“Ordu quruculuğu sahəsində görülən işlər...”
Elvin Aslanov: “Gənclərimizdə hərbi xidmətlə bağlı neqativ fikirlərin ortadan qalxmasına səbəb olur”
23 Noyabr 2015 14:59 MüsahibəAzərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanovun "OLAYLAR"-a müsahibəsi
-Elvin müəllim, Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində hansı tədbirlərin görülməsinə ehtiyac duyursunuz?
-Vətənpərvərlik elə bir hisslərdir ki, bunları əllə toxunmaq, gözlə görmək mümkün deyil. Ona görə də gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması, milli mənlik şüurunun inkişaf etdirilməsi uşaq yaşlarından aparılmalıdır. Bunun üçün ilk öncə bayraq, himn, gerb kimi milli atributlarımız düzgün və aydın izah olunmalı, bundan başqa Azərbaycanın bu torpaqlarda keçdiyi şanlı tarix gənclərə təkrar-təkrar xatırladılmalıdır. Məncə, hər hansı gənc Azərbaycanın keçdiyi tarixi dəqiq bilsə, həmin gənc Azərbaycana daha bağlı olacaq. Çünki, o başa düşəcək ki, biz bu müstəqilliyi əldə edənəcən hansı yollardan keçmişik, hansı qurbanları vermişik. Buna görə də gənclərimizlə iş hələ məktəb vaxtından aparılmalıdır. Daha sonra isə universitet zamanı müxtəlif gənclər təşkilatları vasitəsilə sağlam düşüncəli gəncliyin yetişdirilməsinə təkan verilməlidir. Sağlam düşüncəli gənc müxtəlif dil bilikləri olan, öz peşəsini dərindən öyrənən, Azərbaycanın həqiqətlərini bilən və ona dünyaya yaymağa hazır olan gəncdir. Bu gəncin ali məqsədi Azərbaycanın inkişafı olmalıdır. Əgər, biz gənclərimizi bu ruhda böyüdə, onları hansısa radikal etnik, dini cərəyanlardan, müxtəlif sosial qruplardan çəkindirə bilsək, o zaman rahatlıqla deyə biləcəyik ki, ölkəmizin sabahı əmin əllərdədir. Bu sahədə rəhbərlik etdiyim Azərbaycan Tələbələr Birliyi də müxtəlif işlər görür. Biz bu sahədə öz milli donorlarımız olan Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu vasitəsilə müxtəlif layihələr həyata keçiririk. Bu layihələrin bir çoxu Azərbaycan həqiqətlərinin, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasını nəzərdə tutur. Bunu biz müxtəlif xarici ölkələrdə olan milli tələbə birlikləri vasitəsilə edirik. Xatırladım ki, Azərbaycan Tələbələr Birliyi 11 milyon tələbəni öz ətrafında birləşdirən Avropa Tələbələr Birliyinin tam hüquqlu üzvüdür. Və biz xarici tərəfdaşlarımız vasitəsilə Qarabağ həqiqəqlərimizi gələcəkdə xarici ölkələrdə yüksək ictimai-siyasi vəzifələr tutacaq tələbə liderlərə çatdırırıq. Yəni, gələcəkdə aparılacaq lobbiçilik fəaliyyəti artıq indidən görülür.
-Sizcə orta ümumtəhsil müəssisələrində gənclərimizə kifayət qədər vətənpərvərlik hissləri aşılanırmı?
