Milyonlarla vəsait, minlərlə saat, amma nəticə... Niyə şagirdlərimiz xarici dildə danışa bilmir?

Müasir dövrdə xarici dil bilikləri artıq sadəcə əlavə üstünlük deyil, təhsil, əmək bazarı və beynəlxalq rəqabət baxımından əsas bacarıqlardan biri hesab olunur. Qloballaşan dünyada informasiya mübadiləsinin sürətlənməsi, rəqəmsal texnologiyaların inkişafı, xaricdə təhsil və iş imkanlarının artması xarici dil biliklərinə olan tələbatı əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəldib. Bu gün dünyanın aparıcı universitetlərinə qəbul, beynəlxalq şirkətlərdə iş imkanları, elmi araşdırmalardan faydalanmaq, müxtəlif ölkələrin təcrübəsini öyrənmək və qlobal əmək bazarında rəqabət apara bilmək üçün xarici dil bilikləri əsas şərtlərdən biri kimi qiymətləndirilir. Məhz buna görə də dünyanın əksər ölkələrində xarici dillərin tədrisi təhsil siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur. Azərbaycanda da son illər təhsil sahəsində həyata keçirilən islahatlarda xarici dillərin tədrisinin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Məktəblərdə müxtəlif xarici dillərin tədrisi həyata keçirilir, müəllim hazırlığının təkmilləşdirilməsi istiqamətində addımlar atılır, yeni tədris proqramları hazırlanır və qiymətləndirmə mexanizmləri müasir yanaşmalara uyğunlaşdırılır. Bununla yanaşı, hər il keçirilən buraxılış imtahanları məktəblərdə formalaşan bilik və bacarıqların qiymətləndirilməsi baxımından mühüm göstərici rolunu oynayır. Bu nəticələr təkcə ayrı-ayrı şagirdlərin nailiyyətlərini deyil, həm də ümumi təhsil sisteminin vəziyyətini qiymətləndirmək üçün mühüm informasiya mənbəyi hesab edilir. Buraxılış imtahanlarının nəticələri hər il cəmiyyət tərəfindən xüsusi maraqla izlənilir. Valideynlər, müəllimlər, məktəb rəhbərləri və təhsil mütəxəssisləri bu statistikanı diqqətlə təhlil edir, müxtəlif fənlər üzrə əldə olunan nəticələri əvvəlki illərlə müqayisə edirlər. Çünki imtahan nəticələri yalnız qiymətləndirmə vasitəsi deyil, eyni zamanda tədris prosesində mövcud olan güclü və zəif tərəflərin müəyyənləşdirilməsinə imkan verən mühüm göstəricilərdən biridir. Bu baxımdan 2025-ci il üzrə buraxılış imtahanlarının nəticələri xüsusilə xarici dillərin tədrisi sahəsində diqqətçəkən mənzərə ortaya qoyub. Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında dərc olunan elmi-statistik materiallarda yer alan göstəricilər məktəblər üzrə nəticələrin geniş şəkildə təhlilinə imkan yaradır. Statistik rəqəmlər göstərir ki, xarici dillər üzrə yüksək nəticə göstərən məktəblərin sayı olduqca məhduddur və məktəblərin böyük hissəsində nəticələr orta və ya aşağı səviyyədədir. Məlumatlara əsasən, ingilis dili üzrə məktəblərin 76,01 faizində orta nəticə 30-70 bal arasında dəyişib. Məktəblərin 21,64 faizində orta nəticə 30 baldan aşağı olub. Yalnız 2,36 faiz məktəbdə orta nəticə 70 baldan yuxarı qeydə alınıb. Bu isə ölkə üzrə cəmi 51 məktəbin yüksək nəticə göstərdiyini ortaya qoyur. Həmin məktəblərin 32-sinin Bakıda yerləşməsi də diqqət çəkən məqamlardan biridir. Digər xarici dillər üzrə də statistik göstəricilər oxşar mənzərəni ortaya çıxarır. Rus dili tədris olunan məktəblərin yalnız 1,54 faizində orta nəticə 70 balı keçib. Alman dili tədris edilən 40 məktəbdən cəmi birində yüksək nəticə qeydə alınıb. Fransız dili üzrə isə məktəblərin böyük əksəriyyətində nəticələr aşağı və ya orta səviyyədə qalıb. Bu göstəricilər xarici dillərin tədrisi üzrə ümumi vəziyyətin təhlil edilməsini və mövcud statistikanın müxtəlif aspektlərdən qiymətləndirilməsini aktuallaşdırır.

