URFAN DÜNYASI:  Kərəmi çağırıb, Dilqəmi səslər…

(Aşıq Əli Urfanın yeni kitabı üzərinə - aldı, görək nə dedi?)

Azərbaycan aşıq sənətinin tarixində elə sənətkarlar var, onların adını bir sənət hadisəsindən ayırmaq mümkün deyil. Aşıq Alı deyəndə ustadlıq, Aşıq Ələsgər deyəndə kamillik, Hüseyn Bozalqanlı deyəndə arif məktəbi, Mikayıl Azaflı deyəndə ozan iradəsi, ağsaqqal xarakteri, Aşıq Əkbər deyəndə məlahətli zil, Ədalət Nəsibov deyəndə sazın yeni nəfəsi yada düşür.

Aşıq Əli Urfan deyiləndə isə ilk olaraq "Dilqəmi" yada düşür - könül qəmi "Dilqəmi"..!
Bunun təsadüf olmadığını bilməyən varmı?

"...Hansı dağdı zirvəsini qar alan,
Hansı düzdü çiçəkləri saralan...
Kimdi gedib özgəsinə yar olan?
Könüllərin sitəmini bir də çal,
Aşıq Əli, "Dilqəmi"ni bir də çal!"
(Xalq
URFAN DÜNYASI: 
Kərəmi çağırıb, Dilqəmi səslər...

(Aşıq Əli Urfanın yeni kitabı üzərinə - aldı, görək nə dedi)

Azərbaycan aşıq sənətinin tarixində elə sənətkarlar var, onların adını bir sənət hadisəsindən ayırmaq mümkün deyil. Aşıq Alı deyəndə ustadlıq, Aşıq Ələsgər deyəndə kamillik, Hüseyn Bozalqanlı deyəndə arif məktəbi, Mikayıl Azaflı deyəndə ozan iradəsi, ağsaqqal xarakteri, Aşıq Əkbər deyəndə məlahətli zil, Ədalət Nəsibov deyəndə sazın yeni nəfəsi yada düşür.

Aşıq Əli Urfan deyiləndə isə ilk olaraq "Dilqəmi" yada düşür - könül qəmi "Dilqəmi"..!
Bunun təsadüf olmadığını bilməyən varmı?

"...Hansı dağdı zirvəsini qar alan,
Hansı düzdü çiçəkləri saralan...
Kimdi gedib özgəsinə yar olan?
Könüllərin sitəmini bir də çal,
Aşıq Əli, "Dilqəmi"ni bir də çal!"
(Xalq şairi Zəlimxan Yaqub)

Bəli, bəzən bir sənətkar bir havanı yaşadır, bəzən də bir hava sənətkarın adını əbədiləşdirir. Aşıq Əli Urfanla "Dilqəmi" arasında yaranmış mənəvi bağ artıq sənət tariximizin bir parçasına çevrilib. Hüseyn Arifin, Xəlil Rzanın, Məmməd İsmayılın, Zəlimxan Yaqubun, Akif Səmədin, Məhərrəm Qasımlının və onlarla başqa söz adamının onun ifasına həsr etdiyi misralar bunun sübutudur.

Ancaq Aşıq Əli Urfanı yalnız "Dilqəmi"nin mahir ifaçısı kimi tanıtmaq sənətkarın miqyasını kiçiltmək olardı.
Onun sənəti sazın başladığı yerdə bitmir, əlbəttə; əksinə, oradan başlayır.

