Bir tarixin salnaməsi
Cahangir Hüseynovun Heydər Əliyevlə bağlı xatirələri
4 Mart 2016 14:15 MüsahibəƏvvəli ötən sayımızda
Azərbaycanın bu günkü vəziyyəti, əldə etdiyi nailiyyətlər, qazandığı uğurların heç də asanlıqla başa gəldiyini söyləmək doğru olmazdı. Uzun illərin, hətta on illiklərin zəhməti bahasına başa gələn bu günkü inkişafın təməlinin isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu danılmazdır. Təbii ki, əgər uzaqgörən ziyalılar, ictimai-siyasi xadimlər Heydər Əliyevi 90-cı illərdə hakimiyyətə dəvət etməsəydi, bu gün nəinki hansısa inkişafdan danışmaq, hətta Azərbaycanın varlığından söhbət açmaq belə qeyri-mümkün olardı. Çünki ölkəni bürüyən böhran, xaosdan çıxış yolunu yalnız və yalnız Heydər Əliyev çözə bilərdi ki, bunu da bəzi ziyalılar, ictimai-siyasi xadimlər gözəl bilirdi. Məhz buna görə də Heydər Əliyevin Bakıya, siyasi hakimiyyətə qayıdışı aktuallığını artırırdı. O dövrdə yaranmış böhran, siyasi xaos vəziyyətindən ölkəni çıxarmağın yollarından ən birincisinin məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından keçdiyi Cahangir Hüseynov üçün də gün kimi aydın idi. O illərdə fəal ictimai-siyasi xadim, millət vəkili olan Cahangir Hüseynov elə bu zərurəti nəzərə alaraq Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı təşəbbüsü ilə çıxış edən ilk insanlardan olub. Həmin dövrün ictimai-siyasi həyatı, baş verən proseslər, Heydər Əliyevin Bakıya dəvət edilməsinin haradan qaynaqlandığı barədə suallara aydınlıq gətirmək üçün sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Cahangir Hüseynov Heydər Əliyevlə ilk görüşü barədə də söhbət açıb.
Məlumat üçün qeyd edək ki, sabiq millət vəkili ilə müsahibə 1992-ci ilin mart ayı ərəfəsində parlamentdə gedən gərgin müzakirələrə və bundan sonra ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə həsr olunub.
-Cahangir müəllim, sizi Heydər Əliyevin müdafiəsinə qalxmağa nə vadar edirdi və bu hansı zərurətdən meydana gəlirdi? Əvəllər Heydər Əliyevlə yaxınlığınız, əlaqələriniz olmuşdumu?
-1990-cı ilin iyun ayında atam mənə zəng edərək Bakıya gəlməyimi istədi. Bakıya gələndə atam mənə bildirdi ki, Sabir Hüseynov Heydər Əliyevin Bakıya gələcəyini deyir və biz də onu qarşılamağa getməliyik. Düzü mən tərəddüd etdim. Həmin vaxt Ağdaşda Daxili İşlər Şöbəsinin rəisi işləyirdim və bildirdim ki, xidməti maşınımla hava limanına getməyin düz alınmaz. Atam hava limanına mənim xidməti avtomobilimlə deyil, onun şəxsi maşını ilə gedəcəyimizi bildirdi. Atam, mən və avtomobili idarə edən əmim oğlu Gündüz Hüseynov Binə Hava Limanına gəldik. Hava Limanına yaxınlaşanda aeroportun deputat zalının qarşısına təxminən 150-200 nəfər insanın toplaşdığını gördük. Onlar əllərində Heydər Əliyevin əleyhinə yazılan plakatlar tutaraq onun gəlməsini gözləyirdilər. Bir növ Heydər Əliyevin Bakıya gəlişinə qarşı təşkil