-Məncə, bu sahədə iş gedir. Hətta deyərdim kifayət qədər iş gedir, amma bir sistemsizlik var. Mən məktəblərin vətənpərvərliklə bağlı etdikləri tədbir və proqramların ümumi bir sistemə otuzdurulmasının və bu sistemin ekspertlər tərəfindən müəyyənləşdirilməsinin tərəfdarıyam. Bəzən görürük ki, vətənini, millətini sevən iki gənc bir məsələdə ciddi mübahisə edir. Araşdıranda görülür ki, bu iki gəncə fərqli məktəblərdə bir mövzu ətrafında fərqli məlumatlar verilib. Ona görə də tariximizi, milli kimliyimizi araşdıran ictimai, elmi tədqiqat institutları tariximizin mübahisəli məqamları ilə bağlı məsələlərə aydınlıq gətirməli və bu məsələlərin məktəblərdə eyni cür tədris olunmasını təmin etməlidirlər. Mən bir şeyi də qeyd edim ki, məktəblərdə bəzən vətənpərvərliklə bağlı məsələlər tək hansısa tədbirlərin təşkili, uşaqların bu barədə şer deməsi ilə başa düşülür. Halbuki, bu elə bir sahədir ki, uşaqlara hər bir mövzu ətrafında vətənpərvərlik hisslərini aşılamaq olar. Əgər təbiətdən söhbət gedirsə, ölkəmizin təbiətinin zənginliyindən, tarixdən söhbət gedirsə tarix və dilimizin inkişaf mərhələlərindən, elm insanlarından söhbət gedirsə Azərbaycanın yetişdirdiyi elm insanlarından söhbət açıla bilər. Yəni, danışılan hər bir mövzuda vətənpərvərlik məsələləsi qeyd edilə bilər. Burada ciddi toxunmalı olduğumuz məsələlərdən biri də veriləcək mesajların şagirdlərə şüuraltı çatdıılmasıdır. Çünki, bir şagirdə hər gün vətənpərvər olmalısan deyilsə, bu onda suallar yaradacaq. Amma, bu ona hansısa mesajlar vasitəsilə şüuraltı çatdırılsa o zaman işin effektivliyini daha aydın görə bilərik. Ona görə də mən məktəblərin bu sahədəki işin daha təkmilləşdirilməsi, mövzu ətrafında işi necə qura bilərik deyə ictimai müzakirələrin keçirilməsi tərəfdarıyam.
-Gənclər təşkilatları və QHT-lər gənclərin vətənpərvərliyi ilə bağlı layihələrə üstünlük verirlərmi?
-Gənclər təşkilatları və QHT-lərimiz bu sahədə son illərdə ciddi işlər görməyə başlayıblar. Belə ki, ölkəmizdə son illərdə yaranan milli donor institutları bizə vətənpərvərlik, Qarabağ həqiqətləri, Xocalı faciəsi ilə bağlı ciddi işlər görməyə kömək edir. Gənclər təşkilatları bu sahədə hər hansı maarifləndirici tədbirlər deyil, ciddi elmi araşdırmalar edirlər, dünya səviyyəsində təqdim edilə biləcək müxtəlif təbliğat və təşviqat məhsulları ortaya qoyurlar. Mən Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasının hər bir Azərbaycan vətəndaşının, daha çox isə gənclərimizin bir vətəndaşlıq borcu olduğuna inanıram. Hər bir gənc harada nə işlə məşğul olmasından asılı olmayaraq bu sahədə aktivlik göstərməlidir. Yəni, Qarabağ həqiqətlərini dünyaya çatdırılmasında tək politologiya, beynəlxalq münasibətlər və ya hüquq təhsili alan gənclərimiz deyil, hətta həkimlərimiz, mühəndislərimiz, müxtəlif peşə sahibi olan gənclərimiz də aktiv olmalıdı. Çünki, bu fərdlərin deyil, ümummilli məsələ olmaqla bir xalqın, millətin dünəni və gələcəyidir. Biz bu sahədə ciddi fəaliyyət göstərməsək, bu işləri gecə-gündüz demədən etməsək, o zaman ciddi nailiyyətlər qazana bilmərik. Mən nümunə olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın etdiyi işləri vurğulamaq istəyirəm. Leyla xanımın Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırılması üçün etdiyi işlər hər bir gəncə nümunə olmalıdır. Hər bir gənc bu işləri görüb, "bəs mən nə edə bilərəm?" sualını özünə verməlidir. Bu sahədə məncə hər bir gənclər təşkilatı gənclərə kömək edə bilər. Əsas odur ki, gənclərin özünün təşəbbüsləri olsun və gənclər təşkilatları olaraq bizlər də bu təşəbbüslərə lazımi dəstəyi verə bilək.
