Parlamentdə gənclərlə bağlı tədbir keçirilib
24 Dekabr 2015 15:07 SiyasətDekabrın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin "Azərbaycanın gənclər və idman siyasətinin inkişaf perspektivləri" mövzusunda iclası keçirilib. Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisə yeni seçilən deputatları təbrik edib, yeni yaradılmış Gənclər və idman komitəsinin bu sahədə apardığı işlərə uğurlar arzulayıb: "Gənclər və idman sahəsində infrastuktur yaradılır, paytaxtda və regionlarda 70-dən olimpiya kompleksi və gənclər evləri fəaliyyət göstərir. Gənclər və idmançıların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib və dövlət proqramları qəbul olunub". Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev bildirib ki, komitənin gələcəkdə bu sahənin inkişaf etdirilməsində böyük rolu olacaq. O qeyd edib ki, bu gün Azərbaycan gənclər və idman siyasəti ilə dünyada fərqlənir və qəbul olunur: "Bütün uğurların əsasında isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Ölkəmiz bu gün dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bakıda keçirilən ilk Avropa Oyunları ilə ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdik". Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, Azərbaycanda gənclər və idman sahəsində çox uğurlu layihələr həyata keçirilib: "Bu, ölkə rəhbərinin sözügedən sahəyə diqqəti və əlaqədar qurumlarının fəal iştrirakının nəticəsidir. 4 minə yaxın qeyri-hökümət təşkilatı fəaliyyət göstərir. Onların arasında xüsusi fəallığı ilə seçilən gənclər təşkilatları da var. Onların ekologiya, idman, səhiyyə və digər sahələrdə fəaliyyətləri və təşəbbüslərini mətbuat səhifələrindən izləyə bilərsiniz". Daha sonra digər tədbir iştirakçıları və idmançılar çıxış edib, ölkədə gənclər və idman sahəsində əldə olunan nailiyyətlər barədə danışıblar.
Alim