Dilimizə qayıtmalıyıq: Əcnəbi sözlərin türk mənşəli qarşılıqları işlədilməlidir

Dil hər bir xalqın milli kimliyini, tarixi yaddaşını, dünyagörüşünü və mədəni dəyərlərini özündə yaşadan ən mühüm mənəvi sərvətlərdən biridir. O, yalnız insanlar arasında ünsiyyət vasitəsi deyil, həm də cəmiyyətin düşüncə tərzini, həyatında baş verən dəyişiklikləri və müxtəlif dövrlərdə formalaşan ictimai münasibətləri əks etdirən canlı sistemdir. Məhz buna görə də dilin qorunması, zənginləşdirilməsi və düzgün istifadəsi hər bir cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır.

Zaman keçdikcə cəmiyyət dəyişir, yeni texnologiyalar, sosial münasibətlər, mədəni meyillər və həyat tərzi dilə də təsirsiz ötüşmür. Bu proses özünü ilk növbədə söz ehtiyatının genişlənməsində göstərir. Gündəlik həyatımıza daxil olan yeni anlayışlar yeni söz və ifadələrin yaranmasını zəruri edir. Eyni zamanda, əvvəllər geniş işlədilən bəzi sözlər tədricən arxa plana keçir, onların yerini başqa sözlər və ifadələr tutur. Bəzən isə mövcud sözlər yeni məna çalarları qazanaraq fərqli kontekstlərdə işlədilməyə başlayır. Bu baxımdan dilin inkişafı təbii və davamlı prosesdir. Lakin hər yeniliyin dilin zənginləşməsinə xidmət etdiyini söyləmək də doğru olmaz. Çünki sözlərin yaranması və işlənməsi ilə yanaşı, onların dilin daxili qaydalarına, məna xüsusiyyətlərinə və ümumi ünsiyyət normalarına uyğunluğu da nəzərə alınmalıdır.

Xüsusilə müasir informasiya mühitində sözlərin yayılma sürəti xeyli artıb. Sosial şəbəkələr, rəqəmsal platformalar, televiziya və digər kütləvi informasiya vasitələri müəyyən ifadələrin qısa müddətdə geniş auditoriya tərəfindən mənimsənilməsinə şərait yaradır. Bəzən bir sözün və ya ifadənin populyarlaşması onun daha düzgün, yaxud ədəbi dil normalarına daha uyğun olması ilə deyil, sadəcə tez-tez işlədilməsi ilə bağlı olur. Nəticədə danışıq dilində geniş yayılan bəzi ifadələr tədricən yazılı nitqdə, ictimai çıxışlarda və hətta rəsmi ünsiyyətdə də görünməyə başlayır. Bu isə söz seçimi, dil normaları və ədəbi dilin qorunması məsələlərini yenidən gündəmə gətirir.

Digər tərəfdən, bir sözün başqa sözlə əvəzlənməsi heç də həmişə dilin zənginləşməsi və ya yoxsullaşması kimi qiymətləndirilməməlidir. Azərbaycan dili sinonimlərlə zəngin dildir və eyni məna sahəsinə aid sözlər arasında müəyyən üslubi, semantik və işlənmə fərqləri mövcuddur. Bəzi sözlər müəyyən məqamlarda bir-birini əvəz edə bilsə də, onların bütün kontekstlərdə eyni məna daşıdığını düşünmək doğru deyil. Sözün seçimi onun hansı şəraitdə, kimə ünvanlanaraq və hansı məqsədlə işlədilməsindən asılıdır. Buna görə də dilə yeni ifadələrin daxil olması ilə yanaşı, mövcud sözlərin yerində və düzgün işlədilməsi də diqqət tələb edir.

Son dövrlər "saxla" sözünün əvəzinə "toxta" ifadəsinin işlədilməsi də bu baxımdan dil mühitində müzakirə doğura biləcək məsələlərdəndir. Xüsusilə gündəlik danışıqda və sosial şəbəkələrdə belə ifadələrin yayılması onların ədəbi dil baxımından mövqeyi, hansı məna çalarlarını ifadə etməsi və mövcud sözləri nə dərəcədə əvəz edə bilməsi ilə bağlı suallar yaradır. Burada əsas məsələ yeni və ya az işlənən ifadələrə birmənalı yanaşmaq deyil, onların dilin leksik sistemindəki yerini, mənşəyini, işlənmə xüsusiyyətlərini və ünsiyyətə təsirini düzgün qiymətləndirməkdir.

