“Yeni dövrün tələbi: səmərəli su idarəçiliyinə keçid”-Salyanda ictimai müzakirə keçirilib
13:41 SosialAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" adlı layihənin icrası davam edir.
9 iyul 2026-cı il tarixində layihə çərçicəsində Salyan rayonunda "Yeni dövrün tələbi: səmərəli su idarəçiliyinə keçid" adlı ictimai müzakirə keçirilib.
İctimai müzakirədə "Yaşıl Dünya" EMİB sədri Elman Cəfərli, Salyan rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, Salyan Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Gülhüseyn Ağayev, ziyalı Nəbi İbrahimov, ekoloq Elçin Bayramlı, vətəndaş cəmiyyəti fəalı Xəzər Teyyublu, ictimai fəallar, könüllü təbiətsevərlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Məhərrəm Məmmədov layihənin olduqca aktual olduğunu vurğulayıb, ölkəmizdə səmərəli su idarəçiliyinin təşviqinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Layihənin rəhbəri Elman Cəfərli layihənin məqsədi, layihə çərçivəsində görülən və görüləcək işlər barədə məlumat verib. Su çatışmazlığı, əkinə yararlı torpaqların şoranlaşması və ümumilikdə ekoloji problemlərin verdiyi fəsadlarla bağlı məlumat verən layihə rəhbəri qeyd edib ki, su çatışmazlığını isə yaradan əsas amillərdən biri dünya əhalisinin artmasıdır:
"Su qıtlığının getdikcə kəskinləşdiyi bir dövrdə yaşayırıq. Əhalinin sayının sürətlə artması, ekosistemlərin deqradasiyası, su resurslarından düzgün və səmərəli istifadə olunmaması su çatışmazlığını yaradan əsas səbəblər hesab edilir. Son illər qlobal iqlim dəyişiklikləri də ciddi fəsadlar yaradıb. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. BMT-nin yaydığı statistikada deyilir ki, dünyada təxminən 2,2 milyard nəfər əhalinin təmiz içməli suya çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın təxminən 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər".
Ekoloq Elçin Bayramlı "Su itkilərinin azaldılmasında ağıllı sistemlərin rolu" mövzusunda məruzə ilə çıxış edib. E.Bayramlı su qıtlığının iqtisadi inkişafla bağlı qorxulu proqnozlara yol açdığını vurğulayıb: "Qlobal quraqlığın həcmi getdikcə artır. Son 50 ildə içməli su ehtiyatlarına təzyiq 2 dəfə artıb. Bu, əhalinin artımı ilə bağlıdır. Dünyanın 45 ölkəsi su stressi altındadır. Biz dünyanın 200 ölkəsindən ən çətin durumda olan 50 ölkəsi sırasındayıq. Bir çox ölkələrdə aqrar sektor suvarma suyu tapa bilmir. Nəticədə məhsuldarlıq azalır. Cənubi Qafqazın ümumi su ehtiyatlarının cəmi 10 faizi bizdə, 60 faizi Gürcüstanda, 30 faizi Ermənistandır. Əraziyə və əhaliyə sayına düşən su ehtiyatlarına görə Gürcüstandan 6 dəfə, Ermənistandan 2 dəfə zəif durumdayıq. Bundan əlavə su ehtiyatlarımızın 70 faizi transərhəd çaylarından formalaşır. Qlobal quraqlıq güclənərsə su təhlükəsizliyimiz risk altına düşəcək, suya əlçatanlığımız aradan çıxacaq. Nəticədə içməli su qıtlığı yaşayacaq, aqrar sektorumuz ciddi ziyan görəcək. Sənaye sahələrinin də suya tələbatı var. Ona görə də bütün iqtisadiyyat təhlükə altına düşür. 2023-cu ilə qədər səhralaşma davam edəcək. Su ehtiyatlarımız 40 faiz azalacaq. Dünyada 40 mindən artıq çay və göl yoxa çıxıb. Məlumata görə, Azərbaycanda 8300-dən çox çay var. Amma onların çoxu quruyub. Su ehtiyatlarının əsas səbəblərindən biri də meşələrin məhv edilməsidir. Meşə ehtiyatları az olan yerdə nəmlik, rütubət az olur. Bu da suyun buxarlanmasına səbəb olur".
