NURLANIN DOĞUM GÜNÜNDƏ...

Bəzən bir insanın həyatına onun yoxluğundan sonra daxil olursan. Xatirələrdən, fotoşəkillərdən, ailəsinin danışdığı əhvalatlardan, dostlarının susaraq xatırladığı anlardan həmin insanın portretini yaratmağa başlayırsan.
Mən Nurlan Mustafayevi  belə tanıdım.
Şəhid kapitanımız Nurlan Mustafayev haqqında hazırlanan bədii-sənədli filmin ssenari müəllifi kimi onun həyat yoluna daha yaxından bələd olmaq, ailəsini tanımaq, onu sevən və tanıyan insanlarla söhbət etmək imkanım oldu. Zaman keçdikcə hiss etdim ki, qarşımdakı insanın həyat hekayəsini yazmaqla yanaşı, onun ailəsinin yaddaşına da toxunuram.
Və hər yeni söhbətdə Nurlanın başqa bir tərəfi üzə çıxırdı.
Amma maraqlıdır ki, onu tanıyan insanların danışdıqları fərqli olsa da, Nurlanın xarakteri barədə söylənənlər bir-birinə çox bənzəyirdi. Heç kim onun haqqında böyük sözlər axtarmırdı. Sadə, təbii cümlələrlə danışırdılar. Kimsə onun sakitliyini xatırlayırdı, kimsə mədəni davranışını, kimsə peşəsinə münasibətini. Başqası isə Vətənə və torpağa bağlılığından söz açırdı.
Bu xatirələrin hamısının içindən bir Nurlan görünürdü. Təmkinli,Tərbiyəli,Mədəni,Qabiliyyətli.,Öz işinə məsuliyyətlə yanaşan.
Və ən əsası, Vətəninə bağlı bir zabit.
Nurlan haqqında danışdıqca mən bir şeyi daha yaxşı anladım: insanın xarakteri bir gündə formalaşmır. Onun dünyaya baxışı, davranışı, insanlarla münasibəti, dəyərləri illər ərzində, ailədə, evdə, ana-atadan gördüyü münasibətin içində yaranır.
Bu baxımdan Nurlanın həyatında Rahilə xanımın xüsusi yeri var.
Rahilə xanımla yaxından tanış olduqca onun səmimiyyətində, övladlarından danışarkən səsində duyulan kövrəklikdə və qürurda bir ana ömrünün böyük hekayəsini hiss edirdim. Onun həyatına baxanda bir ananın övladlarını böyütmək üçün keçdiyi uzun yol görünürdü.
Saçının birini qara, birini ağ hörərək...
Bu ifadə bəmzətmə yox,  bir ömrün təsviridir.
O saçların birində gənclik, digərində illərin yorğunluğu var. Birində övlad böyütməyin sevinci, digərində həyatın gətirdiyi ağrılar. Amma Rahilə xanım bütün bu illərin içindən keçərək övladlarını elə yetişdirib ki, onların hər birində ailənin mənəvi dəyərləri, tərbiyəsi, mədəniyyəti və Vətən sevgisi öz əksini tapıb.
O, övladlarını sadəcə böyütməyib, onlara necə insan olmağı da öyrədib.
Bəlkə də Nurlanı tanıdıqca Rahilə xanımı daha yaxşı anlamağa başladım. Rahilə xanımı tanıdıqca isə Nurlanın hansı mənəvi mühitdə yetişdiyini...
İnsanın böyüdüyü ev onun görünməyən məktəbidir. Orada öyrəndikləri sonradan həyatının müxtəlif mərhələlərində özünü göstərir. Nurlanın mədəniyyətində, insanlara münasibətində, məsuliyyətində, torpağa və Vətənə bağlılığında həmin evin, həmin ailənin izlərini görmək mümkündür.
Nurlan Vətənini sevən zabit idi.
Amma Vətən sevgisini yalnız böyük və təntənəli sözlərlə ifadə edənlərdən deyildi. Onun Vətənə münasibəti daha çox davranışında, xidmətinə bağlılığında, məsuliyyət hissində görünürdü. Çünki həqiqi bağlılıq bəzən ən çox insanın danışmadığı məqamlarda özünü göstərir.
Zabit üçün Vətənə xidmət yalnız peşə yox, 
seçim və məsuliyyətdir.
Bəzən isə insanın bütün ömrünü qarşısına qoyduğu bir yoldur.
Nurlan həmin yolu seçmişdi.
Onu yaxından tanıyanların söylədiklərindən mənim üçün yaranan Nurlan obrazı məhz belə idi: özünü önə çıxarmağa ehtiyac duymayan, gördüyü işlə özünü ifadə edən, torpağına bağlı, Vətən qarşısındakı məsuliyyətini dərk edən bir zabit.
Onun haqqında yazarkən ən çətin məsələ də elə budur.
