Quraqlıq güclənir: “Suvarmada köhnə üsullardan imtina edilməlidir”-Murad Musayev
1 İyul 17:50 SosialSu davamlı inkişafının əsas faktorlarından biridir. İçməli suya və suvarma suyuna olan tələbatının ödənilməsi, aqrar sektorun və sənayenin inkişafı, ekosistemlərin qorunması su ehtiyatlarından asılıdır. Qlobal iqlim dəyişikliyinin törətdiyi fəsadlar: yer səthinin qızması, buzlaqların əriməsi, yağıntının azalması, quraqlığın artması su ehtiyatlarına təzyiqi artırıb. Su ehtiyatlarından səmərəli istifadə və müasir suvarma texnologiyalarının tətbiqi günümüzün zəruri tələblərindən birinə çevrilib. Ekspertlər hesab edir ki, yeni suvarma texnologiyalarının tətbiqi su stressini azalda bilər.
Mövzu ilə bağlı müsahibimz biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayevdir.

-Murad müəllim, su qıtlığının getdikcə dərinləşdiyi bir dövrdə yeni suvarma texnologiyalarının tətbiqi problemin həllini nə dərəcədə kömək edə bilər?
- Son 30 ildə dünyada su çatışmazlığı ciddi şəkildə üzə çıxıb. Bu məsələ yaxın keçmişdə o qədər də aktual sayılmırdı. Lakin indi durum çox dəyişib. Əvvəla, dünya əhalisi artıb. Dünya üzrə, ölkəmiz və susuzluqdan əziyyət çəkən qonşu İranla bağlı məlumatlara nəzər salaq. Dünya əhalisi 1970-ci ildə 3.5 milyard idisə, 1991-ci ildə bu rəqəm 5.4 milyarda çatmışdı. Hazırda isə dünyada 8.3 milyard insan yaşayır. Azərbaycanda bu rəqəm müvafiq olaraq 5.1 mln, 7.2 mln-dur. Hazırda ölkəmizdə 10.3 milyon insan yaşayır. Su qıtlığından əziyyət çəkən İranda əhali son 50 ildə 4 dəfədən çox artıb. Əhalinin artması sənayenin, kənd təsərrüfatının genişlənməsi, şəhərləşmənin artması deməkdir. Bu faktorlar su ehtiyatlarına da təzyiqi artırır. Su ehtiyatlarının azalması qlobal problem olsa da, məsələ Azərbaycan üçün daha aktualdır. Çünki ölkəmiz su ehtiyatlarının həcminə görə, regionda ən pis durumdadır. Azərbaycan Cənubi Qafqaz regionunda su ehtiyatları baxımından ən məhdud imkanlara malik ölkələrdən biridir.
-İqlim dəyişikliyi kənd təsərrüfatında suya olan tələbatı necə dəyişir?
- İqlim dəyişikliyi kənd təsərrüfatına çox ciddi ziyan vurur. Bütün dünyada aqrar sığortaya düşən təzyiqi artırır. Şirkətlər sığortalamaqda maraqlı olmurlar və yaxud qiymətləri artırırlar, bu da fermerlərə sərf etmir. Çünki tez-tez baş verən quraqlıqlar və yaxud normadan artıq yağıntılar, qasırğa, dolu, sel və daşqınlar aqrar sektora ciddi ziyan vurur. Bu, əslində qlobal ekoloji məsələdir, bu məsələni ayrıca götürülmüş bir ölkə həll edə bilməz. Amma hər halda sığortalama və qorunma tədbirləri görmək olar. Əvvəlcədən iqlim vəziyyətini, hava proqnozlarını öyrənmək və ona uyğun addımlar atmaq olar. Məsələn, araşdırmaq olar ki, bu il temperatur, yağıntıların miqdarı necə olacaq, ona uyğun əkin aparmaq olar. Elə bitkilər var ki, su sevən bitkidir. Yağıntının bol dövründə əkilməsi daha yaxşı olar. Elə bitki də var ki, yağıntı çox olanda tələf olur. Elə ərazilər var ki, orada doludan ziyan görməyən yeraltı əkinlər aparmaq mümkündür. Məsələn, kök, çuğundur və s. Pomidor, bibər kimi bitkilər doludan tələf olur. Ona görə də bu məsələlərdə aqraq institutlar fermerlərə dəstək göstərməlidir.
