Yunus Oğuz felyeton ustası kimi
10:00 Ədəbiyyat"Səssiz gurultunun gumbultusu" felyetonu haqqında
Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizin mövzusu tanınmış yazıçı Yunus Oğuzun ən yeni dərc olunmuş felyetonlarından biri -"Səssiz gurultunun gumbultusu" felyetonu haqqında olacaq.
Müasir Azərbaycan publisistikasında özünəməxsus mövqeyi olan Yunus Oğuz adətən roman və povestləri ilə yadda qalsa da (əsasən tarixi romanlar müəllifi kimi tanınsa da), onun qələmində felyeton janrı ayrıca bir məharət nümunəsi kimi seçilir. Ümumiyyətlə Yunus Oğuz çox azsaylı qələm sahiblərindəndir ki, nəzm də daxil olmaqla nəsrin əksər janrlarında qələmini sınayır, hər gün öz oxucusuna onu düşünməyə vadar edən düşündürücü mətnlər təqdim edir. Belə mətnlərin janrları müxtəlif olduğu kimi, əhatə etdiyi mövzular da olduqca aktual və rəngarəngdir. Yunus Oğuzu öz heyrətamiz fəhmilə yaratdığı misilsiz nümunələrə görə çağdaş ədəbiyyatımızın artıq klassikləşmiş ibrətamiz pritçalar ustası kimi də təqdim etmək olar. Bu barədə yəqin ki, gələcəkdə söhbətimiz olacaq. Bu gün isə hələlik söhbətimizin mövzusu onun qələmindən çıxan felyetonlar, daha doğrusu ən yeni dərc olunmuş felyetonlarından biridir. Felyetonun cəmiyyətin gülüş prizmasından tənqidi, satiranın yumorla çuğlaşması kimi bitkin mahiyyəti Yunus Oğuzun yaradıcılıq dünyasının tələblərinə təbii şəkildə uyğun gəlir. O, bu janrın imkanlarından həm sosial mesajların çatdırılmasında, həm də ictimai şüurun oyadılmasında ustalıqla istifadə edir.
Yunus Oğuzun felyetonçuluğu, ilk növbədə, mövzu seçimi ilə diqqət çəkir. Onun felyetonlarında ictimai-siyasi mühitin ağrılı nöqtələri, gündəlik həyatda müşahidə edilən sosial paradokslar, bürokratiya, riyakarlıq və mənəvi aşınma kimi problemlər özünəməxsus yumorla təqdim olunur (belə təqdimatlarda tarix və siyasət elminin izləri aydın görünür). Ədib, hadisəni birbaşa tənqid etməkdən daha çox, onu oxucunun üzünə güzgü tutacaq qədər canlı və kəskin obrazlarla təqdim edir. Beləliklə, gülüşün altında dərindən duyulan ictimai mesaj dayanır.
Yunus Oğuzun felyetonlarında dialoq mədəniyyəti, satirik detallara ustalıq, dilin dinamizmi xüsusi yer tutur. Hadisələrin təqdimində hiperbola, istehza, ironik paralellər kimi klassik satira üsulları yazıçının özünəməxsus üslubuna uyğun şəkildə yenidən biçimlənir. Öz tənqid obyektlərinə olduqca fərqli rakurslarda, müxtəlif prizmalardan tərs bucaq altından şahın gözü sərrastlığı ilə baxmağı bacaran Yunus Oğuz sadəcə tənqid etmir, tənqidin mahiyyətini estetik formanın içində yumşaldır və gülüş vasitəsilə düşündürməyi bacarır. Məhz bu xüsusiyyət Yunus Oğuzun qələmindən çıxan felyetonlardakı hadisələrə (predmetə) baxışı felyeton janrının mexaniki tənqidindən fərqləndirir, felyetonu ədəbi hadisəyə çevirir.
Yunus Oğuzun felyeton ustalığının daha bir cəhəti onun tipik insan xarakterlərini ümumiləşdirmək bacarığıdır (bu onun yüksəklikdən böyük bir təhqiqat sahəsini iti nəzərlərlə qısa vaxt ərzində quşbaxışı nəzərdən keçirmək və hadisələrə analitik yanaşma qabiliyyətindən qaynaqlanır). Yazıçı bəzən bir-iki cümləlik təsvirlə, bəzən bir simvolik detal vasitəsilə insanın hər gün cəmiyyət qarşısında təkrarladığı eqoist, komik, bəzən də tragikomik davranışlarını oxucu üçün açıb göstərir. Bu mənada Yunus Oğuzun qələmi mətnlərə (mövzulara) münasibətdə sanki sirli qutuya toxunan sehirli çubuq missiyasını yerinə yetirir. Bu tipikləşdirmə milli mentalitetin rənglərinə söykəndiyi üçün oxucu həmin obrazlarda öz ətrafını, bəlkə də özünü görür. Məhz buna görə Yunus Oğuzun felyetonları həm əyləndirir, həm güldürür, həm düşündürür, həm də maarifləndirir.
