Fərdi problem yoxsa ictimai bəla? – Ailələrdə uşaqlara qarşı zorakılığın səbəbləri-Səidə Ramazanovanın RAŞDIRMASI

Aydın Xan Əbilov: "Uşaq tərbiyəsini yalnız valideynin üzərinə buraxmaq olmaz"

Uşaq cəmiyyətin ən həssas və müdafiəyə ehtiyacı olan üzvüdür. Onun fiziki sağlamlığı, psixoloji durumu və şəxsiyyət kimi formalaşması ilk növbədə ailədə qoyulan təməllərdən asılıdır. Ailə hər bir insanın həyatında sevgi, qayğı, təhlükəsizlik və mənəvi dəyərlərin öyrənildiyi ilk mühit hesab olunsa da, bəzi hallarda məhz bu mühit uşaqlar üçün qorxu, zorakılıq və təcrid məkanına çevrilə bilir. Son günlər ictimaiyyətdə geniş rezonans doğuran və bir uşağın uzun müddət ağır şəraitdə saxlanılması ilə bağlı yayılan məlumatlar bir daha göstərdi ki, uşaqların hüquqlarının qorunması, onların sağlam inkişafı və təhlükəsiz mühitdə böyüməsi məsələsi yalnız ailədaxili problem deyil, bütövlükdə cəmiyyətin diqqət mərkəzində olmalı olan bir mövzudur. Müasir dövrdə texnologiyanın inkişafı, sosial münasibətlərin dəyişməsi, iqtisadi və psixoloji təzyiqlərin artması valideyn anlayışına da təsirsiz ötüşmür. Bir tərəfdən valideynlər uşaqların tərbiyəsində yeni çağırışlarla üzləşdiklərini bildirir, digər tərəfdən isə uşaqların hüquqları, psixoloji rifahı və sağlam inkişafı ilə bağlı narahatlıqlar artır. Uşağın şəxsiyyət kimi formalaşması prosesində ailə, məktəb və cəmiyyətin rolu haqqında müzakirələr daha da aktuallaşır. Mütəxəssislər hesab edirlər ki, uşağın gələcək həyatını müəyyənləşdirən əsas amillərdən biri onun böyüdüyü mühitdir. Sevgi, diqqət və qarşılıqlı hörmət üzərində qurulan münasibətlər sağlam fərdlərin yetişməsinə şərait yaratdığı halda, laqeydlik, zorakılıq və sosial təcrid uşağın həm psixoloji, həm də sosial inkişafında dərin izlər buraxa bilir. Buna görə də uşaqların müdafiəsi, onların hüquqlarının təmin olunması və sağlam tərbiyə modelinin formalaşdırılması bu gün dünyanın əksər ölkələrində dövlət siyasətinin və ictimai müzakirələrin əsas istiqamətlərindən biri hesab olunur.

Bəs müasir dövrdə uşaqların tərbiyəsi hansı prinsiplər üzərində qurulur? Valideynlər övladlarının inkişafında hansı çətinliklərlə üzləşirlər? Uşaq hüquqlarının qorunması və sağlam nəslin yetişdirilməsi üçün ailə, məktəb və cəmiyyət hansı məsuliyyəti daşıyır?

