70 illik ömrün manifesti
09:34 SosialZüleyxa NADİR
Bəzən bir insan haqqında yazıya başlamaq üçün faktlardan çox duyğulara söykənmək ehtiyacı yaranır. Çünki haqqında sadəcə məlumat vermək kifayət etmir, onu hiss etmək, keçdiyi yolu içdən yaşamaq lazım gəlir. Mən də bu sətirləri yaza-yaza rəqəmlərin, titulların, kitab adlarının arasında deyil, xatirələrin, müşahidələrin və daxili bir qürurun içində gəzişirəm...
İllər onun zahiri görkəminə toxuna bilməyib, sadəcə saçları ağarıb. Düz qaməti, uca boyu və baxışları gəncliyində necə idisə, indi də öz ciddiyyətini qoruyub saxlayıb. Sadəlövhlük kimi görünən səmimiyyəti isə zamanın sərtliyinə qarşı dirəniş göstərib, dəyişməyib. İlk baxışda elə görünür ki, zaman onun yalnız xarici görünüşündən keçib, daxili aləminə isə toxunmayıb. Halbuki insanı dəyişdirən təkcə görünən əlamətlər deyil, görünməyən qatlarda baş verənlərdi...
Bəzən düşünürəm ki, belə insanlar zamanın içindən keçsələr də, dövr onlara tam toxunmur, yalnız kənar səthdə iz qoyur, iç dünyaya isə nüfuz edə bilmir. Amma onu da anlayıram ki, zamanın təsiri görünməzdir. O, insanın daxilində səssiz şəkildə işləyir, fikirləri formalaşdırır, baxışlara yeni qatlar əlavə edir - indi haqqında söhbət açacağım filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli kimi...
Belə möhtərəm elmi titulların daşıyıcısı olan alimlə beş il universitetdə eyni qrupda oxumuşam. Onda dünyanın düz vaxtları idi. Taleyimizə xoşbəxtliyimizin rəngarəngliyi hopmuşdu. Sözün həqiqi mənasında bəxtəvər idik. Dərdimiz-sərimiz yox idi, sevinclə, təbəssümlə qolboyun yaşayırdıq. Kədərin nə olduğunu elə də kəsdirə bilmirdik, buxar olub göyə çıxmışdı sanki, ya da biz görmürdük. Necə deyərlər, gəncliyimizin şən və mənalı günlərini yaşayırdıq. Dünya gözümüzü al-əlvan rəngləri ilə qamaşdırırdı. Nə Qarabağ dərdimiz vardı, nə pandemiya kabusu başımız üzərində dolaşırdı, nə torpağa minlərlə şəhid vermişdik, nə də mansız və sərsəm dünyanın ağırlığı çiyinlərimizi əzirdi. Onda həyat daha sadə, ümidlər daha təmiz, sabaha inam isə daha güclü idi...
O zaman heç birimiz gələcəyin bizi hara aparacağını tam təsəvvür etmirdik. Amma Allahverdinin daxilində elmə, sözə və mənəviyyata bağlı xüsusi bir işıq olduğunu sezməmək mümkün eyildi. Çünki sakit təbiəti, dərin düşüncəsi, insani münasibəti və hər zaman hiss olunan ziyalılığı, fərqli dünyagörüşü, mütaliəyə bağlılığı və hadisələrə fərqli yanaşması ilə seçilirdi. Ki... bunlar da elmə gedən yolun başlanğıcından sonuna kimi insanın əlindən tutan, onu daim irəli aparan dəyərlərdir.
Ötüb-keçən həmin illərdə gələcəyin onun adını Azərbaycan elminin tanınmış simaları sırasında çəkəcəyini, filologiya sahəsində sanballı tədqiqatlara imza atacağını, universitet auditoriyalarında professor kimi yüzlərlə tələbəyə elm öyrədəcəyini, yol göstərəcəyini bilmirdik. Ancaq bu gün geriyə boylananda anlayırsan ki, sən demə həmin uğurların təməli elə tələbəlik illərində - xarakterində, dünyagörüşündə qoyulubmuş...
