Müharibədən zərər çəkən ailələrdəki gənclər kurslara cəlb edilib
Xalid Kazımlı: «Məqsəd bu təbəqədən olan gənclərə peşə bacarıqlarının öyrədilməsi ilə onların məşğulluğunun artırılmasına nail olmaqdır»
30 Aprel 2012 18:39 SosialRegional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində yeni layihənin icrasına başlayıb. Təşkilatın sədri Xalid Kazımov "OLAYLAR"a bildirib ki, "Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili" layihəsi 6 ay müddətində davam edəcək: "Cəmiyyətdə hər hansı səbəbdən əhalinin yerdəyişməsi özü ilə gözlənilməyən problemlər gətirir. Azərbaycanın bu gün üzləşdiyi ən böyük problem Dağlıq Qarabağ məsələsi, öz torpaqlarından didərgin düşən məcburi köçkünlər, müharibədə yaxınlarını itirən şəxslərlə bağlıdır. Köməyə daha çox ehtiyacı olan qaçqın və məcburi köçkünlər, həmçinin Qarabağ müharibəsindən zərərçəkən şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş, erməni əsir və girovluğundan azad edilmiş vətəndaşların ailələrindən olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması günün vacib tələbidir. Düzdür, məcburi köçkünlərin yerləşdirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Dövlət Proqramları qəbul olunub, bir sıra tədbirlər görülüb. Bu sosial qrupa dövlət səviyyəsində müəyyən güzəştlər nəzərdə tutulub, müavinətlər ayrılıb, büdcədən maliyyələşən müəssisələrdə iş yerlərini itirmiş və bu gün işsiz olan şəxslərə kompensasiya ödənilib. Son illər görülən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çadır şəhərcikləri təmamilə ləğv edilib. Çadır şəhərcikləri, yük vaqonlarında məskunlaşan məcburi köçkünlər yeni salınan qəsəbələrə köçürülüb. Hazırda qaçqın və məcburi köçkunlər üçün yeni salınan qəsəbələrdə bütün sosial, texniki infrastrukturlar yaradılsa da, əhalinin məsğulluğunun tam təmin edilməsi mümkün olmayıb. Nəticədə, məcburi köçkünlərin bir hissəsi, əsasən də gənclər iş tapmaq üçün həmin qəsəbələri tərk etmək məcburiyyətində qalır. Həyata keçirdiyimiz layihədə də əsas məqsəd bu təbəqədən olan gənclərə peşə bacarıqlarının öyrədilməsi ilə onların məşğulluğunun artırılmasına nail olmaqdır. Bu həm də həmin təbəqədən olan şəxslər arasında əmək miqrasiyasının azaldılmasına və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım edəcək".
X.Kazımovun sözlərinə görə, kurslar təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçiriləcək: "Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunacaq. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun da texniki dəstək verdiyi layihə çərçivəsində altı ay mülddətində 60 nəfər dərziliklə bağlı peşə bacarıqlarına yiyələnəcək. Layihə çərçivəsində keçirilən kursların hər birində 20 nəfər iştirakı nəzərdə tutulur. Dərslər həftədə 3 dəfə olmaqla iki qrupda keçiriləcək. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim ediləcək. Layihə başa çatdıqdan sonra da təşkilat kursu bitirən gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparacaq və həmin gənclərin çalışacağı tikiş sexi təşkil ediləcək".