Bir anlıq həyəcan, uzunmüddətli sarsıntı: Qorxu evləri nə dərəcədə təhlükəsizdir?
22:00 SosialƏyləncə anlayışı illər keçdikcə dəyişir və hər dövr özünəməxsus maraq dairəsi formalaşdırır. Bir zamanlar uşaqların və yeniyetmələrin asudə vaxtı daha çox idman meydançalarında, parklarda və müxtəlif yaradıcı fəaliyyətlərlə keçirdiyi halda, bu gün rəqəmsal dünyanın və yeni əyləncə sənayesinin təsiri ilə fərqli seçimlər ön plana çıxır. Son illərdə xüsusilə qorxu elementləri üzərində qurulan əyləncə məkanları, interaktiv oyunlar və müxtəlif ssenarilər əsasında təşkil olunan "qorxu evləri" gənclər arasında geniş maraq qazanıb. Sosial şəbəkələrdə yayılan videolar, dost çevrəsinin təsiri və fərqli hisslər yaşamaq istəyi bu məkanlara marağın daha da artmasına səbəb olur. Lakin əyləncə məqsədi ilə yaradılan bu məkanlar ətrafında son dövrlər müzakirələr də intensivləşib. Valideynlər və ictimaiyyət nümayəndələri bildirirlər ki, bəzi hallarda qorxu evlərində nümayiş etdirilən səhnələr, qəfil təsir üsulları və iştirakçılarla davranış forması xüsusilə azyaşlılar üçün gözlənilməz nəticələr yarada bilər. Məhz buna görə də bu məkanların fəaliyyət prinsipləri, təhlükəsizlik qaydaları və yaş məhdudiyyətlərinin necə tətbiq olunduğu cəmiyyətdə ciddi maraq doğurur. Məsələ təkcə əyləncə seçimi ilə məhdudlaşmır. Burada söhbət uşaqların və yeniyetmələrin yaş xüsusiyyətlərinə uyğun olmayan təcrübələrlə qarşılaşmasının mümkün nəticələrindən, valideyn nəzarətinin rolundan və bu sahədə mövcud mexanizmlərin nə dərəcədə effektiv olmasından gedir. Xüsusilə azyaşlıların belə məkanlara girişinə nəzarətin necə həyata keçirildiyi, onların təhlükəsizliyinin hansı üsullarla təmin olunduğu və bu xidmətləri göstərən müəssisələrin məsuliyyəti də müzakirə olunan əsas məsələlər sırasındadır. Bəs qorxu evləri həqiqətən də sadəcə adrenalin yaşadan əyləncə məkanıdır, yoxsa müəyyən yaş qrupları üçün psixoloji risklər də daşıya bilər? Azyaşlıların bu məkanlara buraxılması hansı meyarlar əsasında tənzimlənməlidir? Valideynlər övladlarının bu cür əyləncələrə marağına necə yanaşmalıdır?
"Son on ildə uşaqların və yeniyetmələrin qorxu evlərinə maraq göstərdiyinin şahidi olmuşuq. Ümumiyyətlə, son dövrlərdə bu cür əyləncə məkanlarına marağın artdığı müşahidə olunur. Bununla yanaşı, qorxu oyunlarına maraq göstərənlərin, eləcə də qorxu filmlərinə baxmağa üstünlük verənlərin sayı da kifayət qədər çoxalıb. Əslində, qorxu evləri, qorxu oyunları və qorxu filmləri insanda adrenalin hissi yaratsa da, onların insanın psixoloji vəziyyətinə və əhval-ruhiyyəsinə mənfi təsirləri də az deyil. İlk baxışdan bunlar sadəcə əyləncə vasitəsi kimi görünsə də, bəzi insanlar üçün bu təcrübələr düşündüyümüzdən daha ciddi psixoloji nəticələr yarada bilir. Ona görə də bu məsələyə yalnız əyləncə prizmasından yanaşmaq düzgün olmaz".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Ahəng PRİM rəhbəri, Ahəng İB sədri, psixoloq Vüsalə Əmiraslanova deyib. Psixoloq bildirib ki, hər bir insan ilk növbədə öz xarakterini tanımalı, özünün psixoloji xüsusiyyətlərini bilməli və hansı hallara necə reaksiya verdiyini dərk etməlidir. İnsan özündə olan qorxuları, həssas olduğu məqamları və psixoloji baxımdan zəif tərəflərini tanıdıqda, bu cür mühitlərin ona necə təsir göstərə biləcəyini də daha yaxşı qiymətləndirə bilər. Çünki bir insan üçün sadəcə adrenalin mənbəyi hesab olunan bir təcrübə, başqa bir insanın həyatında ciddi psixoloji sarsıntıya səbəb ola bilər. Bir nəfər həmin mühiti adi bir əyləncə kimi qəbul edib qısa müddət sonra bunu unuda bilər, digəri isə həmin qorxu hissini uzun müddət yaşaya bilər. Yəni hər kəs bu cür təcrübələrə eyni şəkildə reaksiya vermir və insanların psixoloji davamlılığı bir-birindən fərqlənir.
