Mənəvi terror, yoxsa zamanın tələbi? – Azərbaycan toyu milli kimliyini itirir
19:47 SosialToy... Azərbaycanlı üçün sadəcə şənlik deyil. Bu, yaddaşımızdır, kodumuzdur, min illik adət-ənənəmizin, ailə dəyərlərimizin, kişi və qadın mədəniyyətimizin ən parlaq nümayişidir. Bir vaxtlar toyda hər şeyin mənası vardı. Musiqinin, rəqsin, gəlinin yerişinin, bəyin duruşunun, ağsaqqalın duasının, hətta süfrənin düzülüşünün belə. Xalq şairi Sabir Rüstəmxanlı bu günlərdə sərt və düşündürücü bir açıqlama ilə çıxış etdi. O, müasir toyları birbaşa "mənəvi terror" adlandırdı. Və bu ifadə təsadüfi deyil. Şairin dediklərinə qulaq asaq: "Dörd-beş saat ara vermədən musiqi səslənir. Heç onun adı musiqi də deyil, diringidir... Bütün toylar diskotekaya çevrilir". Həqiqətən də, şadlıq saraylarına girən kimi insanı kar edən səsgücləndiricilər, saatlarla dayanmayan ritmlər, bir-birini əvəzləyən bayağı mahnılar. O musiqinin içində nə muğamın nəfəsi var, nə milli rəqslərimizin qüruru. Şair haqlı olaraq xatırladır: bir vaxtlar Azərbaycan kişisi toyda qol götürər, məğrur duruşu ilə "Qaytağı", "Ləzginka" oynayardı. Qadınlarımızın isə yerişi ilə, əl-qol hərəkəti ilə ismət, zəriflik, utancaqlıq süzülən rəqsləri vardı. İndi isə nə o kişilik duruşu qalıb, nə o qadın zərifliyi. Cavanlar yarım saat diskoteka istəyirdisə, indi bütün 5 saatlıq toy diskotekadır. Toyun sahibi, ağsaqqal, ağbirçək kənarda qalıb, meydanı DJ idarə edir. Mənzərənin ikinci tərəfi isə gəlinlik mədəniyyəti. Sabir Rüstəmxanlının ən sərt tənqidi də məhz buradadır: "Gəlinlə bəy gəlir, Allah xoşbəxt eləsin, ancaq gəlinin sinəsi açıq olur... Ətək də üç metrə uzanır, yerlə sürünür. Bəy bəylik kürsüsündə əyləşməkdənsə, elə yolboyu gəlinin ətəyini yığmaqla məşğuldur... Bu bəyi niyə sındırırsınız? Bəyi niyə bu ətəyin quluna çevirirsiniz?". Rüstəmxanlının "Dəyişilə-dəyişilə, bütün yaxşı şeyləri - milli özəllikləri, milli gözəllikləri itirə-itirə gedirik. Amma hara gedirik?!" sualı əslində hər birimizi düşündürməlidir. Toyların diskoteka formatına keçməsi milli kimliyimizə necə təsir edir? Bu, sadəcə musiqi zövqünün dəyişməsi, yoxsa gənclərin dəyərlər sistemində, ailəyə, böyüyə, milli rəqsə münasibətində köklü dönüşümün göstəricisidir? Gəlinliklərin bahalı, açıq və narahat olması sosial status nümayişi, "görün mən nə qədər pul xərcləmişəm" kompleksi deyilmi? Şadlıq saraylarının kommersiyalaşması, daha çox pul qazanmaq üçün "toy sahibləri nə istəyir" yox, "kütlə nə ilə əylənir" prinsipi ilə işləməsi ənənələrimizi necə sıxışdırır? Və ən vacib sual: Milli toy modelini qorumaq üçün nə etmək olar? Qadağa ilə, yoxsa maarifləndirmə ilə?