edilən aksiya idi. Hiss olunudu ki, onlar xüsusi öyrədilmiş insanlardır. Bu cür şəxslər isə hər bir addımı atmağa hazır olurlar. Onlara nəyisə başa salmaq, söhbət etmək qeyri-mümkün olur. Düzü biz belə bir situasiyanın baş verəcəyini gözləmirdik. Açığı bir qədər də bundan təşviş keçirdik. Bir qədər kənarda isə təxminən bir neçə avtomobil dayanmışdı. Həmin avtomobillərdə mənim tanıdığım Rəfael Allahverdiyev, Sabir Hüseynov, Etibar Qazıbəyov, Cəlal Əliyev, Fikrət Məmmədov, Cəmil Əliyev və Tamerlan Əliyev var idi. Onlardan başqa mənim tanıya bilmədiyim 10-15 nəfər də Heydər Əliyevi qarşılamaq üçün hava limanına gəlmişdi. Həmin insanlar da prosesləri kənardan müşahidə edirdilər. Ancaq hiss olunurdu ki, hamı qorxu içərisindədir. Çox çətinliklə də olsa Rəfael Allahverdiyev və Fikrət Məmmədovun avtomobilləri təyyarənin trapına doğru hərəkət edərək Heydər Əliyevi avtomobilə əyləşdirə bildilər və onlar Hava Limanından uzaqlaşdılar. Biz isə qorxu içərisində geri qayıtdıq. Bu hadisələr məni çox narahat etdi ki, bizim respublika rəhbnərliyi nə üçün belə bir şəxsin Bakıya qayıdışını belə bir formada təşkil edib. Təbii ki, həmin insanlar öyrədilərək hava limanına göndərilmiş şəxslər idi
-Siz həmin illərdə milis rəisi olmaqla bərabər, həm də siyasi fəaliyyətlə də məşğul olurdunuz. Bu bir qədər təhlükəli deyildimi?
-Əlbəttə, 1988-89-cu illərdə mən Ağdaşda artıq siyasi proseslərdə aktiv iştirak edirdim. Bütün mitinqlərdə çıxış edir, həmin aksiyaları idarə edirdim. Eyni zamanda rayonda baş verə biləcək mümkün təxribatların qarşısını alırdım. Belə ki, Ağdaş Rayon Qaz Kompressor Zavodu, Rayon Partiya Komitəsinə, milis idarəsinə, ermənilərin yaşadığı SU-18 qəsəbəsinə hücumlar planlaşdırılırdı ki, həmin hücumların qarşısının alınmasında mənim böyük xidmətim olub. Bunu həmin dövrün proseslərində iştirak edən insanlar və Daxili İşlər Şöbəsinin əməkdaşları yaxşı bilirlər. Hətta mənə siyasi fəallığıma görə yerli rəhbərlik də irad bildirir və partiyadan çıxarılma təhlükəsi ilə qarşılaşa biləcəyimi deyirdi. Ancaq mən bütün bunlara məhəl qoymurdum. 1990-cı ilin 20 yanvar hadisəsindən sonra isə milis əməkdaşlarına başlarındakı fraşkaların üzərində olan SSRİ-nin gerbinin çıxarılmasını əmr etdim. Ona görə də rayon əhalisi mənə çox inanır və hörmət edirdi.
-Bəs parlamentin deputatı seçilmək istəyi hansı zərurətdən meydana çıxdı?
-1990-cı ilin sentyabr ayında Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. Açığını deyim ki, heç deputat seçilmək barədə düşünmürdüm. Çünki qeyd etdiyim kimi həmin vaxt Ağdaş rayonunda milis rəisi vəzifəsində çalışırdım. Seçkilərin birinci turunda 139 saylı Ağdaş şəhər seçki dairəsində seçki fəallığı müşahidə edilmədi və seçki baş tutmadı. Seçkilərin ikinci turunda da seçicilər səsvermədə fəal iştirak etmədilər. Həmin dövrdə mövcud olan seçki qanununa əsasən