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Olaylar.az-a danışıb. Kulturoloq bildirib ki, son vaxtlar ailədaxili zorakılığın bir forması kimi uşaqlara, xüsusilə də övladlığa götürülmüş və ya himayəyə verilmiş uşaqlara qarşı zorakılıq halları getdikcə artır. Bunun müxtəlif səbəbləri var və bu səbəblərlə bağlı sosioloqlar, ailə məsələləri üzrə mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, psixoloqlar və psixoanalitiklər müxtəlif fikirlər səsləndirsələr də, problemin kompleks şəkildə niyə və necə yarandığını tam müəyyən etmək üçün uzunmüddətli elmi və klinik araşdırmalara ehtiyac var. Fikrimcə, ailədaxili zorakılıq və xüsusilə uşaqlara qarşı fiziki və ya psixoloji təzyiq halları aşkar edilən kimi həmin şəxslər - fərqi yoxdur, bioloji valideyn, himayədar valideyn, tək valideyn, baba, nənə və ya uşağın himayəsində olduğu digər qohumlar olsun - dərhal hüquq-mühafizə orqanlarının nəzarətinə götürülməlidir. Belə şəxslər cəmiyyətdən təcrid edilməli və qanun qarşısında cavab verməlidirlər. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra isə bu cür şəxslər barədə ictimaiyyətə məlumat verilməsi də vacibdir. Çünki öz övladına qarşı bu qədər qəddar davranan insanın cəmiyyətə və ətrafındakı digər insanlara münasibətdə də təhlükəli davranışlar sərgiləməsi ehtimalı yüksəkdir. Təəssüf ki, bəzən belə hadisələrə "ailədaxili məsələdir", "uşağın gələcəyi var", "bir dəfə səhv edib" kimi yanaşmalar sərgilənir. Halbuki bir dəfə baş verən fiziki zorakılıq, döymə və ya ağır psixoloji təzyiq çox vaxt təkrar olunur. Məhz buna görə də belə hallara qarşı sıfır tolerantlıq nümayiş etdirilməlidir. Azərbaycanda son illərdə ailədə, məktəbdə və digər mühitlərdə uşaqlara qarşı zorakılıq, bullinq və psixoloji təzyiq halları ilə bağlı cərimələr artırılıb, inzibati və cinayət məsuliyyətində dəyişikliklər edilib. Buna baxmayaraq, problem tam aradan qalxmır, əksinə, müəyyən hallarda daha çox görünməyə başlayır. 

"Hazırda gündəmdə olan hadisəyə gəldikdə isə, ehtimal etmək olar ki, ananın illərlə uşağı evdə zəncirləməsi və təcrid şəraitində saxlaması onun narkotik asılılığı və psixoloji problemləri ilə bağlı ola bilər. Təcrübə göstərir ki, bəzi hallarda boşanmış valideynlər keçmiş həyat yoldaşına, onun ailəsinə, qaynata-qaynanasına və ya digər yaxınlarına qarşı qəzəb və intiqam hisslərini uşağın üzərindən həyata keçirməyə çalışırlar. Uşaq təzyiq vasitəsinə çevrilir, döyülür, sıxıntı içində saxlanılır və nəticədə ağır travmalar alır. Daha təhlükəli məqam isə odur ki, bəzi hallarda valideyn zorakılığı insan alveri, cinsi istismar və digər ağır cinayətlərlə nəticələnə bilir. Təəssüf ki, son illər həm qız, həm də oğlan uşaqlarının müxtəlif formalarda istismara məruz qalması halları barədə məlumatlar artır. Bu problemləri "ayıbdır" deyərək müzakirədən kənarda saxlamaq əslində onların daha da dərinləşməsinə səbəb olur. Valideyn qəddarlığının arxasında sosial, iqtisadi və psixoloji amillərlə yanaşı, informasiya mühitinin təsirləri də dayanır. Filmlərdə, seriallarda, televiziya proqramlarında və kompüter oyunlarında zorakılıq səhnələrinin artması insanların psixologiyasına müəyyən təsirlər göstərir. Xüsusilə uzun illər bu məzmunlara məruz qalan şəxslərdə aqressiyanın normallaşdırılması müşahidə edilə bilər. Bununla yanaşı, cəmiyyətdə ənənəvi sosial nəzarət mexanizmlərinin zəifləməsi də öz təsirini göstərir. Ağsaqqallıq institutunun zəifləməsi, qohumluq münasibətlərinin əvvəlki qədər sıx olmaması, qonşuluq əlaqələrinin zəifləməsi və ailələrin getdikcə daha qapalı formaya keçməsi müəyyən problemlərin vaxtında aşkarlanmasına mane olur. Hüquq-mühafizə orqanları da yalnız məlumat daxil olduqdan sonra müdaxilə edə bilir. İşsizlik, yoxsulluq, sosial gərginlik, keyfiyyətli qidalanma problemləri, sağlam həyat tərzinin olmaması və digər sosial amillər də ailədaxili münasibətlərə mənfi təsir göstərir. Bütün bunlar birlikdə ailə institutunun zəifləməsinə və zorakılıq riskinin artmasına gətirib çıxarır", - deyə yazıçı əlavə edib.

