Bütün sahələrə təsir göstərən sehrli məfhum: Meritokratiya- ÖZƏL

İqtisadiyyatlarını araşdırdığım ölkələri əsasən 2 yerə bölərək ortaq spesifik cəhətləri qruplaşdırarkən resurs iqtisadiyyatlarında inkişafa mane olan bir çox ortaq səbəblərin olduğunu gördüm. Amma həmin ortaq səbəblərin nə üçün yaranmasını təhlil edərkən, düşünərkən həmin ortaq səbəbləri formalaşdıran bir neçə əsas səbəb içərisində daim kölgədə qalan və haqqında az danışılan əsas səbəbi müəyyən etdim: MERİTOKRATİYA (vəzifələrin, statusların və ya səlahiyyətlərin mənşəyə, sərvətə və ya tanışlığa görə deyil, şəxslərin fərdi biliklərinə, bacarıqlarına və qabiliyyətlərinə əsaslanaraq bölüşdürüldüyü idarəetmə və ya sosial sistemdir.) Uğursuz ölkələrin 99%-də meritokratiyanın olmadığını və ya zəif olduğunu, uğurlu ölkələrdə isə meritokratiyanın bu və ya digər formada təmin olunduğunu təsbit etdim. 
Konkret olaraq meritokratiya olmadığı üçün hansı mənfi fəsadlar ortaya çıxır?
- Dövlət qurumlarında kəmiyyət çoxluğu, keyfiyyət azlığı formalaşır ki, bu da səmərəliliyi aşağı salır. Vətəndaşlara xidmət, işlərin icrası, innovativ təşəbbüslərdən əlavə hətta dövlət və dövlətçilik, iqtisadi inkişaf üçün vacib olan Fərman və Sərəncamlar nəinki icra olunmur, hətta düzgün bir şəkildə anlaşılmır, dərk olunmur. Bu səbəbdən də ya icra olunmur, ya da yarımçıq bir şəkildə icra olunur, dövlətin proqramlarının icra səviyyəsi kifayət qədər aşağı olur;
- məsələn, ölkəmizdə meritokratiyanın tətbiqinə mane olan bir məsələ. Müasir dövrün əsas tələbləri olan rəqəmsallaşma, süni intellekt, data və biznes analitika, ekonometrika, iqtisadi təhlillər sahələrində lazım olan kadrları dövlət qulluğuna seçə bilmirik. Çünki, kökləri və fəlsəfəsi sovet dövrünə gedib çıxan dövlət qulluğu seçimləri var. Dövlət qulluğu seçimləri və yanaşması 20-30 il öncə özünü doğrulda bilərdi. Amma, müasir dövr texnologiya dövrüdür və dövlətin bütün qurumları üçün müasir trendlər xasdır. Data analitiklər, süni intellekt mütəxəssisləri onların peşəkar fəaliyyətlərinə aidiyyatı olmayan sahələr üzrə niyə imtaha verməyə məcbur olmalıdırlar? Nəticədə, sadaladığım sahələrdə dövlət sektorunda işçilər çox, əsl kadrlar isə yox dərəcəsindədir. Bu gün dövlətimizin əsas strateji istiqamətlərindən biri rəqəmsallaşma, data analitika, yeni texnologiyaların tətbiqi deyil? 
