“Günəşli”dəki qəzadan daha bir nəfər xilas oldu: 29 nəfərin axtarışı davam edir
6 Dekabr 2015 10:22 Problem"Günəşli" yatağında baş vermiş qəzada daha bir nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfər xilas olunub.
Əməliyyat davam etdirilir.
Bununla da hadisə nəticəsində 33 nəfər xilas olunub, bir nəfər isə həlak olub, 29 nəfərin axtarışları davam etdirilir.
* * * 19:44
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar birgə məlumat yayıb.
Məlumatda deyilir:
"Respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaradıb.
Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb.
Saat 17:40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib.
Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.
Təlimata və təxliyyə planına uyğun olaraq yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.
Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıblar. Eyni zamanda "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", "Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.
Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib.
Saat təqribən 22:45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub.
Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlanandan sonra davam etdirilməsi qərara alınıb. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunub.
Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməyib, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu "Azal" QSC-yə məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər.
Beləliklə, cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb. Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və "BP" şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN helikopterləri vasitəsilə davam etdirilir.
Müşahidə zamanı özüldən təqribən 50 km cənubda içərisi boş qayıq müəyyən edilib, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılıb. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilib, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri baş nazir Artur Rəsizadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan prezidentinə mütəmadi məlumat verilir.
Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaq".
* * *18:37
"Günəşli" neft yatağının 10-cu özülündə baş verən yanğınla əlaqədar "Azneft" İstehsalat Birliyində yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, 32 neftçi xilas edilib, 1 nəfər isə həlak olub.
SOCAR-dakı mənbələrdən isə virtualaz.org saytına bildiriblər ki, hazırda itkin düşmüş sayılan neftçilərin sayı 30 nəfərdir.
"İndiyə qədər 32 nəfər xilas olunub, 1 nəfər həlak olub. Daha 30 neftçinin taleyindən isə heç bir məlumat yoxdur" - deyə Dövlət Neft Şirkətindəki mənbə bildirib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 10-cu özüldə iş növbəsində olan neftçilərin yaxınları bu dəqiqələrdə Zığ limanında toplaşaraq xilas edilmiş şəxslərin gətirilməsini gözləyirlər. Onlara verilən məlumata görə, gəmi bu limana yan alacaq.
Müxbirimiz xəbər verir ki, limanın giriş qapısı qarşısında yüzlərlə adam toplaşıb, lakin onlar içəri buraxılmır. Ərazi ciddi nəzarət altındadır.
Limanın qarşısına toplaşanlardan biri virtualaz.org saytının müxbirinə deyib ki, limanın həyətində bir neçə təcili tibbi yardım maşını və həkim briqadaları hazır vəziyyətdə gözləyir.
* * *17:58
"Günəşli" dəniz yatağında yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, 32 nəfər xilas edilib, bir nəfər həlak olub.
* * *15:51
"Reuters" agentliyinin ingilis versiyası "Günəşli" yatağındakı qəza zamanı 32 neftçinin həlak olması barədə məlumat yayıb.
Agentlik bu məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə istinadən paylaşıb. M.Qəhrəmanlı az əvvəl həmin neftçilərin itkin düşdüyünü bəyan etmişdi.
SOCAR-ın mətbuat xidməti isə 32 neftçinin ölməsi xəbərini şərh etməyib. Şirkətdən yalnız o bildirilib ki, xilasetmə işləri davam etdirilir və artıq 29 nəfər xilas olunub.
* * *15:24
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 25-dən artıq şəxs xilas edilib.
Bu barədə "Azneft" İB-də yaradılan qərargahdan məlumat verilib. Xilas edilənlər arasında xəsarət alan yoxdur. Xilasetmə işləri davam edir. Digər neftçilərin taleyindən xəbər yoxdur.
* * *14:43
"Günəşli" yatağında xilasetmə tədbirləri davam edir.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, "Müslüm Maqomayev" gəmisi artıq platformaya yaxınlaşa bilib. Rezin qayıqlarda olan işçilər gəmiyə çıxarılıblar.
Lakin xilasetmə tədbirləri zamanı daha 4 neftçinin dənizə düşməsi ilə bağlı məlumat da yayılıb. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisi dedi ki, güclü külək nəticəsində 4 nəfər dənizə düşüb: "Təşkilatımıza daxil olan məlumata görə, qayıqdan gəmiyə minməyə çalışan 4 neftçi dənizə düşüb. Orada dənizin dərinliyi isə 110 metrdir. Məlumatı dəqiqləşdirməyə çalışırıq".
Aldığımız son məlumata görə, xilas olunanlar arasında yaralılar və yanıq xəsarəti alanlar var. Onların Mərkəzi Neftçilər Xəstəxanasına gətiriləcəyi bildiriir.
Virtualaz.org
* * *14:07
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə işləri davam etdirilir.
İnformasiya agentlikləri xilas edilənlərin sayı barədə hələ də ziddiyyətli xəbərlər yaymaqda davam edir. Belə ki, APA agentliyi xilas edilənlərin sayının 15-ə çatdığını bildirir. "Trend" isə artıq 20 nəfərin xilas olunması haqda məlumat yayıb. SOCAR-ın özünün rəsmi açıqlamasında isə 19 nəfərin xilas edildiyi haqda informasiya verilib.
