Gənclərin vətənpərvər ruhda böyüməsinə təsir edən uğurlu layihələr

Müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bunun üçün gənclər arasında təbliğat işləri aparmaq, müxtəlif formalarda təşkil olunan tədbirlərə gənclərin milli ruhda böyümələrinə təsir etmək zərurəti ortaya çıxıb. Qeyd edək ki, gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi istiqamətində onların hərbi-vətənpərvərlik sahəsində tərbiyəsi də böyük əhəmiyyət kəsb edir. Qarabağın işğal altında olması ölkənin bütün əhalisinə bu və ya digər dərəcədə toxunan, hər bir azərbaycanlını narahat edən bir problem olmaqla yanaşı, onun azad edilməsi də vətəndaşların vahid məqsəd uğrunda milli birliyinə nail olunmasında vacib faktor kimi çıxış edir. Bu baxımdan qeyd olunan istiqamətdə keçirələn layihələrdə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərinin aparılması, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması ölkədə fəaliyyət göstərən əksər QHT və gənclər təşkilatları üçün prioritet istiqamətlərdən sayılır. Bu həmin təşkilatların həyata keçirdikləri layihələr, tədbirlərdən də aydın görmək mümkündür. Qeyd edilən istiqamətlərdə bu gün uğurlu fəaliyyət göstərən təşkilatlardan biri də Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyidir. Məlumat üçün qeyd edək ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüs qrupu 2000-ci il, dekabrın 22-də hərbi xidmətdən yeni tərxis olunmuş bir qrup gənc tərəfindən yaradılıb. Ardıcıl fəaliyyət göstərən Birlik 30 iyul 2003-cü ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Emin Həsənlinin sədrlik etdiyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi yerli QHT olub ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir. Təşkilatın əsas fəaliyyət istiqaməti, məqsədi gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım etməkdir. Birlik qarşısına qoyduqları məqsədlərə çatmaq üçün hərb tariximizin öyrənilməsi və gənc nəslə çatdırılması,
hərbi vətənpərvərlik işinin aparılması, tərxis olunmuş hərbçilərə, xüsusən də əlil və veteranlara maddi və mənəvi dəstək verilməsi, təcavüzkar müharibə və terror əleyhinə təbliğatın aparılması istiqamətlərində fəaliyyət göstərir. TOHGMİB fəaliyyət göstərdiyi dövr ərzində vətənpərvərlik, antiterror, NATO-Azərbaycan əlaqələri, ordu-media münasibətləri və başqa mövzularda tədbirlər, dəyirmi masalar təşkil edib, 2002-ci ildən nizamnamə məqsədlərinin təbliği məqsədi ilə "Hərbi and" adlı qəzetinin nəşrinə başlayıb.
İctimai Birliyin həyata keçirdiyi layihələrdən biri də "Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır" layihəsidir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə həyata keçirilən "Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır" layihəsi çərçivəsində  gənclər üçün hərbi vətənpərvərlik düşərgəsi təşkil olunub. Həmçinin gənclərin Şamaxıda yerləşən N saylı hərbi hissəyə səfəri təşkil edilib. "Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır" hərbi vətənpərvərlik düşərgəsinin sonuncu günündə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli gənclərlə görüş keçirib.