Mövzu ilə bağlı sosioloq Nailə İsmayılova Olaylar.az-a danışıb. Sosioloq bildirib ki, toy Azərbaycan cəmiyyətində heç vaxt sadəcə əyləncə məclisi olmayıb. Toy ailənin qurulmasını, iki insanın birliyini, iki ailənin yaxınlaşmasını və cəmiyyət qarşısında yeni bir ailənin təqdim edilməsini ifadə edən mühüm sosial-mədəni mərasimdir. Buna görə də toy mədəniyyətində baş verən dəyişikliklərə yalnız musiqi və əyləncə zövqünün dəyişməsi kimi baxmaq düzgün olmaz. Toyun necə keçirilməsi əslində cəmiyyətin düşüncə tərzində, prioritetlərində və dəyərlər sistemində baş verən dəyişikliklərin də göstəricisidir. Bu gün bəzi toy məclislərinin milli musiqi və mərasim elementlərindən daha çox diskoteka atmosferinə yaxınlaşması diqqət çəkir. Müasir musiqi, işıq effektləri, DJ proqramları, səhnə şouları və rəqs əsaslı əyləncə artıq toyların mühüm hissəsinə çevrilib. Əlbəttə, yeniliklərin toy mədəniyyətinə daxil olması öz-özlüyündə mənfi hal deyil. Hər bir mədəniyyət zamanla dəyişir. Problem müasirliyin milli xüsusiyyətləri tamamilə arxa plana keçirməsi ilə başlayır. Əslində toy gənclərin dəyərlər sisteminin göstəricisidir. Gənclərin toy anlayışının dəyişməsi onların dünyagörüşündəki dəyişikliklərlə birbaşa bağlıdır. Sosial şəbəkələr, xarici musiqi, müxtəlif ölkələrin toy modelləri, internet üzərindən yayılan dəbdəbəli mərasim görüntüləri gənclərin toy haqqında təsəvvürlərinə ciddi təsir göstərir.
Sosioloqun sözlərinə görə, əvvəllər toyun əsas məqsədi ailə qurmaq sevincini yaxınlarla bölüşmək idisə, indi bəzi hallarda toy həm də "yadda qalan tədbir", "fərqli şou" və sosial mediada paylaşılacaq görüntü yaratmaq vasitəsinə çevrilir. Bu isə toyun mahiyyətini dəyişdirə bilər. Burada əsas məsələ diskoteka formatının olub-olmaması deyil. Əsas məsələ toyun milli məzmununun həmin əyləncə formatının içərisində itib-batmamasıdır. Gənc müasir musiqiyə də qulaq asa, rəqs edə, müasir geyim seçə bilər. Lakin bütün bunlarla yanaşı, öz mədəni kimliyini də qoruyub saxlaya bilər. Gəlin etiraf edək ki, gəlinlik də artıq yalnız geyim deyil. Gəlinlik və toy geyimlərində baş verən dəyişikliklər də cəmiyyətdəki sosial və estetik transformasiyanın bir hissəsidir. Bu gün gəlinlər müxtəlif ölkələrin moda trendlərindən təsirlənir, fərqli fasonlara, rənglərə və üslublara üstünlük verirlər. Bu dəyişiklikləri tamamilə milli dəyərlərdən uzaqlaşma kimi qiymətləndirmək doğru olmaz. Çünki milli mədəniyyət donmuş bir sistem deyil. O, zamanın təsiri ilə yenilənir. Lakin gəlinlikdə də əsas sual "müasir olsun, yoxsa ənənəvi?" deyil, "müasirliklə milli xüsusiyyət arasında necə balans yaradılsın?" sualıdır. Təəssüf doğuran məqam odur ki, bəzən toyun bütün komponentləri - gəlinlik, dekorasiya, musiqi, rəqs, foto-video çəkilişlər və hətta mərasimlərin təqdimat forması - xarici nümunələrin təkrarlanmasına çevrilir. Belə olduqda toyun fərdiliyi artsa da, milli siması zəifləyə bilər. Toy həm də sosial status nümayişinə çevrilir. Belə ki, müasir toy mədəniyyətində başqa bir mühüm məsələ sosial status nümayişidir. Gəlinliyin qiyməti, restoranın səviyyəsi, dekorasiyanın dəbdəbəsi, musiqi proqramı, foto-video çəkilişlərin miqyası və qonaqların sayı bəzən toyun əsas göstəricilərinə çevrilir. Bu zaman toy iki gəncin xoşbəxtliyindən çox, ailənin maddi imkanlarının nümayişinə bənzəyə bilər. "Kim daha bahalı toy etdi?", "Kim daha məşhur müğənni gətirdi?", "Kimin dekorasiyası daha dəbdəbəli idi?" kimi müqayisələr sosial təzyiq yaradır. Ən təhlükəli məqam isə budur ki, ailələr bəzən öz imkanlarından daha böyük toy keçirmək məcburiyyətində hiss edirlər. Nəticədə toy yeni ailənin başlanğıcı olmaq əvəzinə, ailəyə əlavə maliyyə yükü gətirir. Toyun dəyəri onun neçə nəfərlə keçirilməsində, nə qədər pul xərclənməsində və hansı səviyyədə dəbdəbəli olmasında deyil. Əsas dəyər yeni qurulan ailənin xoşbəxtliyi və həmin günün mənəvi məzmunudur.
