Tiryəki xurma şəklinə salsa da gömrükdən keçirə bilmədi...

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Dünyamalı Qaraşova məxsus idman çantasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı həmin çantanın içərisindəki 2 ədəd xurma qutusunda - qutuların hər birinin içərisində olan xurmaların arasında, eynilə xurma şəklinə salınmış vəziyyətdə, ümumi xalis çəkisi 775 qram olan narkotik vasitə - tiryək aşkar edilib. Daha sonra, həmin çantadakı çay qutusunun içərisində olan quru çayın arasında isə sellofan paketdə 94 ədəd metadon adlı həb aşkar olunub. Bundan başqa, D.Qaraşovun üzərində şəxsi yoxlama zamanı isə ondan daha 4 ədəd metadon adlı həb aşkar edilərək götürülüb. Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və cəmi 98 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,92 qram təşkil edir. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31