Yay artıq əvvəlki yay deyil: Ekstremal istilər insan həyatını necə dəyişir?
19:13 Sosialİnsan təbiətlə münasibətini çox vaxt yalnız onun ritmi pozulduqda yenidən düşünməyə başlayır. Əsrlər boyu həyatın ən rəngarəng, ən canlı və ən sevilən fəsli sayılan yay da artıq əvvəlki yay deyil. Bir vaxtlar günəşli günlər, dəniz mövsümü, tətil və bolluq rəmzi kimi qəbul edilən bu fəslin siması son illərdə nəzərəçarpacaq dərəcədə dəyişib. İndi yay dedikdə təkcə istirahət yox, həm də uzun sürən isti hava dalğaları, qızmar küçələr, meşə yanğınları və sağlamlıq riskləri yada düşür. Təbiətin ritmində baş verən bu dəyişikliklər isə təsadüfi deyil. Onlar artıq dünyanın hər yerində hiss olunan və insanların gündəlik həyatına təsir göstərən yeni bir reallığın göstəricisidir.
Bu gün dünyanın müxtəlif bölgələrində yay aylarında qeydə alınan temperatur göstəriciləri əvvəlki onilliklərlə müqayisədə daha yüksəkdir. Rekord istilər artıq nadir hadisə kimi deyil, demək olar ki, hər il müşahidə olunan bir vəziyyət kimi qəbul edilir. Bəzi ölkələrdə günlərlə davam edən isti hava dalğaları səbəbindən insanların açıq havaya çıxması məhdudlaşdırılır, iş saatları dəyişdirilir, məktəblər və ictimai müəssisələr fəaliyyət rejimini yenidən müəyyənləşdirir. Bu mənzərə göstərir ki, ekstremal istilər artıq təkcə meteoroloji hadisə deyil. O, cəmiyyətin sosial, iqtisadi və sağlamlıq sistemlərinə təsir göstərən ciddi amilə çevrilib.
İsti havanın təsiri yalnız bədənlə məhdudlaşmır. Alimlər uzun müddətdir bildirirlər ki, yüksək temperatur insanın psixoloji vəziyyətinə də təsir edir. Uzun sürən isti günlər əsəb gərginliyini artırır, yuxu keyfiyyətini aşağı salır, diqqətin cəmlənməsini çətinləşdirir və iş qabiliyyətini zəiflədir. Xüsusilə böyük şəhərlərdə yaşayan insanlar beton tikililər, avtomobil sıxlığı və yaşıllıq sahələrinin azlığı səbəbindən istiliyi daha ağır hiss edirlər. Bu isə həm fiziki, həm də emosional yorğunluğun artmasına gətirib çıxarır.
Ekstremal istilər iqtisadi sahələrə də ciddi təsir göstərir. Kənd təsərrüfatında torpağın nəmlik ehtiyatı azalır, suvarmaya tələbat artır, bəzi bitkilərin məhsuldarlığı aşağı düşür. Heyvandarlıqda məhsuldarlığın azalması, su ehtiyatlarının səmərəli idarə olunmasının vacibliyi və istehsal xərclərinin artması fermerlər üçün yeni problemlər yaradır. Digər tərəfdən, tikinti, nəqliyyat və xidmət sektorunda açıq havada çalışan insanların iş rejimi dəyişməli olur. Günün ən isti saatlarında işləmək həm əmək məhsuldarlığını azaldır, həm də sağlamlıq baxımından risk yaradır.
Azərbaycan da bu qlobal proseslərdən kənarda deyil. Coğrafi mövqeyi və iqlim xüsusiyyətləri nəzərə alındıqda ölkəmizdə yay aylarının isti keçməsi təbii haldır. Lakin son illərdə isti günlərin daha uzun sürməsi, su ehtiyatlarından istifadənin aktuallaşması və yaşıllıq sahələrinin qorunmasının vacibliyi bu məsələyə daha ciddi yanaşma tələb edir.
Bütün bunlar göstərir ki, yay fəslinə münasibət də dəyişməlidir. Artıq məsələ yalnız havanın neçə dərəcə isti olması ilə ölçülmür. Söhbət insanların bu dəyişikliklərə nə dərəcədə hazır olmasından, şəhərlərin yeni iqlim şəraitinə uyğunlaşmasından, səhiyyə sisteminin mümkün risklərə hazırlığından və təbii ehtiyatların qorunmasından gedir.
