“Torpaqlarının 20 faizi işğal altında olan bir dövlətin gənci daha çox vətənpərvər olmalıdır”

Çingiz Bayramov: “Bizlərin üzərinə düşən gəncləri vətənpərvər ruhda tərbiyə etməkdir”

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması məqsədilə ölkədə fəaliyyət göstərən çoxsaylı gənclər təşkilatlarından biri də "Türkiyə Universitetləri Məzunları İctimai Birliyi"dir. Fəaliyyət göstərdiyi müddətdə qeyd edilən istiqamətlərdə bir sıra layihələr və tədbirlər keçirən İctimai Birliyin bundan sonra qarşısında duran vəzifələr və görəcəyi işlərlə bağlı TUMİB sədri Çingiz Bayramovla söhbətləşdik.

-Çingiz  bəy, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində günümüzdə görülən işlər, həyata keçirilən tədbirlər qaneedici sayıla bilərmi?
 

-Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində lazımı addımlar atılır, müvafiq tədbirlər həyata keçirilir. İstər dövlət və onun müvafiq strukturları, istərsə də qeyri-hökumət və gənclər təşkilatları bu istiqamətdə lazımı fəaliyyəti ortaya qoyurlar. Ancaq görülən tədbirlərin qaneedici səviyyədə olduğunu söyləmək isə bir qədər çətindir. Daha doğrusu bu istiqamətdə daha çox tədbirlərin görülməsinə ehtiyac var. Nədən ki, bu gün hələ də bizim 20 faiz torpaqlarımız işğal altındadır və bu işğal nəticəsində bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Həmin bir milyon qaçqın və məcburi köçkünün arasında gənclər də əksəriyyət təşkil edir. Ona görə də bütün bunları nəzərə alaraq deyə bilərəm ki, torpaqları, ata-baba yurdu işğal altında olan bir gəncin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işləri qaneedici saymaq olmaz.  Ona görə də bu sahədə daha çox işləməli, əmək sərf etməliyik. Yuxarıda qeyd etdiyim kimi dövlət və onun müvafiq strukturları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı işləri görür. Bütün bunlar qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlarda öz əksini tapır. Biz gənclər təşkilatlarının üzərinə düşən isə həmin sənədlərdən irəli gələrək gəncləri vətənpərvər ruhda tərbiyə etməkdir.

-Bəs gənclər təşkilatları, QHT-lər bu işin öhdəsindən necə gəlirlər? Onlar qeyd edilən istiqamətə kifayət qədər diqqət ayırırlarmı?
 

-Ölkədə fəaliyyət göstərən əksəriyyət qeyri-hökumət və gənclər təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik ruhunun artırılması istiqamətində çoxsaylı tədbirlər təşkil edir, layihələr həyata keçirirlər. Onu da qeyd edim ki, QHT-lər və gənclər təşkilatlarının qeyd edilən sahədə fəaliyyət göstərməsi, layihələr reallaşdırması üçün kifayət qədər şərait yaradılır, onlara bu kimi fəaliyyətlər üçün stimul verilir. İstər Azərbaycan Respublikasının Prezidentin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, istər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, istərsə də Gənclər və İdman Nazirliyi müntəzəm olaraq ayrı-ayrı təşkilatların layihələrini maliyyələşdirir, onların həmin tədbirləri, layihələri keçirməsi üçün maliyyə vəsaiti ayırır. Heç şübhəsiz ki, bu məqsədlə keçirilən layihə və tədbirlər də gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti və KİV layihələrinin maliyyələşdirilməsi istiqamətindəki addımlarını qeyd etmək lazımdır. Məlumdur ki, ayrı-ayrı KİV orqanlarının fonda təqdim etdiyi layihələrdən biri də məhz gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlıdır. Həmin layihə əsasında ayrı-ayrı mətbu orqanlarda bu istiqamətdə dərc edilən yazılar, işıq üzü görən məqalələr də öz növbəsində cəmiyyətin, xüsusilə gənclərin bu sahədə maariflənməsinə müsbət təsir göstərir. Nəzərə alsaq ki, günümüzdə KİV-lərin böyük oxucu kütləsini məhz gənclər təşkil edir, o zaman bunun gənclərimiz üçün gözəl bir təbliğat vasitəsi olduğunu söyləyə bilərik. Amma bütün bunlara baxmayaraq hələ də görüləsi işlərimiz çoxdur. Qeyd etdiyim kimi torpaqlarının 20 faizi işğal altında olan bir dövlətin gənci daha çox vətənpərvər olmalıdır. Bunun üçün də çalışmaq, maarifləndirici tədbirlərin sayını artırmaq lazımdır.
 

-Bəs televiziya kanalları bu prosesdə nə dərəcədə aktivdirlər?
 

-Mən deyərdim ki, bu gün bizim əsas yaralı yerimiz elə budur. Çox təssüflər olsun ki, bu gün əksər televiziya kanalları daha çox şou proqramlara üstünlük verirlər. Yalnız məhdud sayda və dar çərçivədə vətənpərvərlik mövzusunda verilişlər, proqramlar efirə gedir ki, bu da kifayət deyil. Hesab edirəm ki, televiziya kanalları şou proqramlardan daha çox hərbi vətənpərvərlik mövzusunda verilişlərə üstünlük versələr daha faydalı iş görmüş olarlar. Məsələn verilişlərin birində Azərbaycan xalqının tarixi sərkərdələri, milli qəhrəmanları barədə danışmaq, onların nümayiş etdirdiyi qəhrəmanlıqlar barədə cəmiyyəti bilgiləndirmək olar. Yaxud döyüş yolu keçmiş qəhrəman oğul və qızlarımızın həyat yaradıcılığına həsr olunmuş proqramlar təşkil etmək mümkündür. Ancaq təssüflər olsun ki, bu gün biz bunu görmürük. Əvəzində acı mənzərə, şou proqramları, bayağı verilişlər. Hesab edirəm ki, bu istiqamətdə düşünmək lazımdır.

