Dini inancların tənqidinə dair: ifadə azadlığı, yoxsa təhqir?- ÖZƏL
13:16 SosialDünyəvi hüquq nöqteyi-nəzərindən heç bir ideologiya müzakirədən və tənqidi fikirdən kənarda qala bilməz. Heç bir siyasi, fəlsəfi və dini ideya toxunulmaz deyildir. Bu fikirləri müzakirə, tənqid, hətta satira, yumor predmetinə çevirmək ifadə azadlığının tərkib hissəsi hesab olunur. Çünki hüquqi nəzəriyyədə tez-tez qeyd olunur ki, məhz fərdlər hüququn daşıyıcılarıdır, ideyalar yox.
Amma tənqid ideyaların çərçivəsini keçib, həmin ideyaları və inancları daşıyan insanları hədəf alırsa, onları təhqir edərsə, onlara qarşı ayrı-seçkiliyə çağırış edərsə, bu, artıq hüquq pozuntusu sayılır. Belə bir hərəkəti ifadə azadlığı çərçivəsində müdafiə etməyə nə hüquqi baxımdan, nə də etik baxımdan haqq qazandırmaq doğrudur.
Yuxarıda qeyd etdiklərim nəzəri baxımdan problemsiz görünür, amma praktiki baxımdan məsələ o qədər də aydın deyil. Məsələn, bir dini icma və ya fərd onun inancına yönəldilən tənqidi, özünün həyat fəlsəfəsinə çevirdiyi inancına qarşı təhqir kimi qiymətləndirərsə, onda necə olar? Bir az daha konkretləşdirim:
Avropada yaşayan müsəlman icmaların sıx yaşadığı bölgədə, sekulyar bir aktivist Qurani-Kərimi nümayişkaranə, sanki sekulyar ritual kimi yandırırsa, bu hərəkətin azlıq olan müsəlman icma tərəfindən özlərinə qarşı bir təhdid kimi qəbul edilməsi, fikrimcə, anormal bir reaksiya olmaz, tamamilə başadüşülən bir hadisə olardı.
Siyasi nəzəriyyədə kommunitarist mövqeyi müdafiə edən filosoflar, xüsusilə kanadalı siyasi nəzəriyyəçi və filosof Ç.Teylor - şəxsiyyətin icma daxilində formalaşdığı (dioloji kimlik), fərdin icma dəyərlərindən ayrı olmadığını qeyd edir. Buna görə də, icmanın inanc və dəyərlərinin təhqir edilməsinin həmçinin icmanı meydana gətirən fərdlərin şəxsiyyətini hədəf aldığı fikri ortaya çıxır. Qısaca, istənilən fikri tənqid etdikdə, bunun həmin inancı daşıyan insanları yaxından maraqlandırdığını nəzərə almaq gərəkir. Lakin bu fikri qəbul etsək, istənilən ideyaya qarşı toxunulmaz yanaşmalıyıq mı? Məncə, xeyir! Tənqiddən və müzakirədən kənarda heç nə qalmamalıdır.
Mənim fikrimcə, dini dəyərlərin, inancların və simvolların tənqidi məsələsində ən önəmli məqam tənqidin məqsədi və üslubudur. Hətta məqsəd ən başda gələn xüsusiyyətdir, üslub məqsəddən xəbər verir. Belə ki, məqsədlər və niyyət gizlidir, amma üslub müəyyən qədər məqsədə işarə edir. İstənilən tənqid əgər sırf maarifləndirmə, düşündürmə, inkişaf etdirmə, dialoq qurma məqsədi daşıyırsa, fikrimcə, qarşı tərəf bunu təhdid kimi yox, bir çağırış kimi qəbul etməyə daha meylli olar. Məsələn, Quranı yandırmaq və ya məsxərəyə qoymaq yerinə, Quranın ehkamlarının günümüzün sosial, siyasi, hüquqi problemlərinə işıq tutub-tutmadığını, Quranın universallığını və ya tarixiliyini iddia edən tezislər ortaya qoyulsa, bu həm sekulyar və dindar icmalar arasında konstruktiv dialoq yaradar, həm də, bəlkə də, bəzi fundamentalist dini izahlar üçün çağırış yaradıb, onların inkişafına səbəb olar bilər.