Hər birimizin öz arzuları vardı. Kimimiz yaxşı jurnalist olmağın, kimimiz elmə gəlməyin, kimimiz də cəmiyyətə faydalı bir insan kimi yetişməyin xəyalını qururduq. Və bu xəyallar içində tale yollarında addımladıq. Kiminin yolu çətin oldu, kiminin həyatı uğurlu, kiminin də taleyi keşməkeşli. Amma tələbəlik illərinin yaddaşımızda yaşayan xatirələri əsla zamanın tozuna bulanmadı. Dərs bitəndən sonra tənəffüs zamanı jurnalistika fakültəsinin dəhlizində, auditoriyalarda, Zeynəb xalanın bufetində, ən çox da Kommunist küçəsi ilə Hüsü Hacıyev küçəsinin kəsişməsindəki monolit binanın altındakı "kafeteri"dəki söhbətlərimizi xatırlayıram. Bəzən dərsdən qaçıb kinoya getdiyimiz, bulvarda gəzintiyə çıxdığımız, bəzən də hansısa hər kəsdən ciddi bəhanə ilə dərsə getmədiyimiz günlər həyatımıza bir başqa rəng qatırdı. İmtahan həyəcanı, müəllimlərimizin zarafatları, tələbə qayğılarımız bizə dünyanın ən böyük problemləri kimi görünürdü. İndi bu sətirləti yaza-yaza geriyə - o illərə boylanıram və anlayıram ki, sən demə onlar həyatımızın ən qayğısız, ən saf illəri imiş. Nə gözəl günlər idi!
Və o illərin mənzərəsində ciddi, relə o qədər də saf xarakteri ilə hər kəsdən fərqlənən Allahverdi yenə də eyni təmkinli, eyni düşüncəli, eyni ziyalı duruşu ilə gözlərimdə canlanır. Şirin Naxçıvan ləhcəsi ilə danışar, çox dinləyər, az sözlə xeyli fikir ifadə edərdi. Elmə marağı, kitaba bağlılığı, araşdırmağa meylli olduğu elə onda da hiss olunurdu. Bəlkə də buna görə illər sonra onun adının qarşısında "professor", "elmlər doktoru" sözlərini görəndə təəccüblənmədim. Çünki belə adlar təsadüfən qazanılmır. Onların arxasında onilliklərin zəhməti, yuxusuz gecələri, minlərlə oxunmuş səhifə və tükənməyən axtarış dayanır. Tələbə dostum, qrup yoldaşım öz zəhməti, istedadı və elmə sədaqəti ilə həm tələbələrinin, həm də elmi ictimaiyyətin dərin hörmətini qazanan alimə çevrildi.
Bu gün onun yetmiş illik ömür yoluna baxanda yadıma ilk növbədə titulları yox, auditoriyada yan-yana əyləşdiyimiz tələbə yoldaşım düşür. İllər onu zahirən bir qədər yaşlandırıb, saçlarına dən salıb, həyat müxtəlif sınaqlardan keçirib. Amma mahiyyət dəyişməyib. Tələbə dostum bu gün də gənclik illərində tanıdığım səmimiyyəti, təvazökarlığı və zəhmətsevərliyi ilə seçilən insandır. Bu gün də doğulub-böyüdüyü Nehrəm kəndinin sadə, halal dəyərlərini özündə yaşadır. Həmin torpağın insanlara bağlılığını, böyüklərə hörmətini, kiçiklərə qayğısını həyat yolunun əsas prinsiplərinə çevirib. Harada çalışıbsa, hansı mövqedə olubsa, ilk növbədə insanlığını qoruyub, ətrafındakılara hörmətlə yanaşıb. Elə buna görə də qazandığı uğurlar və əldə etdikləri mənə tələbə dostumun halal zəhmətinin təbii nəticəsi kimi görünür...
