Ana dilinin keşiyində duran dövlət siyasəti- ÖZƏL

Hər bir xalqın varlığını yaşadan, onu tarix səhnəsində qoruyub saxlayan ən böyük mənəvi sərvəti onun dilidir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın yaddaşı, düşüncə tərzi, milli kimliyi, ədəbiyyatı, mədəniyyəti və dövlətçilik ənənələrinin daşıyıcısıdır. Azərbaycan dili də əsrlər boyu xalqımızın bütün tarixi sınaqlarından alnıaçıq çıxmış, milli varlığımızı qoruyan ən möhkəm dayaqlardan birinə çevrilmişdir. Məhz buna görə də hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü təkcə bir təqvim tarixi deyil, milli özünüdərkimizin, dövlətçilik düşüncəmizin və mənəvi birliyimizin təntənəsidir. Azərbaycan dili minilliklərin süzgəcindən keçərək zənginləşmiş, böyük söz ehtiyatı, ahəngdarlığı, ifadə imkanlarının genişliyi ilə türk dilləri ailəsində özünəməxsus yer qazanmışdır. Bu dil Nizaminin hikmətini, Füzulinin eşq fəlsəfəsini, Vaqifin həyatsevərliyini, Mirzə Cəlilin cəsarətini, Üzeyir bəyin musiqisini, Cəfər Cabbarlının ideallarını, Bəxtiyar Vahabzadənin milli ruhunu yaşadan müqəddəs bir xəzinədir. Bu gün də Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili, milli həmrəyliyimizin əsas sütunu kimi inkişaf edir. Lakin tarix göstərir ki, ana dilimizin bugünkü mövqeyi öz-özünə formalaşmayıb. Xüsusilə sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırılması siyasəti həyata keçirilir, ittifaq respublikalarında rus dilinin dominant mövqeyi gücləndirilirdi. Belə bir dövrdə Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltmək, onun hüquqlarını müdafiə etmək böyük siyasi iradə və cəsarət tələb edirdi. Məhz həmin mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev ana dilinin qorunmasını milli məsələ kimi gündəmə gətirdi. O, yaxşı anlayırdı ki, dili olmayan xalq zaman keçdikcə milli kimliyini də itirə bilər. Buna görə də dil uğrunda mübarizəni əslində dövlətçilik uğrunda mübarizə hesab edirdi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının müzakirəsi zamanı Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının Konstitusiyada əksini tapması təkcə hüquqi dəyişiklik deyildi. Bu, sovet ideoloji məkanında milli iradənin nümayişi, xalqın mənəvi hüquqlarının müdafiəsi idi. O dövrdə belə bir addımı atmaq hər siyasi xadimin cəsarət edə biləcəyi məsələ deyildi. Lakin Heydər Əliyev xalqının dilinə sahib çıxaraq tarixə milli dövlətçilik düşüncəsinin böyük müdafiəçisi kimi daxil oldu. Ulu Öndərin "Dil hər bir millətin milliliyinin əsasıdır" fikri bu siyasətin mahiyyətini ən dolğun şəkildə ifadə edir. O, Azərbaycan dilinin yalnız qorunmasını deyil, onun inkişaf etdirilməsini, dövlət idarəçiliyində, təhsildə, elmdə, mədəniyyətdə və gündəlik həyatda hakim mövqeyə yüksəlməsini strateji məqsəd kimi müəyyənləşdirmişdi. Müstəqillik illərində bu siyasət daha da möhkəmləndirildi. 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli dövlətçiliyimizin hüquqi əsaslarını gücləndirdi. Ardınca qəbul olunan "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun dövlət dilinin hüquqi statusunu müəyyənləşdirərək onun tətbiqinin bütün istiqamətlərini tənzimlədi. 2001-ci ildə imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman isə dil siyasətinin yeni mərhələsini başlatdı. Həmin sənəd əsasında Dövlət Dil Komissiyasının yaradılması ana dilimizin qorunması istiqamətində institusional mexanizmlərin formalaşdırılmasına imkan verdi. Elə həmin ilin 9 avqust tarixli Fərmanı ilə avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan olunması isə ana dilinə verilən yüksək dövlət qiymətinin ifadəsi idi. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması təkcə dilçilərin deyil, bütün cəmiyyətin borcudur. Onun "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur" fikri müasir dövrün ən mühüm çağırışlarından birinə çevrilib. Qloballaşmanın sürətləndiyi, informasiya axınının sərhəd tanımadığı, sosial şəbəkələrin gündəlik nitqə ciddi təsir göstərdiyi bir dövrdə ana dilinin qorunması əvvəlki illərlə müqayisədə daha böyük məsuliyyət tələb edir. Xarici sözlərin lüzumsuz istifadəsi, internet məkanında dil normalarının pozulması, reklam və media məkanında dil səhvləri milli dil siyasəti qarşısında yeni çağırışlar yaradır. Prezident İlham Əliyev məhz bu təhlükələri vaxtında qiymətləndirərək Azərbaycan dilinin qorunması istiqamətində ardıcıl qərarlar qəbul edib. 2004-cü ildə latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə sərəncam, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində çapı, 2013-cü ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", 2018-ci ildə elektron məkanda Azərbaycan dilinin geniş istifadəsini təmin edən sərəncam, eləcə də dövlət dilinin saflığının qorunmasına dair fərman bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin mühüm tərkib hissələridir. Son illərdə qəbul olunan qərarlar göstərir ki, dövlət dilinin qorunması yalnız nəzəri çağırışlarla məhdudlaşmır. Bu siyasət hüquqi mexanizmlərlə, institusional islahatlarla və idarəetmə alətləri ilə davam etdirilir. Xüsusilə 2025-ci ildə imzalanmış Fərmanla Azərbaycan dilinin tətbiqinə və dil normalarına nəzarət funksiyalarının Mədəniyyət Nazirliyinə həvalə olunması dövlət dilinin qorunmasına verilən əhəmiyyətin növbəti təsdiqidir. Bu gün Azərbaycan dili artıq yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif qitələrində yaşayan milyonlarla soydaşımızın milli kimliyini yaşadan əsas amildir. Xaricdə fəaliyyət göstərən Azərbaycan məktəbləri, mədəniyyət mərkəzləri, diaspor təşkilatları, elektron resurslar və rəqəmsal platformalar ana dilimizin sərhədlərini daha da genişləndirir. Lakin dilin gələcəyi yalnız qanunlarla müəyyən olunmur. Onun taleyi hər bir vətəndaşın məsuliyyətindən asılıdır. Məktəbdə müəllimin danışığında, jurnalistin yazısında, televiziya aparıcısının nitqində, dövlət qulluqçusunun çıxışında, valideynin övladı ilə ünsiyyətində, gənclərin sosial şəbəkələrdə yazdığı hər cümlədə Azərbaycan dilinə münasibət formalaşır. Ana dilinə sevgi yalnız sözlə deyil, gündəlik davranışla nümayiş etdirilməlidir. Ulu Öndər Heydər Əliyevin "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz" fikri bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışları isə müasir dövrün milli vəzifəsinə çevrilib. Bu iki böyük dövlət xadiminin həyata keçirdiyi ardıcıl dil siyasəti nəticəsində Azərbaycan dili müstəqil dövlətimizin ayrılmaz atributu, milli həmrəyliyimizin əsas sütunu və gələcək nəsillərə ötürüləcək ən qiymətli mənəvi miras kimi yaşayır. Avqustun 1-i bizi yalnız keçmişə nəzər salmağa deyil, gələcəyə də məsuliyyətlə baxmağa çağırır. Azərbaycan dili bizim milli pasportumuz, tariximizin canlı salnaməsi, dövlətçiliyimizin mənəvi dayağıdır. Bu dili qorumaq, zənginləşdirmək, onu yad təsirlərdən uzaq saxlamaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki ana dilini qoruyan xalq öz milli kimliyini, dövlətini və gələcəyini də qoruyur.
Ukrayna müharibəni Rusiya ərazisinə daşımağı bacarıb-Özəl