Lakin Quranın yandırılması kimi, ifrat bir ifadə azadlığı ritualı vətəndaş cəmiyyətini meydana gətirən sekulyar və dindar icmalar arasında sadəcə kin və nifrəti artırmağa xidmət edir, ictimai müzakirəyə zərər verir. Dini inancları məsxərə mövzusuna çevirmək də eyni prosesə səbəb olur. Dini inancları və simvolları gülüş mövzusu etmək bəlkə də, hüquqi baxımdan ifadə azadlığının tərkib hissəsi saymaq olar. Amma etik baxımdan, bu qəbul edilə bilməz. Çünki insan, özünə rəva bilmədiyini başqasına etməməlidir. Ayrıca bu vətəndaş cəmiyyətinin üzvləri olan ayrı-ayrı qruplar, icmalar, partiyalar arasında dialoq və müzakirəyə zərər verir.
Yuxarıda adını çəkdiyim, Ç.Teylorun başqa bir maraqlı konsepsiyası da "postsekulyar cəmiyyət" anlayışı idi. Qısaca ifadə etsəm, Teylor qeyd edir ki, müasir cəmiyyətdə din inanclar, dini qruplar və dini qurumlar vətəndaş cəmiyyətinin ayrılmaz hissəsi kimi, adekvat bir dünyagörüşünə malik bir qrup kimi qəbul edilməlidir. Maarifçilik cərəyanın dini cəhalət və mövhumat kimi nəzərə aldığı fikir artıq köhnəlib. Dini müasir cəmiyyətdən aradan qaldırma layihələri iflasa uğrayıb. Ayrıca, günümüzün plüralist hüquqi cəmiyyətlərində buna lüzum da yoxdur. İnsan hüquqları və dini etiqad azadlığı dindar insanları bərabərhüquqlu vətəndaş kimi qəbul edir. Buna baxmayaraq, bəzi fəlsəfi və maarifçi fikir sahibləri hələ də dini xurafatla eyniləşdirərsə, bu, müəyyən qrupların ictimai müzakirədən kənarlaşdırılması mənasına gələr.
Teylor qeyd edir ki, din müasir cəmiyyətin ayrılmaz və adekvat dünyagörüşlərindən biridir. Sekulyar qruplar onları ciddiyə alıb, müzakirəyə daxil etməlidirlər. Bunun qarşısında dindar icmalar öz ideyalarını müasir dilə "tərcümə edərək" müzakirəyə qoşulmalıdırlar. Bu çərçivədə hər cür tənqid və müzakirə aparıla bilər, amma məqsəd ictimai problemlərin həllində bütün ideyalardan - sekulyar və dini görüşlərdən faydalanmaqdır. Gəlin razılaşaq ki, bu həm ayrı-ayrı qruplar arasında müzakirə mühitini gücləndirər, həm də dini ideyaların, məsələn, dini radikalizmin belə yumşalmasına təsir edə bilər.
Bunu nəzərə alaraq, yekunda qeyd etmək istəyirəm ki, istənilən dini və sekulyar ideya tənqidə açıq olmalıdır. Tənqidin məqsədi maarifləndirmə, dialoqun inkişafı olduğu müddətcə, bunun nəinki zərərli, hətta hər iki tərəfə fayda verə biləcəyini düşünmək mümkündür. Ayrıca, unutmamaq lazımdır ki, bizdən fərqli düşünən qrupların güclü olması, cəmiyyətin və vətəndaş cəmiyyətinin sağlam və güclü olması deməkdir. Vətəndaş cəmiyyətinin gücü isə, cəmiyyəti meydana gətirən ayrı-ayrı qrupların bir-biri ilə açıq müzakirəsi və dialoqunun dərəcəsi ilə müəyyənləşir.
Asəf Qənbərov
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent.