“Gənclərin ən böyük problemi ideoloji boşluqla bağlıdır”

Vəli Əlibəyov: “Son vaxtlar Azərbaycan gənclərinin kənarda olan münaqişələrdə yalnış ideyalar uğrunda həlak olması da buna sübutdur”

Fevralın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ildən həyata keçirdiyi "Vətəndaş cəmiyyəti gələcəyimiz naminə" birgə layihəsi çərçivəsində "Azərbaycan Gəncliyinin problemləri və perspektivləri" mövzusunda dəyirmi masa keçirilib. 
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 1996-cı ildə Azərbaycanda qeyd olunmağa başlayıb. Gənclik millətin varlığı, inkişafı üçün təməl daşıdır və hər bir dövlət uzunmüddətli siyasətində gələcəyini gənclərlə bağlayır. Bu sözləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov deyib. Onun sözlərinə görə, gənclərin və ümumilikdə cəmiyyətin ən böyük problemi ideoloji boşluqdur ki, bu da birbaşa dəyərlərin zəif tətbiq olunması ilə bağlıdır. "Son vaxtlar Azərbaycan gənclərinin kənarda olan münaqişələrdə gedib yalnış ideyalar uğrunda həlak olması da buna sübutdur", - deyə V.Əlibəyov təəssüf hissi ilə əlavə edib. 
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova 2014-cü ilin yanvar ayında Bakı və Sumqayıt şəhərlərinin 9-11 siniflərinin 312 şagirdi arasında peşə seçimləri ilə bağlı keçirdikləri rəy sorğusunun nəticələrini açıqlayıb. Sorğunun məqsədi gənc nəslin bugünkü problemləri, əmək və məşğulluqları, peşə seçimində mövcud problemlərinin səbəblərinin araşdırılması olmuşdur. Bu gün daha çox tələb olunan peşələri qeyd edərkən şagirdlərin 67,1%-i ali təhsilli, 32,9%-i isə ilk peşə-ixtisas (İPİ) təhsili peşələrin adlarını çəkmişlər. Gələcəkdə yiyələnmək istədikləri peşələrə gəldikdə, rəyi soruşulanların 89,3% konkret peşələrin adlarını qeyd ediblər. Bunların 74,0%-i ali təhsilli, 15,3%-i İPİ təhsillilərdir. Qalan şagirdlərin 10,7%-i ali təhsilli peşələrə üstünlük verərək peşəni göstərməmiş və "Hansına daxil ola bilsəm" cavabını veriblər. Orta məktəbi bitirdikdə şagirdlərin 81,3%-i sənədlərini ali təhsil məktəblərinə (Bakı - 85,1%, Sumqayıt - 78,6%), 7,3%-i - texnikumlara (Bakı - 3,9%, Sumqayıt - 9,0%), peşə məktəbləri/liseylərə 4,8%-i (Bakı - 3,1%, Sumqayıt - 6,4%) verəcəklərini bildiriblər. Peşə məktəbləri/liseylərdə oxumaq istəməyənlər əsasən bunu ali məktəbin daha hörmətli, səviyyəli və cəmiyyətin anlamında daha yaxşı olduğunu qeyd ediblər. (92,1%).
Beləliklə, sorğu peşə məktəblərinin və ilk peşə-ixtisas təhsilli peşələrin təbliğatının zəif qurulması, orta məktəb şagirdlərinin peşə məktəblərinə dair məlumatlılığının aşağı səviyyədə olmasını üzə çıxarıb. Bu problemlərin həlli üçün ilk növbədə peşə məktəblərinin və ilk peşə-ixtisas təhsilli peşələrin təbliğatı gücləndirilməlidir. Peşə məktəblərinin təbliğatında yeni müasir formatlardan istifadə olunmalıdır: sosial reklam, KİV, xüsusilə də televiziya. Təbliğatın ayrı-ayrı peşə məktəblərinin elanları ilə bərabər Təhsil Nazirliyi tərəfindən peşələr üzrə aparılması daha səmərəli ola bilər. İlk peşə-ixtisas təhsilli məktəblərinə münasibətin dəyişilməsində peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi və onların sayının artırılması önəmlidir.("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31