Təhlükə siqnalı: “Su idarəetməsində ciddi islahatlara ehtiyac yaranıb”-Sadiq Həsənov

Su həyatdır. Susuz nə insan, nə bitkilər yaşaya, nə topraq nəfəs ala bilər. Lakin minillərdir insan övladının həyati əhəmiyyətli sərvəti olan su əvvəlki bolluğunu itirməkdədir.
Qlobal iqlim dəyişiklikləri, əhali artımı, yağıntıların azalması və su resurslarından  qeyri-səmərəli istifadə dünyanın bir çox regionlarında, o cümlədən ölkəmizdə su qıtlığı təhlükəsi yaradıb. İş o həddə çatıb ki, su ehtiyatlarının qorunması təhlükəsizlik məsələsinə çevrilib. Cənubi Qafqazın ən az su ehtiyatına malik olan Azərbaycanda da səmərəli su idarəçiliyinə keçid istiqamətində ciddi addımlara start verilib. Statistika kifayət qədər naharatedicidir.
Rəsmi qurumların məlumata görə, Azərbaycanda su ehtiyatları  2020-2050-ci illərdə 20-25 %, 2070-2100-cü illərdə isə 30-35 % azalacaq. Ölkəmizin malik olduğu 30 milyard kubmetr yerüstü su ehtiyatlarının  yalnız 30 %-i ölkə ərazisində formalaşır. 70 %-i isə transsərhəd çayları hesabına formalaşır, yəni qonşu ölkələrin ərazilərindən daxil olur. Qlobal istiləşməni yaratdığı quraqlıq və qonşu ölkələrin ərazisində hesabsız su götürmələr nəticəsində Kür və Araz çaylarının axını kəskin surətdə azalır, daxili çayların bir çoxu isə quruyur. Bu şəraitdə isti yay aylarında kənd təsərrüfatını suvarma suyu ilə təmin etmək çətinlik yaradır.  Problemdən çıxış yolu kimi effektiv su idarəetməsinə keçid göstərilir.
Bəs su böhranına necə hazırlaşmalı? Bəs səmərəli su idarəçiliyinə keçid istiqamətində zəruri olan hansı addımlar atılmalıdır? Bu məsələdə ortaya çıxan çətinliklər hansılardır? Suallarımızı Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov cavablandırır.

-Sadiq müəllim, son illər dünyada və Azərbaycanda su qıtlığının dərinləşməsinin əsas səbəbləri hansılardır?
-Su ehtiyatlarının azalmasının əsas səbəbləri sırasında əhali artımı və qlobal istiləşmə ilk yerdə gəlir. Üçüncü amil su resurslarından düzgün istifadə edilməməsidir.
Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkələrdən biridir. Hələ Sovet vaxtı edilən hesablamalara görə regionda 310 milyard kubmetr su ehtiyatları var. Bura göllər, çaylar və digər su hövzələri daxildir. Su ehtiyatlarının cəmi 30 milyard kubmetri Azərbaycanda yerləşir. Bu rəqəm də son vaxtlar xeyli azalıb. Yeraltı və yerüstü su resurslarımızda kifayət qədər azalma müşahidə olunur. Bu həm təsərrüfatlarda suvarma, həm nəql, həm də istehlak zamanı həddindən artıq itkilərə yol verilməsi ilə bağlıdır. Azərbaycanda kənd təsərrüfatının böyük hissəsi suyun nəqlini torpaq məcralı kanallarla həyata keçirir. Rəsmi məlumatlara görə suyun torpaq səthli kanallarla nəqli zamanı 50 faizə qədər su itkiyə gedir. İçməli su isə nəql zamanı 30-35 faizə qədər itkiyə gedir. Suvarma zamanı selləmə üsulu ciddi itkilərə yol açır. Azərbaycanda şirin su ehtiyatlarının azalması əhalinin artımı və aqrar sektorda istifadə zamanı itkilərin hesabınadır. Suyun məişətdə istifadəsi 50 il bundan əvvəlkinə nisbətən 49 dəfə artıb. Kənd təsərrüfatında isə 6 dəfə artım deməkdir. Su idarəetməsinin düzgün qurulmaması israfçılığı artırır, nəticədə məhsuldarlıq aşağı düşür.

