Ekran arxasında gələcək: Sosial mediada fal trendi
17:59 SosialSon illər sosial medianın sürətli inkişafı həyatımızın demək olar ki, bütün sahələrinə toxunub. Artıq gündəlik informasiya almaqdan tutmuş ünsiyyətə, təhsildən əyləncəyə qədər bir çox proses məhz ekranlar vasitəsilə həyata keçirilir. Bu platformalar insanlara özünüifadə imkanı yaratmaqla yanaşı, yeni biliklər əldə etmək, dünyada baş verənləri anında izləmək və fərqli baxış bucaqları ilə tanış olmaq imkanı verir. Məncə, sosial medianın bu tərəfi müasir insan üçün əvəzolunmaz üstünlüklərdən biridir. Lakin hər inkişafın olduğu kimi, sosial medianın da görünməyən tərəfləri mövcuddur. İnformasiya bolluğu ilə yanaşı, burada yanlış məlumatların, manipulyativ kontentin və elmi əsaslara söykənməyən iddiaların da geniş yayılması müşahidə olunur. Düşünürəm ki, məhz bu məqam sosial medianın ən təhlükəli tərəflərindən biridir. Çünki hər bir istifadəçi gördüyü məlumatı süzgəcdən keçirmək bacarığına malik olmaya bilər və bu da yanlış inancların sürətlə yayılmasına şərait yaradır.
Son dövrlərdə sosial platformalarda diqqət çəkən tendensiyalardan biri də falçılıq və "gələcəyi görmə" iddiası ilə çıxış edən şəxslərin artmasıdır. Xüsusilə qısa video formatında təqdim olunan bu kontentlər geniş auditoriya toplayır, minlərlə insan tərəfindən izlənilir və bəzən ciddi şəkildə qəbul olunur. "Sənin taleyində bu var", "səni yaxın günlərdə böyük dəyişiklik gözləyir" kimi ümumi və hər kəsə aid edilə biləcək ifadələr izləyicilərdə maraq və inam yaradır. Məncə, burada əsas məsələ insanların qeyri-müəyyənlik qarşısında psixoloji dayaq axtarmasıdır. İnsan təbiəti etibarilə gələcəyi bilmək istəyir. Bu istək bəzən sadəcə maraqdan doğsa da, bəzi hallarda qorxu, narahatlıq və ya çıxış yolu axtarışı ilə əlaqələndirilir. Düşünürəm ki, məhz bu psixoloji zəmin sosial mediada falçılıq kimi tendensiyaların yayılmasına münbit şərait yaradır. Ənənəvi olaraq mövcud olan bu inanclar artıq rəqəmsal mühitə daşınıb və daha geniş auditoriyaya çatmaq imkanı əldə edib. Digər tərəfdən, bu cür kontentlərin sadəcə əyləncə məqsədi daşıdığını düşünənlər də az deyil. Lakin məsələ burasındadır ki, bəzi insanlar üçün bu, sadəcə maraq deyil, qərarvermə prosesinə təsir edən amilə çevrilir. İş seçimi, münasibətlər, maliyyə qərarları kimi mühüm məsələlərdə belə "fal"a istinad edənlərin sayı artır. Məncə, bu artıq sadə əyləncə sərhədlərini aşan və cəmiyyət üçün müəyyən risklər yaradan bir tendensiyadır. Sosial medianın təqdim etdiyi imkanlarla yanaşı, onun formalaşdırdığı yeni davranış modelləri də diqqət mərkəzində olmalıdır. İnformasiya əsrində yaşadığımız bir dövrdə insanlar daha çox elmi əsaslara, rasional düşüncəyə və tənqidi yanaşmaya ehtiyac duyur. Düşünürəm ki, əks halda, ekran arxasında qurulan bu "gələcək ssenariləri" reallıqla sərhədləri qarışdıraraq fərdlərin düşüncə tərzinə təsir edə bilər.
Beləliklə, sosial medianın həm imkanlar, həm də risklər platforması olduğu bir daha özünü göstərir. Bir tərəfdən bilik və inkişaf, digər tərəfdən isə manipulyasiya və illüziya...