-Bu gün Azərbaycan gənci torpaqlarını işğaldan azad edə biləcək dərəcədə vətənpərvərdirmi?
-Bizim məqsədimiz məhz budur ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev nə zaman əmr versə, biz torpaqlarımızı azad etməyə hazır olaq. Bunun üçün Azərbaycanın güclü ordusu var. Bizim işimiz isə bu orduda xidmət edəcək gənclərin daima yüksək əhval-ruhiyyədə olmasını təmin etməkdir. Düşünərəm ki,
Qarabağı azad etmək üçün Azərbaycan gəncliyinə bir əmr belə bəs edər. Çünki, bu gənclik bu problemi gələcək nəsillərə ötürmək istəmir. İstəyir ki, gələcəyin gəncləri "Ölkəmizin 20% torpağı işğal altındadır" ifadəsini eşitməsin. İstəyir ki, bu qara tarixi unutsun və bundan sonra Azərbaycan tarixi kitablarında Qarabağın zəfər tarixi yazılsın. Biz ümid edirik ki, Ali Baş Komandanın rəhbərliyi altında bu şərəfli iş məhz biz gənclərə nəsib olacaq.
-Televiziyalar, KİV-lərin bu mövzuya olan diqqəti qaneedicidirmi?
-Mən televiziyalarda bu məsələlərə yetərincə diqqət yetirilmədiyinin şahidi oluram. Qəzetlərimizdə bu məsələlərlə bağlı kifayət qədər məlumatlar gedir. Amma, televiziyalarımız çox təəssüflər olsun ki, cəmiyyətin istəklərini qarşılaya bilmirlər. Televiziyaların kommersiya qurumu olması və onların əsas olaraq kommersiya maraqlarından çıxış etməsi başa düşüləndir. Amma, yaxşı olardı ki, televiziyalarımız insanların daha çox baxdığı vaxtlarda öz ekranlarında daha ciddi proqramlar, vətənpərvərliklə bağlı maraqlı müzakirələrə yer versinlər. Bunun üçün yeni yanaşmalara ehtiyac var. Yəni, elə yanaşmalar olmalıdır ki, bu həm izləyici üçün maraqlı olsun, həm də az öncə qeyd etdiyim kimi şüuraltı mesajlar verilsin. Mən qeyd edim ki, televiziyalar və KİV-lərin bu sahədə oynadığı rolu heç bir digər qurum oynaya bilməz. Televiziyaların bu sahədə daha çox insana çatmaq imkanı var və bunu etmək üçün televiziyalarda daha çox imkan var. Əsas odur ki, televiziyalar bunu istəsin və bu sahədə hansısa ciddi addımlar atılsın.
-Bəs region gənclərində bu hisslər hansı dərəcədə yüksəkdir?
-Təbiidir ki, region gəncləri paytaxt gənclərindən müəyyən mənada fərqlənirlər. Bu onunla bağlıdır ki, paytaxt gəncləri özlərini maraqlandıran, onları düşündürən məsələ ilə bağlı daha çox resursa və daha çox imkana malikdirlər. Region gənclərində isə belə bir imkanlar məhduddur. Təbiidir, regionlarda son illərdə yaradılan Gənclər Mərkəzləri, Olimpiya Kompleksləri bizə onu deməyə əsas verir ki, orada yaşayan gənclər də hər hansı məsələ ilə bağlı təşəbbüs irəli sürmək imkanlarına malikdirlər. Yalnız, biz hər zaman region gənclərinə xüsusi diqqət ayırmışıq, bu qrup gənclərlə bağlı müxtəlif layihələr həyata keçirmişik. Ona görə də region gənclərinin vətənpərvərlik hisslərinin bəzən daha güclü olduğunu deyə bilərik. Çünki, regionlarda olan gözəllikləri görən gənclər vətənin qədrini daha yaxşı bilir. Bəzən paytaxtda yaşayan gənclərin region gənclərindən nümunə götürməli olduğunu düşünürəm. Çünki, bəzən elə bir regiondan olan gənci görürük ki, müxtəlif xarici dilləri bilir, hansısa sahədə mütəxəssisdir. Düşünürsən ki, bu gənc məhdud imkanlar çərçivəsində bunları edibsə, paytaxtda yaşasaydı daha çox şeylər edə bilərdi. Ona görə də mən region gənclərinə ayrılan diqqətin və qayğının daha da artırılması tərəfdarıyam. Və inanıram ki, regiondan olan gənclər də bu diqqətin qarşılığı müxtəlif məsələlərdə artıqlaması ilə verə biləcəklər.
-Ali Baş Komandanın ordu qurucluğuna göstərdiyi diqqət və qayğı gənclərin vətənpərvər ruhda böyüməsinə hansı müsbət təsiri göstərir?
-Son illərdə ordu quruculuğu sahəsində görülən işlər gənclərimizdə hərbi xidmətlə bağlı neqativ fikirlərin ortadan qalxmasına səbəb oldu. Gənclər artıq hərbi xidmətin vətəni qorumaq və vətənə olan borcu ödəmənin əsas yolu olduğunu başa düşürlər. Onlar anlayırlar ki, hərbi xidmət gələcəkdə vətən torpaqlarını azad etmək üçün mütləqdir. Biz Ali Baş Komandanın orduya göstərdiyi diqqətin məhz gənclərə göstərilən diqqətin bir hissəsi kimi başa düşürük. Çünki, ordumuzu məhz gənclər təşkil edir. Əgər, bu günün Azərbaycan ordusunda vətənpərvər gənclər olmasa, təbii ki, bu ordu ilə xüsusi bir nailiyyət qazanmaq olmayacaq. Amma, biz əminik ki, Ali Baş Komandanın orduya göstərdiyi diqqət və gənclər üçün göstərdiyi nümunə bir Azərbaycanın gəncinin Qarabağı azad etməsi üçün yetərlidir. Bir daha qeyd edirəm ki, ordumuzda kifayət qədər ruh yüksəkliyi var, sadəcə bizə düşən Ali Baş Komandanın əmrini gözləməkdir.
-Sizcə Azərbaycan xalqının qəhrəmanları, sərkərdələri barədə yazıçılarımız kifayət qədər kitablar yazırlarmı və bu amil gənclərin vətənpərvər ruhda böyüməsinə necə təsir edir.
-Düzü bu sahədə dəqiq bir şey deyə bilməyəcəm. Yəni, ola bilər ki, bu sahədə yazıçılarımızın son illərdə hər hansı əsərləri olub. Amma olubsa, o zaman bu cəmiyyətə düzgün təqdim olunmayıb və bizlər də bu barədə yetərincə məlumata malik deyilik. Bu sahədə yazıçılarımızın əziyyətlə hazırladıqları məhsulu gənclərə, cəmiyyətə düzgün təqdim etməsi lazımdır ki, cəmiyyət də bu barədə məlumatlı olsun, lazım gəldikdə isə reaksiya verə bilsin. Mən bir daha qeyd edirəm ki, cəmiyyətimizdə bu mövzular ətrafında ictimai müzakirələrin getməsi müsbət haldır. Məhz yazıçılarımızın da hazırlayacaqları əsərlər bu cür ictimai müzakirələr üçün geniş imkanlar aça bilər. Bu sahədə də gənclər təşkilatları olaraq bizlər hər bir köməkliyi etməyə hazırıq.