***
İş elə gətirmişdi ki, "Xalq" qəzetində də bir neçə il birlikdə işləməli olmuşduq. 90- cı illərin sonları idi, Naxçıvan zonası üzrə müxbir vəzifəsini daşıyırdı. Hər həftə olmasa da lazım olan vaxtlarda redaksiyaya gəlirdi. O zaman"Xalq"da digər bir tələbə yoldaşım - Rauf Ağayev qəzetin "Cümə" əlavəsinə rəhbərlik edirdi. Allahverdi tələbəlik illərinin ab-havasını da özü ilə redaksiyaya gətirirdi. Üçümüz Raufun otağında əyləşib işdən çox universitet illərindən danışır, keçmişi xatırlayır, xatirələri vərəqləyir, bu günümüzün və gələcəyimizin planlarını bölüşürdük. Hər görüşümüz səmimi söhbətlərlə, zarafatlarla və xoş ovqatla yadda qalırdı. Baxmayaraq ki, aradan 25 ilə yaxın bir zaman kəsiyi keçmişdi, amma Allahverdi oturuşunda-duruşunda, dost-tanışa qarşı davranışında, insanlara münasibətində dəyişməmiş, əvvəlki səmimiyyətini, sadəliyini qorumuşdu. Tələbəlik illərində necə idisə, yəni təmkinli, ölçülü-biçili danışırdısa, "Xalq"da da elə idi.
"Xalq" qəzeti onun üçün nə oldu - bilmirim, bunu özü daha yaxşı bilər. Amma mənim üçün həmin illər Allahverdini yenidən kəşf etmək dövrü oldu. Universitetdə gördüyüm sakit, təmkinli tələbə artıq həyatın sınaqlarından keçmiş, peşəkar jurnalist kimi püxtələşmiş, eyni zamanda alim təfəkkürü ilə düşünən bir ziyalı kimi gözümdə ucalmışdı. Onunla söhbətlərimizdə mövzu tez-tez tarixə, milli dəyərlərə, mətbuatın bu gününə, sabahına gəlib çıxırdı. Heyrət edirdim: hər məsələyə tələsmədən, faktlara söykənərək, eyni zamanda fərqli rakursdan yanaşmağı necə öyrənmişdi. Dinləməyi də çox gözəl bacarırdı. Demək ki, əsl ziyalılıq yüksək səslə danışmaqda deyil, biliyi təvazökarlıqla daşımaqda, insanlara hörmətlə yanaşmaqda və hər gün öz üzərində çalışmaqdadır - mənim tələbə dostum, qrup yoldaşım, jurnalist, alim, ziyalı Allahverdi Məmmədli kimi...
***
Günün birində yaradıcılıq yolunda yeni səhifə açıldı. Bu, Azərbaycan televiziyası idi. Qısa bir müddətdə televiziya ekranlarının tanınan simalarından biri olaraq, daha geniş auditoriyada tanınmağa başladı. Beş il Azərbaycan televiziyasının "Xəbərlər" baş redaksiyasında baş redaktor kimi fəaliyyət göstərdi. Televiziya tamam başqa məsuliyyət, başqa ritm, başqa peşəkarlıq tələb edir. Amma Allahverdi müəllim bu mühitdə də özünəməxsus üslubunu qoruyub saxlaya bildi. Faktın dəqiqliyinə həssas yanaşması, sözə məsuliyyəti, dilə və ifadəyə tələbkarlığı onun televiziya jurnalistikasında aydın görünürdü.