-Bəs rəhbərlik etdiyiniz "Türkiyə Universitetləri Məzunları İctimai Birliyi"  bu istiqamətdə hansı tədbirlər keçirir və bu prosesə nə kimi töhfələr verir?

-"Türkiyə Universitetləri Məzunları İctimai Birliyi" olaraq fəaliyyətimizin əsas istiqamətlərindən birini də milli şüura sahib gənclərin yetişdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasıdır. Fəaliyyətimiz müddətində qeyd edilən istiqamətlərdə bir sıra layihələr reallaşdırmışıq. Respublikamız üçün əlamətdar günlərdə gənclərimizin iştirakı ilə tədbir, toplantılar keçirərək onlarda bu barədə məlumat formalaşdırmışıq. Məsələn, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi müntəzəm olaraq 9 Noyabr - Dövlət Bayrağı günü ilə bağlı bayram tədbirləri keçirir. Bir qayda olaraq əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Daha sonra tədbir iştirakçıları Azərbaycanın dövlət himnini oxuyaraq bayram toplantısına daha da milli ruh çalarları qatırlar. Hamıya məlumdur ki, bu bayraq uğrunda minlərlə şəhid vermişik. İdeya müəllifi Əli bəy Hüseynzadə olan bu vətən bayrağını bir daha heç bir qüvvə endirə bilməz. Çünki Azərbaycan indi etibarlı əllərdədir. Ona görə biz də bayraq sevgisinin daim gənclərin ürəyində yaşaması üçün belə tədbirlərin keçirilməsini gərəkli sayırıq. Paralel olaraq bu gün gənclərin iştirakı ilə Dövlət Bayraq Meydanını ziyarət edirik. Heç şübhəsiz ki, bu da gənclərin vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir göstərən amillərdəndir. Bundan başqa "Türkiyə Məzunları İctimai Birliyi" olaraq "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsi həyata keçirmişik. Bu layihənin də məqsədi cəmiyyətdə əsası Ümumilli Lider tərəfindən qoyulan və inkişaf etdirilən azərbaycançılıq ideologiyasının daha da inkişaf etdirilməsi, bu ideologiyanın gənclər arasında təbliğ etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən  "Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu" adlı layihə də bu qəbildən görülən işlər sırasına aid edilə bilər.

-Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, tez-tez hərbi hissələrə baş çəkməsi gənclərin vətənpərvərlik hisslərinin artmasına nə dərəcədə təsir göstərir?

-Ali Baş Komandan, cənab prezident İlham Əliyevin cəbhə xəttinə tez-tez səfər etməsi heç şübhəsiz ki, gənclərin vətənpərvərlik hisslərinin artırılmasına öz müsbət təsirini göstərir. Eyni zamanda müdafiə nazirimiz Zakir Həsənovun mütəmadi olaraq cəbhə xəttinə səfər edərək generallarla birlikdə toplantılar, müşavirələr keçirməsi, onlara müvafiq tapşırıqlar, göstərişlər verməsi hər bir Azərbaycan gəncini, ümumilikdə Azərbaycan xalqını ruhlandırır, qürurlandırır. Bu kimi səfərlər əsgər və zabitlərin də döyüş ruhunu artırır. Eyni zamanda Azərbaycan cəmiyyətində o əminlik yaranır ki, biz hər an müharibəyə hazırıq. Müdafiə nazirimizin müntəzəm olaraq "Azərbaycan ordusu döyüşə hazırdır"  kimi bəyanatlarla çıxış etməsi Azərbaycan xalqında yüksək səviyyədə ruh yüksəkliyi yaradır. Onu da nəzərə almaq lazımdır ki, bütün bu işlər məhz Ali Baş Komandan cənab İlham Əliyevin əmri, tapşırığı ilə həyata keçirilir. Hesab edirəm ki, bundan hər bir Azərbaycan vətəndaşı, gənci çox sevinir. Azərbaycan gənci o şüura sahib olur ki, hər an cəbhəyə getməli, Ali Baş Komandanın müharibə əmrini gözləməliyəm. Biz nəinki Şuşa, Laçın, Kəlbəcər, eləcə də işğal altında olan digər rayonlarımızı, eyni zamanda tarixin müxtəlif dövrlərində itirilmiş Göyçə, Zəngəzur, İrəvanı almaq istiqamətində fikirləşməliyik. Çünki biz buna qadirik. Bunu etmək üçün Azərbaycanın həm hərbi, həm maddi, həm də insani potensialı var. Bu gün Azərbaycan Silahlı Qüvvələri elə bir hazırlıq vəziyyətindədir ki, Ali Baş Komandan döyüş əmri verdiyi anda savaşa atılıb torpaqlarını işğaldan azad edə bilər. Buna heç kimin şübhəsi olmasın.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31