Bəs dildə bu cür söz dəyişiklikləri hansı zərurətdən yaranır? Saxla" sözünün əvəzinə "toxta" ifadəsinin işlədilməsi dilçilik baxımından nə dərəcədə əsaslıdır? Bu sözlər məna baxımından bir-birini tam əvəz edə bilərmi? Belə söz dəyişiklikləri dilin təbii inkişaf prosesinin bir hissəsidir, yoxsa danışıq dilində yaranan müvəqqəti tendensiyadır?

Mövzu ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Olaylar.az-a açıqlama verib: 

" "Fikirləşirəm ki, Hikmət Baboğlu Məmmədov bu fikri söyləməklə dilimizin saflaşması uğrunda bir təşəbbüs göstərmək istəyib. Fikrim belədir. Yoxsa "toxta" sözü ilə bağlı bu qədər ciddi müzakirələr olmazdı. Görünür ki, məqsədli şəkildə dilimizin lüğət tərkibinin zənginləşdirilməsi istiqamətində bir yön vermək istəyib.

Şəxsən "toxta" sözü ilə bağlı fikrimi bildirdim. "Toxta" sözü Azərbaycan dilində çox nadir hallarda işlənir. Ancaq Türküstan türklərində tez-tez işlənən sözdür.  "Toxta" sözü ilə bağlı Orta Asiya xalqlarında çoxlu şəxs adları da var. Məsələn, Toxtasın, Toxtamış, Toxtagül, Toxtabay və bu kimi adlar çoxdur. Ancaq Azərbaycan dilində, daha doğrusu, bizim türkcəmizdə "toxta" sözünün yerinə "dur" kəlməsi işləndiyinə görə Dursun, Durmuş, Durabəy kimi adlar var. Amma "toxta" ilə bağlı belə adlar yoxdur. Elə buradan da aydın olur ki, bu sözün bizim dilimizdə "dur" qədər işləkliyi və əhəmiyyəti yoxdur. 

Ancaq "toxta" sözü bizim lüğətimizdə  var. "Toxtamaq" dayanmaq, nəfəs dərmək mənasında işlənir. Bir çox hallarda heyvanlara şamil olunur. Məsələn, "Atı toxta, nəfəsini dərsin".

Ümumilikdə, mən Azərbaycan dilində olan bir sıra yad sözlərin- onları tamamilə yad da adlandırmaq olmaz, çünki bəziləri artıq dilimizdə vətəndaşlıq qazanıb. Dəyişdirilməsinin tərəfdarıyam. Amma həmin sözlərin tamamilə yeni sözlərlə əvəz edilməsinin deyil, onlarla paralel şəkildə türk mənşəli sözlərin dilimizə daxil olmasının tərəfdarıyam. İstəyirəm ki, bu sözlər dilimizdə paralel işlənərək mübarizə hüququ qazansın. Əhali həmin sözləri də tələffüz etsin, nitqində işlətsin, türk mənşəli sözlərin işlənmə tezliyi artsın və onlar da dilimizdə vətəndaşlıq hüququ qazansın.

Mən bu cür sözlərdən ibarət təxminən 1000-dən artıq söz müəyyənləşdirmişəm və mütəmadi olaraq Bakı TV-də üç gün ard-arda onlar haqqında məlumat verirəm. Məsələn, nə üçün bizim dilimizdə "növbəti stansiya" deyilməlidir? Deyə bilmərikmi ki, "sonrakı dayanacaq"? Nə üçün dilimizdə "adboy", "zapiska", "vızıv" kimi sözlər bu qədər çox işlənir? Düzdür, onlar ədəbi dilə daxil olmayıb, ancaq ədəbi dilə daxil olmasalar da, istifadələri çox intensivdir. Yaxud bizim dildə "topdan satış" var, bir də "pərakəndə satış". "Pərakəndə" sözünün əvəzinə "dağınıq satış" deyə bilmərikmi? 

Nazirliklər və dövlət idarələrinin adlarına nəzər salaq. Məsələn, "Respublika İqtisadi İnkişaf Nazirliyi" ifadəsini işlədirik. Bu sözlərin heç biri Azərbaycan mənşəli deyil. Yaxud "Daxili İşlər Nazirliyi" ifadəsində yalnız "daxili" və "işlər" sözləri Azərbaycan dilinə məxsusdur. Qalan sözlər isə fars mənşəlidir. Məsələn, "Azərbaycan Dövlət Maliyyə Nazirliyi" ifadəsini götürək. "Dövlət" sözü də, "maliyyə" də, "nazirlik" də bizim sözlər deyil. "Nazir" sözü "nəzər" sözündəndir. "Nəzər" baxmaq, gözdən keçirmək mənasını verir. Yəni nazir müəyyən sahəyə baxan şəxs deməkdir. Elə isə biz də "baxan" deyə bilərik. Türklər də əslində "bakan" ifadəsini işlədirlər. Onlarda "x" səsi yoxdur, bizdə isə var. "Baxan" deyəndə də müəyyən sahəyə rəhbərlik edən şəxs nəzərdə tutula bilər.