Onun publisistikasında felyeton janrının ənənəvi funksiyası - sosial problemlərin ictimai şüura çatdırılması - yeni dövrün reallıqlarına uyğun şəkildə yenilənir. İnformasiyanın sürətlə yayıldığı dövrdə felyeton qısa, yığcam, ancaq dərin məna daşıyan forma kimi Yunus Oğuzun qələmində daha çevik və aktual görünür. Yazıçı, həmçinin, müasir insanın informasiya yükü altında formalaşan davranışlarını da satira ilə təhlil etməyi unutmur.
Yunus Oğuzun "Səssiz gurultunun gumbultusu" adlı felyetonu Azərbaycan publisistikasında həm kəskin satira, həm də ictimai xəbərdarlıq ruhu ilə seçilən nümunələrdən biridir. Müəllif klassik ibrətamiz hekayə, tarixi fakt, müasir siyasi müşahidə və xalq yumorunu ustalıqla birləşdirərək "səssiz gurultu" metaforasını böyük bir xəyanətin - gizli şəkildə hazırlanmış təhlükənin simvoluna çevirir.
Felyetonun adında səslənən "səssiz gurultu" ifadəsi ilk baxışda paradoksaldır. Amma müəllifin yaratdığı mətn məhz bu paradoksun içində baş verənləri açır: gizli planlar, sükut içində (gizlində) hazırlanan xəyanətlər və onların gec-tez saldığı böyük "gumbultu".
Mətnin girişində Yunus Oğuzun Nəsrəddin Tusinin Hülakü xana rəsədxana tikdirməsi ilə bağlı məşhur rəvayətə müraciəti təsadüfi deyil. Bu hekayə vasitəsilə müəllif göstərir ki:
-Görünən təhlükələrdən qorxmaq (qorunmaq) asandır, çünki səsi gəlir, gurultusu eşidilir.
-Ən böyük həyəcanı isə görünməyən, lakin hiss edilən təhlükə yaradır.
Qazan məsələsi göstərir ki, məlumatın olmaması ordunu təşvişə salır, məlumatlı olmaq isə təhlükəni zərərsizləşdirir.
Bu analoq felyetonun bütün ideyasını açır. Ölkəyə, dövlətə, insanlara qarşı yönəlmiş gizli niyyətləri aşkara çıxarmağın əhəmiyyətini vurğulayır.
Yunus Oğuz müasir dövrün hadisələrinə keçid edərək, gizli şəkildə dövlət əleyhinə fəaliyyət göstərən qaranlıq qüvvələri "Dəccal" obrazı ilə xarakterizə edir. Müəllifə görə, illərlə səssiz işləyən bu qaranlıq mərkəz güya böyük gurultu yaratmağa hazırlaşırdı, lakin nəticədə öz gumbultusunun altında qaldı.
Bu hissədə:
-çala - xəyanət yuvasını,
-qara maskalılar - hüquq-mühafizə orqanlarının aktiv əməliyyatını,
-əfi ilanlar - gizli şəbəkələrin tərkibində olanları,
-gözlənilən gumbultu isə devirmə (çevriliş) cəhdlərini simvolizə edir.
Müəllif hadisələrin kulminasiya nöqtəsində xəyanətin miqyasının geniş olduğunu vurğulayır və prosesin davam edəcəyinə işarə edir. Hər açılan kilid arxasından yeni faktlar çıxır və gizli planlar faş olaraq yumaq kimi çözələnməyə başlayır.
Yunus Oğuzun felyetonu sadəcə siyasi çevriliş cəhdinin tənqidini vermir. O, həm də cəmiyyətin bəzi təbəqələrindəki laqeydliyi, məsuliyyətsizliyi və "nifrət" üzərində qurulan fəaliyyətləri deşifrə edir.
Müəllif AMEA-nın "mələfə tədarükü" nümunəsini çəkərək göstərir:
-bəzi qurumlar dövlətin ağır vaxtında real iş görmək əvəzinə formal addımlarla məşğuldurlar,
-bu isə xalqın gözündə dövlətin nüfuzuna xələl gətirmək məqsədi güdən qara piar effekti yaradır,
-"mələfə" ironiyası cəmiyyət üçün utancverici səviyyədə məsuliyyətsizliyin təcəssümüdür.
