Artıq Mətbuat Gününün formatına yenidən baxmağın vaxtıdır- ÖZƏL

"Hər il iyulun 22-si Azərbaycan milli mətbuatının yaranması münasibətilə müxtəlif tədbirlər keçirilir. Əlbəttə, peşə bayramında jurnalistlərin, media rəhbərlərinin və ictimai xadimlərin bir araya gəlməsi, bir-birini təbrik etməsi gözəl ənənədir. Ancaq son illər diqqət çəkən bir məqam var: Mətbuat Günü ilə bağlı paylaşımların böyük əksəriyyəti restoranlarda təşkil olunan tədbirlərdən ibarət olur. Elə təəssürat yaranır ki, peşə bayramının əsas məzmunu ziyafət süfrəsi ətrafında toplaşmaqdır". "Olaylar" xəbər verir ki, bunu  Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib: "Halbuki milli mətbuatın banisi Həsən bəy Zərdabi "Əkinçi" qəzetini süfrə qurmaq üçün deyil, cəmiyyətə elm, maarif və milli düşüncə gətirmək üçün yaratmışdı. Onun əsas məqsədi xalqı düşündürmək, bilikləndirmək və inkişaf etdirmək idi. Bu baxımdan Mətbuat Gününün ruhu da məhz intellektual müzakirələrdə, fikir mübadiləsində və yeni ideyaların təqdimatında yaşamalıdır.

Niyə Mətbuat Günündə jurnalistikanın sabahı, rəqəmsal transformasiya, süni intellektin media sektoruna təsiri, dezinformasiya ilə mübarizə, media etikası və informasiya təhlükəsizliyi mövzularında elmi konfranslar keçirilməsin? Niyə bu gün yeni kitabların təqdimatı, media tədqiqatlarının müzakirəsi, gənc jurnalistlər üçün ustad dərsləri və açıq debatlarla yadda qalmasın? Mətbuat təkcə xəbər istehsal edən sahə deyil. O, həm də iqtisadiyyatın bir hissəsidir. Dünyada artıq media iqtisadiyyatı ayrıca elmi istiqamət kimi formalaşıb. Reklam bazarı, rəqəmsal platformalar, media biznes modelləri, auditoriyanın davranışı və informasiya məhsullarının iqtisadi dəyəri müasir medianın gələcəyini müəyyən edən əsas amillərdir.
Azərbaycanda bu istiqamətdə analitik tədqiqatların sayı çox azdır. Mən uzun illər apardığım araşdırmalar əsasında ölkəmizdə media iqtisadiyyatı mövzusunda geniş analitik tədqiqat hazırlamışam. Hesab edirəm ki, belə tədqiqatların Mətbuat Günü çərçivəsində təqdimatı və geniş müzakirəsi həm media ictimaiyyətinə, həm də dövlət qurumlarına faydalı ola bilər. Çünki medianın gələcəyi yalnız yaradıcı potensialla deyil, onun iqtisadi dayanıqlılığı, maliyyə modeli və rəqabət qabiliyyəti ilə də müəyyən edilir.

Dünyanın inkişaf etmiş ölkələrində peşə bayramları yeni ideyaların doğulduğu platformalara çevrilir. Universitetlərdə elmi konfranslar keçirilir, media mərkəzlərində strateji müzakirələr aparılır, tədqiqatlar təqdim edilir, peşənin gələcəyinə dair yol xəritələri hazırlanır. Bu yanaşma peşəyə nüfuz qazandırır və cəmiyyətə real töhfə verir. Azərbaycan mediasının da belə bir ənənəyə ehtiyacı var. Restoranlar peşə bayramının kiçik bir hissəsi ola bilər, lakin onun mahiyyətini əvəz etməməlidir. Çünki jurnalistikanın gücü nə dəbdəbəli süfrədə, nə də xatirə şəkillərindədir.  Jurnalistikanın  gücü fikir istehsal etmək, cəmiyyəti düşündürmək, həqiqəti araşdırmaq və yeni baxışlar formalaşdırmaq bacarığındadır.

Bəlkə də artıq Mətbuat Gününün formatına yenidən baxmağın vaxtıdır. Milli mətbuatımızın 151 illik tarixi bunu tələb edir. Çünki mətbuatın əsl bayramı restoran zalında deyil, ideyaların doğulduğu auditoriyalarda, kitabların təqdim olunduğu salonlarda, elmi müzakirələrin aparıldığı konfranslarda və cəmiyyətə yeni fikir qazandıran platformalarda yaşanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31