Qələm, yoxsa klaviatura? Əl yazısı niyə dəyərini itirir?

Qələm insanın düşüncəsini kağız üzərində görünən izə çevirən ən qədim vasitələrdən biridir. Min illər boyu məktublar, gündəliklər, elmi qeydlər, müqavilələr, ədəbi əsərlər və tarixi sənədlər məhz əl yazısı ilə qələmə alınıb. Yazı yalnız məlumatın ötürülməsi vasitəsi olmayıb, həm də insanın düşüncə tərzini, hisslərini, fərdiliyini və dövrünün ruhunu əks etdirən mədəni irs nümunəsi kimi qəbul edilib. Bu baxımdan hər bir əl yazısı öz sahibinin xarakterini, duyğularını və dünyagörüşünü müəyyən mənada əks etdirən unikal iz sayılır.

Məncə, yazının tarixində ən böyük dəyişikliklərdən biri rəqəmsal texnologiyaların həyatımıza daxil olması ilə baş verdi. Kompüterlər, planşetlər və ağıllı telefonlar gündəlik həyatımızı xeyli asanlaşdırdı. İndi bir neçə saniyə ərzində qeydlər aparmaq, sənədlər hazırlamaq, məktub göndərmək, hətta rəsmi imza atmaq mümkündür. Sürət və rahatlıq baxımından rəqəmsal vasitələr böyük üstünlük qazansa da, bu inkişafın müəyyən mənfi tərəfləri də özünü göstərməyə başlayıb. Onlardan biri də əl yazısının gündəlik həyatımızdakı yerinin getdikcə kiçilməsi, qələm və kağızdan istifadənin əvvəlki qədər geniş yayılmamasıdır.

Bu gün bir çox insan gün ərzində demək olar ki, heç nəyi əl ilə yazmır. Alış-veriş siyahıları telefonda hazırlanır, dərs qeydləri noutbukda yazılır, təbrik məktublarını sosial şəbəkələrdə göndərilən qısa mesajlar əvəz edir. Hətta məktəblərdə və universitetlərdə də elektron resurslardan istifadə ildən-ilə artır. Bəzi peşələrdə isə bütün sənədləşmə prosesi tamamilə rəqəmsallaşıb. Nəticədə qələm gündəlik istifadə olunan əsas alət olmaqdan çıxaraq, daha çox zəruri hallarda istifadə edilən vasitəyə çevrilir. Halbuki əl yazısının insanın inkişafında xüsusi rolu olduğu uzun illərdir müxtəlif araşdırmalarda vurğulanır. Əl ilə yazarkən beynin eyni anda bir neçə hissəsi aktiv işləyir, insan yazdığı mətn üzərində daha çox düşünür, məlumatı daha yaxşı mənimsəyir və yadda saxlayır. Dərs zamanı əl ilə qeyd aparan şagird və tələbələrin mövzunu daha dərindən qavraması ilə bağlı müxtəlif elmi araşdırmalar da mövcuddur. Yazı prosesi təkcə informasiyanı köçürmək deyil, onu emal etmək və düşüncəyə çevirmək prosesidir.

Məncə, əl yazısı insanın yaradıcılığı ilə də sıx bağlıdır. Bir çox yazıçı, şair və alim ilk qeydlərini məhz kağız üzərində aparıb. Bəzən qələmlə yazılan bir cümlə insanın düşüncəsini daha sərbəst ifadə etməsinə imkan yaradır. Kağız üzərində yazarkən diqqəti yayındıran bildirişlər, sosial şəbəkələr və digər rəqəmsal təsirlər olmur. Bu isə düşüncənin daha rahat formalaşmasına şərait yaradır.

Əl yazısı eyni zamanda mədəniyyətimizin və şəxsi tariximizin bir hissəsidir. Köhnə məktublar, ailə gündəlikləri, valideynlərin və ya nənə-babaların əlyazmaları illər keçsə də öz dəyərini itirmir. Çünki həmin yazılar yalnız sözlərdən ibarət deyil, onların arxasında insanın hissləri, emosiyaları və yaşadığı dövr dayanır. Elektron mesajlar isə nə qədər rahat olsa da, çox vaxt bu emosional dəyəri tam şəkildə əvəz edə bilmir.

Rəqəmsallaşma həyatımız üçün zəruri və qaçılmaz prosesdir. Dövlət xidmətlərindən tutmuş bank əməliyyatlarına, təhsildən səhiyyəyə qədər bir çox sahədə elektron sistemlər həm vaxta, həm də resurslara qənaət edir. Buna görə də məqsəd texnologiyadan imtina etmək deyil. Əsas məsələ rəqəmsal imkanlarla ənənəvi vərdişlər arasında sağlam tarazlığı qorumaqdır. Texnologiya həyatımızı asanlaşdırmalı, lakin bizi bəzi dəyərli bacarıqlardan uzaq salmamalıdır. Yazı insanın səbir, diqqət və düşünmə qabiliyyəti ilə də əlaqəlidir. Əl yazısından uzaqlaşdıqca bu bacarıqların müəyyən qədər zəifləməsi barədə fikirlər də səsləndirilir.