E.Bayramlı bildirib ki, problemdən çıxış yolu olaraq səmərəli su idarəçiliyinə keçiddir: "Azərbaycanda su probleminin ən diqqətçəkən məqamladan biri yüksək su itkisinin olmasıdır. Bizdə su itkisi 35 faiz təşkil edir. Buxarlanma və texniki qəzalardan su itkisi ilə bağlı dünyada qəbul olunan norma 5 faizdir. Onsuz da az olan su ehtiyatlarımızı yanlış idarəçilik və suvarma metodları ilə daha da azaldırıq. Su itkisi suyun nəqli zamanı daha çox yol verilir. Bizim ölkədə 50 min kilometrdən artıq su kanallarının 90 faizi torpaq məcralıdır. Bu kanallarda həm buxarlanma, həm də sovrulma səbəbindən 40 faizi itir. Ona görə də beton məcralı kanallara keçid və suyun borular vasitəsilə nəqli daha effektlidir".
Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev problemin dünya, ölkəmiz və bölgə üçün aktual olduğunu vurğulayıb:
"Su bəşəriyyətin ən qiymətli sərvətlərindən biridir. İnsan sağlamlığından ərzaq təhlükəsizliyinə, iqtisadi inkişafdan ekoloji tarazlığa qədər həyatın bütün sahələri su ilə birbaşa bağlıdır. Bu gün hər bir damla su böyük dəyər daşıyır. Çayların su səviyyəsinin azalması, yeraltı su ehtiyatlarının tükənməsi və su itkiləri kənd təsərrüfatına, ətraf mühitə və insanların gündəlik həyatına birbaşa təsir göstərir. Mövcud vəziyyət su infrastrukturunun müasirləşdirilməsini, suvarma sistemlərinin təkmilləşdirilməsini zəruri edir".
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Gülhüseyn Ağayev son illər bölgədə su tikilərinin azaldılması ilə bağlı görülən işlərdən danışıb. "Su mənbələrinin mühafizəsi, su itkilərinin azaldılması, ekoloji monitorinqlərin aparılması və əhalinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir".
Ziyalı Nəbi İbrahimov çıxışında qeyd etdi ki, su qıtlığı ilə mübarizə təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir: "Məişətdə suya qənaət etmək, israfçılıqdan çəkinmək, müasir və suya qənaət edən texnologiyalardan istifadə etmək hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifələrdəndir".
N. İbrahimov son illər Salyanda su təchizatı istiqamətində ciddi adddımlarım atıldığını bildirib: "Son 10 ildə bu sahədə böyük işlər görülüb. Hazırda Salyanda 24 saat su verilişi var".
O, qeyd edib ki, suyun keyfiyyəti məsələsinə önəm verilməlidir: "Əsas problemlərdən biri də suyun keyfiyyətidir. Suyun təmizliyinə diqqət yetirilməlidir. Son vaxtlar su fiktlərinin satışı ilə bağlı çoxlu reklamlar var, müxtəlif şirkətlərin əməkdaşları insanların evlərinə gedirlər. Amma çox təəssüf ki, əhaliyə satılan su filtlərinin çoxu keyfiyyətsiz olur. İnsanlardan 800 manat alır, filtr satırlar, lakin qısa müddət sonra filtr xarab olur".
Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu çıxışında su təhlükəsizliyinin təmin olunması üçün ağıllı su sistemlərinin tətbiqinin vacib olduğunu bildirdi.
"Qubada böyük gilas plantasiyaları var. O sahələrdə damcılı suvarma üsulu tətbiq ediblər. Gözəl də effekt verir. Hətta sistem kənardan idarə olunandır. Müasir texnologiyalar sayəsində fermer Bakıda keçirilən müşavirədə iştirak edərkən belə, mobil telefonu vasitəsilə internet üzərindən təsərrüfatındakı suvarma sistemini məsafədən idarə edə bilir. Ənənəvi suvarma metodlarından imtina etsək, suya qənaət etmiş olarıq. Kəhrizlərin bərpa edilməsi də faydalı olardı. Ucar bölgəsində geniş kəhriz sistemi var. Son 30 ildə o kəhrizlər baxımsızlıq üzündən məhv oldu".