seçicilərin 50 faizi seçkilərdə iştirak etmirdisə, seçki baş tutmamış sayılırdı. Onu da qeyd edim ki, həmin ərəfədə mən Moskvada Ali Milis Akademiyasında kursda idim. Nəhayət, ölkə üzrə mövcud olan 450 seçki dairəsinin 9-da ilk seçki baş tutmadığı üçün 1991-ci ilin mart ayında üçüncü tur seçikilər keçirildi və 139 saylı Ağdaş şəhər seçki daiəsi də üçüncü tur seçkilər keçirilən dairələrdən sayılırdı. Seçkilərin ilk mərhələlərində Elmira Qafarova, Məlahət Xəlilova və DOSAF-ın sədri Sərdar İsrafilov rayon ərazisindəki 4 dairənin 3-dən deputat seçilmişdilər. Seçkilərin üçüncü turunda rayon hüquq-mühafizə orqanları, prokurorluq, məhkəmə tərəfindən mənim namizədliyimin irəli sürülməsini təklif edildi və mən də bununla razılaşdım. Ümumilikdə seçkilərdə 12 namizəd mübarizə aparırdı. Onların içərisində "Azərenerji"nin rəhbəri Müslüm İmanov, iş və elm adamı Tofiq Mahmudov, eləcə də bir sıra tanınmış şəxslər vardı. Səsvermə günü seçicilərin 83 faizi seçkilərdə iştirak etdi və səsvermədə iştirak edənlərin 87 mənə səs verdi. Beləliklə, 1991-ci ilin mart ayında keçirilən üçüncü tur seçkilərdə Ali Sovetə deputat seçildim. May ayında parlamentin ilk iclasına qatıldım. Ali Sovetin mandat komissiyası bizi təsdiq etdi. İlk iclasdaca bir sıra çıxışlar etdim, Qarabağ probleminə toxundum. Artıq payızda parlamentin növbəti sessiyasi başladı. Həmin ərəfədə parlamentdə Heydər Əliyevə qarşı güclü bir kampaniya başladı. Artıq rayonların birinci katibləri deputatları yığıb tapşırırdılar ki, Mərkəzi Komitədən tapşırıq verilib və mütləq iclaslarda Heydər Əliyevin əleyhinə çıxış etməlisiniz. Hətta tapşırıq verilirdi ki, iclaslarda Heydər Əliyevə qarşı hörmətsizlik edilməlidir. Belə ki, Heydər Əliyev parlamentin iclasına qatılarkən onun çıxış etməsinə imkan verilmir, iclas başa çatdıqdan sonra Heydər Əliyevin iclas zalını tərk etməsinə şərait yaradılmırdı. Açıq-aşkar Heydər Əliyevə qarşı hörmətsizlik edilirdi. Zaldan çıxarkən deputat həmkarlarımın qarşısında dayanır və Heydər Əliyevin zaldan çıxmasına şərait yaradırdım. Heydər Əliyev də bir növ təccüblə mənə baxırdı. Həmin dövrdə Heydər Əliyev parlamentin iki iclasında, yaz və payız sessiyasında iştirak etdi. Yalnız həmin dövrdə Ali Sovetin qəbul şöbəsinin müdiri olan Çingiz Fərəcov, Arif Rəhimzadə, Naxçıvandan olan deputatlardan Eldar İbrahimov, Allahverdi Həsənov, Məmməd Abbasov və bir sıra başqa şəxslər Heydər Əliyevin qarşılanması, yola salınması və ona yaxından diqqət göstərilməsi üçün əllərindən gələni edirdilər. Başqa heç kim qorxusundan Heydər Əliyevə yaxın gələ bilmirdi. Yaxud Heydər Əliyevlə yaxınlıq yaratmaq istəyənlər isə bir qədər ehtiyat edirdilər. Bir başqaları isə bizi qəzəblə, kin dolu baxışlarla müşayət edirdi.
-Heydər Əliyevi müdafiə etdiyiniz üçün sizə istər Ali Sovet, istərsə də Daxili İşlər Nazirliyi tərəfindən təzyiq olurdumu?