Mövzu ətrafında müxtəlif yanaşmalar mövcuddur. Xarici dillərin tədrisində əldə olunan nəticələrin hansı amillərlə bağlı olduğu, statistik mənzərənin nəyi göstərdiyi və mövcud vəziyyətin necə qiymətləndirilməli olduğu barədə mütəxəssislər fərqli aspektlərdən yanaşırlar. Məsələyə münasibət bildirən təhsil eksperti də hesab edir ki, açıqlanan rəqəmlər müəyyən tendensiyaları ortaya qoyur və bu göstəricilər geniş təhlil tələb edir:

"Qeyd edilən statistika bir müəllimin, bir məktəbin və ya ayrı-ayrı təhsil müəssisələrinin problemi kimi qiymətləndirilə bilməz. Bu rəqəmlər bütövlükdə təhsil sistemində formalaşmış ümumi mənzərəni əks etdirir və göstərir ki, xarici dillərin tədrisi sahəsində müəyyən sistemli problemlər hələ də qalmaqdadır. Xüsusilə yüksək nəticə göstərən məktəblərin böyük hissəsinin Bakıda cəmləşməsi regionlarla paytaxt arasında mövcud olan imkan fərqinin hələ də ciddi şəkildə hiss olunduğunu nümayiş etdirir. Bu isə təhsil imkanlarının ölkə üzrə tam bərabər şəkildə formalaşmadığını, bəzi məktəblərin daha əlverişli şəraitə, daha güclü müəllim heyətinə və daha geniş resurslara malik olduğunu göstərən mühüm göstəricilərdən biridir".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında təhsil üzrə ekspert Vüsət Əzizov deyib. Ekspert bildirib ki, xarici dillər üzrə zəif nəticələrin isə bir neçə əsas səbəbi var və bu səbəblər bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir: "İlk olaraq kommunikativ mühitin olmamasını qeyd etmək olar. Məktəblərin əksəriyyətində xarici dil daha çox qrammatika və test fənni kimi tədris olunur. Şagird qaydaları öyrənir, müxtəlif qrammatik tapşırıqları yerinə yetirir, sözləri və ifadələri əzbərləyir, lakin danışmaq, dinləmək, fikir bildirmək və real ünsiyyət bacarıqları kifayət qədər inkişaf etmir. Halbuki hər hansı xarici dil yalnız qaydalar toplusu deyil, ilk növbədə ünsiyyət vasitəsidir. Şagird dili gündəlik həyat vəziyyətlərində tətbiq etmədiyi zaman öyrəndiyi biliklər uzunmüddətli və praktik bacarıqlara çevrilmir. Digər tərəfdən isə müəllim hazırlığında mövcud olan fərqləri qeyd etmək lazımdır. Son illərdə müəllimlərin sertifikatlaşdırılması və işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, bu sahədə müəyyən irəliləyişlər də müşahidə olunur. Bununla belə, bütün məktəblərdə eyni səviyyədə peşəkar müəllim təmin etmək hələ də mümkün olmayıb. Xüsusilə regionlarda ixtisaslı xarici dil müəllimlərinin çatışmazlığı hiss olunur. Bu isə tədrisin keyfiyyətinə və nəticə etibarilə şagirdlərin əldə etdiyi bilik və bacarıqlara birbaşa təsir göstərən amillərdən biridir. Dərs saatlarının və tətbiq olunan metodikanın məhdudluğu da xüsusi vurğulanmalıdır. Həftədə cəmi bir neçə saat xarici dil keçməklə yüksək səviyyədə dil bacarıqlarının formalaşdırılması olduqca çətindir. Xarici dil öyrənilməsi davamlı məşq və müntəzəm təmas tələb edən bir prosesdir. Bundan əlavə, bəzi məktəblərdə ənənəvi, müəllimmərkəzli metodlar hələ də üstünlük təşkil edir. Bu yanaşmada müəllim daha çox danışan tərəf olur, şagird isə əsasən dinləyən və verilən məlumatı yadda saxlamağa çalışan tərəf kimi çıxış edir. Belə şəraitdə isə aktiv danışıq, dinləmə və qarşılıqlı ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi arxa planda qalır. Ən vacib məqamlardan biri isə dil mühitinin olmamasıdır. Şagird məktəbdən kənarda həmin dildə danışmır, dinləmir və oxumur. Xarici dil öyrənmək isə davamlı praktikadan asılıdır. Əgər şagird öyrəndiyi dili gündəlik həyatda tətbiq etmək imkanı əldə etmirsə, əldə etdiyi biliklər zaman keçdikcə zəifləyir və praktik bacarıqlara çevrilmir. Dil yalnız dərslik vasitəsilə deyil, eyni zamanda gündəlik istifadə, ünsiyyət və müxtəlif mənbələrlə davamlı təmas nəticəsində inkişaf edir".