Sosial mediada, xüsusilə TikTok-da fala marağın artmasını dini baxımdan necədir? Bu, iman zəifliyi ilə bağlıdırmı, yoxsa başqa səbəblər də var? Bəzi insanlar bunu sadəcə əyləncə kimi qəbul edir. Bu yanaşma dini baxımdan nə dərəcədə doğrudur?
Bu suallara dini baxımdan daha geniş cavab tapmaq üçün ilahiyyatçı-psixoloq Fazil Əhməd Olaylar.az-a açıqlama verib:
" Bəli, doğru buyurursunuz, son vaxtlarda fala inam və fala müraciət xeyli artıb. Bu, müxtəlif səbəblərdən irəli gəlir. Ümumiyyətlə, bəzi insanlarda gələcəkdən xəbərdar olmaq kimi əyləncəvi bir maraq olur. Bəzən bu, sırf ehtiyacdan yox, sadəcə maraqdan doğur: "görəsən nə olacaq?", "düz deyəcəkmi?" və s. Bu maraq hissini təmin etmək üçün hətta ödəniş edib falçıya müraciət edirlər. Bir növ bunu yoxlamaq, sınamaq istəyirlər. Amma bəziləri isə ehtiyacdan müraciət edir. Necə yəni ehtiyacdan? Yəni həyatda müəyyən çətinliklərlə qarşılaşır və düşünür ki, "görüm bunun səbəbi nədir, bəlkə kimsə mənə nəsə edib". Bu isə artıq ciddi məqsədlə edilən müraciətdir. Əlbəttə, hər iki hal təhlükəlidir və İslam tərəfindən qınanmışdır. Təəssüf doğuran haldır ki, insanlar azacıq çətinliklə qarşılaşan kimi dərhal düşünürlər ki, kimsə onlara nəsə edib. Halbuki bu, həmişə belə olmur. Bəzən insanlar doğrudan da cadugərlərə müraciət edib başqasının həyatına təsir etməyə çalışırlar. Amma bu o demək deyil ki, hər çətinlik yaşayan insanın həyatında belə bir hal var. Qurani Kərimdə açıq şəkildə bildirilir ki, insanlar çətinliklər, xəstəliklər, mal qıtlığı, övlad itkisi və s. ilə imtahan olunacaq. Yəni Allah özü bildirir ki, sizi sınağa çəkəcəyəm.
Deməli, bütün çətinlikləri "mənə cadu olunub" kimi izah etmək düzgün deyil. Təəssüf ki, bu düşüncə cəmiyyətimizdə çox yayılıb və mən çalışıram ki, ətrafımda və sosial şəbəkələrdə bunu izah edim. İnsanlar deyir ki, "mən Allahı sevirəm". Amma əsas məsələ odur ki, sınaq anında da həmin sevgi və sədaqət qalırmı? İnsan məhz çətinliklərdə sınanır və onun dəyəri də bu zaman ortaya çıxır. Fal isə haram müraciət formalarından biridir. Allah insanı bu yoldan çəkindirir, çünki bilir ki, insan asanlıqla aldana bilər. Falçının dediyi bəzi ümumi sözlər insana uyğun gəlir və insan buna inanmağa başlayır. Məsələn, falçı deyir: "siz çox ürəyi yumşaq insansınız, başqalarının yaxşılığını istəyirsiniz, amma sizin pisliyinizi istəyənlər var". Bu cümlə demək olar ki, hər kəsə uyğundur. İnsan bunu eşidəndə psixoloji olaraq qəbul edir və düşünür ki, "doğrudan da məni tanıyır". Beləliklə, insan yavaş-yavaş falçının təsiri altına düşür, hətta maaşının böyük hissəsini ona xərcləyir və nəticədə həm maddi, həm mənəvi baxımdan zərər görür. Mən bir dəfə belə bir fikir paylaşmışdım: illərlə məscidin qapısını açmayan insanın cadugərin və falçının qapısında növbə tutması anlaşılandır. İnsan Allahla ünsiyyət qurmayanda, təbii olaraq başqa qapılara yönəlir.