Azərbaycanın bəzi bölgələri haqqında danışarkən, oranın inzibati ərazi vahidi olmaqdan çıxarılıb, mədəniyyət hadisəsi kimi təqdim edildiyini görürük.
Şuşa belədir; Göyçə belədir; Naxçıvan belədir; Borçalı belədir; Tovuz da belədir...
Tovuz sazın nəfəsini torpağın nəfəsi ilə birləşdirən ocaqlardan biridir.
Bu torpaq Hüseyn Bozalqanlı kimi zirvə yaradıb.
Bu torpaq Əlimardanlı Aşıq Nəcəf, Xəyyat Mirzə, Aşıq Mirzə, Mikayıl Azaflı, Əkbər Cəfərov, Xanlar Məhərrəmov kimi sənət möcüzəsi yetişdirib.
Bu torpaq sazı çiyindən deyil, ürəkdən çalmağın məktəbini formalaşdırıb. Bax, Aşıq Əli Urfan həmin məktəbin davamıdır.
Onun yaradıcılığına diqqətlə baxdıqda Tovuzun dağ nəfəsi, el ağsaqqallığı, türk qüruru və aşıq müdrikliyi bütöv şəkildə görünür.
O, tovuzlu kimi tovuzlu, azərbaycanlı kimi azərbaycanlı, qafqazlı kimi qafqazlı, turanlı kimi turanlı və sənətkar kimi sənətkardır.
Sazı da Tovuzun aranlı-dağlı təbiəti kimidir: sərt, mərd, səmimi və təbii...

Aşıq Əli Urfan haqqında yazan rəhmətlik professor Nəsir Əhmədli çox maraqlı bir məqama toxunurdu: Əli Urfan peşəcə memardır və onun saz ifasında memarlıq təfəkkürünün izləri görünür.

Bax, bu müşahidə son dərəcə qiymətlidir.
Doğrudan da, onun ifalarında təsadüf yoxdur: hər keçid yerindədir, hər vurğu hesablanıb, hər pauza anlamlıdır.
Sanki bir memar daşlardan məbəd qurduğu kimi, o da səslərdən mənəvi məbəd qurur.
Ona görə Urfan "Dilqəmi"si sadəcə ifa kimi qəbul görmür, daha üstün rənglərə büründürülüb, yeni anlamlar qazanır.

Əli Quliyevin "Urfan Əli"yə çevrilməsi də təsadüfi hadisə sayılmamalıdır.
"Urfan" sözünün sadəcə bilik demək olmadığı bəllidir.
Urfan - dərk etməkdir; mənəvi idrakdır; haqqa yaxınlaşmaqdır; sözün arxasındakı anlsmı görməkdir.
Budur, Aşıq Əli Urfanın yaradıcılığı boyunca rastlaşdığımız "haqq", "ərən", "dərviş", "eşq", "saz", "yol", "pir", "ustad" anlayışları onun təsəvvüf qatlarının göstəricisidir.
Bu səbəbdən onun şeirlərində dışarı sadəlik olsa da, içəridə dərin mənəvi qatlar gizlənir.

Əli Urfan yaradıcılığında ən güclü poetik mətnlərdən biri "Ölmürəmmi?" şeiri sayılır.
Deyirlər, bu şeir əslində onun sənət manifestidir:
"Haqdan gələn naxış-naxış,
  Sözdən ötrü ölmürəmmi..."

Burada söz adi ifadə vasitəsi olmaqdan çıxıb, göy üzünə qanad açır...
Bəli, söz qutsal varlıqdır.
Şair üçün söz yaşamaq səbəbi, yaradıcılıq kimliyi deyilmi?

Budur, "Ölmürəmmi"nin son bəndində belə bir fikir zirvəyə çatır:
"Aşıq Əli deməz yalan,
Eşqə düşüb oldum talan.
Malım-mülküm, varım olan,
Sazdan ötrü ölmürəmmi?"

Biz də sual verək: bu misralarda aşıq sənətinin bütün fəlsəfəsi yaşamırmı?..

Çağdaş dönəmdə ustadnamə yazmaq çətindir. - Deyirəm, gəlin bunu da vurğulamadan keçməyək. 
Bəli, öyüd vermək asandır, hikmət söyləmək çətindir.
Əli Urfan isə öyüdündə hikmət söyləməyi bacarır.

"Ay lələ" şeirində
"...çalış mətahını, sərrafına sat, ay lələ..." deyən aşıq-şair bu misra ilə bütöv bir mədəniyyət proqramını canlandırır sanki.
Çünki hər söz hər qulağa, hər fikir hər düşüncəyə uyğun gəlmir; əsl sənət öz sərrafını tapmalıdır.
Bax, bu, həm də sənətin məsuliyyət fəlsəfəsidir.

