“Heç bir müharibə ana dili hərəkatını dayandıra bilməz”-Ekspertdən diqqətçəkən açıqlama- ÖZƏL

"Heç bir müharibə Güney Azərbaycanda ana dili hərəkatını, milli kimlik uğrunda mübarizəni arxa plana keçirə bilməz. Nə qədər ki, milli kimliyi əlindən alınmış 35 milyonluq bir xalqın ana dilinində məktəbi yoxdur, milli hərəkat davam edəcək". Bu sözləri Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdımaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, İsrail-ABŞ ittifaqının İrana zərbələri nəticəsində İranda yaranmış milli həmrəylik müvəqqəti haldır:
"Quzey  Azərbaycan da 1941-45- ci illərdə o zaman yaşadığımız dövlətin ərazisi uğrunda mübarizəyə cəlb edilmişdi. Ancaq bu, milli mübarizəni arxa plana keçirmədi. Milli düşüncə, müstəqillik ideyası hər zaman yaşadı və ötən əsrin 80-ci illərində rejim əleyhinə böyük bir hərəkata çevrildi. Ikinci  Dünya  Müharibəsi illərində SSRİ-də də düşmənə-işğalçı alman faşizminə qarşı milli birlik yaranmışdı. Lakin güvəndiyimiz həmin Sovet ordusu 45 il sonra-1990-cı ildə bizə atəş açdı". 
Elman Cəfərli deyib ki, xaricdə yaşayan bir sıra güneyli siyasi fəalların, Quzeydə fəaliyyət göstərən bir sıra "politoloq"ların iddiasının əksinə olaraq güneyliləri mövcud rejimdən, vilayəti fəqih sistemindən razı deyillər. 
"Güney Azərbaycan türkəri mövcud rejimdən necə razı ola bilərlər ki, bu rejim din pərdəsinə bürünmüş panfarsistdirlər. Hər il fars dilinin inkişafına milyonlarla vəsait ayrılır. Amma Yusif Has Hacib, İzzəddin Həsənoğlu, Həbibi, Nəsimi, Füzuli, Xətai nəhəng şairlər yetişdirmiş  Azərbaycan türkcəsini sıradan çıxarır, bir dənə də olsun ana dilində məktəb açmırlar. Vaxtaşırı İranda yaşayan türklər ölkənin rəsmi TV kanallarında, mətbuatında təhqir olunurlar. 2006-cı il uzaq tarix deyil. Həmin il rəsmi "İran" qəzeti iyrənc karikatura dərc edərək türkləri tarakana bənzətmiş və "may qiyamı"na səbəb olmuşdular. 10 gündən çox Güney Azərbaycanın 10-dan çox şəhərində rejimə qarşı etirazlar davam etmişdi. 20 il keçib, ancaq xalqın milli tələblərinin həlli istiqamətində bir addım belə atılmayıb. Yelə orta və ali məktəblərdə ana dilində təhsil yoxdur. Uşaq bağçalarında türk balalarına fars dilində nağlllar, şeirlər öyrədilər. Fars dili dövlət dilidir deyirlər, anladıq. Bəs 35 milyon türkün ana dilini unutdurmaq doğru addımdırmı? Süni intellekt, peyk rabitəsi, internet əsrində yaşayırıq. Sivil dünyanın gözü qarşısında 40 milyon xalqın ana dilində təhsil haqqını oğurlamaq düzgündürmü? Milli Hərəkatın İrana qarşı ərazi iddiası yoxdur ki. Sadəcə ana dilinə azadlıq tələb edirlər".
E. Cəfərli guya "Güney Azərbaycan türkləri öz dilində yazıb-oxumaq istəmir, fars dili daha yayğın dildir, bu dildə elmi ədəbiyyat daha çoxdur" fikrinin doğru olmadığını bildirib: "Bu cəfəng bir iddiadır. 90-ların əvvəllərində-Azərbaycan yenicə müstəqil olanda bizdə də bu cür cılız fikirləri səsləndirənlər var idi. Guya xalq rus dilində təhsil almaq istəyir, ana dilinin imkanları zəifdir. 30 il keçdi, artıq bütün daşlar yerinə oturdu. Bu gün əksəriyyət övladlarını Azərbaycan məktəblərinə göndərir. Rus məktəblərinin sayı xeyli azalıb. Rus dilinin üstünlüyü haqqında deyilənlərə də inananlar azdır. Övladının əcnəbi dilləri bilməsini istəyənlər başqa xarici dillərdə olan məktəbləri seçirlər".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31