Dələduzluq, kibercinayətkarlıq və kredit

Bir vaxtlar dələduzluq dedikdə insanların ağlına daha çox saxta sənədlər, yalan vədlər və ya üz-üzə qurulan fırıldaq sxemləri gəlirdi. Bu gün isə mənzərə tamamilə dəyişib. Rəqəmsallaşma həyatımızı sürətləndirdiyi kimi, cinayət üsullarını da müasirləşdirib. Artıq kibercinayətkarlıq təkcə şəxsi məlumatların oğurlanması ilə məhdudlaşmır, insanların xəbəri olmadan onların adına kredit rəsmiləşdirilməsi kimi daha mürəkkəb və ciddi nəticələr doğuran hallarla müşayiət olunur. Məncə, problemin ən narahatedici tərəfi də elə budur. Vətəndaş bəzən heç bir müraciət etmədiyi halda, bir telefon zəngi, saxta keçid və ya əldə edilmiş şəxsi məlumatlar nəticəsində özünü borclu kimi tapa bilir. Bu isə təkcə maddi zərər deyil, eyni zamanda hüquqi və psixoloji yük yaradır. Rəqəmsal maliyyə xidmətlərinin inkişafı insanların həyatını asanlaşdırsa da, təhlükəsizlik mexanizmləri eyni sürətlə təkmilləşmədikdə həmin rahatlıq riskə çevrilə bilir.
Düşünürəm ki, son illər telefon dələduzluğu və kibercinayətkarlıqla bağlı müraciətlərin artması bu sahədə hüquqi və texnoloji müdafiə tədbirlərinin gücləndirilməsini zəruri edib. Məhz bu səbəbdən Mərkəzi Bank məsafədən kreditləşmə qaydalarına dəyişiklik edərək vətəndaşlara onlayn kreditlərin rəsmiləşdirilməsinə əvvəlcədən məhdudiyyət qoymaq imkanı yaradıb. Eyni zamanda bankların bu məhdudiyyəti yoxlaması, kredit vəsaitinin köçürülməsinə gözləmə müddətinin tətbiqi və qaydaları pozan maliyyə təşkilatlarının məsuliyyət daşıması nəzərdə tutulur.
Bəs bu yeniliklər kiberdələduzların fəaliyyət imkanlarını həqiqətən məhdudlaşdıra biləcəkmi? Yeni mexanizmlər vətəndaşların maliyyə təhlükəsizliyini nə dərəcədə təmin edəcək, yoxsa problemin həlli üçün təkcə hüquqi dəyişikliklər kifayət etməyəcək? Mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.

İT mütəxəssisi Fərhad Mirəliyev  mövzu ilə bağlı Olaylar.az-a açıqlama verib:
"İnformasiya təhlükəsizliyi nöqteyi-nəzərdən düşünürəm ki, atılan addımlar çox mühümdür. Burada biz həm bəzi vətəndaşların rəqəmsal savadlılığının kifayət qədər olmaması səbəbindən müasir texnologiyalarla anlaşma problemi olması, həmçinin çox dərin və təkmil hazırlanmış kiberhücumlar nəticəsində, hətta rəqəmsal savadlılığı kifayət qədər olan vətəndaşların da bu cür hallardan sığortalanması üçün preventiv tədbirlər olaraq Mərkəzi Bankın bu sadaladığı bir neçə yoxlayıcı və yaxud da ki, təsdiqləyici addımların olması çox mühümdür. Əvvəlki qaydalarda biz görürdük ki, artıq sürətli şəkildə bütün xidmətlər, həyatımızın bütün sahələrində bizi əhatə edən bütün xidmətlər sürətli şəkildə rəqəmsal mühitə transformasiya eləyir və orada öz əksini tapır. Bu da əlbəttə ki, kibercinayətkarlığın artmasında özünü biruzə verirdi ki, yəni dələduzluq halları artıq özü də rəqəmsal bir mühitə transfer etməkdədir və biz hər il bura yatırılan investisiyaları görsək, baxsaq görərik ki, yəni bu sahə kifayət qədər gəlirlidir, uğurludur, hər il artım var kibercinayətkarlıqda və buna görə də bu cür hallar növbəti illərdə də get-gedə artacaq. Ona görə də bizim vəzifəmiz və yaxud da ki, tənzimləyici və nəzarət edici qurumların vəzifəsi bu hallarla mübarizə aparmaq, ən azından kibercinayətkarların işini çətinləşdirmək, onları bu cür asan vətəndaşın adından xidmətlər almasını əngəlləməkdir. Mən demirəm ki, bu 100% bütün problemləri həll edə bilər, amma bu cür preventiv tənzimləmələrin həyata keçirilməsi, əlbəttə ki, vətəndaşın adına götürülən kreditlərin onun razılığı olmadan rəsmiləşdirilməsinin qarşısını alacaq. Bu cür hallar biz bank məlumatlarının sorğulanmasında, bankın vətəndaşın məlumatlarının sorğulanmasında da görmüşdük ki, Mygov.az tətbiqində orada müəyyən bir tənzimləmələr var idi ki, banklar vətəndaşı fərdi məlumatlarını və yaxud da ki, bank məlumatlarını, sosial sığorta məlumatlarını sorğulaya bilmir onun icazəsi olmadan. Bu düşünürəm ki, çox müsbət bir addım oldu və eynisi ilə, eyni məntiqlə də bu kreditlərin verilməsi də tətbiq olunacaq. O cümlədən məbləğin yubanmış halda hesaba köçməsi də imkan verəcək ki, vətəndaş iş-işdən keçdikdən sonra məlumat almasın, yəni bir müddət olacaq ki, vətəndaş ayıq düşüb əgər aldadılarsa, dələduzluğa məruz qalarsa, həmin o müddət ərzində başına nə gəldiyini anlamaq üçün mən düşünürəm ki, kifayət edəcək". 