- biznes sektorunda da meritokratiya təbliğ olunduğu və düşündüyümüz qədər yüksək deyil. O səbəbdən hətta ən böyük holdinqlərimiz belə dünyada deyil, hətta regionda tanınan brend yarada bilmir, rəqabətqabiliyyətli istehsal zəifdir, öz məhsul və xidmətləri ilə ölkə sərhədlərini aşa bilmir, digər ölkələrdəki filiallar rəqabətə tab gətirə bilmir, qısası elə öz qazanımızda bişməyə davam edirik;
- araşdırma nəticəsində xoş olan bir təsbit o oldu ki, meritokratiya ən yaxşı halda və digər sahələrlə müqayisədə tibb sektorundadır. Yəni, klinikalar da yaxşı həkimə yox demirlər, dövlət sektoru da. Burada məsuliyyət tibb sahəsində tədrisin, universitet və texnikumların üzərinə düşür;
- meritokratiyanın tətbiq olunduğu ikinci ən uğurlu sahə repetitorluqdur. Çünki, burada təbii seçim var. Ümumiyyətlə liberalizmin nisbətən ən yüksək olduğu sahə repetitorluqdur;
- meritokratiyanın zəif olmasının qurbanı təhsil sektorudur. Kadr sahəsində bilik və bacarığın arxa planda olduğu cəmiyyətdə təhsildə motivasiya zəif olduğu üçün ya təhsil formal hala (diplom almaq), ya da xaricdə təhsili davam etdirmək və karyera qurmaq üçün tramplinə  çevrilir. Bu isə beyin axını deməkdir. Təhsil Nazirimizin öz dili ilə desək, input (ali məktəbə daxil olan tələbə) və output (ali məktəbi bitirən tələbə) nə qədər bilikli, istedadlı və bacarıqlı olsalar da, öz bilik, istedad və bacarıqlarını realizasiya və inkişaf etdirmək üçün motivasiya əldə etmədikdə, kənarda qaldıqda ya itib-batacaqlar, ya xaricə üz tutacaqlar. Ya da elmi işlərdə konkret məhsul (scientific output) görməyəcəyik, ya da barmaqla sayılacaq qədər az görəcəyik. Bu isə onlardan sonra gələn input və outputlar üçün motivasiyanın ölməsi və nəticədə təhsilin zəifləməsi deməkdir. Qısası bilik və bacarığı 3000 manata uyğun olan bir kadra siz 1000 manat maaş verib ondan növbəti illərdə 3000-5000 manatlıq iş tələb edə bilməyəcəksiniz və o kadr da o işdə qalmayacaq. Təhsilə bu prizmadan baxdıqda əmək bazarında təklifin tələb üzərindəki mənfi təsirini görürük. Burada, təhsil nazirliyimizin təhlil etməli olduğu önəmli bir sual qoymaq (sual vermirəm, ortaya ciddi bir araşdırma mövzusu olacaq bir sual qoyuram) istərdim: Bəs nə üçün tibb sahəsində istər daxili, istər xarici tələbin və maaşın yüksək olmasına baxmayaraq bu sahədə təhsil səviyyəsi arzu olunan səviyyədə deyil? Düzgün və obyektiv təhlil Təhsil Nazirliyimizə digər sahələrdə və tibb sahəsində təhsilin ortaq nöqtələrini tapmağa kömək edəcək. 
Sonda bir məsələni də qeyd edim ki, meritokratiyanın aşağı olması demək olar ki, əksər (hamısını demədim) ölkələr üçün xas olub. 2015-ci il devalvasiyalarından sonra qarşıma qoyduğum bir sual var: resurs iqtisadiyyatından ən az ağrılı (ağrısız mümkün deyil) şəkildə və minimum zərərlə necə çıxıb şaxələnmiş və resursa əsaslanmayan iqtisadiyyat qurmaq olar? Qısası, resurs dövründən post-resurs dövrünə minimum itkilərlə necə keçmək olar? Ciddi və geniş məsələdir. Bu keçid zamanı bəzi dövlətlər öz dövlətçiliklərini itirərək oyuncaq və simvolik dövlətə çevriliblər, bəzilərində onilliklərlə davam edən vətəndaş müharibələri olub, bəziləri 0 və onun ətrafında iqtisadi böyümə həddində ilişib qalıblar (bu fikrim yanlış anlaşılmasın. Bir-iki illik 0 və onun ətrafında (inkişaf etməkdə olan ölkələr üçün 3%-ə qədər) böyümə faciə deyil. Amma bu böyümə həddi 3 və ya daha çox il çəkərsə ölkə iqtisadi bataqlığa düşür. Bu cür bataqlığa düşən ölkələrin həmin bataqlıqdan çıxma müddətləri  ortalama 70 ildir. Təəssüf ki, bu göstərici məhz o bataqlıqdan çıxa bilən ölkələr üzrə ölçülüb və ən yaxşı hal hesab olunur. Çünki, bir çox ölkələr hətta 100-200 ildir ki, o bataqlıqdan çıxa bilmir. 