Ümumiyyətlə, TOHGMİB 2003-cü ilin fevral-aprel aylarında Gənclər, İdman və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 180 nəfər gənc üçün pulsuz olaraq "Gənclər üçün kompüter kursu" layihəsini həyata keçirib. Həmin ildən başlayaraq Türkiyə səfirliyi ilə birgə 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin işğaldan azad olunmasının ildönümlərinə həsr olunmuş tədbirlər reallaşdırıb. Bu münasiətlə ədəbi-bədi tədbirlər, KİV-də müsabiqə, uşaqlar arasında rəsm sərgisi, elmi-praktik konfrans, mini futbol turniri və s. təşkil olunub. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə "Hərbçinin qeyd və yaddaş kitabçası" layihəsi həyata keçirilib. Kitab nəşr edilərək hərbçi və məktəblilər arasında pulsuz yayılıb. Həmin ildə Gənclər, İdman və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə məşğulluq probleminin həll olunmasına kömək üçün "Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmuş gənclərə məsləhətlər" layihəsi həyata keçirilib və kitabça nəşr olunub. TOHGMİB-in məqsəd və məramlarını dolğun və ifadəli həyata keçirmək üçün 15 noyabr 2002-ci ildən artıq 100-dən çox sayı işıq üzü görmüş "Hərbi And " qəzetinin imkanlarından daha çox istifadə etməyə çalışıb. Hərbi, hüquq və vətənpərvərlik qəzeti olaraq gənc nəsildə Vətənə məhəbbət, düşmənə nifrət hissləri oyatmaq, hərbçi peşəsini sevdirmək, hərb tarixini araşdırmaq, Azərbayjan-NATO əlaqələrinin inkişafını, Ordu quruculuğunda əldə edilən irəliləyişləri geniş ictimaiyyətə çatdırmaq, dövlət atributları və rəmzlərini təbliğ etmək və Silahlı Qüvvələrin cəmiyyətdə nüfuzunu artırmağa xidməti əsas məqsəd kimi qarşıya qoyan bu qəzet həftədə bir dəfə nəşr olunur. "Ordunun Dostları" Mətbuat Klubu 4 fevral 2005-ci ildə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə təsis olunub. ODMK-nın yaradılmasında məqsəd ölkədə hərbi-vətənpərvərlik təbliğatını gücləndirmək, dövlətin və xalqın dayağı olan Azərbaycan Silahlı Qüvvələrini KİV-də təbliğ etmək və mətbuatda hərbi və dövlət sirlərinin yayılmasına qarşı hər bir jurnalistin vətəndaş mövqeyindən çıxış etməsini təmin etməkdən ibarətdir.
2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ordudan Tərxis Olunmuş Gənclərin Təlim və Resurs Mərkəzi" layihəsini həyata keçirib. 2009 cu il ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclərin Hərbi-Vətənpərvərlik tərbiyəsində Kütləvi İnformasiya Vasitələrinin rolunun artırılması" layihəsini icra edib. 2010-cu il ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əlil, veteran və şəhid ailələrinin sosial - iqtisadi vəziyyətinin yaxşilaşdirilmasi məqsədi ilə həyata keçirilən dövlət siyasətinin təbliği" layihəsini reallaşdırıb. İctimai Birlik Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Silahlı Qüvvələrə ictimai nəzarət modelinin yaradılması və təbliği" adlı layihəsini də icra edib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi daha bir layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırıb. "Gənc zabit - gənclərin ali hərbi məktəblərə cəlb olunması" adlı layihəsi çərçivəsində keçirilən hərbi vətənpərvliklə bağlı görüşlərdə gənclərə ilkin hərbi biliklər veriləcək, ordunun dövlət və millət üçün əhəmiyyəti aşılanıb. Görüş iştirakçıları Azərbaycan Respublikasının hərbi qanunvericiliyi, müxtəlif hərbi texnika, silah-sursat haqqında məlumatlandırılıb. Gənclərin Ali Hərbi Məktəblərə istiqamətləndirilməsi üçün bu məktəblərə qəbul qaydaları, hərbi məktəblərdə təhsil almağın üstünlükləri təbliğ edilib. Layihə çərçivəsində Bakı şəhərində müxtəlif orta məktəblərdə görüşlər keçirilib.
İctimai Birliyin həyata keçirdiyi digər bir uğurlu layihə "Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydalarının təbliği"dir. Layihə çəerçivəsində Tərtər şəhər Gənclər Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirdə çıxış edən  "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi"nin sədri Emin Həsənli cəbhəyanı ərazilərdə yaşan insanların əsasən də gənclərin ayıq sayıq olmalarını, şübhəli əşyalardan qorunmalı, eyni zamanda yad insanlar gördükdə lazımi dövlət orqanlarına məlumat verməli olduqlarını diqqətə çatdırıb. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov bildirib ki, düşmənlə təmas xəttində yaşan insanlar, o cümlədən gənclər daima təhlükəsizlik qaydalarına əməl etməli, eyni zamanda özlərindən kiçik yaşlı uşaqları bu sahədə bilgiləndirməlidirlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31