“Bizim qəzetlər öz auditoriyalarını müəyyən edə bilmirlər” - MÜSAHİBƏ

Vüqar Zifəroğlu: “Mətbuat orqanlarının çoxu eyni şəkildə çıxır”

Mətbuatımızın yaradılmasının 137 illiyi qeyd olunur. Milli mətbuatın yaranmasından kifayət qədər vaxt keçsə də, bu fikri onun intensiv inkişafı haqqında demək çətindir. Sovet hakimiyyəti qurulana kimi Azərbaycanda öz dəsti-xətti ilə seçilən müxtəlif qəzet və jurnallar olsa da, adı çəkilən hakimiyyət qurulduqdan sonra demək olar ki, bütün mətbu orqanlar bir məqsədə xidmət etdiyindən, bu sahəni dünyada mövcud olan media ilə müqayisə etmək doğru olmaz. Azərbaycanın müstəqillik qazanması ilə mətbuat aləmi də yeniləndi. Bu gün cəmiyyətimizə xidmət edən müasir dövrün mətbuatıdır.  Və biz indi daha çox onun haqqında danışırıq. Bugünkü mətbuatımızın ən aktual problemlərini Bakı Dövlət Universitetinin müəllimi, beynəlxalq jurnalistikanın tədrisçisi, filologiya elmləri namizədi Vüqar Zifəroğlu ilə müzakirə etdik.  Həmsöhbətimizin fikrincə,  hazırda Azərbaycan mətbuat orqanları say etibarilə nə qədər çox  olsa da, bu amili keyfiyyətli mətbuat nümunələrinə aid etmək olmaz. V.Zifəroğlu bu sahə ilə bağlı onu ən çox  narahat edən məsələləri dilə gətirdi: "Biz istərdik ki, qəzetlərimizdə həm tematik, həm də bölgü baxımından rəngarəngliklər özünü göstərsin. Mətbuat orqanlarında inkişaf var. Dövlət  tərəfindən də bu inkişafa müəyyən köməkliklər göstərilir. Amma  bu gün bölgə qəzetlərimizin  böyük problemləri var. Ordakı qəzetlərimizin inkişafı haqqında danışmaq çətindir. Çətinliklə çap olunurlar, yayılma auditoriyaları məhduddur.  Eləcə də paytaxtda çıxan qəzetlərin auditoriya problemi var. Problemlərin obyektiv səbəbləri də var. Hazırda ən böyük  kütləvi kommunikasiya vasitəsi kimi internet çap məhsullarını sıxışdırıb çıxarmaqdadır. Bu təkcə Azərbaycanda yox, bütün dünyada gedən prosesdir. Amma bizdə özünü daha ağrılı şəkildə göstərir.  Çünki internet media gələndə bizim mətbuat orqanları hələ tam olaraq ayaq üstə dura bilməmişdilər.  Əsasən 1991-ci ildən- müstəqilliyimizi qazandıqdan sonra yeni mətbuat meydana gəlib.   Müyyən vaxtdan sonra isə artıq internet jurnalistikası ınkişaf etməyə başladı. Ona görə də bizim mətbuat orqanları tam oturuşa bilmədilər.  Amma ümumilikdə götürəndə mətbuat orqanları çıxırlar, müəyyən auditoriyaları var. Elektron variantları mövcuddur və zamanla daha da inkişaf edəcəklər".

