Depopulyasiya təhlükəsi: Bizi gələcəkdə hansı demoqrafik problemlər gözləyir?
20:00 SosialAzərbaycanda son illərdə müşahidə olunan demoqrafik dəyişikliklər artıq statistik göstəricilərdən kənara çıxaraq ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Uzun illər əhalisinin artımı ilə seçilən ölkədə doğum göstəricilərinin tədricən aşağı düşməsi, nikahların sayında azalma və uşaqların sayındakı geriləmə mütəxəssislərin diqqət mərkəzindədir. Demoqrafik proseslər hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Çünki əhalinin sayı və yaş strukturu yalnız bugünkü sosial vəziyyəti deyil, həm də gələcək iqtisadi inkişafı, əmək bazarını, təhsil sistemini, səhiyyəni, sosial müdafiəni və milli təhlükəsizlik məsələlərini birbaşa müəyyənləşdirən əsas amillərdəndir. Son illərin statistikası göstərir ki, Azərbaycanda doğum göstəricilərində azalma tendensiyası davam edir. Bu proses özünü təkcə yeni doğulan körpələrin sayında deyil, eyni zamanda təhsil sisteminə daxil olan uşaqların statistikasında da göstərməyə başlayıb. Yeni tədris ili üçün aparılan ilkin qeydiyyat nəticələrinə əsasən, bu il ölkədə birinci sinfə gedəcək uşaqların sayı cəmi 131 min nəfər təşkil edir. Bu göstərici əvvəlki illərlə müqayisədə daha aşağı olmaqla yanaşı, demoqrafik proseslərin artıq təhsil sistemində də hiss edilməyə başladığını göstərən mühüm göstəricilərdən biri hesab olunur. Rəsmi statistika doğum göstəricilərindəki azalma meylini də təsdiqləyir. Belə ki, bu ilin ilk iki ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 797 körpənin doğumu qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aşağıdır. Əhalinin hər 1000 nəfərinə düşən doğum sayı isə 9,7-dən 8,9-a enib. İlk baxışdan bu rəqəmlər böyük fərq kimi görünməsə də, demoqrafiyada hətta kiçik dəyişikliklər belə uzunmüddətli perspektivdə ciddi nəticələrə səbəb ola bilir. Məhz buna görə də demoqrafik statistika yalnız cari dövrün göstəricisi kimi deyil, gələcək onilliklərin inkişaf istiqamətini müəyyən edən vacib indikatorlardan biri hesab edilir. Əhalinin yaş strukturunda baş verən dəyişikliklər dövlət siyasətinin müxtəlif istiqamətlərinə təsir göstərir. Məktəblərdə şagird sayından başlayaraq ali təhsil müəssisələrinin qəbul planlarına, əmək bazarının formalaşmasına, pensiya sisteminə, sosial təminat mexanizmlərinə və iqtisadi inkişaf strategiyalarına qədər bir çox sahə demoqrafik vəziyyətlə sıx bağlıdır. Bu baxımdan doğum göstəricilərində müşahidə olunan hər bir dəyişiklik yalnız statistik məlumat deyil, həm də gələcək planlaşdırma üçün mühüm siqnal hesab olunur. Müasir dünyada demoqrafik proseslər qlobal xarakter daşıyır. Dünyanın bir çox ölkəsi son illərdə doğum səviyyəsinin aşağı düşməsi, əhalinin qocalması və əmək qabiliyyətli insanların sayının azalması kimi problemlərlə üzləşir. Bəzi dövlətlər artıq bu tendensiyanın qarşısını almaq üçün geniş sosial proqramlar həyata keçirir, gənc ailələrə maliyyə dəstəyi göstərir, mənzil layihələri reallaşdırır, uşaqlı ailələr üçün vergi güzəştləri tətbiq edir və ailə institutunun gücləndirilməsi istiqamətində müxtəlif təşviq mexanizmlərindən istifadə edirlər. Bu isə göstərir ki, demoqrafik siyasət artıq təkcə sosial deyil, həm də iqtisadi və milli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib. Azərbaycanda da müşahidə olunan son statistik göstəricilər demoqrafik proseslərin diqqətlə izlənilməsini zəruri edir. Çünki bugünkü rəqəmlər yalnız bu günü deyil, onilliklər sonra formalaşacaq əhali strukturunu da müəyyənləşdirir. Bu baxımdan doğum göstəricilərindəki azalma və məktəbyaşlı uşaqların sayında müşahidə olunan geriləmə cəmiyyət üçün düşündürücü məqamlardan biridir və bu prosesin səbəblərinin, mümkün nəticələrinin elmi yanaşmalar əsasında təhlil olunması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Fəlsəfə üzrə elmlər doktoru Kifayət Ağayeva bildirib ki, aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda son dövrdə nikahların sayı azalır və doğum səviyyəsi aşağı düşür. Bu tendensiya təsadüfi xarakter daşımır və yalnız Azərbaycana məxsus bir proses deyil. Dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində də oxşar mənzərə müşahidə olunur. Bu proses kompleks sosial-iqtisadi və mədəni dəyişikliklərlə bağlıdır. Cəmiyyətin həyat tərzində baş verən dəyişikliklər, iqtisadi şərait, insanların düşüncə tərzində yaranan yeniliklər və ailəyə münasibətin fərqli istiqamətdə formalaşması nikah və doğum göstəricilərinə birbaşa təsir göstərir. Əvvəllər gənclər 20 yaşlarına çatan kimi gələcək həyatlarını planlaşdırmağa başlayır, ailə qurmaq haqqında ciddi düşünürdülər. O dövrdə evlənmək həyatın təbii mərhələlərindən biri hesab edilirdi və gənclərin əksəriyyəti müəyyən yaş həddinə çatdıqdan sonra ailə qurmağı qarşılarına məqsəd qoyurdular. Əlbəttə, universitet məzunları bu barədə bir qədər gec düşünürdülər. Onlar ali təhsili başa vurduqdan, ixtisaslarına uyğun iş tapdıqdan sonra növbəti mərhələnin ailə qurmaq olduğuna inanırdılar. Yəni təhsil, iş və ailə qurmaq ardıcıl şəkildə planlaşdırılan həyat mərhələləri kimi qəbul edilirdi. Son dövrlərdə isə bu vəziyyət çox dəyişmişdir. Artıq ailə qurmaq əvvəlki dövrlərlə müqayisədə daha gec yaşlara təxirə salınır və bir çox gənclər müxtəlif səbəblərdən nikaha tələsmirlər. Bu dəyişiklik cəmiyyətin müxtəlif sahələrində baş verən sosial və iqtisadi proseslərlə sıx bağlıdır. Bu vəziyyətin əsas səbəblərindən biri iqtisadi çətinliklər və yaşam xərcləridir. İşsizlik, inflyasiya, mənzil probleminin mövcudluğu və ümumilikdə yüksək yaşayış xərcləri gənc ailələri həm ailə qurmaq, həm də övlad sahibi olmaq qərarını təxirə salmağa vadar edir. Bir çox gənclər hesab edirlər ki, maddi baxımdan tam müstəqil olmadan, sabit gəlir əldə etmədən və ya mənzil problemini həll etmədən ailə qurmaq gələcəkdə əlavə çətinliklər yarada bilər. Bu səbəbdən onlar əvvəlcə maddi vəziyyətlərini yaxşılaşdırmağa, daha sonra isə ailə qurmağa üstünlük verirlər. Yaşayış xərclərinin artması və gündəlik ehtiyacların təmin edilməsinin çətinləşməsi də bu qərarın verilməsinə təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir. Digər mühüm səbəblərdən biri gənclər arasında prioritetlərin dəyişməsidir. Son illərdə gənclər arasında ali təhsilə maraq artmış, peşəkar inkişaf və karyera qurmaq əsas məqsədlərdən birinə çevrilmişdir. Bir çox gənclər əvvəlcə təhsilini başa vurmağa, peşəkar fəaliyyət sahəsində möhkəmlənməyə, daha sonra isə ailə qurmağa üstünlük verirlər. Bu səbəbdən ailə qurmaq və uşaq dünyaya gətirmək məsələsi daha gec yaşlara, xüsusilə 30 yaşdan sonrakı dövrə təxirə salınır. Bu isə təbii olaraq doğum sayının azalmasına gətirib çıxarır. Yaş artdıqca ailə qurmaq qərarının gecikməsi doğum göstəricilərinə də təsirsiz ötüşmür.
Ekspertin sözlərinə görə, psixoloji və mədəni amillər bu prosesdə mühüm rol oynayır. Sosial şəbəkələrin təsiri ilə formalaşan "ideal həyat" standartları insanların ailə və nikah haqqında təsəvvürlərinə də təsir göstərir. İnsanlar bəzən sosial mediada gördükləri həyat tərzini öz həyatları ilə müqayisə edir, nəticədə ailə qurmaq qərarını müxtəlif səbəblərlə gecikdirirlər. Digər tərəfdən, boşanma hallarının artması bəzi gənclərdə ailə həyatına qarşı müəyyən narahatlıq və qorxu yaradır. Bu vəziyyət ailəyə qarşı skeptisizmin formalaşmasına səbəb olur. Həmçinin cəmiyyətdə sərbəst yaşamaq, şəxsi azadlığa üstünlük vermək və məsuliyyətdən qaçmaq meylinin də müşahidə olunması nikahların sayına təsir edən amillər sırasındadır. Demoqrafik struktur da bu prosesə təsir göstərən mühüm amillərdən biridir. Gənclərin əhalinin ümumi sayındakı faiz nisbətinin azalması nikah potensialına malik yaş qrupunun da azalmasına səbəb olur. Bu isə təbii olaraq həm nikahların, həm də doğumların sayına təsir göstərir. Əhalinin yaş strukturunda baş verən dəyişikliklər uzunmüddətli perspektivdə demoqrafik göstəricilərin dəyişməsinə gətirib çıxara bilər. Miqrasiya və digər faktorlar da önəmlidir. Xaricə təhsil almaq, işləmək və ya daimi yaşamaq məqsədilə gedən gənclərin sayının artması da nikah və doğum göstəricilərinə müəyyən təsir göstərən amillərdən biri hesab olunur. Bununla yanaşı, müxtəlif sosial və iqtisadi faktorlar ümumi mənzərənin formalaşmasına öz təsirini göstərir.
