“Türkiyənin bölgədə aktiv rol alması....”

Vüqar Zifəroğlu: “Qərb üçün bir o qədər uğurlu variant sayıla bilməz”

"IŞİD və PKK-nın qara kölgəsi Türk siyasətinə ağır bir şəkildə düşməkdədir"

Bir tərəfdən erkən seçimlərə hazırlaşdığı halda digər tərəfdən silsilə terraktlarla üz-üzə qalan Türkiyə hazırda ağır siyasi böhran dövrünü yaşayır. Vəziyyətin getdikcə gərginləşməsi Türkiyədə noyabrın 1-nə nəzərdə tutulan erkən seçimlərin baş tutub-tutmayacağını sual altına alıb. Bəs görəsən terraktların davam etdiyi bir mərhələdə Türkiyəni yaxın gələcəkdə nə gözləyir?Zifəroğlu Ümumiyyətlə, Türkiyə PKK, İŞİD təhlükəsini tamamilə aradan qaldırıb yenidən siyasi sabitliyini bərpa edə biləcəkmi? Bu və ya digər məsələlərlə bağlı "Oğuz" Müstəqil Araşdırmalar Mərkəzinin sədri Vüqar Zifəroğlu ilə söhbətləşdik.

-Vüqar bəy, PKK-nın silsilə terraktlarının fonunda Türkiyənin düşmüş olduğu vəziyyəti necə dəyərləndirirsiniz?

-Hazırda Türkiyəni vətəndaş qarşıdurmasına doğru sürükləməkdədirlər. Məqsəd təbii ki, bu ölkəni zəiflətmək və onu sarsıtmaqdır. Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Hazırda baş verən proseslərin kəskin hal almasını müəyyən qədər bununla da əlaqələndirmək olar. Ümumiyyətlə, Türkiyənin cənub-şərqində separatçıların fəallaşmasını həm xarici, həm də daxili faktorlarla əlaqələndirmək mümkündür. Xarici faktorlar kimi Yaxın Şərqdə baş verən son hadisələri - İranın son dövrlərdə mövqelərini daha da möhkəmləndirməsi, Suriyada baş verənlər, İŞİD-in bölgədə fəallaşmasını göstərmək olar. Bu faktorlar da proseslərə müəyyən dərəcədə təsir edir. Ümumiyyətlə bu gün IŞİD və PKK-nın qara kölgəsi Türk siyasətinə ağır bir şəkildə düşməkdədir.

-Türkiyənin düşmüş olduğu vəziyyət Qərbin bu ölkə ilə bağlı maraqlarına nə dərəcədə xidmət edir?
 

-Türkiyənin bölgədə aktiv rol alması və eləcə də təsir dairəsini genişləndirməsi, təbii ki, Qərb üçün bir o qədər uğurlu variant sayıla bilməz. Qərb dövlətləri Yaxın Şərqdə, Türkiyədə və dünyanın istənilən ölkəsində baş verən hadisələrə öz marağı çərçivəsində yanaşır. Bunun ən bariz nümunəsi olaraq Qərb dairələrinin Türkiyənin İŞİD və separatçı kürd qruplaşmalarına, o cümlədən PKK-ya qarşı apardığı əməliyyatlarına münasibətini göstərmək olar. Terror qruplaşmalarına qarşı mübarizə aparan Qərb dövlətlərinin bu mövqeyi ikili yanaşmanın bariz nümunəsidir. Burada bəzi məqamlar diqqət çəkir. Məsələn, istər ideoloji, istər fəaliyyət baxımından bir araya gəlməsi mümkün olmayan terror təşkilatları birdən birə sanki bir yerdən düyməyə basılırcasına bir mərkəzdən fəaliyyət göstərməyə başlayırlar. Digər bir maraqlı məqam, Türkiyənin cümhuriyyət tarixində ilk dəfə həm xaricdən, həm daxildən eyni zamanda terror hədəfinə məruz qalmasıdır.

-Bu proseslər erkən seçkinin keçirilməsi üçün problem yaratmayacaq?
 

-Əslində yaratmamalıdır. Seçkilərin keçirilməsi Türkiyə üçün vacibdir və əhəmiyyətlidir. Seçkilər, faktiki olaraq ciddi təhlükəsizlik krizi keçirən Türkiyənin daxili və xarici təhdidlərə qarşı daha həssas hala salacaq. Xarici təhdidləri İraq və Suriyada yaşanan geosiyasi çöküşün ortaya çıxardığı təhdidlər formalaşdırmaqdadır. Daxili təhdid isə adlarını çəkdiyimiz ölkələrdə gedən proseslərdə aktiv iştirakçı olan PKK və İŞİD başda olmaqla terror qruplaşmaları təmsil etməkdədir. Təəssüf ki, AKP-nin izləmiş olduğu Yaxın Şərq siyasəti ilə, PKK ilə "kürd açılımı" adı altında aparılan müzakirə siyasətinin nəticəsi olan daxili və xarici faktorların birgə formaslaşdırdıqları bu təhdidlər ölkəni həm regional, həm də daxili münaqişə zəmininə salmaqdaqdır. Vurğulamaq lazımdır ki, bütün ağır bədəllərə rəğmən Türkiyə, PKK-nın yaratdığı bu təhdidi indi aradan qaldırmasa, yaxın gələcəkdə qardaş ölkənin vəziyyəti, Suriya və İraqda yaşanan bölünmədən fərqli olmaya bilər.

-Ümumiyyətlə, Türkiyəni yaxın gələcəkdə nə gözləyir?

-Hər halda gərginliklər səngiməyəcək və bölücü terror qruplaşması bütün gücündən istifadə edərək təzyiqlərini gücləndirəcək. Seçkilərə qədər HDP-nin barajin altında qalmamasını təmin etmək üçün indiki halda terror təşkilatı silahla olsa belə öz dəstəyini bu cür ifadə etməkdədir. HDP isə həm güney-doğu bölgəsində, həm də iri şəhərlərdə bundan yararlanaraq maksimal şəkildə öz təsirini gücləndirməyə və təbliğatını aparmağa çalışır. Amma Türkiyə iqtidarı da adekvat addımlar atmalıdır və bu yalnız hərbi antiterror əməliyyatları ilə kifayətlənmək demək deyil. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, Türkiyənin PKK terrorunu aşmaq və İŞİD təhdidini sərhədləri xaricində tuta bilməsi üçün partiya və ya şəxs deyil, millətin mənafelərini ön planda tutan, davamlı olaraq barış və təhlükəsizliyi təmin edəcək siyasətə dayanan bir antiterror strategiyasında ehtiyacı var.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31