Nurlanı yalnız şəhid kimi təqdim etmək istəmirəm.
Çünki Nurlan şəhid olmamışdan əvvəl də bir insan idi. 
Bir oğul idi.
Bir ailənin sevimlisi idi.
Bir ananın övladı idi.
Bir zabit idi.
Dostları, tanışları, xidmət yoldaşları üçün özünəməxsus xarakteri olan bir insan idi.
Onun həyatı yalnız son dayanacağı ilə ölçülməməlidir. Çünki bir insanın dəyəri yalnız necə öldüyü ilə deyil, necə yaşadığı ilə də müəyyən olunur.
Nurlan necə yaşadı?
İnsanların hörmətini qazanaraq.
Ailəsinin sevgisini qoruyaraq.
Peşəsinə sədaqətlə.
Vətəninə bağlılıqla.
Və özündən sonra haqqında yaxşı danışmağa söz qoyaraq.
Bu gün onun doğum günüdür.
Belə günlərdə təqvimdəki tarix dəyişmir, amma insanın yaddaşındakı zaman dəyişir. Bir ana üçün övladının doğulduğu gün illər keçsə də, həmin günün hissi köhnəlmir. O gün bir oğul dünyaya gəlir. Sonra böyüyür. Anasının gözləri qarşısında uşaqlıqdan gəncliyə, gənclikdən yetkinliyə keçir.
Bir gün isə ana onun adını başqa cür eşitməyə başlayır.
Şəhid Nurlan Mustafayev...
Bu iki sözün arasında bir ana ömrünün sığmayan qədər böyük ağrısı var.
Amma həmin ağrının yanında qürur da var.
Çünki Rahilə xanımın böyütdüyü övlad öz həyatını Vətənə xidmət yolunda tamamladı.
Bu gün Nurlanın doğum günündə düşünürəm ki, bəlkə də bəzi insanların doğum günü onların həyatda olmadığı günlərdə daha çox xatırlanır. Çünki onlar artıq yalnız ailələrinin deyil, bir xalqın yaddaşına çevrilirlər.
Nurlan da indi təkcə Rahilə xanımın oğlu deyil.
O, onu tanıyanların xatirəsində yaşayan Nurlandır.
Dostlarının xatırladığı Nurlan.
Xidmət yoldaşlarının hörmətlə danışdığı Nurlan.
Ailəsinin hər gün qəlbində yaşatdığı Nurlan.
Və onu heç vaxt görməsə də, adını eşidəndə bir Vətən övladını düşünən insanların tanıdığı Nurlan.
Mənim üçün isə Nurlan həm də bir ssenarinin qəhrəmanı deyil.
Onun həyatını yazmaq, ailəsini tanımaq, Rahilə xanımın səmimiyyətini yaxından görmək mənə bir daha göstərdi ki, sənədli film üçün yazılan hər sətirin arxasında gerçək bir insanın həyatı dayanır. O həyatın sevincini də, ağrısını da, susqunluğunu da, qürurunu da olduğu kimi qorumaq lazımdır.
Bəlkə də buna görə Nurlan haqqında yazanda sözləri çoxaltmaq yox, doğru sözləri seçmək lazımdır.
Çünki bəzi insanlar haqqında ən təsirli cümlə onların haqqında deyilən ən sadə cümlədir:
"Yaxşı insan idi."
Nurlanı tanıyanların dilindən bu cümləni eşitmək mənim üçün təsadüf deyildi.
Bu, onun haqqında ən böyük həqiqətlərdən biri idi.
Bu gün Nurlanın doğum günüdür.
Bu gün onun yaşını hesablamırıq.
Bu gün onun həyatda qoyduğu izi düşünürük.
Bir ananın ağaran saçlarını.
Bir ailənin qoruduğu xatirələri.
Bir zabitin Vətən qarşısındakı məsuliyyətini.
Bir insanın başqalarının yaddaşında necə yaşadığını.
Və anlayırıq ki, bəzi insanlar dünyaya gələndə bir ailənin övladı olurlar, amma həyatlarını elə yaşayırlar ki, illər sonra onların adı bir xalqın yaddaşına yazılır.
Nurlan Mustafayev də belə bir ömür yaşadı.
Bu gün doğum günündür, Cənab Kapitan 
Səni tanıyanların xatirəsində, ananın ürəyində, ailənin yaddaşında və Vətən torpağında...
Ad günün mübarək olsun.
Sənin haqqında çəkilən film  sona çataca da ,  Kadrlar dayanaca da , kamera sussa da son titrlər ekrandan keçsə də sənin hekayən bitmədi.
Çünki bəzi hekayələrin sonu olmur.
Onlar sadəcə bir insanın həyatından çıxıb yaddaşın ömrünə keçir.
Sənin hekayən də indi oradadır...

Mehriban Sadıqova ( Gün TV Media Groupun rəhbəri)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31