-Quraqlıq şəraitində fermerlər məhsulu qorumaq üçün hansı tədbirləri görməlidir?
-Bununla bağlı regionların fərqi var. Elə region var ki, yay dövründə hədsiz quraqlıq keçir, yaxınlıqda su hövzələri yoxdur, artezian imkanları zəifdir. Burada yaxşı olar ki, suya tələbatı az olan bitkilərin əkini aparılsın. Bu zaman heç olmasa su tələbatı az olur. Bu cür ərazilərdə yay mövsümündə su böhranı yaranırsa, torpaq sahibləri, ya da fermerlər özü çökək yerlərdə su ehtiyatlarının toplanmasını həyata keçirilə bilər. Elə bitkilər var ki, susuz yerdə bitir və torpağı da münbitləşdirir. Bu cür növlərin əkilməsi yaxşı olardı. Bu da mümkün olmayanda bəzən əlacsız qalan əkinçilər su maşınları ilə su gətirib heç olmasa bir-iki dəfə əkinlərini suvara bilirlər.
-Şoranlaşmanın qarşısını almaq üçün hansı tədbirləri görmək faydalı olardı?
-40 il bundan öncə Azərbaycanda sistemləşdirilmiş su meliorasiya sistemi var idi. Kənd təsərrüfatı sahələrində kultivasiya işləri görülürdü, aqrottexniki tədbirlər düzgün həyata keçirilirdi, torpaqların şoranlaşmadan azad olunması üçün yuyulması, duzsuzlaşdırılması aparılırdı. Müəyyən bitkilərin həmin ərazidə əkilərək torpağın münbitliyi bərpa edilirdi. Çox təəssüf ki, indi bu cür tədbirlər görülmür. Acı həqiqətdir ki, Azərbaycanın suvarılan torpaqlarının təxminən 40-50%-i müxtəlif dərəcədə şoranlaşmaya məruz qalıb. Bu, olduqca yüksək rəqəmdir. Əkinə yararlı torpaq fondumuz getdikcə azalır. Bu isə gələcəkdə ciddi problemlər yaradacaq. Burada problem təkcə su idarəçiliyində deyil. Bir sıra bitkilər var ki, onun əkilməsi zamanı torpaq münbitliyini bərpa edir. Amarant bitkisi əkilən ərazilər 1 il ərzində münbit sahəyə çevrilir. Bu bitki torpaqları 4-5 dəfə münbitləşdirir, şoranlaşmadan xilas edir. Növbəti ildə həmin torpaqda başqa bitki əkəndə dəfələrlə artıq məhsul verir. Torpaq artıq sağlam şəkildə bərpa olur. Amarant bitkisi vasitəsilə torpağn münbitləşdirilməsi prosesi, digər üsullarla münbitləşdirmədən 10 dəfə ucuz başa gəlir. Burada məsələn, hektarı 500 manata başa gəlirsə, digər üsulla münbitlədirmə 10 dəfə baha başa gəlir. Amarant əkinçiliyi ilə Azərbaycanın bütün şoran torpaqlarını münbitləşdirmək mümkündür. Aramant çox faydalı, effektiv bitkidir. Yüksək yem dəyərinə malik bitkidir. Tərkibində zülal, amin turşuları, vitaminlər və minerallar zəngin olduğuna görə heyvandarlıqda qiymətli yem bitkisi hesab olunur. Tədqiqatlar sübut edir ki, balanslaşdırılmış yem rasionunda istifadə edildikdə heyvanlarda süd məhsuldarlığının artmasına kömək edə bilər. Həmçinin heyvanların çəki artımını və inkişafını yaxşılaşdıra bilər. Bundan başqa amarant insanlarda bir sıra xəstəliklərin müalicəsində, o cümlədən kosmetoloji məqsədlər üçün istifadə edilir. Toxumundan yağ çəkilir, çayı içilir. Heyvanlara silos kimi verilir. İstənilən şəraitdə bitir və suya tələbatı çox azdır. Yeri gəlmişkən, bununla bağlı layihə həyata keçiririk. Saatlı və Ucar rayonlarında müvafiq təcrübə sahəsi götürmüş, orada amarant bitkisi əkmişik. Məqsədimiz şoran torpaqların münbitləşdirilməsində əkinçilərimizə dəstək verməkdir.