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim Aydın Əliyev Olaylar.az-a açıqlama verib:

" Bu gün bu mövzu artıq bütün dünyada çox aktualdır. Bunun əsas səbəbləri ekologiyanın bugünkü vəziyyətidir. Radiasiya, şüalanma, müharibələr, ətraf mühitin çirklənməsi, keyfiyyətsiz qida və su, hətta istifadə etdiyimiz dərmanların tərkibi belə buna təsir göstərir.
Bir baxın, atmosferin kimyəvi tərkibi necə dəyişir. Kimyəvi elementlərin nisbəti pozulduqca təbiətdə də dəyişikliklər baş verir. Elə buna görə də bir tərəfdə yağış yağır, digər tərəfdə isə ümumiyyətlə yağış olmur. Atmosferin normal kimyəvi tərkibi dəyişir, ionların yerdəyişməsi baş verir. Nəticədə isti və soyuq hava axınları toqquşur. Buna görə də fəsillər də sanki yerini dəyişib. İsti iqlimə malik ölkələrdə soyuqlar müşahidə olunur, soyuq ölkələrdə isə istilər artır. Bunların hamısı insanların təbiətə müdaxiləsinin nəticəsidir. Kimyəvi elementlərin yeri dəyişdikcə hava, fəsillər, gecə-gündüz balansı, isti və soyuq arasında olan tarazlıq da pozulur.
İsti havalarda çox soyuq su içmək, kondisionerin qarşısında uzun müddət dayanmaq təhlükəlidir. Həmçinin isti havada buz kimi qazlı içkilər və dondurma qəbul etmək də orqanizm üçün uyğun deyil. İçdiyimiz su və qəbul etdiyimiz qidalar bədənimizin temperaturuna yaxın olmalıdır.
Əbəs yerə demirlər ki, "ürəyin yananda buz kimi su içmə, ilıq su iç". Çünki belə olduqda qanın qatılaşmasının qarşısı alınır. Xüsusilə ürək xəstələri, şəkərli diabetdən əziyyət çəkənlər, əsəbi və stressli insanlar bu məsələdə daha diqqətli olmalıdırlar. Belə hallar insan orqanizmini anormal vəziyyətə salır və mövcud xəstəlikləri daha da ağırlaşdırır.
Biz təbiətin bir parçasıyıq. Torpaqdan, sudan, havadan, ağaclardan yaranmışıq və bunlarla yaşayırıq. Əgər bunlar dəyişirsə, insan orqanizmində də müxtəlif patologiyalar yaranır. Fikir verin, son illərdə onkoloji xəstəliklərin, şəkərli diabetin artım tempi xeyli yüksəlib. Bunun əsas səbəblərindən biri ekoloji çirklənmə və keyfiyyətsiz məhsullardır.
Ona görə də çalışın isti havalarda mümkün qədər kölgədə qalın. İmkan olduqca sərin su ilə yuyunun, amma istidən çıxıb birdən-birə çox soyuq mühitə keçməyin. Atalarımızın, babalarımızın tövsiyələrindən də istifadə etmək lazımdır. Çünki qanın tərkibi və qatılığı dəyişəndə damarlarla qan normal hərəkət etmir. Qan hansı orqana lazımi qədər çatmırsa, həmin orqanın qidalanması pozulur. Əgər orqanda əvvəlcədən xəstəlik varsa, bu vəziyyət onu daha da ağırlaşdırır. Bəs çıxış yolu nədir? Ən vacib çıxış yolu yaşıllaşdırmanı artırmaqdır. Amma burada da bir məqama diqqət yetirmək lazımdır. Ağacların altına tökülən yarpaqları tamamilə yığışdırırlar. Halbuki o yarpaqlar torpağın özünündür. Onlar torpaqda qalmalı, çürüməli, torpağın münbitliyini və rütubətini artırmalıdır. Bakıda da tez-tez müşahidə edirəm ki, ağacların altındakı yarpaqlar tamamilə təmizlənir. Bu, düzgün yanaşma deyil. Təbiətdə nə varsa, onun qanunlarına uyğun yaşamağı bacarmalıyıq".