Psixoloqun fikrincə, burada yaş kateqoriyası mütləq nəzərə alınmalıdır. Hansı yaşda olan uşaqların qorxu evlərinə getdiyi, hansı yaşda qorxu filmlərinə baxdığı və ya qorxu oyunları oynadığı diqqətdə saxlanılmalıdır. Çünki uşaqların psixoloji inkişaf mərhələləri fərqlidir və hər yaş dövrünün öz xüsusiyyətləri var. Məhz buna görə də onların hansı məzmunla qarşılaşdığına diqqət yetirmək vacibdir. Xüsusilə kiçik yaşlı uşaqlar real hadisə ilə uydurma hadisə arasındakı fərqi hər zaman tam şəkildə ayırd edə bilmirlər. Bu səbəbdən də qorxu elementləri onların psixologiyasına daha dərin təsir göstərə bilər. Ümumiyyətlə, mən məsləhət görərdim ki, psixoloji gərginliyin bu qədər artdığı, insanların stressə daha meylli olduğu bir dövrdə nəinki yeniyetmələr, hətta gənclər də özlərini bu cür məkanlardan və fəaliyyətlərdən qorusunlar. Müasir dövrdə insanların gündəlik həyatında kifayət qədər stress amilləri mövcuddur. Təhsil, iş həyatı, sosial münasibətlər və digər müxtəlif səbəblər onsuz da insanın psixoloji yükünü artırır. Belə olan halda əlavə olaraq insanın qorxu və gərginlik hissini artıran mühitlərə daxil olması bəzi hallarda mənfi nəticələr doğura bilər. Çünki əgər məqsəd adrenalin hissi yaşamaqdırsa, bunun üçün çox fərqli vasitələr mövcuddur. İnsanlar idman fəaliyyətləri ilə məşğul olmaqla, müxtəlif aktiv istirahət növlərini seçməklə və ya başqa sağlam fəaliyyətlər vasitəsilə də həmin hissi yaşaya bilərlər. Adrenalin əldə etmək üçün mütləq qorxu filmlərinə baxmaq, qorxu evlərinə getmək və ya qorxu oyunları oynamaq əsas deyil. Bu hissi yaradan alternativ vasitələr kifayət qədər çoxdur və onlar insanın psixoloji vəziyyətinə daha az mənfi təsir göstərə bilər. İnsanların xarakteri bir-birindən fərqlənir. Elə insanlar var ki, xaraktercə özünəqapanıqdır, elələri də var ki, daha aktivdir. Bəziləri yaşadığı qorxu hissini ifadə edir, bu barədə danışır, hisslərini bölüşür və nəticədə həmin qorxu hissi müəyyən qədər azalır. İnsan qorxusunu ifadə etdikcə, onu bölüşdükcə daxili gərginliyi də tədricən azalır. Ancaq elə insanlar da var ki, qorxurlar, amma bunu heç kimlə bölüşmürlər. Onlar yaşadıqları hissləri öz daxilində saxlayırlar. Bu zaman həmin qorxu onların şüuraltına təsir edir və nəticədə həmin hiss onların yuxularına da əks oluna bilir. İnsan bunu gündəlik həyatında hiss etməsə belə, gecə yuxularında həmin qorxunu yenidən yaşaya bilər. Yuxu rejimi pozulduqda insan gündəlik həyatında narahatlıq hiss etməyə başlayır. Gecələr rahat yata bilmədikdə, səhər oyandıqda özünü gümrah hiss etmir, gün ərzində yorğunluq yaşayır, diqqətini cəmləməkdə çətinlik çəkə bilir. Yuxu keyfiyyətinin aşağı düşməsi insanın ümumi psixoloji vəziyyətinə də təsir göstərir. İnsan özünü daha gərgin, daha narahat və daha həssas hiss edə bilir. Bütün bunlar isə nəticə etibarilə əsəb sisteminə mənfi təsir göstərir. Uzun müddət davam edən bu hallar insanın gündəlik həyat keyfiyyətini də aşağı sala bilər.
"Valideynlərin diqqət yetirməli olduğu əsas məsələ də budur ki, uşaqlarının kiçik yaşlarından etibarən qorxu filmlərinə baxmağa və qorxu oyunlarına maraq göstərməsinin qarşısını alsınlar. Valideynlər uşaqların hansı məzmunu izlədiyinə, hansı oyunları oynadığına və vaxtlarını necə keçirdiklərinə diqqət yetirməlidirlər. Xüsusilə kiçik yaşlardan formalaşan vərdişlər sonrakı dövrlərdə də davam edə bildiyi üçün bu məsələyə vaxtında nəzarət etmək vacibdir. Ümumiyyətlə, onların qorxu evlərinə getməsini də tövsiyə etməzdim. Hesab edirəm ki, xüsusilə uşaqların və yeniyetmələrin psixoloji sağlamlığının qorunması baxımından bu cür məkanlardan uzaq durmaları daha məqsədəuyğundur", - deyə psixoloq vurğulayıb.
Səidə Ramazanova