Ekspertin fikrincə, imtahan yönümlü hazırlıq problemini isə xüsusi vurğulamaq lazımdır. Bir çox hallarda əsas məqsəd dili öyrətməkdən daha çox test nəticəsini yaxşılaşdırmaq olur. Tədris prosesi də məhz imtahan suallarına uyğun qurulur. Bu yanaşma nəticəsində şagirdlər test tapşırıqlarını yerinə yetirməyi öyrənsələr də, real həyatda həmin dildə sərbəst danışmaq, dinlədiyini anlamaq və fikrini ifadə etmək bacarıqları lazımi səviyyədə formalaşmır. Bu isə dil bacarıqlarının balanslı inkişafına mane olur və nəticədə əldə edilən biliklərin praktik tətbiqi zəifləyir. Müəllim əsas amillərdən biridir, amma yeganə səbəb deyil. Eyni proqram və eyni dərsliklə çalışan müəllimlər arasında nəticələrin fərqli olması peşəkarlığın nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Müasir metodlardan istifadə edən, danışıq və dinləmə bacarıqlarının inkişafına xüsusi yer verən, texnologiyanı tədris prosesinə inteqrasiya edən müəllimlərin şagirdləri adətən daha yaxşı nəticə göstərirlər. Bununla belə, müəllimin uğuru yalnız onun peşəkarlığından asılı deyil. Bu uğur həm də məktəbin maddi-texniki bazasından, sinifdə şagird sayından, mövcud resurslardan, məktəb rəhbərliyinin dəstəyindən və ümumi təhsil mühitindən asılıdır. Yəni məsuliyyəti yalnız müəllimlərin üzərinə qoymaq obyektiv yanaşma olmaz. Problemin həlli bütün sistemin kompleks şəkildə inkişaf etdirilməsini tələb edir. İlk növbədə, tədris metodikası kommunikativ yanaşmaya daha çox əsaslanmalıdır. Şagird dili sadəcə qayda kimi deyil, ünsiyyət vasitəsi kimi öyrənməlidir. Dərslərdə şagirdlərin daha çox danışmasına, dinləməsinə, qarşılıqlı ünsiyyət qurmasına və öyrəndiklərini praktik şəkildə tətbiq etməsinə şərait yaradılmalıdır. Xarici dil yalnız imtahan üçün öyrənilən fənn deyil, gələcək təhsil və peşə fəaliyyətində istifadə ediləcək mühüm bacarıq kimi təqdim olunmalıdır. Bütün bunlarla bərabər, müəllimlərin davamlı peşəkar inkişaf proqramları daha da genişləndirilməli, region məktəblərinə güclü müəllimlərin cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər tətbiq edilməli, dinləmə və danışıq bacarıqlarının inkişafına daha çox vaxt ayrılmalı, rəqəmsal platformalar, interaktiv resurslar və süni intellekt əsaslı öyrənmə alətlərindən istifadə artırılmalı, məktəbdənkənar dil klubları, debatlar, beynəlxalq layihələr və müxtəlif praktik fəaliyyətlər daha geniş şəkildə təşkil olunmalıdır. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər şagirdlərin dili yalnız nəzəri səviyyədə deyil, praktik baxımdan da mənimsəməsinə mühüm töhfə verə bilər.

"DİM-in açıqladığı rəqəmlər göstərir ki, problem təkcə qiymətlərdə deyil, xarici dil öyrətmə modelindədir. Əgər məqsəd şagirdlərin dili real həyatda istifadə edə bilməsi, beynəlxalq mühitdə sərbəst ünsiyyət qurması və müasir əmək bazarının tələblərinə cavab verən dil bacarıqlarına yiyələnməsi olarsa, qiymətləndirmə sistemi, müəllim hazırlığı, tədris metodikası və resurs təminatı paralel şəkildə yenilənməlidir. Yalnız bu halda həm buraxılış imtahanlarının nəticələri, həm də məzunların real dil bacarıqları nəzərəçarpacaq dərəcədə yaxşılaşa bilər", - deyə təhsil eksperti əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31