GİN-də hesabat mətbuat konfransı keçirildi
25 Dekabr 2015 14:40 SosialGənclər və İdman Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman naziri Azad Rəhimov iştirak edib.
Nazir 2015-ci ildə əldə olunmuş uğurlar, görülmüş işlər haqqında hesabat xarakterli çıxış edib. Öncə gənclər siyasəti istiqamətində danışan A. Rəhimov 2015-ci il ərzində gənclərlə iş sahəsində 91 tədbir keçirildiyini qeyd edib: "Onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub. 199 nəfər xarici ölkələrə ezam olunub, 771 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib. 26 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" imzalanıb".
Nazir ölkədə istifadəyə verilmiş 33 "Gənclər evi/Mərkəzi"nin fəaliyyət göstərdiyini bildirib. O, gənclər üçün Prezident mükafatının təsis olunduğunu və Gənclər Fondunun yaradıldığını vurğulayıb.
İdman siyasəti istiqamətində həyata keçirilən işlər haqqında məlumat verən A. Rəhimov 2015-ci ildə federasiyalar ilə birlikdə ölkəmizdə 200-dən çox respublika yarışları təşkil edildiyini deyib. O, Azərbaycanda 46 beynəlxalq yarışın təşkil olunduğunu, yığmalarımızın isə xarici ölkələrdə keçirilmiş 196 beynəlxalq yarışda iştirak etdiyini söyləyib: "İdmançılarımız 2015-ci il ərzində 321 qızıl, 222 gümüş və 280 bürünc, ümumilikdə isə 823 medal qazaıblar. Bunlardan 297 medal (105 qızıl, 61 gümüş, 131 bürünc) olimpiya, 526 medal isə (216 qızıl, 161 gümüş, 149 bürünc) qeyri-olimpiya idman növlərindən olub. İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq 101 təlim-məşq toplanışlarında iştirak edib. Təlim-məşq toplanışlarından 65-i Azərbaycanda, 36-sı isə xarici ölkələrdə keçirilib. Toplanışlarda ümumilikdə 6000 nəfərədək idmançı iştirak edib".
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin 12 avqust 2015-ci il tarixli "XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" Sərəncamına əsasən Olimpiya Oyunlarına hazırlıq işləri xüsusi proqram əsasında həyata keçirilir: "2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına bu günədək artıq 7 idman növü üzrə 29 lisenziya əldə edilib. Bunlardan 3-ü boks, 3-ü atletika, 5-i avarçəkmə, 11-i güləş (yunan-roma-4, sərbəst güləş-4, qadın güləşi-3), 2-si gimnastika, 4-ü ağır atletika, 1-i taekvondo idman növünə aiddir. Eyni zamanda Azərbaycan paralimpiyaçıları da XXXI Yay Paralimpiya Oyunlarına 4 idman növü üzrə 13 lisenziya əldə ediblər".
A. Rəhimov ölkəmizdə keçiriləcək nüfuzlu idman tədbirlərinə hazırlıqlar aparıldığını bildirib: "Azərbaycanda 2016-cı ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadası, Formula-1 üzrə Bakı Avropa Qran-Pri yarışları, Futbol üzrə 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatı, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının dörddə bir final mərhələ yarışlarına hazırlıq işləri davam etdirilir".
Nazir "Bakı-2015" ilk Avropa Oyunları haqqında da danışıb: "12-28 iyun 2015-ci il tarixlərdə ölkəmizdə ilk Avropa Oyunları keçirilib. Mərasimləri və idman yarışlarını izləmək üçün tamaşaçılar tərəfindən 650 000-ə yaxın bilet alınıb. 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növündə keçirilmiş Oyunlarda Azərbaycan bütün növlərdə 291 idmançı ilə təmsil olunub. 12 idman növündə keçirilən yarışlar "Rio 2016" Olimpiadasına təsnifat xarakterli olub. Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi bu möhtəşəm tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medal qazanıb və medallar cədvəlində Rusiya Federasiyasından sonra 2-ci yeri tutaraq tarixi qələbəyə imza atıb. Ümumilikdə, Oyunlara 12500 nəfərdən artıq gənc əməliyyat könüllüsü kimi, 4000-dən artıq gənc isə mərasimlərdə iştirak edən könüllü kimi qatılıb. Bununla yanaşı, dünyanın 107 ölkəsindən insanlar Oyunlarda könüllü kimi iştirak etmək üçün müraciət edib, onlardan 55 ölkədən olan 400-ə yaxın könüllü proseslərə cəlb edilib".
A. Rəhimov əlavə edib ki, 2015-ci ildə Azərbaycanda 46 beynəlxalq yarış, o cümlədən Dünya və Avropa çempionatları təşkil edilib. O, 2015-ci ildə edilmiş səfərlər və beynəlxalq əlaqələr haqqında məlumat verib. Nazir Gənclər və İdman Nazirliyinin struktur qurumları olan rayon (şəhər) gənclər və idman idarələri (baş idarələri) tərəfindən 2011-2015-ci illərdə respublikanın şəhər və rayonlarında Dövlət gənclər siyasətinin istiqamətləri üzrə müxtəlif məzmunlu 12 355 tədbir keçirildiyini vurğulayıb.
Sonra A. Rəhimov jurnalistlərin suallarını cavablandırıb.