-Su çatışmazlığı Azərbaycanın daha çox hansı ərazilərində müşahidə olunur?
- Azərbaycanın yeraltı su ehtiyatları 10-15 faiz həndəvərində azalmağa doğru gedir. Yerüstü su ehtiyatlarında da xeyli azalma var. Eyni zamanda əkin sahələrinin sahəsi genişlənib. Suvarma sistemlərində itkilər çoxdur. İri fermerlərin suya əlçatanlığı daha asandır. Əksər fermerlərin isə suya əlçatanlığı yoxdur. Hazırda su stressi yaşayacaq ən riskli bölgəmiz Salyan, Sabirabad, Saatlı, Neftçala, İmişlidir. Çünki bu bölgələr Kürün aşağı axınında yerləşirlər. 3-4 il əvvəl baş vermiş quraqlıq nəticəsində həmin sahələrdə, xüsusən Saatlı, Salyan və Neftçalada daha fəlakətli vəziyyət yaranmışdı. Əkin sahələrini suvarmağa su çatmırdı. Bir neçə ildir ki, yağan intensiv yağışlar su ehtiyatlarımız nisbətən sabitləşib.
-Transsərhəd çaylarda su axınının azalması Azərbaycana hansı ekoloji və iqtisadi problemləri yaradır?
-Azərbaycanda su ehtiyatlarının 70 faizi transərhəd çayları hesabına formalaşır. Kür, Araz, Samur, Oxuçay, Qanıx, Qabırrı və digər çaylar başqa ölkələrin ərazisindən axır. Bu çaylarda, xüsusən Arazda suyun səviyyəsinin azalması bizim üçün riskli vəziyyət yaradır. Araz çayında İranda tərəfdən kifayət qədər sugötürmə var. Bu da çayda suyun dəfələrlə aşağı düşməsinə gətirib çıxarır. Bu da ümumi su ehtiyatlarımızın azalmasına səbəb olur. Təkcə qonşu ölkələrin ərazisindən sugötürmələr deyil, iqlim dəyişiklikləri, havanın quraqlıq keçməsi, buxarlanmanın artması da transsərhəd çaylarında su ehtyatlarının azalmasına gətirib çıxarır. 
Transsərhəd çaylarda suyun azalması ölkəmizin ekoloji təhlükəsizliyi üçün SOS siqnalı olmalıdır. Çaylarda suyun azalması təkcə su təminatı deyil, həm də ekoloji tarazlığın qorunması baxımından da ciddi problemlər yaradır. Suyun azalması ekosistemlərin dayanıqlılığına təsir göstərir, çayların təbii hidroloji rejimi pozulur, su hövzələrinin özünü təmizləmə qabiliyyətini zəiflədir. Həmçinin çirkləndirici maddələrin konsentrasiyasını artırır və suyun keyfiyyətini pisləşdirir. Bu isə su hövzələrinə yaşayan flora və fauna növlərini həyat şəraitini ağırlaşdırır. 
Transsərhəd çaylarda suyun azalması dolayı yolla Xəzər dənizinin ekoloji vəziyyətinə də təsir edir. Suyun azalması balıq ehtiyatlarının bərpasını çətinləşdirir. 
-Su qıtlığı ərzaq təhlükəsizliyinə və kənd təsərrüfatına necə təsir göstərə bilər?
-Su çatışmazlığı kənd təsərrüfatının inkişafına, məhsuldarlığın azalmasına və ərzaq təhlükəsizliyinə təsir edən amildir. Əkin sahələrinin suvarması daha çox yay aylarında baş verir. Havalar isti keçir, buxarlanmanın intensivliyi artdığından əkin sahələri daha çox su tələb edir. Azərbaycanda da ənənəvi əkinçilik mövcuddur. Fermerlər daha çox su tələb edən pambıq, dənli bitkilər, bostan bitkilər əkib-becərirlər. Su ehtiyatlarının azalması həmin əkin sahələrində məhsuldarlığa və istehsal həcminə mənfi təsir edir. Yaxşı olardı ki, fermerlər daha az su tələb edən, susuzluğa davam edən bitkilərin əkilməsinə üstünlük versinlər.