Aşıq Əli Urfan yaradıcılığının ən maraqlı cəhətlərindən biri qədim türk sözlərini yaşatmasıdır.
Onun şeirlərində "haytalanmaq", "ödək", "qürə" kimi artıq gündəlik istifadədən çıxmağa başlayan sözlər də yaşayır.
Biz bunu sadəcə poetik seçim saymıtıq; bu, dilçilik xidməti deməkdir; çünki dilin itirdiyi hər söz xalqın yaddaşından silinən bir xatirədir.
Əli Urfan bax, bu yaddaşı qoruyan sənətkarlardandır.

Əli Urfan yaradıcılığına diqqətlə baxan hər kəs onun yalnız Azərbaycan aşığı olmadığını görə bilər.
O, bütöv türk mədəniyyətinin daşıyıcılarındandır.
Yunus Əmrə ruhu onun şeirlərində, Qurbani nəfəsi sazında, Ələsgər hikməti onun ustadnamələrində, Bozalqanlı məktəbi onun ifasında yaşayır.
Bu anlamda o, Azərbaycanın Turana bəxş etdiyi, Türk dünyasının ortaq yaddaşını daşıyan sənətkar tərifinə layiqdir. 
Yadıma düşmüşkən yazım, sənətkarın öz oğullarına Ceyhun, Cambul adlarını verməsi də heç təsadüf deyil... Bu adlar Xəzərin bu üzündən, Qafqazlardan - Xəzərin o üzünə, Türküstan ellərinə bəngü salam-sayğı göndərmək səciyyəsi daşıyır.
"...Urfan deyər, ötgün olsun sözümüz,
Qoy düz baxsın gözümüzə gözümüz.
Arxa duraq özümüzə özümüz,
Dünya əhli çalxalanır yaman hey,
Türk qılıncı, türkün sazı, aman hey!
                     Aman hey!
                                       Aman hey!"
                       (Bakı-İstanbul, 1992)

Aşıq sənətində hər kəs şeir deyə, hər kəs saz çala bilər; ancaq hər kəs qıfılbənd aça bilməz.
Qıfılbənd söz ustalığı ilə yanaşı düşüncə çevikliyi, məntiq, bilik və yaddaş tələb edir.
Əli Urfanın Aşıq Ələsgərin mürəkkəb qıfılbəndlərini açması onun klassik aşıq məktəbinə nə qədər dərindən bələd olduğunu göstərir.

Bu artıq ifaçılıqdan daha üstün - ustadlıq səviyyəsidir.

Bəzən belə bir sual eşitmiş olarsınız:
Aşıq Əli Urfan niyə bu qədər sevilir?
Cavab sadədir: Çünki o, süni deyil; çünki o, olduğu kimidir. - Məclisdə də, səhnədə də, gündəlik həyatda da...
Həncəri deyərlər, onun sazı ilə özü arasında məsafə yoxdur; sözü ilə əməli arasında uçurum yoxdur onun.
Elə buna görə də insanlar onun sazına inandıqları kimi, özünə də inanırlar.

Aşıq Əli Urfan haqqında yazılan yazıların ortaq bir nöqtəsi var:
əsasən onun sazından danışırlar; amma mənə elə gəlir, onun ən böyük əsəri nə sazı, nə barmağıdır - özüdür, özü!..
Çünki bu gün onun haqqında danışarkən yalnız usta ifaçı görmürük, ustad-şəxsiyyət görürük:
aşıq kimi aşıq, aydın kimi aydın, insan kimi insan.
Rəhmətlik Şücaət Kəlbəcərli demişkən, "Aşıq Əliynən oturub, durandan sonra, ondan
ayrılmaq çox çətindir."
Belə insanlar haqqında yazılar bitir, ancaq söhbətlər bitmir... Onlar saz havası kimi yaşayır. - Bir tel susur, başqa tel danışır, bir nəsil gedir, başqa nəsil gəlir.
Amma saz dillənəndə yenə də haradansa bir səs ucalır:

"...Tellər məni sizdən xəbər alacaq."

Tellərinə, güllərinə, sözlərinə maşallah, aşıq! 

Özünüz demiş: 
"Bizdən sonra gözəl ömür,
Sürənlərə salam olsun!"

Salam-sayğılarla,

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31