"Milli toy mədəniyyətini qorumaq üçün keçmişin bütün elementlərini olduğu kimi geri qaytarmağa çalışmaq lazım deyil. Bu, real və səmərəli yanaşma olmaz. Əsas məqsəd milli məzmunu müasir formalarla birləşdirməkdir. Məsələn, toyda müasir musiqi səslənə bilər, amma milli musiqiyə də xüsusi yer ayrılmalıdır. Gəlin və bəy müasir rəqs hazırlaya bilər, eyni zamanda "Vağzalı" kimi milli musiqi nümunələri toyun əsas simvollarından biri olaraq yaşadılmalıdır. Muğam, aşıq sənəti, milli rəqslər və xalq mahnıları sadəcə formal şəkildə deyil, gənclərin maraq göstərə biləcəyi yeni təqdimatlarla toy mədəniyyətinə qaytarıla bilər. Bunun üçün ailə, məktəb, mədəniyyət müəssisələri, media və xüsusilə gənclərin öz təşəbbüsləri mühüm rol oynayır. Milli toy adətlərimiz yalnız yaşlı nəslin xatirəsi kimi qalmamalı, gənclər üçün də maraqlı və müasir şəkildə təqdim edilməlidir. Ənənəni qorumaq qadağa ilə deyil, maraq yaratmaqla mümkündür. Milli toy modelini qorumağın ən doğru yolu gənclərə "belə etməlisiniz" demək deyil. Əksinə, onlara milli mədəniyyətin nə qədər zəngin, estetik və müasir şəkildə təqdim oluna biləcəyini göstərmək lazımdır. Toylarımız dəyişəcək. Musiqi də dəyişəcək, gəlinlik də, məkanlar da, dekorasiya da. Bu, həyatın təbii prosesidir. Ancaq dəyişiklik milli yaddaşın silinməsi hesabına baş verməməlidir. Əgər gələcək nəsil toy deyəndə yalnız restoranı, DJ-ni, işıq şousunu və xarici mahnıları düşünürsə, burada artıq söhbət təkcə toy formatının dəyişməsindən getmir. Bu, mədəni yaddaşın müəyyən elementlərinin gündəlik həyatdan çəkilməsi deməkdir. Ona görə də bizim məqsədimiz "köhnə toyları geri qaytarmaq" yox, müasir Azərbaycan toyunun öz milli simasını yaratmaq olmalıdır. Müasirliklə ənənə bir-birinə düşmən deyil. Əksinə, düzgün yanaşma olduqda onlar bir-birini tamamlayır. Toylarımız həm müasir, həm də milli ola bilər. Əsas məsələ isə seçim edərkən özümüzdən soruşmaqdır: biz sadəcə dəbdə olanı təkrarlayırıq, yoxsa gələcək nəsillərə özümüzdən bir mədəni miras ötürürük?", - deyə sosioloq vurğulayıb.
Səidə Ramazanova