“Tələbə Həftəsi”nə start verildi

Azərbaycan Tələbələr Birliyi 10-17 noyabr 2015-ci il tarixlərində elan etdiyi "Tələbə Həftəsi" çərçivəsində ilk tədbirini Bakı Dövlət Universitetində təşkil etmişdir. Keçirilən tədbirdə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədri Nicat Kərimov tədbirin mahiyyətindən, "Tələbə Həftəsi"nin önəmindən danışmışdır.   O qeyd etmişdir ki, Azərbaycan Tələbələr Birliyinin hər il keçirdiyi "Tələbə Həftəsi"nin xüsusi önəmi vardır.
Daha sonra çıxış edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da tələbələri salamlayaraq "Tələbə Həftəsi"nin önəmini vurğulamış və tələbələrin ictimai fəallığı ilə bir neçə məqamı qeyd etmişdir: "Bu gün tələbələr ölkəmizin ictimai həyatında özünə məxsus yer tuturlar. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mərkəzində məhz tələbələr durur. Cənab Prezidentin ali təhsilə, tələbələrlə verdiyi önəmin göstəricisidir ki, son illərdə tələbələrin keyfiyyətli təhsil almaları, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində çoxlu işlər görülür. Ölkəmizin ali təhsil sistemi beynəlxalq keyfiyyət proqramlarına cavab verməsi üçün lazımi addımlar atılır. Təbiidir ki, biz bu sahədə tələbələri öz ətrafında birləşdirən vahid platforma olaraq tələbələrin maraqlarından çıxış edib öz fəaliyyətimizi qururuq. Qeyd edilən istiqamətdə ATB artıq onlarla layihə həyata keçirmişdir.  Bu işdə tələbələrin də dəstəyini görmək bizim üçün çox xoş olardı.
Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və bu siyasət çərçivəsində tələbələrə göstərilən diqqətdən söz açmışdır. Cənab Rzayev qeyd etmişdir ki, artıq bir çox gənclər təşkilatları əsas olaraq tələbələrlə bağlı layihələr həyata keçirir.
Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə tələbələrin karyera quruculuğu işində diqqətli olmalı məqamları vurğulamışdır. Tələbələrin gələcəyin menecerləri olduğunu qeyd edən Şahin Seyidzadə tələbələrə öz karyeraları qurmaqla bağlı bir neçə tövsiyyə vermişdir.
Sonda tələbələri maraqlandıran suallara cavab verilmiş və bu ətrafda müzakirə aparılmışdır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31