Gözümüzün öyrəşdiyi mənzərə: Müasir binalar niyə bir-birinə bənzəyir?

Memar Cahid Həsənov: "Milli ornamentlər binanın xarakterini və fərdiliyini formalaşdırır"

Şəhərlər təkcə insanların yaşadığı məkanlar deyil, həm də onların yaddaşını, mədəniyyətini və estetik dünyagörüşünü özündə yaşadan canlı tarix kitabıdır. Bir küçənin döngəsində rast gəlinən qədim daş bina, incə işlənmiş eyvan məhəccəri, naxışlı pəncərə çərçivəsi və ya ustalıqla yonulmuş fasad bəzəyi bəzən onlarla kitabın danışa bilmədiyi bir dövrün ruhunu yaşada bilir. Memarlıq əsrlər boyu sadəcə tikinti sənəti olmayıb, o, cəmiyyətin zövqünü, həyat tərzini, dünyaya baxışını və milli kimliyini əks etdirən ən mühüm sənət sahələrindən biri kimi formalaşıb. Son onilliklərdə isə şəhərlərin siması sürətlə dəyişir. Əhalinin artması, urbanizasiya prosesinin genişlənməsi, yeni yaşayış komplekslərinə artan tələbat və tikinti sektorunda müasir texnologiyaların tətbiqi memarlığa da öz təsirini göstərib. Vaxtilə memarların hər binaya fərdi yanaşması ilə seçilən küçələrin yerində bu gün çox vaxt eyni memarlıq prinsipləri əsasında layihələndirilmiş, oxşar görünüşə malik tikililər yüksəlir. Bu dəyişiklik bir tərəfdən şəhərlərin inkişafının təbii nəticəsi sayılsa da, digər tərəfdən estetik müxtəlifliyin tədricən azalması ilə bağlı müzakirələri də gündəmə gətirir. Memarlıq təkcə beton, daş və şüşədən ibarət konstruksiya deyil. O, insanların hər gün baxdığı mənzərəni formalaşdırır, şəhərlə bağlı ilk təəssüratı yaradır və uzun illər yaddaşlarda qalacaq vizual kimliyi müəyyənləşdirir. Elə buna görə də dünyanın bir çox ölkələrində yeni tikililər inşa edilərkən yalnız texniki göstəricilər deyil, onların şəhərin tarixi mühiti, memarlıq ənənələri və estetik bütövlüyü ilə nə dərəcədə uzlaşdığı da diqqət mərkəzində saxlanılır. Çünki şəhərin memarlıq siması onun vizit kartı olmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək mədəni irsin də ayrılmaz hissəsidir. Azərbaycanda da son illər tikinti sektorunun sürətli inkişafı şəhər mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirib. Müasir yaşayış kompleksləri, biznes mərkəzləri və çoxmərtəbəli binalar şəhərlərin inkişaf tempini göstərsə də, memarlıqda milli üslubun, dekorativ elementlərin və estetik fərdiliyin qorunması məsələsi zaman-zaman ictimai müzakirələrin mövzusuna çevrilir. Memarlıq sahəsində çalışan mütəxəssislər hesab edirlər ki, şəhərlərin gələcək inkişafı planlaşdırılarkən müasir memarlıq ilə tarixi irsin uzlaşdırılması, funksionallıqla estetik dəyərin balanslaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bəs müasir şəhərsalmada memarlıq estetikası əvvəlki dövrlərlə müqayisədə niyə dəyişib? Dekorativ memarlıq elementlərinin azalmasının əsas səbəbləri nədir? Yeni tikililərdə milli memarlıq üslubunun qorunması mümkündürmü?

Mövzunu memar Cahid Həsənov Olaylar.az-a şərh edib. Memar bildirib ki, əvvəlki dövrlərdə inşa olunan tikililərdə biz oyma sənətinə və milli memarlıq elementlərinə çox geniş şəkildə rast gəlirik. Həmin dövrdə inşa edilən binaların memarlıq üslubu sadəcə funksionallığı ilə deyil, həm də estetik görünüşü ilə seçilirdi. Binaların fasadlarında müxtəlif oyma ornamentlərdən, milli naxışlardan və zəngin bəzək elementlərindən istifadə olunurdu. Bu elementlər tikililərə xüsusi görünüş verir, onların memarlıq dəyərini daha da artırırdı. Üzlük materiallarında, eyvanlarda, sütunlarda, hətta pəncərələrin çərçivələrində belə milli üsluba uyğun ornamentlərə, formalara və müxtəlif memarlıq detallarına yer verilirdi. Bütün bunlar tikilinin ümumi görünüşünü daha estetik, daha zəngin və daha cəlbedici edirdi. Həmin dövrün memarlığına baxdıqda görürük ki, hər bir detal üzərində xüsusi işlənilib, hər bir ornament müəyyən zövqün və memarlıq ənənəsinin davamı kimi tətbiq olunub. Müstəqillik əldə olunduqdan sonra isə dünya memarlığında və şəhərsalma sahəsində modern üslubun yeni bir epoxası yarandı. Müasir memarlıq prinsipləri dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da geniş tətbiq edilməyə başladı. Təbii ki, bu gün də həmin üslub üstünlük təşkil edir və nəticədə klassik ornamentlərdən, oyma naxışlardan və dekorativ memarlıq elementlərindən istifadə bir qədər ikinci plana keçib. Yeni tikilən binalarda daha çox sadə xətlərə, müasir formaya və minimalistik memarlıq həllərinə üstünlük verilir. Lakin bu o demək deyil ki, xüsusilə tarixi binaların yaxınlığında inşa olunan tikililərdə bu cür memarlıq elementləri tamamilə unudulmalı və ya onlardan imtina edilməlidir. Əksinə, belə ərazilərdə yeni tikilən binalar mövcud tarixi memarlıq mühitinə uyğunlaşdırılmalı, həmin mühitin ruhunu qoruyub saxlayan memarlıq həllərinə üstünlük verilməlidir. Çünki şəhərin memarlıq simasının bütövlüyü və estetik harmoniyası məhz bu cür yanaşmalar sayəsində qorunub saxlanıla bilər. Burada ən mənfi hallardan biri ondan ibarətdir ki, şəhərdə yaşayış binalarını inşa edən MTK-lar tərəfindən bu məsələyə kifayət qədər diqqət yetirilmir. Modern üsluba üstünlük verildiyi üçün yeni memarlıq və şəhərsalma prinsiplərində əsas diqqət sadə, müasir və standart görünüşə yönəldilir. Bu səbəbdən də milli memarlıq elementləri, ornamentlər və dekorativ naxışlar bir çox hallarda layihələrdə nəzərə alınmır. Halbuki əvvəllər tikilən üç-dörd mərtəbəli daş binalarda üzlük materiallarından, xüsusilə ağlay daşından geniş istifadə olunurdu və həmin binaların memarlıq üslubu bu gün də öz gözəlliyini, öz dəyərini və estetik görünüşünü qoruyub saxlayır. O tikililər uzun illər keçməsinə baxmayaraq bu gün də şəhərin memarlıq irsinin mühüm nümunələri hesab olunur və insanların diqqətini cəlb edir.

