Tarixi abidələrə münasibətimiz: Qoruyuruq, yoxsa unuduruq?

Hər bir xalqın keçmişi onun bu gününü formalaşdıran, gələcəyinə istiqamət verən ən mühüm mənəvi sərvətdir. Bu keçmiş isə təkcə tarix kitablarının səhifələrində deyil, əsrlərin sınağından çıxaraq bu günümüzə gəlib çatan tarixi abidələrdə yaşayır. Qədim qalalar, məbədlər, məscidlər, körpülər, karvansaralar, yaşayış məskənləri, türbələr və memarlıq nümunələri xalqın yaddaşını özündə yaşadan canlı tarixdir. Düşübürəm ki, hər daşın, hər divarın, hər naxışın arxasında bir dövrün nəfəsi, bir xalqın həyat tərzi, dünyagörüşü, mədəniyyəti və mənəvi dəyərləri dayanır. Məhz buna görə də tarixi abidələr yalnız memarlıq nümunəsi deyil, həm də milli kimliyimizin, dövlətçilik tariximizin və mədəni irsimizin ayrılmaz hissəsidir.
Tarix insan yaddaşı qədər kövrəkdir. Yazılı mənbələr zamanla itib-bata, rəvayətlər unudula, nəsillərin xatirələri dəyişə bilər. Lakin tarixi abidələr əsrlər boyu susaraq danışmağı bacaran nadir şahidlərdir. Onlar müxtəlif dövrlərin siyasi hadisələrini, iqtisadi inkişafını, memarlıq məktəblərini, sənətkarlıq ənənələrini və insanların yaşam tərzini özündə əks etdirir. Məncə bir şəhərin və ya kəndin qədim tikilisi təkcə həmin ərazinin deyil, bütöv bir xalqın keçdiyi tarixi yol haqqında mühüm məlumat mənbəyidir. Buna görə də tarixi abidələrə münasibət əslində xalqın öz tarixinə, kökünə və kimliyinə münasibətinin göstəricisidir.
Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biri kimi zəngin tarixi-mədəni irsə malikdir. Minilliklər boyu müxtəlif sivilizasiyaların qovuşduğu bu torpaqlarda saysız-hesabsız maddi-mədəniyyət nümunələri formalaşıb. Qədim şəhərlər, müdafiə qalaları, dini məbədlər, körpülər, hamamlar, karvansaralar və yaşayış kompleksləri bu gün də xalqımızın keçmişindən xəbər verir. Hər biri fərqli dövrün izlərini daşıyan bu abidələr Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin və yüksək memarlıq ənənələrinin ən etibarlı sübutlarıdır. Onların qorunması təkcə milli məsələ deyil, eyni zamanda bəşəri dəyərin yaşadılması deməkdir.

Tarixi irs bir ölkənin beynəlxalq nüfuzunun formalaşmasında da mühüm rol oynayır. Dünyanın inkişaf etmiş ölkələri öz tarixi abidələrini təkcə qorumaqla kifayətlənmir, onları elm, təhsil, turizm və iqtisadi inkişafın vacib elementinə çevirirlər. Tarixi məkanlar milyonlarla turistin maraq göstərdiyi ünvanlara çevrilir, şəhərlərin simvolu olur, ölkələrin mədəni diplomatiyasına xidmət edir. Çünki keçmişini qorumağı bacaran xalq gələcəyini daha möhkəm qurur. Tarixi irsin yaşadılması həm də gələcək nəsillərə ötürülən ən qiymətli mənəvi sərmayələrdən biridir.
Müasir dövrdə sürətli urbanizasiya, yeni tikinti layihələri, iqlim dəyişiklikləri, təbii aşınma və insan məsuliyyətsizliyi tarixi abidələrin qorunmasını daha da aktual məsələyə çevirib. Bəzən əsrlərlə ayaqda qalmış tikililər laqeyd münasibət, nəzarətsizlik və ya düzgün aparılmayan bərpa işləri nəticəsində öz tarixi simasını itirir. Digər hallarda isə bəzi abidələr uzun illər diqqətdən kənarda qalır, baxımsızlıq ucbatından tədricən dağıntıya məruz qalır. Təəssüf ki, bəzən insanlar tarixi məkanlara ekskursiya və ya istirahət yeri kimi yanaşır, onların üzərinə yazılar yazır, divarlarına zərər vurur, ətraf mühiti çirkləndirirlər. Halbuki bu cür davranış təkcə bir tikiliyə deyil, bütöv bir xalqın yaddaşına vurulan zərbədir.
Son illərdə Azərbaycanda tarixi-mədəni irsin qorunması istiqamətində mühüm addımlar atılıb. Bir çox tarixi abidələr bərpa edilir, işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix və mədəniyyət nümunələrinin bərpası istiqamətində geniş layihələr həyata keçirilir. Bu, dövlət səviyyəsində tarixi irsə verilən önəmin göstəricisidir. Lakin tarixi abidələrin qorunması yalnız dövlət qurumlarının və mütəxəssislərin üzərinə düşən vəzifə deyil. Bu məsuliyyət cəmiyyətin hər bir üzvünə aiddir. Çünki tarix ortaq mirasdır və onun qorunması yalnız bir qurumun deyil, bütöv cəmiyyətin birgə məsuliyyətidir.
Düşünürəm ki, tarixi abidələrin gələcəyi həm də gənc nəslin tarixə münasibətindən asılıdır. Əgər uşaqlar və gənclər məktəb illərindən öz ölkələrinin tarixini, memarlıq irsini və mədəni sərvətlərini tanıyaraq böyüyərlərsə, gələcəkdə bu dəyərlərin qorunmasına daha həssas yanaşacaqlar. Tarix sevgisi yalnız dərsliklərlə formalaşmır. Tarixi məkanlara ekskursiyalar, maarifləndirici layihələr, mədəni tədbirlər, sənədli filmlər və media materialları bu istiqamətdə mühüm rol oynayır. İnsan tanıdığı və dəyərini bildiyi irsi qorumağa daha çox çalışır.
Tarixi abidələr xalqın yaddaş kitabıdır. Onlar keçmişlə gələcək arasında qurulan ən möhkəm körpüdür. Hər bir daşında bir ömür, hər bir divarında bir əsr, hər bir memarlıq elementində isə bir xalqın düşüncə tərzi yaşayır. Bu abidələrə sahib çıxmaq yalnız tarixə hörmət deyil, həm də milli kimliyimizi, mədəniyyətimizi və dövlətçilik ənənələrimizi yaşatmaq deməkdir. Əgər biz bu gün tarixi irsimizi qoruya bilsək, gələcək nəsillər də öz keçmişini kitablardan deyil, canlı tarix nümunələrindən öyrənəcək. Əks halda, itirilən hər bir abidə ilə birlikdə tariximizin bir səhifəsi də geri dönüşü olmayan şəkildə silinmiş olacaq.