Televiziyada xəbər vermək sadəcə mətni səsləndirmək deyil. Bunun üçün faktın məsuliyyətini dərk etmək, sözün çəkisini bilmək, hadisəyə peşəkar yanaşmaq və tamaşaçı etimadını qazana biləcək ziyalı mövqeyi nümayiş etdirmək lazımdır. Xəbərlərin hamısını oxuyub, süjetlərə tamaşa etmək baş redaktor kimi onun peşə məsuliyyətinin ən vacib tərəflərindən idi. Efirdə səslənən, ekranda söylənən hər kəlmə, hər kadr onun süzgəcindən keçirdi. Çünki uğura da, uğusuzluğa da Allahverdi müəllim cavabdeh idi.
***
Zaman keçdikcə onun peşəkar fəaliyyətinin müxtəlif istiqamətləri bir nöqtədə birləşdi: elmə olan sonsuz maraq, araşdırmaq həvəsi və SÖZə bağlılıq filologiya sahəsində onu böyük bir alim yoluna çıxardı. Bu yolda onun əlindən dahi Mirzə Cəlil tutdu. Görkəmli ədibin zəngin yaradıcılıq irsi, milli ədəbiyyatımızın inkişafındakı müstəsna rolu və bədii düşüncə dünyası Allahverdi Məmmədlinin elmi axtarışlarının əsas istiqamətinə çevrildi. O, uzun illər Mirzə Cəlil irsinin müxtəlif aspektlərini araşdıraraq, ədibin sənət dünyasının dərin qatlarını üzə çıxardı, əsərlərinin ideya-bədii xüsusiyyətlərini elmi təhlillərin süzgəcindən keçirdi.
Alimin tədqiqatlarında Cəlil Məmmədquluzadə yaradıcılığı yalnız bir ədəbi irs nümunəsi kimi deyil, həm də dövrün ictimai-mədəni mənzərəsini əks etdirən böyük bir mənəvi xəzinə kimi təqdim olunur. Bu bağlılıq zamanla sadəcə elmi maraq çərçivəsindən çıxaraq, ömrünün əsas elmi missiyasına çevrildi. Onun ədəbi yaradıcılığı illərin zəhməti, dərin axtarışları və böyük ədəbiyyata bağlılığının məntiqi nəticəsi kimi formalaşıb. 2004-cü ildə müdafiə etdiyi "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası onun böyük ədib irsinə aparan elm yolunun ilk möhtəşəm dayanacağı oldu. Alim Mirzə Cəlil dünyasının qapılarını daha dərindən açaraq, ədibin yaradıcılığında milli düşüncənin, vətən sevgisinin və azərbaycançılıq məfkurəsinin izlərini elmi təfəkkür işığında araşdırdı.
Professorun yaradıcılıq yolu elm işığından keçən, SÖZ sevgisi ilə yoğrulan, Mirzə Cəlil irsinin müqəddəs izlərini yaşadan bir ömür salnaməsidir. 2015-ci ildə müdafiə etdiyi "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda doktorluq dissertasiyası isə onun illərlə apardığı elmi axtarışların zirvəsi oldu. Bu əsər tədqiqatçının yalnız bir ədəbi məktəbin deyil, bütövlükdə milli ədəbi düşüncənin dərin qatlarına enən alim mövqeyini nümayiş etdirdi.
Bu gün Allahverdi müəllimin ədəbi irsi onun SÖZə, elmə və milli ədəbiyyata sədaqətinin canlı səlnaməsidir. Qələmindən çıxan 50-dən artıq elmi məqalə, Azərbaycanda və xaricdə işıq üzü görmüş monoqrafiyalar, dərs vəsaiti və digər nəşrlər Mirzə Cəlil yaradıcılığının, "Molla Nəsrəddin" ədəbi məktəbinin və azərbaycançılıq ideyasının öyrənilməsinə dəyərli töhfələr verən xəzinədir. Bu əsərlər alimin illərlə topladığı zəhmətin, düşüncə işığının və ədəbiyyata sonsuz məhəbbətinin səhifələrdə yaşayan izləridir. Tələbə dostumun elmi-publisistik fəaliyyəti yalnız araşdırma masası arxasında qalan bir zəhmət deyil, SÖZün mənəvi məsuliyyətinə çevrilmiş uzun və şərəfli bir yolun ifadəsidir.
Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü olan Allahverdi Məmmədlinin həyat yolu elm, söz və milli düşüncə yoludur. Onun imzası "Babək şəhidləri"ndən başlayaraq "Yüz ilin ədəbi abidəsi", "Mollanəsrəddinçilik və azərbaycançılıq", "Mollanəsrəddinçilik və milli ideya" və digər dəyərli əsərlərdə yaşayır. Mirzə Cəlil irsinin, "Molla Nəsrəddin" ədəbi məktəbinin və azərbaycançılıq məfkurəsinin tədqiqinə həsr etdiyi kitab və monoqrafiyalar uzun illər boyu apardığı elmi axtarışların bəhrəsidir. Alimin qələmi yalnız kitab səhifələrində deyil, həm də yüzlərlə elmi-publisist məqalədə, xarici nəşrlərdə və beynəlxalq elmi məclislərdə öz izini qoyub. Otuzdan artıq beynəlxalq tədbirdə səslənən məruzələri, müxtəlif ölkələrin elmi dairələrində yayılan yazıları Allahverdi müəllimin SÖZə və elmə həsr etdiyi ömrün sərhədlər aşan əks-sədasıdır.
***
SÖZ sənəti ilə məşğul olmaq peşələrin ən çətinidir. Yaradıcı adamın beyni 24 saat çalışır - evdə, mətbəxdə, avtobusda, təyyarədə, qatarda, hətta yatanda da dayanmır, yuxuda belə mövzunun süjet xəttini qurur. Beyin daim məşğuldu, dayanmadan düşünür. Yazının birinci cümləsini fikirləşir, ya da sonunu necə bitirəcəyi haqqında götür-qoy edir. Həmçinin balaca bir fikrin ətrafında böyük bir "fırtına yaratmağın" yollarını axtarır. Elm adamı üçün SÖZ xəzinədir, onu axtarıb tapmaq üçün uzun vaxt lazımdır.
Yazmaq üçün stol arxasında oturmağı bacarmaq lazımdır. Yaradıcı adam həmin bacarıqdan dolayı istedad sahibidirsə, ortaya qoyduğu "məhsul" da keyfiyyətli olur. Xüsusilə də SÖZlə,ədəbiyyatla məşğul olan alim üçün yazmaq təkcə peşə deyil, həm də məsuliyyətdir. Çünki onun qələmi yalnız mətn yaratmır, düşüncə formalaşdırır, milli-mənəvi yaddaşı qoruyur və gələcək nəsillərə ötürür. Onun hər yazısı düşüncənin, mütaliənin və həyat təcrübəsinin süzgəcindən keçən mənəvi sərvət olur. Belə mətnlər zamanın sınağından çıxır və müəllifindən sonra da yaşamağa davam edir.
Ona görə də, sən, ey SÖZ adamı, stol arxasında oturmaqdan belin əyiləcək, bu səni qorxutmursa, buyur gəl SÖZün hüzuruna. Saatlarla oturmalısan, düşünməlisən və bunları kompüterin yaddaşına köçürməlisən. Əgər düşünməkdən yorulmursansa, yazmaqdan usanmırsansa, buyur gəl SÖZ dünyasına. Gözlərin işığını itirəcək, görməkdən məhrum ola bilərsən, bu səni incitməyəcəksə, buyur gəl SÖZ dəryasında üzməyə. SÖZün sanbalı ürəyini ağrıdacaq, bu ağrını daşıya biləcəksənsə, buyur gəl SÖZlə qolboyun olmağa. Nəhayət, SÖZ səni əlində qələm stol arxasında öldürə bilər, bu ölümə hazırsansa, buyur gəl SÖZ Cənnətinə...