Memarın sözlərinə görə, xüsusilə fərdi yaşayış evlərində bunun şahidi oluruq. Daha çox regionlarımızda və Bakının kəndlərində, bağ evlərinə və dəniz istiqamətinə gedən yollar boyunca inşa olunan iki və üçmərtəbəli fərdi yaşayış evlərində, sovet dövrü ilə müqayisədə, yontma sənətindən daha geniş istifadə edilir. Bu evlərin fasadlarında ağlay daşından hazırlanmış müxtəlif yontmalar, bəzəklər, dizayn elementləri, memarlıq detalları, fiqurlar və milli naxışlar tətbiq olunur. Bu elementlər evlərin xarici görünüşünə xüsusi zəriflik və estetik gözəllik verir. Fasadlarda işlənilən hər bir detal ümumi memarlıq kompozisiyasının ayrılmaz hissəsinə çevrilir və binanın görünüşünü daha dolğun göstərir. Bu bəzəklər təkcə üzlük materiallarında deyil, eyvanlarda da öz əksini tapır. Dəmir barmaqlıqlarda müxtəlif ornamentli naxışlar işlənir, dekorativ manqallar, gül qabları və digər memarlıq elementləri hazırlanır. Eyvanların məhəccərlərində, pilləkənlərin korkuluklarında, hasarlarda və digər dekorativ hissələrdə də milli ornamentlərdən istifadə olunur. Bu isə tikilinin ümumi memarlıq görünüşünü daha da zənginləşdirir və ona fərqlilik qazandırır. Görünür ki, fərdi yaşayış evlərində insanlar bu cür bəzək elementlərinə daha çox üstünlük verirlər və milli memarlıq ənənələrini müəyyən qədər yaşatmağa çalışırlar. Bəli, bu, çox gözəl bir haldır və bizim tarixi memarlığımızın əsas xüsusiyyətlərindən birini təşkil edir. Milli ornamentlər, oyma sənəti və dekorativ memarlıq elementləri tarixən Azərbaycan memarlığının ayrılmaz hissəsi olub. Bu ənənələrin davam etdirilməsi həm memarlıq baxımından, həm də milli-mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Sahibkarlar da, xüsusilə yeni binalar inşa edərkən, çox yaxşı olar ki, binaların əsas və yan fasadlarında mütləq ornamentlərdən, naxışlardan, müxtəlif dizayn elementlərindən və memarlıq detallarından istifadə etsinlər. Bu cür yanaşma həm tikilinin estetik görünüşünü zənginləşdirər, həm də milli memarlıq ənənələrinin yaşamasına öz töhfəsini verər. Bu, həm binanın ümumi görünüşünə yüngüllük və sakitlik gətirir, həm də onu daha təmtəraqlı və estetik baxımdan daha cəlbedici göstərir. Ornamentlər və memarlıq detalları sadəcə dekorativ element deyil, eyni zamanda binanın xarakterini formalaşdıran mühüm memarlıq vasitələridir. Onlar tikiliyə fərdilik qazandırır, onu digər binalardan fərqləndirir və daha zövqlü görünməsini təmin edir. Demək olar ki, bu, zinət əşyaları taxmış bir xanıma bənzəyir. Necə ki, zinət əşyaları insanın gözəlliyini və zərifliyini daha da ön plana çıxarır, eləcə də ornamentlər, memarlıq detalları və incə naxışlar binaya xüsusi gözəllik, zəriflik və təmtəraq bəxş edir. Yəni həmin bəzək elementləri binanın memarlıq dəyərini artırır, onun ümumi görünüşünü tamamlayır və daha baxımlı hala gətirir. Ona görə də çox arzuolunan hal olardı ki, şəhərsalmada bu kimi memarlıq elementlərinin tətbiqinə daha geniş yer verilsin. Yeni layihələr hazırlanarkən milli ornamentlərin, klassik memarlıq detallarının və ənənəvi bəzək elementlərinin istifadəsi imkan daxilində nəzərə alınmalıdır. Bu yanaşma həm müasir memarlıq prinsiplərinə uyğun ola bilər, həm də milli memarlıq irsimizin davamlılığını təmin edə bilər. Belə olduqda şəhərlərimizin memarlıq siması daha zəngin, daha estetik və milli xüsusiyyətlərini qoruyub saxlayan bir görünüş qazanmış olar.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31