Falçılara gəldikdə isə, onlar iki cür olurlar: bir qismi manipulyator, yəni fırıldaqçı olur, digərləri isə bu sahəni öyrənmiş insanlar olur. Fırıldaqçılar psixoloji təsir və ümumi ifadələrlə insanları aldadırlar. Digərləri isə müəyyən "elm" adı altında bəzi məlumatları təqdim edirlər. Bu zaman insan təəccüblənir: "bu hardan bildi?" və məhz bu məqamdan etibarən falçıya bağlanır. Halbuki İslam əvvəlcədən xəbərdarlıq edir ki, bu yoldan uzaq dur. İnsan bu yolla öz taleyini başqasının əlinə verir və həyatını bu asılılıq içində keçirir. Əgər bu hal davam edərsə, həm dünyada, həm də axirətdə ağır nəticələrə səbəb ola bilər.
İslam bu məsələyə görə çox ciddi xəbərdarlıq edir ki, insanlar aldanmasın. Biz demirik ki, belə şeylər ümumiyyətlə yoxdur. Amma deyirik ki, onların təsiri Allahın qüdrəti ilə müqayisə oluna bilməz. İnsanları cadudan qoruyan ən güclü vasitələrdən biri namazdır. İnsanlar namazdan uzaq olduqca, bu cür təsirlərə daha açıq olurlar. Bəzən sual verirlər ki, Allah niyə icazə verir ki, cadu təsir etsin? Cavab sadədir: dünya səbəblər üzərində qurulub. Necə ki, soyuqda qorunmasan xəstələnərsən, eləcə də mənəvi qorunma yollarını tərk etsən, təsirlərə açıq olarsan. İnsan Allaha sığınmalı, Onun qüdrətini dərk etməlidir. Əks halda, başqa insanların dediyi sözlərdən asanlıqla qorxuya düşəcək. Fələq surəsində "sığınıram sübhün Rəbbinə" deyilməsi də təsadüfi deyil. Bu, Allahın qüdrətinə işarədir. Dünyanın bütün cadugərləri bir yerə yığışsa belə, günəşin çıxmasının qarşısını ala bilməzlər. Bu isə Allahın gücünün müqayisəsiz olduğunu göstərir. Amma insanlar bəzən Allahın gücünü kiçildir, cadunun təsirini isə şişirdirlər. Bu da onların yanlış yola yönəlməsinə səbəb olur.
Nəticədə, maarifləndirmənin az olması və insanların bu mövzulara maraq göstərnməməsi onları fala və cadugərliyə daha çox yönəldir. Buna görə də bu sahədə maarifləndirmə işi çox vacibdir".
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev də Olaylar.az-a açıqlama verib:
"Ümumiyyətlə, fala və falçılığa münasibətdə bu qədər marağın artmasında medianın da bir iştirakı və mənfi təsiri var. Çünki biz bəzən bəzi jurnalistlərdən də eşidirik ki, falçılıq və fala müraciət etmək ideyası sanki hər kəs üçün qəbul edilən bir hal kimi təqdim olunur. Bu ideyaya söykənərək falçıları dəvət edənlərin sayı da artır və hətta onları bəzən psixoloq, sosioloq, tədqiqatçı kimi təqdim edirlər. Parapsixoloq və ya alternativ psixologiya nümayəndəsi kimi qələmə verərək bu insanlara müəyyən "legitimlik" qazandırırlar.
Halbuki onların əksəriyyətinin orta təhsillidir. Bəzilərinin psixologiya və ya sosiologiya ilə bağlı heç bir anlayışı yoxdur. Buna baxmayaraq, insanların psixikasına təsir etməyə çalışır, gündəlik psixologiyadan istifadə edərək, bəzən intuitiv qabiliyyətlərini qabardaraq müəyyən doğru təsəvvürlər yarada bilirlər. Amma bu, əslində hər bir insanın müəyyən qədər müşahidə və məlumat əsasında edə biləcəyi bir şeydir. Bəzi insanlar başqalarının fikirlərini yönləndirməyə çalışır. Yəni, manipulyasiya etməyi yaxşı bacarırlar və bu manipulyasiya ən çox gənclərə təsir edir. Xüsusilə müxtəlif süni intellektlərdən istifadə edərək özlərini ekstrasens kimi təqdim edənlərin sayı artıb. Bu isə heç də arzuolunan bir tendensiya deyil.
