“Böyük güclərin Yaxın Şərqdə poker oyunu davam edir”

Mirzə Xəzər: “Putinin Suriyada Əsədə qarşı olan müxalifləri bombardman etməklə, Obamaya sataşdığını siyasi müşahidəçilər də etiraf edir”

"Putinin Suriyada Əsədə qarşı olan müxalifləri bombardman etməklə, Obamaya sataşdığını siyasi müşahidəçilər də etiraf edir". Bu barədə Rusiyanın Suriyada İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatlara münasibət bildirən siyasi analitik Mirzə Xəzər məlumat verib. Suriya ərazisindən qalxan Rusiyanın hərbi təyyarəsinin Türkiyənin hava sahəsinə soxulduğunu deyən M. Xəzər, Türkiyənin dərhal bundan sonra Moskvaya ciddi xəbərdarlıq etdiyini xatırladıb: "Bu, qəsddir, yoxsa təsadüf? Cavab vermək çətindir. Lakin Vladimir Putinin Suriyada Əsədə qarşı olan müxalifləri bombardman etməklə Barak Obamaya sataşdığını siyasi müşahidəçilər də etiraf edir. Bəs ABŞ Rusiyanın bu hərəkətinə niyə lazımınca cavab vermir? Çünki, bu məsələdə yekdillik mövcud deyil. Alman təhlilçilərinin fikrincə, Rusiyanın son aylarda Suriyada hərbi iştirakını genişləndirməsi Amerika hökuməti üçün gözlənilməz olmayıb. ABŞ kəşfiyyatının rusların fəaliyyətindən yaxşı xəbəri olub. Bəs nə üçün əks-tədbir görülməyib? Obama hökuməti indiki anda gözləmə mövqeyində durmağı tərcih edir. Obama administrasiyasının fikrincə, Rusiya nəhayətdə dərin bataqlığa girəcək və onun bu günkü nailiyyətləri nəticədə məğlubiyyətlə bitəcək. Nə üçün ABŞ belə düşünür? Çünki Amerika Birləşmiş Ştatları da İraq və Suriyada eyni yolu gedibvə eyni uğursuzluqla üzləşib.

Bəs, Rusiyanı Suriyadakı daxili müharibəyə müdaxiləsinin səbəbləri nədir?

Mirzə Xəzər bunun müxtəlif səbəblərinin olduğunu deyib. M. Xəzər bildirib ki, Rusiya Yaxın şərqdə əsas oyunçulardan biri olduğunu sübut etmək istəyir: "Rusiya habelə Yaxın Şərqdə ABŞ-a meydan oxuya biləcək gücə malik olduğunu nümayiş etdirdiyini düşünür. Türkiyənin tanınmış şərhçisi Cengiz Çandar "Radikal" qəzetində maraqlı fikir yürüdür.Rusiya iddia edir ki, Suriyada "Ceyş ül İslam" (İslam Ordusu), "Ceyş ül Fateh" (Fatehin Ordusu), "Cəbhət ül Nusra" (Nusra Cəbhəsi) və eləcə də İŞİD-ın sıralarında Şimali Qafqazdan - Çeçenistan və Dağıstandan olan 2000 döyüşçü var və onlar bir gün geri dönərsə, Rusiyanı qan gölünə çevirərlər. Bu səbəbdən onları elə Suriyada ikən məhv etmək istəyir. Digər tərəfdən, adlarını sadaladığımız qüvvələr Bəşər Əsədin ölkənin iki mühüm limanı - Tarsus və Ləzgiyyəlimanlarına yolunu bağlamaq üzrə idilər. Buna nail olsaydılar, Rusiyanın Əsədə yardım yolları bağlanmış olardı. Yaxın Şərqdə milyonlarla günahsız insanın əzab-əziyyəti hesabına böyük güclərin poker oyunu davam edir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31