Düşünürəm ki, qələm və klaviaturanı bir-birinə rəqib kimi təqdim etmək doğru olmaz. Hər ikisinin öz üstünlükləri var. Klaviatura sürət və rahatlıq təmin edir, qələm isə düşüncəyə fərqli dərinlik, fərdilik və emosional çalar qazandırır. Müasir insan hər iki vasitədən səmərəli istifadə etməyi bacarmalıdır. Çünki rəqəmsal dövr nə qədər inkişaf etsə də, insanın öz əli ilə yazdığı bir neçə sətir bəzən minlərlə elektron mesajdan daha təsirli və daha dəyərli ola bilir.

Bəs sürətlə rəqəmsallaşan dünyada əl yazısı öz əhəmiyyətini həqiqətən itirir, yoxsa sadəcə həyatımızda fərqli bir yer tutmağa başlayır? Bu sual ətrafında müxtəlif fikirlər mövcuddur. Məsələyə sosial aspektdən yanaşdıqda isə cəmiyyətin dəyişən həyat tərzi, texnologiyanın gündəlik vərdişlərə təsiri və insanların yazı mədəniyyətinə münasibəti xüsusi diqqət çəkir.

Mövzu ilə bağlı "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Olaylar.az-a açıqlama verib:

" Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə qələm və kağız əvvəlki əhəmiyyətini tədricən itirir. Gündəlik qeydlər smartfonlarda aparılır, məktubların yerini elektron poçt və mesajlaşma tətbiqləri tutur, rəsmi sənədlər isə getdikcə daha çox elektron imza ilə təsdiqlənir. Bu dəyişikliklər sürət və rahatlıq baxımından böyük üstünlüklər yaratsa da, əl yazısı mədəniyyətinin zəifləməsi ilə bağlı narahatlıqları da artırır. Əl yazısı təkcə fikirləri kağıza köçürmək vasitəsi deyil, həm də insanın düşüncə tərzini, yaradıcılığını və fərdiliyini əks etdirən bir bacarıqdır. Araşdırmalar göstərir ki, əl ilə yazı yazmaq beyində yaddaş, diqqət və öyrənmə proseslərini daha aktiv şəkildə stimullaşdırır. Şagirdlərin dərs zamanı əl ilə qeyd aparması məlumatı daha yaxşı mənimsəməsinə kömək edir. Klaviatura ilə yazı isə daha sürətli olsa da, bəzən məlumatın səthi qavranılmasına səbəb ola bilir. Qeyd etmək lazımdır ki, uşaqların erkən yaşlardan planşet və kompüterlərdən istifadə etməsi onların əl yazısı bacarıqlarının inkişafına mənfi təsir göstərir. Bir çox müəllimlər artıq şagirdlərin uzun mətnləri səliqəli və oxunaqlı şəkildə yazmaqda çətinlik çəkdiklərini qeyd edirlər. Bəzi məktəblərdə hətta kalliqrafiyaya ayrılan vaxt da azalıb. Digər tərəfdən, rəqəmsal texnologiyalardan imtina etmək də mümkün deyil. Klaviatura ilə yazmaq iş həyatında, təhsildə və gündəlik ünsiyyətdə sürət və məhsuldarlıq baxımından böyük üstünlük yaradır. Ona görə də məsələ qələmlə klaviatura arasında seçim etmək deyil, hər ikisi arasında sağlam tarazlıq yaratmaqdır. Hətta psixoloqlar söhbət edərkən onlar bildirirlər ki, gündəlik planların, şəxsi qeydlərin və ya düşüncələrin zaman-zaman əl ilə yazılması insanın emosiyalarını ifadə etməsinə, stressi azaltmasına və yaradıcılığını inkişaf etdirməsinə kömək edir. Şəxsi gündəliklərin və ya məktubların illər sonra yenidən oxunması isə xüsusi emosional dəyər daşıyır. Rəqəmsal mətnlər isə çox vaxt bu hissi yaratmır. Əl yazısı həm də mədəni irsimizin bir hissəsidir. Tarixi məktublar, əlyazmalar və şəxsi qeydlər gələcək nəsillər üçün təkcə informasiya deyil, həm də dövrün ruhunu əks etdirən qiymətli sənədlərdir. Əgər yeni nəsillər bu bacarığı tamamilə itirsələr, gələcəkdə əl yazısı daha çox nadir bir vərdişə çevrilə bilər. Texnologiyanın inkişafı qaçılmazdır və klaviatura həyatımızı xeyli asanlaşdırır. Lakin qələmin tamamilə unudulması düzgün yanaşma olmazdı. Əl yazısı yalnız bir yazı üsulu deyil, düşünmək, öyrənmək, hissləri ifadə etmək və mədəni yaddaşı qorumaq vasitəsidir. Buna görə də rəqəmsal dövrdə qələmi kənara qoymaq əvəzinə, onu həyatımızda yaşatmaq gələcək nəsillər üçün də dəyərli bir sərmayə hesab oluna bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31