Əli Kərimliyə qarşı Xalq Cəbhəsi inqilabı: 15 illik diktator devrilir
Sədr və ətrafının diqqəti təmsilçiliyin alınması üçün Ədliyyə Nazirliyinə müraciət edəcək cəbhəçilərə dikilib
22 Oktyabr 2015 15:57 SiyasətƏli Kərimlinin özünə qarşı olanlara həmişə fiziki, yöndəmsiz, qısa, lakin yarımöldürücü, bir az da zəhərli təzyiq metodu olub. Həmin tezislərin toplandığı kataloqlar Elçibəyin ölümündən sonra Əli Kərimli pasport kimi ciblərində gəzir. AXCP-də sədrlik dönəmi başlayandan bu günədək o, partiya idarəetməsində çılpaq bədənli, pələng pıçıltılı, environmentalistik Tarzan görünüşünə üstünlük verir. Qabağına çıxanı parçalamağa çalışır. Çünki, Əli Kərimliyə görə, onun düşüncəsinin əksinə olanların fikirləri "pak beyinlər"i çirkləndirir.
Əli Kərimli danışmaq üçün tribuna imkanı əldə etdikcə, demokratiyadan ağız dolusu danışsa da, AXCP-nin idarəçiliyi konsepsiyasında dəyişiklik etmək fikrindən tamamilə uzaqdır. "Yurd" şinelindən çıxmış şəxslərin hamısı Əli Kərimli ilə birlikdə kürsü ətrafında qocalırlar. O, dəfələrlə partiyanın gəncləşdirilməsi yönündə çoxlu vədlər verib, lakin özünün cibləri xaricində dəyişən heç nə yoxdur. Əvəzində Əbülfəz Elçibəyin əqidədaşlarını partiyadan uzaqlaşdırmaqla AXCP-nin demokqrafik makyajını dəyişdi.
Keçən 15 il ərzində "Yurd"dan çıxmış cəbhəçilərin dəstəyini təmin edib nüfuzunu qaldırmaq üçün bütün planları misgər dəqiqliyi ilə işləyib. Bunu görmək üçün uzağa getmək lazım deyil, Bakıdan tutmuş bütün rayon şöbələrinədək yurdçuların işğal etdiyi AXCP-nin sıralarına baxmaq kifayətdir. "Yurd" və Əli Kərimlinin kollektiv işi tarixin ağır sınaqlarından sağlam çıxmağı bacarmış Xalq Cəbhəsini parçaladı. Məhz Əli Kərimlinin partiya idarəçiliyində üstünlük verdiyi idarəedilən xaos nəzəriyyəsi, AXCP-ni öz mahiyyətindən çıxardı.
15-ci ildir ki, Əli Kərimli cəbhəçilər üçün "yoxa çıxaran maqnit qasırğası"nı əsdirir. Əli Kərimlinin partiyanın sədr postuna keçməsiylə demokratik fraksiya AXCP-nin alt briqadası sırasına keçdi. İdarəçilikdə ən güclü dəstəni yurdçulardan ibarət əli kərimçilər təşkil edir. Onların hamısı Elçibəy tərəfdarları sıxışdıraraq, Əli Kərimlinin ətrafında toplaşdılar. Şantaj edilmiş cəbhəçilər isə partiyada səssiz qəbilə icmasını yaradır. Lakin, Əli Kərimlinin yalnız keçən illərdə özünün nüfuzunu artırmaq siyasəti günümüz etibarilə iflasa uğrayıb. Çünki, birmənalı olaraq, onun etdiyi çıxışlar və gizli planları istər özünün tərəfdarları, istərsə də qarşı cəbhədiklərin hamısını təhqir və söyüş üsuluna əsaslanır.
Narazı cəbhəçilərin AXCP adına iddia etmələri və buna görə, Əli Kərimli avtokratiyasına qarşı başladıqları mübarizə Xalq Cəbhəsi inqilabı mənasını daşıyır. Və bu mübarizə legitim əsaslarla müdafiə olunmalıdır. Azərbaycanın siyasi həyatının Əli Kərimli simasından yaxa qurtarmasının vaxtı keçir. Böyük bir dönəmdə demokratik dəyərləri altını-üstünə çevirib darmadağın edən bu insanın ölkə siyasətindəki varlığı o qədər də ürəkaçan hal deyil.
Əli Kərimli və ətrafı AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin 18 oktyabr Qurultayından narahat olub. Qurultayndan bir neçə gün keçməsinə baxmayaraq, Əli Kərimlinin tapşırığıyla Fuad Qəhrəmanlı yenidən "Facebook" arsenalını Razi Nurullayevə qarşı çevirib. F. Qəhrəmanlı yenə də sədrinin rəqiblərini söyüş və təhqir metodları ilə "zərəsizləşdirməyə" çalışır. Lakin əvvəlkilərdən fərqli olaraq, narazı cəbhəçilərə qarşı başlamış "Facebook kampaniyası"nda iştirak edənlərin az olması diqqət çəkir. Bu da təbii sayılmalıdır. Çünki, partiyanın 50-dən çox rayon şöbəsi AXCP EQTK-nın yanında yer alır. Bu isə, o deməkdir ki, Əli Kərimli sədri olduğu partiyanı itirməyin bir addımlığında dayanıb. Onu qarşıda AXCP-siz illər gözləyir. Özünün və ətrafının diqqəti təmsilçiliyin alınması üçün Ədliyyə Nazirliyinə müraciət edəcək cəbhəçilərə dikilib.
Ömər Zamin