Ağdamın dirçəlişi inkişafın, qayıdışın rəmzidir- ÖZƏL
10:32 Siyasət"Noyabrın 20-si Azərbaycan tarixində xüsusi önəm daşıyan günlərdən biri olan Ağdam Şəhəri Günüdür. Bu gün işğaldan azad olunmuş Ağdamın dirçəlişini, xalqımızın yenilməz iradəsini, dövlətimizin gücünü və Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətini ifadə edir. Cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən Şəhər Günləri sırasında 20 noyabrın Ağdam şəhəri günü kimi qeyd olunması bu torpağın tariximizdəki qürurlu yerini bir daha təsdiqləyir". Bunu "Olaylar"a Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz şücaəti, dövlətimizin qətiyyəti nəticəsində 10 noyabr 2020-ci il bəyanatı ilə Ermənistan Ağdamdan çıxmağa məcbur oldu. 20 noyabr 2020-ci il Ağdamın yenidən doğulduğu gündür. Bu tarixi qayıdışda cənab Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan əsgərinin qəhrəmanlığı həlledici rol oynadı. "Ağdamın azad olunmasına görə" medalı ilə minlərlə igid döyüşçümüzün təltif olunması isə bu qəhrəmanlığın əbədiləşdirilməsidir.
Ağdam işğaldan azad edilən ərazilər arasında ilk təsdiqlənmiş Baş Planla yenidən qurulur. Şəhər 100 min əhalisi olan müasir bir mərkəzə çevriləcək. Artıq beş məhəllədən ibarət şəhərsalma modeli üzrə tikinti işləri sürətlə davam edir, kəndlər bərpa olunur, yollar çəkilir, ərazilər minalardan təmizlənir. 2025-ci ilin oktyabr ayına qədər 825 ailə, 3318 nəfər Ağdama geri dönmüşdür. Bu, Böyük Qayıdışın ən real ifadəsidir.
Cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan 190 hektarlıq Ağdam Sənaye Parkı artıq ölkənin ən böyük sənaye zonalarından biridir. 2025-ci ilin mayında açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat xəritəsini tamamilə dəyişir və bu kompleks Qarabağın mühüm nəqliyyat qovşağı olacaq. Eyni tarixdə açılışı olmuş Ağdam Muğam Mərkəzi isə mədəni həyatımızın yeni mərhələsidir. 474 yerlik zalı, amfiteatrı, dərs otaqları ilə bu mərkəz Qarabağın musiqi beşiyi olan Ağdamda muğam sənətinin yenidən çiçəklənməsinə xidmət edir.
Bu gün Ağdam dirçəlişin, inkişafın, qayıdışın rəmzidir. Bu gün dövlətimiz güclü, ordumuz qüdrətli, xalqımız bir yumruq kimidir. Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq və o, Qarabağın ən böyük, Azərbaycanın ən müasir şəhərlərindən biri olacaq".