"Rusiyanın Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşməsi rəhbərliyi yeni qərarlar qəbul etməyə məcbur edir. Yayılan məlumatlara əsasən ruslar yaxın aylarda yeni səfərbərlik dalğasın həyata keçirəcəklər. Təxminən yarım milyon və biraz artıq yeni  qüvvənin orduya cəlbedilməsi planlaşdırılır. Hətta bunlardan bir hissəsinin çox az müddətlik ilkin hazırlıq kursundan sonra birbaşa cəbhə xəttinə göndərilməsi nəzərdə tutulur". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib: "Görünən odur ki, üzərindən illər keçsə də, yeni müharibə metodları yaransa da, rusların Stalinqrad psixologiyası hələ də davam edir. Keçmiş dövrdə insan çoxluğu müharibələrin taleyini həll etsə də, indi məsələ müəyyən qədər fərqlidir. Ən əsası yüksək texnoloji yeniliklər kəmiyyət zehniyyətin arxa plana atıb. Elə Ukrayna nümunəsində bunu görmək mümkündür.

Reallıq ondan ibarətdir ki, Kremldə oturanların özləri belə yeni planla cəlb ediləcək şəxslərin mütləq əksəriyyətinin çox qısa bir zamanda məhv ediləcəyini yaxşı bilir. Lakin rusların əlavə bir manevr imkanları yoxdur. Sanki son ümid kimi bu tip addımlar atılır. Mənzərə təxminən belədir: İrəli getməyə güc yoxdur, geriyə qayıtmağa isə üz. Putin administrasiyası geri dönüşün məhv edici nəticələrini çox yaxşı anlayır. Bu səbəbdən ənənəvi psixoloji yanaşmanı davam etdirirlər.

Digər tərəfdə isə, mübaliğəsiz küllərindən doğan bir USQ var. Ukrayna ordusu hazırda dünyanın ən güclü orduları sırasında öncül yerdə qərarlaşır. Məsələ kağız üzərində olan rəqəmlərdən yox, məhz döyüş meydanında əldə olunan nəticələrdən gedir. Xüsusilə, hər gün yüzlərlə rus əsgərini ovlayan dron operatorları. Onlar həqiqətən çox peşəkarlıqla döyüş həyata keçirirlər. Təbii ki, rusların ciddi səylə hazırlaşdığı payız kompaniyası ilk başlarda müəyyən sahəvi nəticələr yaradacaq. Ancaq yekunda kütləvi itkilər qaçınılmazdır. Ən güclü vaxtında bunu edə bilməyən bir ordunun indi böyük işlər görəcəyi inandırıcı deyil. Paralel olaraq, Ukrayna müharibəni Rusiya ərazisinə daşımağı bacarıb. İndi  əminəm ki, Rusiyada hər hansı bir strateji müəssisədə çalışan hər bir işçinin qulağı səsdədir. Rusiya böyük aviasiya donanmasına baxmayaraq Ukraynada hava üstünlüyünü ələ keçirə bilmədi. Bu indiki mənzərənin əsas səbəbidir. İndi isə ölkənin  HHM - in təşkil edə bilmirlər. Bir tərəfdə neft emalı aşağı düşür, digər tərəfdən isə ölkəyə qarşı yeni sanksiya paketləri qəbul edilir. Bir sözlə dəsmal götür ağla". 

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31