Oxucusunu müəyyənləşdirməkdə çətinlik çəkən mətbu orqanlar

V.Zifəroğlu hesab edir ki, bizim mətbuat orqanları özlərinin auditoriyasını müəyyənləşdirə bilmirlər. Daha doğrusu müyyənləşdirməkdə çətinlik çəkirlər: "Çox az mətbuat orqanı var ki, özünün sabit auditoriyası var və o bununla fəxr edə bilər. Tutaq ki, hər zaman mənim də sevə-sevə oxuduğum "Ayna" qəzetinin  sabit auditoriyası var. Qəzet həmişə bu məsələ  ilə seçilir. Bu cür sabit auditoriya olanda mətbuat orqanı nə qədər çətin olursa-olsun,  müəyyən mənada ayaq üstə dura bilir. Amma bu məsələdə  dəyişkənlik qəzetə də öz təsirini gösərir". Mövcud auditoriyanı sabit saxlamaq üçün nə etmək məsələsinə gəlincə isə, müsahibimiz bunun artıq qəzetin informasiya siyasətindən, baxış bucağından asılı olduğunu bildirdi. İnformasiya siyasəti mətbuat orqanın təqdim etdiyi informasiyanı hansı şəkildə auditoriyaya çatdırmaq istəyini sərgiləyən siyasətdir. Türkiyənin və ya Rusiyanın mətbuat orqanlarının iş xüsiyyətini önə çəkən V.Zifəroğlu adı çəkilən ölkələrdə hər bir mətbuat orqanının özünəməxsus özəlliklərinin olduğunu bildirdi: " Tutaq ki, "Nezavisimaya qazeta" ilə " Komsomolskaya pravda"nı heç vaxt eyniləşdirmək olmaz. Hər ikisi xəbər, analitik yazılar da verirlər. Amma yanaşma metodologiyası fərqlidir. Hər birinin özünün öz xüsusiyyəti var. Məsələn, "Sabah" qəzeti ilə "Hüriyyət"  auditoriyanı tutmaq işinə fərqli yanaşma sərgiləyir. Mən bilməliyəm ki, "X"  mətbuat orqanını alanda orda konkret olaraq hansı formada yazı ilə qarşılaşacam. Tutaq ki, Türkiyədə "Milliyet"i alan nə ilə qarşılaşacağını bilir və oxucu onun tərzini bəyəndiyi üçün o qəzeti seçir.
Həmin o orijinallıq bizim mətbuatda müəyyən mənada problemlidir".

Sensasiya yazmaq çıxış yolu deyil

V.Zifəroluğunun sözlərninə görə, orjinallıq heç də sensasiyaya qaçmaq, qeyri-etik yazılara yol verməklə əldə olunan məsələ deyil: "Bizdə bəzən elə başa  düşürlər ki,  sensassiyalı yazılar yazmaq, yeri gəlsə informasiya üzərində bir az oynamaqla auditoriyanı cəlb etmək olar. Bu tamamilə yanlış bir fikirdir. Sensassiya və informasiya üzərində oynamaqla auditoriyanın bir hissəsini bəlkə də müvəqqəti olaraq qazanmaq olar. Amma bir müddətdən sonra itiriləcək. Sabit auditoriya əldə etməyin yeganə üsulu qəzetin özünəməxsus xüsusiyyətini ortaya qoymasıdır. Öz dəyişməz sifətini, şəklini, pasportunu ortaya qoya bilməsidir. Bu gün bizdə də öz uslubuna görə sabit oxucu toplayan qəzetlər var. Amma bu sahədə problemlər daha çoxdur". Müsahibimiz bizim mətbuat orqanlarının çoxunun eyni şəkildə çıxdığını, onları bir-birindən fərqləndirməyin çətin olduğunu bildirdi. Belə ki, mətbuat orqanlarında informasiyanı təqdim etmək texnologiyasından tutmuş hər şeyə qədər  demək olar ki, eyni, yekcinsdir. Oxucu da pulunu verib bir qəzeti alır və bu yolla artıq qəzetlərin əksəriyyətini oxumuş olur. Problemlərin arasında iqtisadi problemlər, qəzetlərdə satış məsələsi də öz sözünü demiş olur.  Reklam bazarında qəzetlər  televiziya, internetlə rəqabətdə uduzurlar ki, V.Zifəroğlu bunun  bütün dünyada gedən proses olduğunu deyir.

Aygün      
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31