Məhz belə bir ədəbi dünyanın, SÖZ yolunun yolçusudur professor. O, illər boyu bu müqəddəs yolun çətinliklərindən qorxmadan, sözün məsuliyyətini çiyinlərində daşıyaraq elmə, ədəbiyyata və mətbuata xidmət edib. Ömrünün böyük bir hissəsini SÖZün izinə düşərək, onun dərin qatlarını araşdırmaqla keçib. O, bir alim kimi kitabların sükutunda, arxivlərin tozunda, ədəbi nümunələrin sirli dünyasında Mirzə Cəlilin SÖZ həqiqətini axtarıb. Jurnalist kimi isə zamanın nəbzini tutaraq cəmiyyətə öz qələmi ilə xidmət edib. O, SÖZün ardınca gedərək bir ömrün elmi xəritəsini və həyat manifestini yaradıb, qələmi ilə keçmişlə bu gün arasında görünməz bir körpü salıb.
***
Yazıları yalnız məlumat verməyib, qələmə aldığı SÖZlər oxucunu düşünməyə, milli dəyərləri duymağa köklənib. Bu zəhmət və yaradıcılıq yolu dövlət tərəfindən də yüksək qiymətləndirilib, ona Əməkdar jurnalisti fəxri adı verilib. Jurnalistika və SÖZ sənətində xidmətləri "Qızıl qələm" və Həsən bəy Zərdabi adına media mükafatlarına layiq görülüb. Bu mükafatlar sadəcə bir qələm sahibinin, elm xadiminin uğur nişanəsi deyil, illər boyu həqiqətə, elmə və milli-mənəvi dəyərlərə sədaqətlə xidmət edən ziyalının əməyinə verilən yüksək qiymətdir.
Professorun adı bu gün yalnız elmi əsərlərlə deyil, yetişdirdiyi tələbələrin, peşəkar jurnalistlərin fəaliyyətində yaşayır. Vaxtilə tələbəsi olduğu Bakı Dövlət Universitetinin auditoriyalarında bu gün müəllim kimi söz söyləməsi ömür yolunun mənalı bir dövrəsidir: öyrənən ziyalıdan öyrədən alimə, araşdırıcıdan ustada uzanan şərəfli bir yol. Onun əməyinə verilən dövlət təltifləri, elmi və ictimai fəaliyyətinə göstərilən yüksək qiymətlər illərin zəhmətinə işıq tutan bir ehtiramdır. Lakin tələbə dostum üçün ən böyük mükafat hər zaman SÖZə xidmət etmək, elm yolunda iz qoymaq və yetişdirdiyi gənc nəslin uğurlarını görmək olub.
Bu gün Allhverdi müəllimin fəaliyyəti ziyalı ömrünün salnaməsi kimi davam edir: bir tərəfində ədəbiyyat, bir tərəfində jurnalistika, bir tərəfində isə insanlara və milli dəyərlərə xidmət dayanır. O, qələmi ilə həm yazır, həm də zamanın yaddaşını yaradır.
***
Elm və təhsil yolunda dayanmaq bilməyən Allahverdi Məmmədlinin axtarışları yalnız filologiya ilə məhdudlaşmayıb. SÖZün gücü ilə yanaşı, qanunun qüdrətini və aliliyini, ədalətin mahiyyətini dərk etmək üçün hüquq təhsili alıb. Taleyinin müxtəlif mərhələlərində dövlət idarəçiliyinin məsuliyyətli yollarından keçib. Uzun illər Azərbaycan KP Naxçıvan Şəhər və Vilayət Komitələrində, Bakı Şəhər Prokurorluğunda və Azərbaycan Respublikasının Ali Məhkəməsində çalışaraq dövlətçilik məfkurəsinə, qanunun aliliyinə və ədalət prinsiplərinə xidmət edib. Təcrübəli hüquqşünas, ədliyyə polkovniki oaraq addımladığı yol onun şəxsiyyətində alim, ziyalı və dövlət adamı kimi ali keyfiyyətləri bir araya gətirib.