Aydın Xan Əbilov qeyd edib ki, bu gün uşaqların tərbiyəsi sahəsində də ciddi problemlər mövcuddur. Uşaqların həyatında ailənin təsiri azalır, internet və sosial şəbəkələrin təsiri isə artır. Əvvəllər uşağın formalaşmasında ailə böyüklərinin, baba və nənələrin, qohumların, qonşuların və məktəbin mühüm rolu var idi. İndi isə bir çox uşaqların əsas ünsiyyət mühiti virtual məkan olub. Ailələrdə uşaqların sayı azalır. Əvvəllər 5-6 uşaqlı ailələr geniş yayılmışdısa, indi bir və ya iki uşaqlı ailələr üstünlük təşkil edir. Uşaqların hər biri öz otağında, öz virtual dünyasında yaşayır. Bu da onların sosiallaşmasına və real münasibətlər qurmasına mənfi təsir göstərir. Valideynlərin özləri də ciddi yük altındadırlar. Onlar işləyir, məişət problemlərini həll etməyə çalışır, maddi çətinliklərlə mübarizə aparırlar. Nəticədə uşaqlarla keyfiyyətli vaxt keçirmək imkanları azalır. Bir çox hallarda valideynlər tərbiyə prosesini texnologiyaların və ya məktəbin üzərinə ötürürlər. Dəfələrlə vurğulamışam ki, uşağın sağlam inkişafı üç əsas dayağın üzərində qurulmalıdır. Birinci dayaq ailədir. İkinci dayaq məktəb və pedaqoji mühitdir. Üçüncü dayaq isə cəmiyyətin özüdür - hüquq-mühafizə orqanları, bələdiyyələr, ağsaqqallar, ziyalılar, qohumlar və digər sosial institutlar. Uşaq bu üç dayağın yaratdığı təhlükəsiz mühitdə böyüməlidir. Bu sistem zəiflədikdə problemlərin yaranması qaçılmaz olur. 

Ekspertin sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən Yaponiya, Avropa ölkələri və ABŞ-də uşaqların tərbiyəsində fərqli modellər tətbiq olunur. Bu ölkələrdə məktəb yalnız bilik verən məkan deyil. Məktəb uşağın mənəvi, estetik, fiziki və yaradıcı inkişafını təmin edən mühüm bir institutdur. Uşaqlar gün ərzində müxtəlif fəaliyyətlərə cəlb olunur, kollektiv məsuliyyət hissi formalaşdırılır, sosial bacarıqlar inkişaf etdirilir. Məsələn, bəzi ölkələrdə şagirdlər məktəbin təmizliyində iştirak edir, komanda şəklində işləməyi öyrənirlər, fiziki fəaliyyətə və yaradıcılığa geniş yer verilir. Məqsəd yalnız akademik nəticələr əldə etmək deyil, həm də məsuliyyətli və cəmiyyətə faydalı vətəndaş yetişdirməkdir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, uşaqların və gənc nəslin taleyini yalnız valideynlərin üzərinə buraxmaq olmaz. Dövlət, cəmiyyət, təhsil sistemi, qeyri-hökumət təşkilatları, media və ictimai xadimlər bu prosesdə fəal iştirak etməlidirlər. Mən uzun illərdir ki, Azərbaycanın hər rayonunda ailə və uşaq böhran mərkəzlərinin yaradılmasını təklif edirəm. Həmin mərkəzlər dövlət qurumları, QHT-lər, ziyalılar, media nümayəndələri və sosial media platformaları ilə birlikdə fəaliyyət göstərərək risk qrupunda olan ailələrlə işləməli, uşaqların müdafiəsini gücləndirməlidirlər. Son dövrlərdə uşaqların internetdən istifadəsi və rəqəmsal təhlükəsizliyi ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilib. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə daha effektiv mexanizmlər tətbiq olunacaq və uşaqların təhlükəsiz, sağlam və mənəvi dəyərlər üzərində formalaşması üçün yeni imkanlar yaradılacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31