Şirkətdən bildirilib ki, "Günəşli" yatağındakı 10 saylı platformadan təxliyyə edilməyən yalnız 5 nəfər qalıb. Digər dənizçilər isə artıq təxliyyə edilib.
"Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib" - bu barədə "Azneft" İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.
Məlumata görə, xilasetmə əməliyyatlarına SOCAR və FHN-in əməkdaşları cəlb edilib. Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: "Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib".
Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Hadisə baş verən vaxt "28 may" Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Halbuki bundan bundan əvvəl işçilərin sayı barədə də fərqli rəqəmlər açıqlanmışdı. Platformada 42, 84 və hətta 100 neftçinin olduğu bildirilirdi. Rəsmi qurumlar isə nə platdormada neçə neftçinin olması, nə də xilas edilənlərin sayı barədə hələ də konkret rəqəm açıqlamayıb.
Özülün rəisi Allahverdi Məmmədovdur.
* * *13:44
SOCAR-ın Xəzərdəki "Günəşli" yatağının yanan platformasında həyəcanlı və dramatik vəziyyət davam edir.
Virtualaz.org saytı xəbər verir ki, platformada yanğın zamanı nə qədər neftçinin olduğuna dair ziddiyətli mlumatlar var.
SOCAR-dan yayılan rəsmi məlumata əsasən hadisə zamanı platformada cəmi 42 neftçi olub. Onlardan neçə nəfərinin xilas edildiyi haqda hələ də dəqiq məlumatlar yoxdur.
Report.az saytı yanğınla bağlı yaradılmış fövqəladə qərargaha istinadən indiyədək cəmi 2 neftçinin xilas edildiyini və gəmiyə mindirildiyini xəbər verir.
APA agentliyi xilas edilənlərin sayının 7 nəfər olduğunu xəbər verir.
"Trend" agentliyinin məlumatında isə 5 nəfərin xilas edilməsi haqda danışılır. 10-cu platformadakı qalan neftçilərin taleyi barədə isə heç bir məlumat yoxdur.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı facebook səhifəsində bildirib ki, onun aldığı məlumata görə, qəza zamanı 10-cu blokda 84 nəfər olub: "3 nəfər yaşayış blokunda sağdır. 36 nəfərlik xilasetmə qayığı cırılıb. Oradan yalnız 4 nəfəri xilas edə biliblər. 32 nəfər isə itkin düşüb. İkinci qayıqda 46 nəfər var. Qayıq hələ də sallaq vəziyyətdə svaylara çırpıla-çırpıla qalıb".
Xilasetmə əməliyyatında iştirak edənlərdən birinin yaxını isə virtualaz.org saytına bildirib ki, yanğın zamanı platformada cəmi 2 rezin qayıq olub. Onların hərəsi maksimum 10 nəfər götürə bilir.
Lakin xilas olmağa çalışan neftçilər qayıqlara miniblər və bu zaman içində 36 nəfər olan qayıqlardan biri ağırlığa dözməyərək partlayıb. Həmin qayıqdan cəmi 4 nəfəri xilas etmək mümkün olub. Qalanların taleyi barədə məlumat yoxdur. Onlar itkin düşmüş hesab edilir.
Mənbə onu da bildirib ki, yaralananlar və xilas edilənlər gəmilərlə Zığ limanına gətirilir. Platformada yanğın hələ də şiddətlə davam etdiyi üçün gəmilər ora yaxınlaşa bilmir, habelə dənizdə küləyin hələ də güclü olması üzündən vertolyotlardan istifadə çətindir.
Qərargahdan isə virtualaz.org saytına deyiblər ki, mətbuata yalnız Dövlət Neft Şirkətinin mətbuat xidməti məlumat verə bilər, qərargahın mətbuata açıqlama verməsinə qadağa qoyulub.
Virtualaz.org saytı qeyd edir ki, faciənin baş verdiyi 10-cu dərin dəniz özülü "Günəşli" yatağının nisbətən dayaz sulu hissəsində yerləşir.
Yataqda cəmi 11 platforma mövcuddur. Onlardan əksəriyyəti uzun müddətdir istismardadır.
SOCAR yataqdakı dərin dəniz özüllərinin bir neçəsində son illər əsaslı təmir işləri aparıb. Təmir işləri aparaılan platformalar arasında 10-cu platforma yoxdur. SOCAR-ın neft hasilatının 65 faizi isə "Günəşli" yatağının payına düşür.
Xatırladaq ki, yatağın dərin sulu hissəsi BP-nin rəhbərlik etdiyi beynəlxalq konsorsiumun istismarındadır.
Yanğın baş verdiyi gün SOCAR məlumat yaymışdı ki, "Günəşli" yatağındakı quyuların birində əsaslı təmir işləri başa çatmaq üzrədir və quyu tezliklə istismara veriləcək. Yanğının dəqiq səbəbi hələ məlum deyil. Ancaq SOCAR bildirmişdi ki, yanğın güclü tufanın qaz borusunu sıradan çıxarması nəticəsində başlayıb.
Lakin istisna deyil ki, hadisənin başqa səbəbləri var. Bura yataqdan qaz sızması, təmir işləri zamanı yol verilən ehtiyatsızlıq və ya platformadakı avadanlıqların istismar müddətini başa vurması daxil ola bilər.