` ` ***
Onun aldığı mükafatlar, təltiflər, çalışdığı vəzifələr getdiyi yolun yalnız görünən tərəfidir, görünməyən tərəfdə isə ağır zəhmət, yorulmaz axtarış və cəmiyyətə faydalı olmaq istəyi dayanır. Və bu məqamda yaşadığım hissi ifadə etməyə çalışıram: bir insanın ömrü necə olur ki, həm elmə, həm jurnalistikaya, həm təhsilə, həm də dövlət xidmətinə bu qədər sığa bilir? Cavab sadədir. Bu, sadəcə peşəkar fəaliyyət deyil, ömrün özünü işə, sözə və mənaya çevirməsidir.
Professorun elmi əsərləri, monoqrafiyaları, yüzlərlə məqaləsi təkcə kağız üzərində qalmır. Onlar düşüncə tərzi formalaşdırır, yeni baxış bucaqları yaradır. Jurnalistika sahəsindəki fəaliyyəti isə SÖZün məsuliyyətini, xəbərin yükünü və həqiqətin dəyərini göstərir. Bu iki xətt - filologiya və media onun həyatında paralel yol deyil, bir-birini tamamlayan iki qanaddır. Amma hər yolun sonunda yenə SÖZ dayanır - insanı düşündürən, yaddaş yaradan və gələcək nəsillərə mənəvi iz buraxan SÖZ.
Dövlət qulluqçusu olmaq, hüquq sahəsində çalışmaq isə onun şəxsiyyətində məsuliyyət, prinsipiallıq və ədalət duyğusunu möhkəmləndirib. Qanunun sərt çərçivələri ilə insan talelərinin həssas məqamları arasında tarazlıq yaratmağı bacaran peşəkar kimi formalaşıb. Qısacası daşıdığı "yük"ləri belə dəyərləndirmək istəyirəm: filoloq kimi sözün dərinliyinə enib, jurnalist kimi zamanın səsini qələmə alıb, hüquqşünas kimi ədalət prinsipinə söykənib.
***
Mənim üçün bütün bu sadalananların içində ən dəyərli olan başqa bir məqam var: onun insanlıq mövqeyi. Vəzifələr, titullar, kitablar keçicidir, amma insanın qoyduğu iz qalır. Və bu iz çox zaman rəsmi siyahılarda yox, insanların yaddaşında yaşayır. Mən onu təkcə professor, jurnalist, tədqiqatçı kimi yox, həm də yol göstərən böyük kimi görürəm. Elə buna görə də bu yazı rəsmi bir təqdimatdan çox, içdən gələn etiraf kimidir. Çünki əvvəldədə dediyim kimi, insan haqqında ən doğru sözlər faktlarda yox, hisslərin içində gizlənir.
Və bu gün Azərbaycan mətbuatının bayramıdır. Bu bayramın sevincindən, SÖZə və qələmə verilən dəyərindən, təbii ki, professora da pay düşür. Çünki o, ömrünün böyük bir hissəsini mətbuatın keşiyində dayanaraq, sözün məsuliyyətini çiyinlərində daşıyıb, həqiqətin və maarifçiliyin yolunda qələm çalan ziyalılardandır.
Üstəlik bu əlamətdar gün onun 70 illik ömür zirvəsi ilə birləşib daha dəyərli bir məna qazanır.70 il bir insan ömrünün sadəcə zaman ölçüsü deyil, arxada qalan zəhmətin, yaradıcılığın, elmi axtarışların və insanlara bəxş edilən mənəvi dəyərlərin səlnaməsidir. Bu yubiley həm də SÖZə xidmət edən bir alimin, müəllimin, jurnalistin və ziyalının ömür yoluna ehtiramdır.
70 yaş dayanacaq deyil, müəllim, yeni düşüncələrə, yeni SOZlərə və yeni yaradıcılıq üfüqlərinə aparan yolun növbəti dayanacağıdır.
Yolun işıqlı olsun, professor!..