Yuxarıda qeyd etdiyimiz problemlə əlaqəli gələcəkdə hansı demoqrafik problemlərlə üzləşə bilərik?
Əgər bu tendensiya davam edərsə, uzunmüddətli perspektivdə bir sıra ciddi demoqrafik problemlər qaçılmaz ola bilər. İlk növbədə əhalinin qocalması prosesi sürətlənə bilər. Doğum göstəriciləri azaldıqca yaşlı nəslin əhali strukturundakı payı artacaq. Bu isə pensiya sisteminə və sosial təminat fonduna ciddi yük gətirəcək. İşləyən əhalinin sayı ilə pensiya alan əhali arasında tarazlığın dəyişməsi sosial təminat sisteminin gələcəkdə daha böyük maliyyə yükü ilə üzləşməsinə səbəb ola bilər. Digər mühüm problem işçi qüvvəsi çatışmazlığıdır. Gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində çalışacaq gənc nəslin sayı kifayət etməyə bilər. Bu isə əmək bazarında müəyyən boşluqların yaranmasına və ölkənin iqtisadi inkişaf tempinin zəifləməsinə səbəb ola bilər. İnsan kapitalı iqtisadi inkişafın əsas resurslarından biri hesab olunduğundan, gənc əhalinin azalması uzunmüddətli perspektivdə müxtəlif sahələrə öz təsirini göstərə bilər.
Depopulyasiya, yəni əhalinin azalması ehtimalı da diqqətdən kənarda qalmamalıdır. Hazırda Azərbaycanda əhali sayı artsa da, bu artım tempi digər yaxın ölkələrlə müqayisədə kəskin şəkildə zəifləyir. Əgər mövcud tendensiya uzun müddət davam edərsə, müəyyən mərhələdən sonra əhali artımı dayana və mənfi dinamikaya keçə bilər. Bu isə ölkənin demoqrafik inkişafına birbaşa təsir göstərəcək amillərdən biri hesab olunur.
"Bu proseslərin nəticələri də müxtəlif istiqamətlərdə özünü göstərə bilər. İlk növbədə sosial-iqtisadi yük artacaq. Dövlət büdcəsinin daha böyük hissəsi səhiyyə və sosial qayğı sahələrinə, xüsusilə yaşlı nəslin sosial müdafiəsinə yönəldilməli olacaq. Bu isə digər sahələrin inkişafı üçün ayrılan investisiyaların azalması deməkdir. Dövlət resurslarının bölgüsündə yeni prioritetlər yaranacaq və sosial müdafiə sisteminə ayrılan vəsaitlərin həcmi arta bilər. Digər tərəfdən iqtisadi modelin dəyişməsi ehtimalı meydana çıxacaq. Ölkə gələcəkdə işçi qüvvəsini tamamlamaq üçün ya avtomatlaşdırmaya daha çox yatırım etməli, ya da xarici miqrantlara ehtiyac duyacaq. Bu isə cəmiyyətin sosial quruluşunda müəyyən dəyişikliklərin baş verməsinə səbəb ola bilər. Əmək bazarındakı dəyişikliklər iqtisadiyyatın müxtəlif sahələrinə də təsir göstərə bilər. Milli təhlükəsizlik və inkişaf məsələsi də burada xüsusi əhəmiyyət daşıyır. Demoqrafik güc dövlətlərin inkişafının əsas dayaqlarından biri hesab olunur. İnsan kapitalının azalması ölkənin hərbi, iqtisadi və siyasi müstəqilliyini qorumaq üçün tələb olunan resursları müəyyən dərəcədə məhdudlaşdıra bilər. Əhalinin sayının və əmək qabiliyyətli insanların azalması gələcək inkişaf strategiyalarına da təsir göstərən amillərdən biri ola bilər. Bu prosesin qarşısını almaq üçün dövlət səviyyəsində müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi vacibdir. Gənc ailələr üçün güzəştli mənzil proqramlarının hazırlanması və digər sosial dəstək paketlərinin artırılması, ailələrin sosial rifahının gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, ailə dəyərlərinin təbliği, gənclərin ailə qurmağa təşviq edilməsi və ailə institutunun daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər də bu sahədə müsbət nəticələrin əldə olunmasına töhfə verə bilər", - deyə K. Ağayeva əlavə edib.
Səidə Ramazanova