Bu cür tendensiyaların mənfi təsirləri açıq şəkildə görünür. Texnologiyanın hər kəs üçün əlçatan olması və falçıların bundan məqsədyönlü şəkildə istifadə etməsi də bu yayılmada rol oynayır. Süni intellekt və müxtəlif sistemlərdən istifadə edərək "sənə uğur gələcək", "tezliklə pul qazanacaqsan" kimi ifadələrlə insanlara təsir etməyə çalışırlar. Sosial şəbəkələrdə aktiv olan hər kəs bunun şahidi olur. Hətta bəzən bu şəxslər insanlara şəxsi mesajlar yazaraq "sizdə cadu var", "müalicəyə ehtiyacın var", "yolunu təmizləyə bilərəm" kimi çağırışlar edirlər. Tanımadıqları insanlara dostluq göndərərək auditoriya toplamağa və bundan maddi gəlir əldə etməyə çalışırlar.
Dəfələrlə olub ki, heç bir peşəkar bilik və bacarığı olmayan, hətta yeniyetmə yaşında olan şəxslər efirə dəvət edilərək populyarlaşdırılır. Bu isə efir mədəniyyətinin, etik normaların və yayım qaydalarının pozulmasına səbəb olur. Düzdür, son dövrlər bu məsələlərə müəyyən diqqət artırılıb, amma kontent artıq dəyişib. Sosial media ənənəvi medianın yerini qismən tutaraq daha geniş təsir imkanına sahib olub. Televiziya və radio müəyyən qədər arxa plana keçsə də, sosial şəbəkələr vasitəsilə yaradılan kontent gənclərin düşüncəsinə və davranışına birbaşa təsir göstərir.
Əslində, heç nə köklü şəkildə dəyişməyib. İnsanların həyatında bu kimi təsirlərin izləri qalır. Bu izlər bəzən düşüncənin tam formalaşmaması, bəzən isə qeyri-real güclərə olan inamdan qaynaqlanır. Bəziləri bunu manipulyasiya vasitəsinə çevirir, bəziləri isə doğrudan da qabiliyyətlərinin olduğunu düşünür. Amma bu, əslində insanın öz müşahidələri və topladığı məlumatlar əsasında formalaşan nəticələrdir. Heç kəs bizim həyatımızı bizim qədər bilə bilməz. Heç kəs onu bizim qədər düzgün istiqamətləndirə bilməz. Hər bir insanın fərdi iradəsi, şəxsi keyfiyyətləri və davranışları onun həyatını müəyyən edən əsas amillərdir. Bəli, müəyyən emosional təsirlər mövcuddur və bu reallıqdır. Amma bunlar falçıların həll edə biləcəyi problemlər deyil. Bu, tamamilə fərqli və peşəkar yanaşma tələb edən sahədir və yalnız mütəxəssislər tərəfindən həll oluna bilər.
Falçılıqla məşğul olmaq heç də xüsusi qabiliyyətə malik olmaq demək deyil. Əksinə, bu, bir çox hallarda insanları aldatmaq, hüquqi məsuliyyət yaradan və bəzən cinayət xarakteri daşıyan bir fəaliyyətdir. Gənclər bu məsələdə aldanırlarsa, bu, onların sosial-psixoloji inkişafında, dünyagörüşündə və dəyərlərə münasibətində müəyyən boşluqların olduğunu göstərir. Bu boşluqlar üzərində işləmək lazımdır ki, falçıların təsir dairəsi daralsın və bu fəaliyyət növü tədricən aradan qalxsın".
Zeynəb Mustafazadə