Teatr və kino

“Zəng” tamaşası Adanada  nümayiş olunacaq

14 Oktyabr 2017 19:41

Oktyabrın 16-dan noyabrın 1-dək Türkiyənin Adana şəhərində 4-cü Şəhər Teatrları Görüşü baş tutacaq. Tədbir Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları tərəfindən təşkil ediləcək. Teatrlar görüşündə Türkiyə, Azərbaycan, Gürcüstan və Şimali Kiprdən gələn 18 teatr qrupu iki həftə sənətsevərlərlə bir arada olacaq. Ölkəmizi bu tədbirdə təmsil edəcək A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 19-da “Zəng” tamaşasını nümayiş etdirəcək.

“Nar bağı” filmi 7-ci Malatya Beynəlxalq Film Festivalında

14 Oktyabr 2017 19:38

Noyabrın 9-dan 16-dək Türkiyədə 7-ci Malatya Beynəlxalq Film Festivalı keçiriləcək. Festival Malatya Valiliyinin dəstəyi ilə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilir. Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi festivalın beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında ölkəmizi təmsil edəcək. Baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənova festivalda iştirak edəcəklər. “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Teatrda premyera olacaq

14 Oktyabr 2017 09:45

Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın “Qrinç“ – (“Yaşıl adam”) əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Sözügedən əsər ötən ilin dekabr və bu ilin yanvar ayında yeni il tamaşası olaraq kiçik yaşlı tamaşaçılara təqdim edilmişdi. Olaylar bildirir ki, teatrın bədii şurası “Yaşıl adam” tamaşasının yeni versiyada hazırlayıb, il ərzində mütəmadi olaraq nümayiş olunması barədə qərara gəlib. Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtbatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Tanınmış aktrisa  mənzilində ölü tapılıb

12 Oktyabr 2017 09:13

Gürcüstanın məşhur aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzilində ölü tapılıb. 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir. Gürcüstan Daxili işlər nazirliyindən faktla bağlı araşdırma aparıldığını bildiriblər. Gürcüstanın Birinci kanalı Kavjaradzenin yaxınlarına istinadən onun ürəktutmasından vəfat etdiyi barədə məlumat verib.

Şövqi Hüseynov “Aktyor sirri” adlı mədəni dialoq forumunda iştirak edib

12 Oktyabr 2017 09:10

Gənc Tamaşaçılar Teatrının kollektivi  Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən “Mariya” adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak edib. Olaylar bildirir ki, festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edərək festivalın diplomu ilə təltif edilib. Şövqi Hüseynov festival çərçivəsində təşkil edilən “Aktyor sirri” adlı mədəni dialoq forumunda da iştirak edib. O, seminarda “Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının fəaliyyəti ” mövzusunda məruzə ilə çıxış edib. Festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib.

Müslüm Maqomayevin 75 illik yubileyi qeyd olunacaq

11 Oktyabr 2017 13:34

Opera və Balet Teatrı vaxtilə bu Teatrda çalışan görkəmli vokal, muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil edir. Olaylar bildirir ki, oktyabrın 21 – də nümayiş olunacaq növbəti belə tamaşa Müslüm Maqomayevin "Şah İsmayıl" operasıdı. Baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün görkəmli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq. Məlum olduğu kimi, istedadlı müğənni Opera və Balet Teatrımızın solisti olduğu illərdə onun repertuarındakı ən populyar partiyalardan biri də Aslan şah rolu olub. Teatr baş tutacaq tamaşanı müğənninin 75 illik yubilyinə həsr edir.

“ƏSA”  - dan yeni tamaşa

11 Oktyabr 2017 09:03

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir. Teatrdan Olaylar - a verilən məlumata görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və noyabrda səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla səkkiz aktyor iştirak edəcək.

“Tıq-tıq” festivalda uğurla çıxış edib

10 Oktyabr 2017 21:59

Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  keçirilən Beynəlxalq Festivalda teatr ölkəmizi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil edib. Olaylar bildirir ki, kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb. ADGTT-nın festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq və yeniyetmələrlə peşəkar ünsiyyətə görə Elista şəhərinin Təhsil İdarəsinin Fəxri fərmanı, gənc nəslin təlim tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.

“Gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq” – Musa Axundov

10 Oktyabr 2017 12:46

Park Cinema kinoteatrlar şəbəkəsində “IMAX-da Super Gün” aksiyasına start verilir. Bu haqda Olaylar – a kinoteatrın marketinq üzrə direktoru Musa Axundov bildirib. Onun sözlərinə görə, izləyicilər tərəfindən sevilən Azercell IMAX zalında artıq kino həvəskarları daha sərfəli qiymətə film izləyə biləcəklər. Belə ki, hər həftənin çərşənbə günü “Super Gün” elan olunur və gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq. Cəmi 6.90 AZN ödəməklə ölkənin ən böyük ekranında, güclü səs effektləri və real görüntü ilə film izləmək mümkün olcaq.

“Cəhənnəm sakinləri” tamaşasının premyerası keçirilib

7 Oktyabr 2017 17:02

Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşasının premyerası keçirilib. Olaylar bildirir ki, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Nodar Şaşıqoğlunun 90 illik yubileyi keçirilib

6 Oktyabr 2017 16:11

Oktyabrın 6-da Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Olaylar bildirir ki, tədbirdə xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandr Şarovski, əməkdar artist Fuad Osmanov, Baş İdarənin əməkdaşları Pərvanə Muradzadə, Tomris Hacıyeva, Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı və digər qonaqlar iştirak ediblər.

Məşhur rejissorun keçmiş həyat yoldaşı vəfat etdi

6 Oktyabr 2017 10:03

 “Yeni dalğa” cərəyanının yaradıcılarından biri, müasir kinonun klassiklərindən sayılan Jan Lyuk Qodarın keçmiş həyat yoldaşı Anna Vizemski 70 yaşında vəfat edib. Olaylar bildirir ki, məşhur rejissorun eks həyat yoldaşının ölüm xəbərini qardaşı açıqlayıb. Aktrisa və yazar olaraq tanınan Anna Qodarın “Çinli qız” (1967) və bir neçə filmində rol alıb.

"Blade Runner 2049" filmi Park Cinemada

5 Oktyabr 2017 18:15

Oktyabrın 5 - dən etibarən Park Cinema kinoteatrında  1:9:1 nisbətli xüsusi formatda təqdim olunan “Blade Runner” filmi nümayiş olunacaq.  Olaylar bildirir ki, “Blade Runner 2049” filmi tamamilə IMAX® formatına çevrilib: görüntü və səs keyfiyyəti müasir IMAX DMR® sayəsində xüsusilə adaptasiya edilib. IMAX zalının dəqiq konturları ilə vəhdət təşkil edən kristal şəffaflığında görüntü və güclü rəqəmsal səs – bütün bunlar izləyicini hadisələrin bir hissəsinə çevirir.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında  

4 Oktyabr 2017 19:30

Həftəsonu  Gənc Tamaşaçılar Teatrı kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar təqdim edəcəkdir. Olaylar bildirir ki, teatrda oktyabrın 7-də gündüz 1400-da məktəblilər Azərbaycan uşaq ədəbiyyatının banisi A.Şaiqin “Danışan gəlincik”, 8-də K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı” tamaşalarını nümayiş etdirəcəkdir.

"Ultimatum" adlı sənədli filmi təqdim olunacaq

4 Oktyabr 2017 09:16

Oktyabrın 4-də saat 11:00-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidentinin QHT-na Dövlət Dəstəyi Şurasının Dəstəyi ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış “Milli-mənəvi dəyərimiz olan Azərbaycan odusunun ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda mübarizədə düşmən qarşısında yenilməzliyinin təbliği” adlı layihənin təqdimatı keçiriləcək. Olaylar bildirir ki, tədbirdə İctimai Birlik tərəfindən hazırlanmış Azərbaycan ordusunun misilsiz qəhrəmanlığını özündə əks etdirən tarixi döyüşlərə həsr edilmiş eni 2 və uzunluğu 11metr olan rəsm əsərinin və həmin rəsm əsərində canlandırılan həmvətənlərimizin xilası uğrunda canlarını qurban verərək həlak olmuş Milli Ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən "Ultimatum" adlı sənədli filmin təqdimatı keçiriləcək.