Qərbə müharibə elan edən Rusiyanın Türkiyədən nicat axtarışı

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən bir neçə gün keçsə də, lakin bu istiqamətdə müzakirələr hələ də davam edir. Xüsusilə, Qərbdə belə düşünürlər ki, Kreml rəhbəri bu gedişi ilə ciddi böhran vəziyyətində olan ölkəsini ayaqda saxlamağa çalışır.

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Türkiyə-Rusiya münasibətərindəki yeni məqamlar və Putinin Ankaraya səfəri, əslində rəsmi Moskvanı dizə gətirmək üçün iqtisadi anlamda ölüm-dirim savaşına çıxmış Qərb üçün heç də xoşagələn perspektivlər vəd etmir. Onun sözlərinə görə, bu  səfəri Qərbə müharibə elan edən Rusiyanın Türkiyədə nicat axtarması kimi də qiymətləndirmək olar: "Türkiyənin Qərbdən fərqli olaraq, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaması, Ankaranın qarşısında yeni iqtisadi imkanlar açıb. Türkiyə və Rusiya ikitərəfli münasibətlərdəki ticarət-iqtisadi əlaqələrin səviyyəsini 38 milyarddan 100 milyard dollara qədər yüksəltməklə bağlı əldə edilmiş razılaşma əslində səfərin, iqtisadi cəhətdən ağır zərbələr almış rəsmi Moskvanın Ankaranın hesabına itkilərini kompensasiya etməyə çalışmasıdır. Əslində iqtisadi anlaşma Türkiyə üçün də geniş perspektiv vəd edir. Məsələn, Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının daha da artırılması buna misal ola bilər". Mərkəz rəhbəri deyir ki, Ukrayna hadisələrindən dolayi Qərbin sanksiyaları ilə üzləşən şimal qonşumuz ABŞ, Avropa İttifaqı ölkələri, Avstraliya və Norveçdən kənd təsərrüfatı məhsulları ala bilmir: "Bu isə Türkiyə üçün "Rusiya adlı böyük bazar" anlamını ifadə etməkdədir. Məhz bu səbəbdən, Rusiyaya keçən il 1.3 milyard dollarlıq kənd təsərrüfatı məhsulları satan Türkiyə, 2015-ci ildən bu rəqəmi iki dəfə artırmaqla bağlı razılaşma əldə edib. Almaniyadan sonra "Qazprom"un ikinci ən böyük müştərisi olan Türkiyə, keçən il işlətdiyi 45 milyard kub metrlik qazın yüzdə 58 faizini Rusiyadan almışdı. Qaza olan tələbatı ödəməkdə çətinlik çəkən türklərin, Rusiyadan asılılığını artıracağı ilə bağı xəbərdarlıqlara rəğmən "Qazprom"dan alacağı yanacağın həcmini artırmağa da çalışır. Təbii ki, özünə münasib qiymət çərçivəsində. "Qazprom"un rəhbəri Aleksey Millerin dili ilə, Vladimir Putinin Türkiyəyə 63 milyard kub metrlik yeni boru xətti anlaşmasını təklif etməsi ilə, əslində Avrupaya "təbii qaz müharibəsi elan etdiyi" reallıqdır. Əməkdaşlıq eyni zamanda turizm sektorunu və eləcə də Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı 2010-cu ildə əldə olunan razılaşmanın 2016-cı ildə stansiyanın fəaliyyətə başlaması ilə bağlı qərarı da əhatə edir". Vüqar Zifəroğlunun sözlərinə görə, bu iki dövlətin bölgədə cərəyan edən proseslərlə bağlı siyasi xəttlərində prinsipial fərqlər mövcuddur: "Ziyarətdən əvvəl və sonra verilməkdə olan pozitiv bəyənatlara rəğmən Suriyada yaşanan daxili müharibə, Türkiyə ilə Rusiya arasında ən prinsipial fikir ayrılığı kimi qiymətləndirilməlidir. Hətta Qərbin belə İŞİD faktoruna görə ikinci dərəcəyə keçirdiyinə baxmayaraq, rəsmi Ankaranın hələ də Əsəd rejiminə qarşı prinsipial mövqe orta qoyduğu və onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq üçün əlindən gələni etdiyi bir zamanda, Moskva tamamən əks mövqedə duraraq hər zaman Suriya iqtidarının və Əsədin ən prinsipial müdafiəçisi rolunda çıxış etdi. Hətta bir ara mövqelərin bu cür tərs düşməsi ilə əlaqədar olaraq Türkiyədən Rusiyaya ünvanlanmış sərt bəyənatlar da səsləndirildi.  Başqa prinsipial fikir ayrılığı Ukrayna və Krım məsələsi ilə bağlıdır. Düzdür, rəsmi Ankara bu məsələdə, bütün gözləntilərə rəğmən öz sükunətini sonadək qoruya bildi, lakin bu heç də Türkiyənin baş verənlərlə razılaşması mənasını ifadə edə bilməz. Ankara bu ilhaqı rəsmən tanımadı və Ukraynanın ərazi bütünlüyünün lehinə mövqe sərgilədi. Bununla belə, Suriya məsələsindən fərqli olaraq, prinsipiallıq nümayiş etdirmədi, Rusiyaya qarşı müxalifətin ön cərgəsində yer almadı və Qərbin embarqolarına qoşulmadı. Və nəticədə Rusiyaya qapılarını Türkiyəyə açaraq geniş iqtisadi perspektivlər vəd etməkdədir.  Əslində səfər zamanı istər Suriya, istərsə də Krım - Ukrayna məsələlərinin hər iki ölkənin prezidentləri arasında müzakirə olunub desək, yanılmarıq. Bu ilk növbədə partnyorların biri-birinə tam etibar etməsi və daha böyük iqtisadi layihələrə imza atması baxımından əhəmiyyətlidir. Lakin Moskvanın nə dərəcədə rəsmi Ankaranın eşitmək istədiklərini söyləməsi ciddi mübhisə predmeti ola bilər. Əslində unudulmamalıdır ki, səfər əsnasında əldə edilən razılaşmalar nə qədər cəlbedici və parıltılı görünsə də, bu layihələrin ardı gəlməlidir. Və bunun ardını gətirilməsi üçün isə, bu iki prinsipial məsələdə, eyni zamanda Cənubi Qafqazdakı münaqişələrlə bağlı prinsipial razılaşmanın olması şərtdir. Qərb təbii ki, Ankaraya proseslərin belə bir məcraya düşdüyü bir zamanda Moskvaya qucaq açmasını bağışlamayacaq. Zatən belə demək mümkündür ki, papa vasitəsi ilə, Ankaraya lazımi mesajlar da artıq çatdırılıb".


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31