. Vüqar Zifəroğlu bu tip verilişlərin, həmçinin ailə-məişət mövzusu üzərində qurulan yayımların düzgün olmadığını deyərək telekanalların auditoriya kütləsinin azalmasında bu amilin vacib rol oynadığını söyləyir: "Azərbaycan kanallarına baxanların sayı getdikcə azalır. Bəzən olur ki, elə veriliş hazırlayırlar, baxanda azərbaycanlı olduğunu belə unudursan. Ölkənin adət-ənənəsi, milli mentaliteti, mənəvi dəyərləri, konkret tabuları var. Təəssüflər olsun ki, izlədiyimiz verilişlərdə bu nüanslar rəhbər tutulmur. Kiminsə kimləsə yola getmir, ya sözü düz gəlmirsə bunu 9 milyonluq əhali arasında müzakirəyə çıxartmaq nə dərəcədə düzgündür? Bu cür bəsit verilişlərin üstün olduğunu görən auditoriya türk, xarici verilişləri izləmək məcburiyyətində qalır. Beləliklə də telekanalların auditoriya kütləsi azalır". Cəmiyyətin bir növ tənqid etdiyi nüanslara normal münasibət bildirmədiyini deyən V.Zifəroğlu xəbər proqramında yayımlanan sujetlərə toxunaraq cahilliyin belə geniş yayılmasına səbəb kimi dini maariflənmənin zəif olduğunu göstərib: "Ötən gün Xəzər Tv-də bir sujet yayımlandı. Adam ağacın başına-beş barmaq yapışdıraraq ətrafına lentlər dolayıb. Aşura günü bunlar şəbeh çıxardırlar, ələm vururlar. Belə şeylər mövhumatdı. Qafqaz Müsəlmanları İdarəsi də bu haqda bəyanat verərək onları "julik" adlandırdı. Bunun səbəbi ölkəmizdə dini maariflənmənin çox zəif olmasıdı. Dini İşlər üzrə Dövlət Komitəsi kifayət qədər bu istiqamətdə konfrans və tədbirlər təşkil edir. Bu çox təqdirəlayiq haldı. Görünür ki, bu istiqamətdə daha geniş işlər görülməlidi". Medianın bu gün öz funksiyasını yerinə yetirə bilmədiyini deyən V.Zifəroğlu bu kimi hadisələrin ifşası əvəzinə, telekanallarda daha da geniş təbliğ olunduğunu qeyd edir: "Media öz funksiyasını yerinə yetirə bilmir. Bunun əvəzinə təbliğatla məşğul olur. İslam dinində ekstrasenslik, falçılıq deyilən bir anlayış yoxdur. Varsa da bunlar günah sayılır. Normal dini veriliş hazırlamaq, maarifləndirmək, məhərrəmlik ayı haqda bilgi vermək əvəzinə elə verilişlər hazırlayırlar ki, adam baxanda həqiqətən də heyfslənir. Jurnalistikanın 3 funksiyası var ki, bunlar maarifləndirmək, bilgiləndirmək və əyləndirməkdi. Bizim mediada maarifləndirmək funksiyası yox səviyyəsindədi. Dindən, parapsixologiyadan heç bir anlayışı olmayan şəxslər üç-dörd gün əvvəl efirə ekspert qismində dəvət olunmuşdular. Bu cür şəxslər, belə verilişlər insanları yanlış səmtə yönəldir. Televiziyanın son dərəcə ciddi təsir edə bilmək gücü var. Bu gün mətbuatdan fərqli olaraq telekanallar insan psixologiyası, şüuruna böyük təsiredici gücə sahibdir. Hazırki dönəmdə telekanallarda bu cür fırıldaqçıların təbliğinə yol vermək olmaz. Bunun qarşısı alınmalıdı". Ekspert efir məkanında verlişlərin durumunun qənaətbəxş olmadığını söyləyir: "Azərbaycan efir məkanında verilişlərin durumu qənaətbəxş deyil. Bunu qısaca olaraq bu cür xarakterizə etmək olar. Maarifləndirmə xaarkterli, maraqlı müəllif proqramları yoxdur. İnternet tv-lərlə müqayisədə ənənəvi televiziya çox geridə qalır". V.Zifəroğlu şou xarakterli bəzi verilişlərin baxımlı olduğunu deyir: "Türkiyə ənənəsindən faydalanan belə verilişlərin bir qismi həqiqətən də maraq doğurur". Mövzu ilə bağlı teleaparıcı Elçin Əlibəylinin fikirləri isə fərqli oldu. Aparıcı ilk olaarq efir məkanının ümumi mənzərəsinə nəzər yetirdi: "Hər bir verilişin özünəməxsus üslubu var. Təbii ki, bu cür verilişlər arasında maraqlılığı ilə seçilənlər də az deyil. Qüsurlu və qüsursuz aparıcılarımız var. Ümumiləşdirərək deyə bilmərik ki, bütün aparıcılar qüsurlu, ya qüsursuzdu". E.Əlibəyli ekstrasens, cadugər və falçıların tok-şoulara dəvət olunmasında cəmiyyətin tələbatının aparıcı olduğunu söyləyir: "Mən elə deməzdim ki, insanların bütün problemlərini onlar həll edir. Praktik olaraq cəmiyyətdə nə qədər falçı, cadugər yanına, nə qədər kitabxanaya gedən var? Bunu müqayisə edək. Tv cəmiyyəti maraqlandıran məsələləri, movzuları işıqlandırmağa daha çox üstünlük verməlidi. TV-lərin bütün təbəqələr tərəfindən baxılmasını təmin etmək qarşıda duran əsas vəzifədir. İllərdir reklamverici şirkətlərin istəyi və tələbi ilə qurulan yayım böyük bir təbəqəni ekran qarşısından uzaqlaşdırıb. Onları yenidən yerli kanallara baxdırmaq üçün ciddi səylər edilməlidir. Uşaq və yeniyetmələrin formalaşmasında böyük yeri olan tv-lər həm də orta nəsildə rəy yaranması işində iştirak edirlər. Cəmiyyətdə mövcud olan və hər kəsi narahat edən problemlərin həllində tv-lərin xüsusi layihələri olmalıdır".