Bəs bu gün cəmiyyət olaraq tarixi abidələrə münasibətimiz hansı səviyyədədir? Tarixi abidələrin gələcəyini təmin etmək üçün dövlət, mütəxəssislər və cəmiyyət birlikdə hansı addımları atmalıdır? Bu suallar ətrafında düşünmək və cavab axtarmaq hər birimizin tarix qarşısındakı məsuliyyətidir.

Mövzu ilə bağlı daha ətraflı tarixçi alim Zaur Əliyev Olaylar.az-a açıqlama verib: 

" Tarixi abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin "arxivi", səhifələridir. Tarixi-dini abidələr isə xalqın təkcə tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Vətənimizin hər bir bölgəsi qədim mədəniyyət abidələri ilə zəngindir. Elə bir rayonumuz və ya şəhərimiz yoxdur ki, orada tarixi-memarlıq abidələri olmasın. Onların hər biri özündə bir tarix yaşadır. Son illərdə bəzi tarixi və arxeoloji abidələrimiz diqqətdən kənarda qalaraq baxımsız vəziyyətə düşür və nəticədə müəyyən vaxtdan sonra bəzilərinin itirilməsi təhlükəsi yaranır. Xalqımızın mədəniyyəti, tarixi irsimizlə hər kəsi təəccübləndirmək mümkündür və nəzərə almaq lazımdır ki, ölkəmiz yalnız şəhər mərkəzindən ibarət deyil. Təəssüf ki, şəhərimizdə də bəzi tarixi abidələrimiz baxımsızlıq üzündən dağılıb tarixdən silinir. Mən dəfələrlə mediada çıxış etmişəm bu abidələrlə bağlı
Azərbaycanın bütün coğrafiyasına daxil olan ərazilərdə yüzlərlə maraqlı abidələr var. Amma onlar baxımsızlıqdan getdikcə daha bərbad vəziyyətə düşür. Tədqiq olunmaması, tarixləri barədə turistləri maraqlandıracaq məlumatların əldə edilməməsi də bir başqa problemdir. 
Azərbaycan tarixinin yaddaşı olan abidələr, kilsələr, məscidlərlə əhatələnib. Amma ürək dağlayan vəziyyətdə olan nümunələr bu harmoniyanı pozur. Bunlar restavrasiya olunarsa, təmir edilərsə, əcnəbi turistlərdə də böyük maraq oyadar. Xalqımızın mədəniyyəti, tarixi irsimizlə hər kəsi təəccübləndirmək mümkündür 

Azərbaycan Konstitusiyasında yazılır ki, tarix və mədəniyyət abidələrini qorumaq müvafiq qurumların və hər bir şəxsin borcudur. Gəlin abidələrimizi, tarixi irsimizi, keçmişimizi qoruyaq, gələcək nəsillərə qədimiliyimizi sübut edəcək layiqli miras qoyaq.  
Gənc nəslin tarixi irsə marağını artırmaq üçün təhsil proqramları rəqəmsallaşdırılmalı, muzeylərə interaktiv ekskursiyalar təşkil edilməli və gənclərin könüllü olaraq abidələrin bərpasında iştirakı təmin edilməlidir. Dövlət hüquqi baza və maliyyə dəstəyi təmin etməli, cəmiyyət isə bu irsi qoruyub təbliğ etməkdə birbaşa məsuliyyət daşımalıdır Bəzi abidələr bərpa edilərkən onların müasirləşdirilməsinə yol verilib, qədim dövrlərdə, orta əsrlərdə qalan tikinti texnikası nəzərə alınmayıb. Onların daha möhkəm olması üçün sementlə bərkidilməsi,  daha yaxşı görünməsi üçün boyanması hallarına rast gəlirik ki, bu da yolverilməzdir. Hər hansı tarixi abidənin gözəlliyi onun tarixi görkəminin olmasıdır. Yəni onun üzərinə boya vurmaq, onu gözəlləşdirmək və yaxud da müəyyən mozaika ilə onun yaxşı görünməsinə çalışmaq yolverilməzdir. Abidə olduğu kimi, orijinal şəkildə bərpa olunmalıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31