- İçməli su ehtiyatlarının qorunması üçün hansı təxirəsalınmaz tədbirlər görülməlidir?
 -İçməli suyun nəqlində və istifadəsində kifayət qədər problemlər var. Bu sahədə itkilər rəsmi rəqəmlərə görə 35 faizdir. Düşünürəm ki, bu rəqəm daha çoxdur. Su idarəetməsində ciddi islahatlara ehtiyac yaranıb. Su boruları dəyişdirilməli, nasos stansiyalarında təmir və restavrasiya işləri görülməlidir. Su anbarlarının mütəmadi təmizlənməsi və onlara xidmət yüksək səviyyəyə qaldırılmalıdır. Çünki əhaliyə verilən suyun tərkibində çoxlu qum, gil və digər maddələr var. Əhali sudan istifadə etmək üçün xüsusi filtrlərdən istifadə edir. Bu da Ümumdünya Səhiyyə Təşkilatının içməli su ilə bağlı normativlərinə cavab vermir. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Dediyimiz problem boru kəmərlərindən, anbarlardan qaynaqlanır. İçməli suyun Ceyranbatan su anbarından verilməsi zamanı su kifayət təmizdir. Çirklənmə sonradan baş verir. Yəni problem borulardan qaynaqlanır. İçməli sudan istifadə zaman ciddi şəkildə qənaət rejiminə keçilməlidir. Sənaye müəssisələrində, avtomobilyuma müəssisələrində texniki suya keçilməsi təmin edilməlidir.
-Kənd təsərrüfatında su itkilərinin azaldılması üçün hansı müasir texnologiyalar daha səmərəlidir?
- Kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi müasir dövrdə ərzaq təhlükəsizliyi və təbii ehtiyatların davamlı idarə olunması  baxımından böyük əhəmiyyət daşıyır. Suvarma sistemlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi günün vacib tələbidir. Ənənəvi suvarma üsulları zamanı suyun əhəmiyyətli hissəsi buxarlanma, sovrulma nəticəsində itirilir. Bu, həm su ehtiyatlarının tükənməsinə, həm də məhsuldarlığın azalmasına gətirib çıxarır. Kənd təsərrüfatında ən müasir üsullardan biri damcılı suvarma sistemidir. Damcılı suvarma sistemi quya qənaət edir, məhsuldarlığı artırır.
Bu sistem suyun birbaşa bitkinin kök zonasına kiçik dozalarla və fasiləsiz şəkildə verilməsini təmin edir. Nəticədə su itkisi minimuma enir, torpağın optimal rütubət səviyyəsi qorunur və bitkilərin inkişafı üçün əlverişli şərait yaradılır. Damcılı suvarma eyni zamanda gübrələrin su ilə birlikdə dəqiq dozada tətbiqinə imkan verir ki, bu da həm resurslara qənaət edilməsinə, həm də məhsulun keyfiyyətinin və məhsuldarlığın artmasına müsbət təsir göstərir.
İqlim dəyişikliklərinin təsirlərinin gücləndiyi, quraqlıq riskinin artdığı bir dövrdə damcılı suvarma sistemlərinin tətbiqi su ehtiyatlarının qorunması və məhsuldarlığın artırılması baxımından vacib istiqamətlərdən biridir. Bu texnologiyanın tətbiqi su sərfiyyatını və fermerlərin istehsal xərclərini azaldır, su resurslarının gələcək nəsillər üçün qorunmasına da mühüm töhfə verir.

Cavid Şahverdiyev
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" layihəsi çərçivəsində hazırlanmışdır. Bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31