-Yəni, düşünürsünüz ki, zərərli-zərərsiz olmasından asılı olamayaraq cəmiyyətin buna tələbatı varsa demək ki, media tamaşaçıya istədiyini verməlidi?
-Bu kimi məsələləri ifşa etmək, cəmiyyətə nəyisə izah etmək lazımdı. Bu verilişlərin yayımının təbliğat olduğunu hesab etmirəm. Belə tok-şoularda polemikalar, müzakirələr təşkil olunur, mütəxəssislər efirə dəvət alır. Mən də verilişlərimin birində pornormal hadisələrlə bağlı mövzu qoymuşdum. Müxtəlif peşə sahiblərini dəvət etdim ki, öz izahlarını versinlər. Elm, din adamları bu kimi hadisələri inkar etsə də cəmiyyətin adi fərdləri bunun var olduğunu söylədi.
-Bu tip tok-şou proqramlarında əsas nöqsanları nədə görürsünüz?
-Ümumiyyətlə tok-şou proqramları təsniflənməlidi, məişət problemlərinə, siyasi məsələlərə həsr edilən debatlar var. Məişət və sosial problemlərə həsr edilən tok-şoular daha qalmaqallı olur. Bu belə də olmalıdı. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif nöqtələrində belə verilişlər böyük səs-küyə səbəb olur. Texniki və yaradıcı cəhətdən hansısa nöqsanlar varsa bunları araşdırıb aradan qaldırmaq lazımdı.
-Məişət problemlərinin işıqlandırılması sizcə nə dərəcədə düzdü?
-Bu cür verilişlərin hazırlanmasında əsas məsələ reklamvericilərin diqtəsidi. Dünyanın bir neçə böyük şirkəti var ki, onlar hələ 20-ci illərdə Amerikada radio, 50-ci illərdə televiziya seriallarının əsasını qoyublar. Bu şirkətlər məişət mövzularının telekanallarda ciddi müzakirəsi üçün layihələr hazırlayırlar. Bu zaman onlar əsas alıcılarının hansı təbəqə olduğunu müəyyənləşdirərək uyğun bir layihə hazırlayırlar. Bu cür verilişlərin sayı getdikcə artır. Mən bunun qarşısını almaq üçün də yollar təklif etmişəm. Təbii ki, bunun tam olaraq qarşısını almaq mümkün deyil. Amma vəziyyətdən çıxış yolu kimi balans yaratmaq olar. Bu balansın yaradılması üçün Reklam haqqında qanunda dəyişikliklərin olması zəruridi. Xüsusilə də sponsorluq fəaliyyəti ilə bağlı dəyişikliklər labüddür. Sponsor fəaliyyətinə çox geniş yer verilməsi reklam və rəqabət baxımından da çox ciddi problemlər yaradır.
-Bu cür çatışmazlıqları aradan qaldırmaq üçün bir teleaparıcı kimi sizin təklifləriniz nədən ibarətdi?
-İlk olaraq TV-lərin işini qiymətləndirərək, bu sahədə araşdırmalar, analizlər edəcək, ictimai əhəmiyyətini dəyərləndirəcək mərkəz yaradaraq sosioloq, kulturoloq, psixoloqları bura cəlb etmək lazımdı. Ölkədə mövcud iri reklamverici şirkətlərin və kommersiya qurumlarının mədəni-ictimai layihələrdə iştirakını göstərən cədvəllərin tərtibi də diqqət mərkəzində qalmalıdı. Vahid tv portalının yaradılması ilə ayrı-ayrı kanal, veriliş və layihələrlə bağlı ictimai rəy öyrənilməlidi. İctimai tv-nin Azərbaycan tarixinin öyrədilməsi, uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş ayrıca kanalı yaradılmalıdı. Yayımın janr və mövzu təsnifatının dəqiqləşdirilməsi və əsas istiqamətlərin müəyyən olunması ilə balansın tələbləri formalaşdırılmalıdı. Balans tələblərinə əməl olunması üçün yeni layihələr hazırlayaraq tv-lərə tövsiyyə edilməlidi. Tövsiyyə olunmuş layihələrin həyata keçməsi üçün dövlət qurumları ilə iş qurulmalı, tanınmış jurnalistlərə, alimlərə və ədiblərə tv-lərin fəaliyyətini əks etdirəcək təhlillərin hazırlanması sifarişi edilməlidi.
Bundan başqa AzTV-nin arxivinin bir nüsxəsini Milli Arxiv İdarəsinə təqdim etməsinin və ondan özəl kanalların istifadəsinin təmin edilməsi, Azərbaycan tv-ləri üçün kulturoloji atlasının tərtib edilməsi vacib amildi.
Nigar Məhərrəm