Bu tənqid yalnız bir quruma yönəlmir, ümumi bir sosial xəstəliyin - dövlətin yanında olmaq əvəzinə ona kənardan baxanların tənqididir. Vəzifəsi ölkənin ən ağır günündə yeni texnologiya ürətmək olan bir qurum lazımsız bir məhsulla döyüşən ordunu ələ saldığını görürük. "Səssiz gurultunun gumbultusu" felyetonunu ilk dəfə oxuyanda kiçik mətndəki bu məqam mənə qeyri-iradi olaraq İkinci Dünya müharibəsi zamanı faşızmə qarşı ölüm-dürim müharibəsi aparan - döyüşən müttəfiqlər ordusun əsgərlərinə müharibəyə yalnız qazanc mənbəyi kimi baxan kapitalist tacirlərin isti paltar adı ilə göndərdiyi qutulardan çıxan zir-zibili xatırlatdı. Sözün əsl mənasında doğrudanda əl-üzünü yumağa su tapmayan, oturub dincəlməyə vaxtı olmayan qısa müddətdə çətin relyef (meşədən, dağdan, dərədən keçən yolsuzluq) şəraitində demək olar ki, hamımızın gözünün qabağında praktiki olaraq qaça-qaça hərəkət edən əsgərə mələfə yəqin ki, ən axırıncı lazım olan vasitə idi.
Felyeton boyu müəllif "xəyanət" sözünü yalnız siyasi mənada işlətmir. O, xəyanətin mərhələlərini göstərir:
-Gizlində hazırlanan niyyət,
-Səssiz şəkildə çevrə qurmaq,
-Ətrafdakılara yalan ümidlər vermək,
-Devirdikdən sonra hər şeyə sahib olacağını düşünmək,
-Plan suya düşəndə (ifşa olduğu halda) aradan sivişmək istəyi.
Ən ağır məqam isə budur: müəllif xəyanətkarların fəaliyyəti nəticəsində ölkədə dövlətə qarşı nifrət toxumu səpilə biləcəyini vurğulayır.
Felyetonda ard-arda verilən lətifələr, şifahi xalq ədəbiyyatından - folklordan obrazlar, məişət səhnələri bir tərəfdən mətni yüngülləşdirir, digər tərəfdən fikirləri daha aydın və kəskin çatdırır.
Məsələn:
-ölən kişinin arvadından xəyanəti soruşması,
-başını suya salınan adamın "orada heç nə görmürəm" deməsi,
-AzTV-yə "evdən kamerayla baxılırmış" və ya "AzTv-nin hər evdə kamerası var imiş" kimi anlaşılması,
- bütün bunlar həm güldürür, həm düşündürür, həm də aktual mətləblərin satirik ifadəsinə çevrilir.
Felyetonun sonunda məlum olur ki, "bu xəmir hələ çox su aparacaq": - gumbultunun səsi "acı bağırsaq kimi hələ çox uzanacaq". Bu, məsələnin tam bitmədiyi, proseslərin davam etdiyi oxucu üçün aydın görünür. Dəqiq məlum olur ki, "səssiz gurultunun gumbultusu" hələ çox eşidiləcək, əks-sədası çox gələcək və çox uzaqlara yayılacaq.
Müəllif xəbərdarlıq edir:
-Şimşək hələ çaxır,
-İldırım hələ guruldayır,
-Qara paltarlılar hələ də iş başındadır.
Felyetonda qaldırılan problemlər, aydınlığa qovuşan qaranlıq mətləblər həm bir publisist kimi müəllifin narahatlığını ifadə edir, həm də oxucuya dərs verir:
-Təhlükə ən çox səsinin gəlmədiyi yerdə gizlənir.
-Gumbultu gələndə isə artıq gec olur.
Beləliklə, Yunus Oğuzun felyetonçuluq ustalığı onun geniş yaradıcılıq diapazonunun ayrılmaz hissəsi kimi çıxış edir. O, satiranın gücünü, yumorun təsirini və publisistik düşüncənin fəallığını (kəskinliyini) birləşdirərək felyetonu müasir cəmiyyətdə yenidən əhəmiyyətli, təsirli və oxunaqlı edir. Yunus Oğuz həm ədib, həm təhlilçi, həm tarixçi, həm siyasətçi, həm də ictimai proseslərin ironik müşahidəçisi kimi bu janrın imkanlarını maksimum istifadə edən sənətkarlardandır. Ustad sənətkara yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Evdə, küçədə, işdə gördüyümüz oxşar hadisələrə laqeyd qalmayaq. Ələxsus şagird valideynləri olan oxucular, məktəbin təlim-tərbiyə işinə xeyirli töhfələr verməyə calışaq. Ən azından əgər faydalı ola bilmiriksə, heç olmasa əngəllər də yaratmayaq. Hələlik.
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.
15.11.2025. Ağdam.