-Təbii ki, mənim Heydər Əliyevi parlamentə dəvət etməyim hər kəsin yaddaşında həkk olunmuşdu və bəziləri mənə yaxınlaşıb həmin çıxışın çox yüksək olduğunu deyir, bəziləri isə Heydər Əliyevin müdafiəçisi kimi mənə qəzəblə baxırdılar. Ancaq birbaşa irad bildirməsələr də, hiss edirdim ki, Heydər Əliyevi müdafiə etməyimdəm qəzəblənirlər. Həm Mütəllibov, həm də AXC hakimiyyəti, zamanında bu cür münasibəti hiss edirdim. Hətta mənə müəyyən vəzifələr də vəd edilirdi. Açıq şəkildə isə hansısa təzyiq, təhdid edilmirdi. Çünki məni tanıyanlar xüsusiyyətlərimə bələd idi və bilirdilər ki, mən tuduğum yoldan geri çəkilən deyiləm. Hətta o zaman Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi də mənə Heydər Əliyevi müdafiə etdiyimə görə irad bildirmirdi. Ancaq içəridən sanki qovrulurdu ki, mənə görə onu vəzifədən çıxaracaqlar. Daxili İşlər Nazirliyindən də mənə irad bildirilmirdi. Çünki xasiyyətimi yaxşı bilirdilər. Hətta atam da mənə ehtiyatlı olmağı, çıxış etməməyi tövsiyyə edirdi. Mən isə öz yolumdan dönən deyildim. Həmin vaxt deputatların statusu haqqında qanun vardı və qanunda qeyd olunurdu ki, deputatın razılığı olmadan onu vəzifədən kənarlaşdırmaq qeyri-mümkündür. Hətta deputatın səlahiyyət müddəti başa çatdıqdan sonra iki ərzində onu vəzifədən azad azad etmək mümkün deyildi. Bunu da nazirlər bildiyi üçün hansısa qanunsuz hərəkətə yol vermirdilər.
-Bəs 1992-ci ilin may hadisələrini necə xatırlayırsınız?
-1992-ci ilin may ayında bizi parlamentə çağırdılar. Belə bir məsələ gündəliyə təqdim olunur ki, Ayaz Mütəllibov yenidən öz vəzifəsinə qayıtmalıdır. Təbii ki, mən buna öz kəskin etirazımı bildirirəm. Hətta Ali Sovetin sədri Yaqub Məmmədovun yanına qalxaraq bildirirəm ki, Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtması düzgün deyil və dünya praktikasında belə bir hal yoxdur. Belə bir prosedur yoxdur ki, ölkə prezidenti istefa versin və üzərindən iki ay keçdikdən sonra yenidən hakimiyyətə qayıtmaq istəsin. Həmin vaxt Yaqub Məmmədov İran İslam Respublikasına səfərə gedirdi və bildirdi ki, səfərdən qayıtdıqdan sonra bu məsələyə baxarıq. Eyni zamanda Yaqub Məmmədovun diqqətinə onu da çatdırıram ki, bu məsələləri Naxçıvana gedib Heydər Əliyevlə birlikdə müzakirə etsə daha yaxşı olar.
-Bəs həmin hadisələr zamanı sizdən başqa daha kimlər Heydər Əliyevi müdafiə edir, onun hakimiyyətə qayıdışına çalışırdılar?
-Həmin dövrlərdə mənim elmi rəhbərim olan Murtuz Ələsgərovun adını xüsusi qeyd etmək istərdim. Məlumat üçün qeyd edim ki, o vaxt mən Bakı Dövlət Universitetinin beynəlxalq hüquq sahəsində aspirantı idim və Murtuz Ələsgərov da mənim elmi rəhbərim idi. Biz tez-tez onunla görüşürdük və qərara gəldik ki, hakimiyyətin və dövlətin belə bir çətin vəziyyətdən azad olunmasının yeganə yolu Heydər Əliyevin Bakıya qayıtmasındadır. Həmin dövrdə Murtuz Ələsgərov həm də AXC-nin fəal üzvlərindən biri idi. O, bəzən Ağdaş rayonuna gəlir, orada AXC-nin fəalları ilə mitinqlər keçirirdi. Eyni zamanda o mənimlə də görüşürdü. Çünki o, mənim elmi rəhbərim olduğu üçün tez-tez onunla görüşür, məsləhətlər aparırdıq. Eyni zamanda Sirus Təbrizli də o vaxt AXC-nin fəal üzvlərindən idi. Biz onunla 1991-ci ildə Bakı Şəhər Daxili İşlər İdarəsinin ümumi şöbəsinin müdiri Məcid Kərimovun vasitəsilə görüşdük. Sirus Təbrizli yazıçı-publisist kimi həm də atamın yaxın yoldaşı idi və məni yaxşı tanıyırdı. Həmçinin Eldar İbrahimov, Arif Rəhimzadə, Rəfael Allahverdiyev, Samur Novruzov, Ziya Bünyadov, Əli Nağıyev və digərləri də bu proseslərdə fəal iştirak edirdilər.
Süleyman İsmayılbəyli
Ardı növbəti sayımızda