-Yağış sularının toplanması və təkrar istifadəsi fermerlər üçün nə dərəcədə faydalıdır? Yağış sularının depolanması fərdi qaydada həyata keçirilə bilərmi? Yəni fərdi yaşayış evlərində bu sistemi quraşdırmaq olarmı?
- Yağış sularının depolanmasını ev ətrafında bağ sahələri olan insanlar daha rahat şəkilə edə bilərlər. Kəndlərdə yaşayış evinin ətrafında 20-30-40 sot əkin sahəsi, bağ olur. Bəzi rayonlarda həmin bağ sahəsinin suvarılmasında çətinliklər yaranır. Evlərin, qarajların, tövlələrin damında yağış novları düzəldilməli, həyətin bir hissəsində yeraltı və ya yerüstü hovuz tikilməli, yağış suyu həmin novlar vasitəsilə hovuza tökülər. Bu xərci bir dəfə çəkib müəyyən miqdar su toplamaq mümkündür. Rəsmi qurumlar da sahibkara yağış kanalizasiyasını qurmaq üçün
müəyyən dotasiyalar ayırmalıdır. 30-40 sot sahənin cəmi 1 sotunu ayırmaqla bu xırda su anbarını yaratmaq olar. Bu balaca su anbarının səthi beton olsa yaxşı olar. Bu, suyun topraq tərəfindən əmilməsinin qarşısını alar. Üstü də bağlansa buxarlanmanın qarşısını almaq olar. Bu sudan zəruri hallarda-məsələn, iyul-avqust aylarında meyvə ağacları qurumasın deyə istifadə etmək olar. Balaca bir su anbarından su mühərriki vasitəsilə suyu çəkib ağacları 4-5 dəfə suvarmaq mümkündür. Bunu rəsmi qurumlar, kənd camaatı da edə bilər. Məsələn, insanlar müəyyən məğləğ toplayıb, tikinti materilları alır, kəndin müəyyən ərazisində, hansısa bir tikilinin ətrafında bunu edə bilər. Ümumiyyətlə, müvafiq qurumlar müəyyən ərazilərdə yağış sularının depolanması layihəsi üzrə işlərə başlamalıdır. Xüsusilə su çatışmazlığı yaşayan bölgələrdə. Xırda su anbarları yaradılmalıdır ki, ən zəruri hallarda fermerlər ondan istifadə edə bilsinlər. Dağ çaylarında xırda su anbarlarının yaradılması günün tələbinə çevrilib. Rəsmi qurumların dağ çayları üzərində 50-yə dək su anbarının yaradılması ilə bağlı göstərişi də var. Son dövrlər bir neçə su anbarı yaradılıb. Bunun nəticəsinə milyonlarla hektar ərazi suvarmaya cəlb olunub. Əlavə 50 su anbarı da olsa, fermerlərə böyük dəstək olar. Mümkün olan bütün yerlərdə yeni artezian quyularının qazılması yaxşı olardı. Bəzi yerlərdə yeraltı su mənbələri var. Ondan istifadə etmək lazımdır. Hətta kanalizasiya sularının təkrar emal edilməklə istifadəsi mümkündür. Yeri gəlmişkən, məişət suları təkrar emala gedərsə, ondan yaşıllaşdırmada, bağçılıqda, avtoyumada istifadə etmək mümkün olar. Bu, içməli suya xeyli qənaət deməkdir. Aqrar sektorda damcılı, çiləmə suvarmadan istifadə genişləndirilməlidir. Damcılı suvarma müasir kənd təsərrüfatında ən çox istifadə olunan sistemdir. Bu üsul su ehtiyatlarından səmərəli istifadəni təmin edir. Damcılı suvarma suyun birbaşa bitkinin kökünə və ya əkin sahəsinə normaya uyğun şəkildə verilməsinə imkan yaradır, su itkisini minimum endirir. Damcılı suvarma sistemini tətbiq etməklə həm suya qənaət edilir, həm də məhsuldarlıq artır, bitkilərin sağlam inkişafı üçün əlverişli şərait formalaşır. Selləmə suvarmadan fərqli olaraq, damcılı, çiləmə və yağmurlama suvarma sistemləri eroziyanın, şoranlaşmanın qarşısını alır.
Aysel
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" layihəsi çərçivəsində hazırlanmışdır. Bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".