Tələbələr arasında universiada keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Azərbaycan Atıcılıq Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçı qismində iştirak etdiyi "Sağlam Universiada" layihəsinə start verilib. Layihə rəhbəri Şəbnəm Məhərrəmovanın "OLAYLAR"-a verdiyi məlumata görə, layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək, onlar arasında sağlam həyat tərzinin təbliği, bir sıra idman növlərinin geniş şəkildə yayımlanmasına təkan vermək, onlarda idmana maraq yaratmaqdır: "Hazırda istər ölkəmizdə keçirilən beynəlxalq yarışlarla, istər dövlətin idmançılarımıza göstərdiyi diqqət sayəsində idmanın təbliğatı geniş surətdə aparılır. İdmanın inkişafına daim diqqət yetirmiş öndərimiz Heydər Əliyev 1994-cü ilin 26 iyununda Gənclər və İdman Nazirliyinin yaradılması barədə mühüm dövlət sənədini imzalamaqla gənc respublikamızda gənclərə və idmançılara dövlətin qayğısının əsasını qoydu və bununla həm də ölkəmizin gələcəyi üçün potensial kadrlar yetişdirilməsində böyük bir addım atmış oldu".
O qeyd edib ki, "Sağlam Universiada" layihəsi çərçivəsində Bakı şəhərində dekabr və yanvar aylarında müxtəlif universitetlərin tələbələri arasında peyntbol, velosiped idmanı və atıcılıq üzrə turnirlər təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31