Məsələnin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Mehman Muradlı Olaylar.az-a açıqlama verib:
" Bu mövzu kifayət qədər ciddi mövzudur. Məsafədən kreditləşmə necə həyata keçirilir? Bunun üçün ilk növbədə şəxsin bankda hesabı olmalıdır. Bank hesabı açılarkən isə şəxsin öz iştirakı mütləq tələb olunur. Bu, Mərkəzi Bankın müəyyən etdiyi qaydalarda da öz əksini tapıb. Hətta kredit kartının götürülməsi məsələsində də eyni qaydalar tətbiq edilir. Onlayn kart yalnız şəxsin bankda hesabı olduqda təqdim edilir. Əgər hesab yoxdursa, ümumiyyətlə, onlayn kart verilmir.
Elə hallar olur ki, kimlərsə bəzi vətəndaşların telefonlarını və ya şəxsi məlumatlarını əldə edirlər. Yenə də deyirəm ki, bu cür hallar əksər hallarda kiberdələduzlarla vətəndaşın müəyyən mənada əməkdaşlığı və ya səhlənkarlığı nəticəsində baş verir. Vətəndaş sonradan deyir ki, "mənim xəbərim olmayıb". Amma bu necə ola bilər? Onlayn tətbiqlərin təsdiqlənməsi, kartın nömrəsi, şəxsiyyət vəsiqəsinin məlumatları və digər təsdiqləmə mərhələləri tələb olunur. Bunlar bir neçə təhlükəsizlik sistemindən keçən prosedurlardır. Bütün bu mərhələlərdən sonra vətəndaşın "mənim xəbərim olmayıb" deməsi inandırıcı görünmür. Əgər siz öz razılığınızı vermirsinizsə və təklif olunan kredit məbləğini təsdiqləmirsinizsə, kredit də rəsmiləşdirilə bilməz.
Bəli, ola bilər ki, şəxs məsuliyyətini tam dərk etmir. Ancaq məsuliyyəti anlamamaq onu məsuliyyətdən azad etmir. Söhbət də məhz bundan gedir.
Bir daha qeyd edirəm ki, kreditin ayrılması və verilməsi müəyyən prosedurlardan ibarətdir. Bu, elə də asan proses deyil. Kreditin verilməsi şəxsin bank kartına və bank hesabına bağlı məsələdir. Əgər şəxsin bank hesabı varsa və bütün prosedurlar yerinə yetirilirsə, yalnız bundan sonra ona kredit ayrılması mümkündür".

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib:
"Yeni qaydalar vətəndaşların dələduzluqla bağlı problemlərini tam həll edə bilməz. Əlbəttə ki, bu mümkün deyil. Amma həmin qaydalar riskləri böyük ölçüdə azaldır. Burada əsas məsələ ondan ibarətdir ki, vətəndaş istədiyi vaxt özü üçün məhdudiyyət qoya bilir.
Bu qaydanın ən mühüm tərəfi isə odur ki, kredit verən tərəf həmin məhdudiyyətin olub-olmadığını yoxlamağa məcbur olacaq. Bu da telefon və digər üsullarla törədilən dələduzluq hallarını minimuma endirəcək. Yeni qaydalarda minimum əməkhaqqının iki mislinədək olan kreditlərlə bağlı müddətlər də fərqli müəyyən edilib. Bundan əlavə, şübhəli məqamlarla bağlı xüsusi yanaşmalar da tətbiq olunacaq.
Digər tərəfdən, Azərbaycanda bütün bu proseslər əsasən istehlak kreditlərinə yönəlib. Çünki ölkədə istehlak kreditlərinin həcmi artır. Düşünürəm ki, bu yeni sənəd məhz bu istiqamətdə qoruyucu funksiya yerinə yetirəcək. Rəqəmsal maliyyə xidmətlərinə etimad artdıqca, insanlar bu xidmətlərdən daha çox istifadə etdikcə, təəssüf ki, aldanma və dələduzluq hallarının da sayı artır. Belə olan halda bankların və BOKT-ların məsuliyyəti də təbii olaraq artır.
Ümumilikdə isə mən bu addımı birmənalı şəkildə dəstəkləyirəm və doğru hesab edirəm. Çünki proses nə qədər düşünülmüş və ehtiyatlı şəkildə həyata keçirilərsə, təhlükəsizliyi təmin etmək bir o qədər asan olar və dələduzluq hallarının qarşısını almaq mümkünləşər". 
Rəqəmsal texnologiyalar inkişaf etdikcə həyatımız daha rahat olsa da, bu rahatlığın təhlükəsiz şəkildə qorunması da getdikcə daha böyük əhəmiyyət qazanır. Mütəxəssislərin də vurğuladığı kimi, yeni qaydalar bütün riskləri aradan qaldırmasa da, kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində mühüm bir addım hesab oluna bilər. Görünən odur ki, rəqəmsal maliyyə xidmətlərinin təhlükəsizliyi bundan sonra həm qanunvericilikdə aparılan yeniliklərdən, həm maliyyə qurumlarının məsuliyyətindən, həm də vətəndaşların şəxsi məlumatlarına daha həssas yanaşmasından asılı olacaq. Texnologiya dəyişdikcə, ondan təhlükəsiz istifadə vərdişlərinin formalaşması da zamanın əsas tələblərindən birinə çevrilir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31