Yaxud nə üçün "Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi" deməliyik? "Elçiliyi" deyə bilmərikmi? "Səfir" sözü "səfər" sözündəndir. Keçmişdə səfirlər gedər, bir dəfəlik səfər edər, qarşı tərəfə sözünü çatdırar və geri qayıdardılar. Buna görə də həmin şəxsə səfir deyilirdi. İndi isə elçilik daimi fəaliyyət göstərir. Bizim Fransada elçiliyimiz ola bilməzmi? Nə üçün mütləq səfirliyimiz olmalıdır?

"Fövqəladə və səlahiyyətli səfir" ifadəsinin əvəzinə də, məsələn, Azərbaycan Respublikasının Fransa Respublikasındakı sözçüsü və ya dövlət başçısının mövqeyini çatdıran nümayəndə kimi ifadələr tapmaq olar. Yəni ümumilikdə bu istiqamətdə işlər görməliyik.

Bu mövzuda dəfələrlə çıxış etmişəm. Hər dəfə mənə qarşı böyük etirazlarla çıxış edirlər. Sanki bu köhnə, türk mənşəli olmayan sözlərə toxunmaq olmaz. Təsəvvür edin ki, İranda doqquz nəfərdən ibarət dil komissiyası yaradıblar. Həmin komissiyanın üzvləri fars dilindəki, mənşə etibarilə fars mənşəli olmayan sözlərin demək olar ki, hamısını çıxarır, onların yerinə fars sözləri təklif edirlər. Təklif etdikləri hər bir sözə görə mükafat alırlar. Sonra həmin sözlər dövlət tərəfindən qəbul edildikdə, bütün müvafiq orqanlara, müəssisələrə və dərslik hazırlayan təşkilatlara göstəriş verilir ki, bu gündən etibarən əvvəlki sözlər deyil, təklif olunan yeni sözlər işlədilsin. Hətta Azərbaycan mənşəli kəlmələri belə dəyişdirib farslaşdırırlar. Bəs biz niyə bunu edə bilməyək? Niyə bizim dilimizdə sözlərin cəmi 30-40 faizi türk mənşəli olsun? Mən bütün sözlərin kor-koranə şəkildə əvəzlənməsinin tərəfdarı deyiləm. Ancaq hansı sözlərin əvəzlənməsi mümkündürsə və bu, məntiqlidirsə, həmin sözlərin dəyişdirilməsini dəstəkləyirəm.

Mənim söylədiklərim sosial sifariş də deyil. Bir çox hallarda xalqın tələbidir. Bilirsiniz, bu fikirlərlə bağlı nə qədər insan mənimlə razılaşır? Məni görəndə söylədiklərimi dəstəklədiklərini bildirirlər. Ərəb və fars mənşəli sözlərin dilimizdən birbaşa sərəncamla çıxarılmasının tərəfdarı deyiləm. Onların tədricən, uyğun və ahəngdar şəkildə, paralel olaraq əvəzlənməsinin tərəfdarıyam. Bu da dilin zənginləşməsinə gətirib çıxarar.

Məsələn, bizim dilimizdə "dünya" var, "cahan" var, "kainat" var, amma bunların türk mənşəli qarşılığı da olmalıdır. Niyə türkcə olmasın?

Mən sözlərin kor-koranə şəkildə çıxarılmasının və onların əvəzinə mütləq yeni sözlər qoyulmasının tərəfdarı deyiləm. Mənim fikrim onlarla paralel olaraq türk mənşəli kəlmələrin də işlədilməsidir.

Çox istəyirəm ki, Respublika ictimaiyyəti bu məsələni eşitsin və hamılıqla buna reaksiya versin. Gəlin, dilimizi qoruyaq, zənginləşdirək, həqiqi mənada türkcə olan bir dilə çevirək.

İndi türk mənşəli kəlmələr bizim dilimizdə, xüsusən də ədəbi dildə əksəriyyət təşkil etmir. Terminologiya ilə bağlı çoxlu problemlərimiz var. Azərbaycanda bir sıra sahələrə aid terminlər dilimizdə işlənmir, əvəzində əcnəbi sözlərdən istifadə olunur.

Məsələn, avtomobil sahəsi ilə bağlı nə qədər söz var ki, heç biri bizim dilimizə məxsus deyil. Hamısının qarşılığı tapılmalı və yerinə qoyulmalıdır.

Dil zənginləşməlidir, dil mütləq özünə qayıtmalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00