Ən böyük risklərdən biri budur ki, ölkəmizdə resurs iqtisadiyyatı və onun fəsadları tam araşdırılmadığı kimi, resurs dövründən (iqtisadiyyatından) post-resurs dövrünə keçidin çətinlikləri, riskləri, təcrübələri də araşdırılmayıb. Müvafiq qurumlar bu araşdırmaları edib dövlətə təqdim etsələr, dövlət ən böyük riskin məhz özü üçün olduğunu aşkar bir şəkildə görər. 
Resurs iqtisadiyyatı illərlə formalaşmış nəhəng bir qayadır. Bunu plansız-proqramsız, ölçüb biçmədən yerindən tərpətmək dövlətin də, cəmiyyətin də dayaqlarını da sarsıdar. 1995-ci ildən resurs iqtisadiyyatlarını, 2015-ci ildən indiyə qədər resurs iqtisadiyyatından post-resurs iqtisadiyyatına keçidləri araşdıran və bunların risklərini az-çox bilən bir iqtisadçı və bir vətəndaş kimi yumşaq dillə desəm qayğılarım çoxdur. Hətta mənə elə gəlir ki, biz bu prosesi sadə bir proses kimi qəbul edirik..
Əksər araşdırmaların nəticələri və cəmiyyətimizdə kök salan fikirlərdən biri budur ki, birinci amil mükəmməl məhkəmə-hüquq sistemidir. Amma "resurs lənəti"ndən yaxa qurtarmaq istəyən (bir çoxları onilliklərdir ki, çabalayır) və müvəffəqiyyətlə yaxa qurtaran 31 ölkənin ortaq təhlilləri də göstərdi ki, birinci amil meritokratiyadır. Çünki, meritokratiya olmasa heç bir sahə mükəmməl, işlək və səmərəli ola bilməz. Hətta özəl sektor da..
Önəmli bir qeydlə ölkəmizin hazırda yaşadığı dövrü qısaca xarakterizə etməyə çalışaq. Resurs iqtisadiyyatından post-resurs iqtisadiyyatına keçid dövrünü yaşayırıq. Bu dövrdə risklərdən biri də yanlış reseptlərdir. Dar çərçivədə ciddi müzakirə mövzusu olan bu məsələ o qədər həssas və incədir ki... Qısası, həmin ölkələrdə çöküşü sürətləndirib resurslardan yığılan vəsaitləri də əritmək və ölkəyə siyasi-iqtisadi təzyiqləri gücləndirmək, ölkəni borc bataqlığına sürükləmək üçün bu sahədəki təcrübəsizliyindən istifadə edilərək (adətən ölkələrdə bu keçid həmin nəsil və hakimiyyət dövrü üçün ilk dəfə olur) ölkə yanlış reseptlərlə yanlış istiqamətə yönləndirilir. Bu ya kənar "məsləhətçilər" tərəfindən edilir, ya ölkə plansız-proqramsız bu səhvi özü edir, ya da getdikcə sürətlənən resurs çatışmazlığı və iqtisadi daralma ölkəni həyəcan və təzyiq içində səhv addımlar atmağa vadar edir. 
Bu çox geniş, vacib və həm də dərin sahədir. Bir yazıda bütün risklərə, senarilərə, gedişata, ölkələrin təcrübələrinə toxunmaq mümkün olmaz. Mən sadəcə risklərə və nəzərə alınmalı istiqamətlərə toxunmağa çalışdım. Yəqin ki, meritokratiya və iqtisadi transformasiyaya niyə bir yazıda toxundum sualını verəcəksiniz. Cavab sadədir. Transformasiya dövründə dövlətin diqqət yetirdiyi bir nömrəli məsələ məhz meritokratiyadır. Resurs iqtisadiyyatları ilə bağlı olan 31 ölkə daxil olmaqla ümumilikdə 60-a yaxın ölkəni araşdırarkən meritokratiyanın zəif olduğu, lakin uğurlu transformasiya həyata keçirən və/və ya iqtisadi inkişafa nail olan hər hansı bir ölkəyə rast gəlməmişəm. 
Neqativ fikirlərlə deyil, pozitiv fikilərlə yekunlaşdırmaq istərdim. Bir çox riskləri yumşalda biləcək güclü tərəflərimiz çoxdur. Potensiallı kadrlar da var, daşdan pul çıxara bilən iş adamlarımız da, ölkənin investisiya üçün daxili imkanları da, potensial layihələr də.. Hansılardan necə istifadə etmək isə bizdən asılıdır! 

Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31