MÜSTƏQİL VƏ BÜTÖV AZƏRBAYCAN AMALLI MƏTBUAT ORQANI- “MOLLA NƏSRƏDDİN” – 120
10:32 SosialRamiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya elmləri doktoru, dosent
Düz yüz iyirmi il öncə 1906-cı ildə köhnə stillə aprel ayının 7-də, yeni stillə 20-də Şərqin ən böyük, ən güclü mətbuat orqanı olan "Molla Nəsrəddin" jurnalı işıq üzü görəndə bir amal, bir məqsəd üçün yaranmışdı: Azərbaycan. Buna görə də jurnalın yaradıcısı, redaktoru və bütün Mollanəsrəddinçilərin ağsaqqalı böyük Mirzə Cəlilin təşəbbüsü ilə jurnalın "7 aprel, Tiflis" adlı baş məqaləsində belə yazmşdı: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!". Buna görə də "intibah yaşanan", "xalqların baş qaldırıb müxtəlif azadlıqlar tələb etdiyi bir dövrdə" müsəlman-türk aləminin dostu və ən böyük hamisi kimi "Molla Nəsrəddin" jurnalı"ax unudulmuş vətən, ax yazıq vətən" - deyə "bəni-noi-bəşər üçün özgə nicatın olmadığı "vətən, vətən, vətən, millət, millət, millət, dil, dil, dil" ideyası ilə gəldi. "Bəs sən hardasan, ey biçarə vətən?" - deyə "Molla Nəsrəddin" Azərbaycanı və azərbaycanlıları axtardı, azərbaycançılıq məfkurəsilə bir ideya ortaya qoyub Azərbaycan vətəndaşlarını "vətən, millət, dil" uğrunda həmrəylik və birliyə səslədi. Bu mənada "Molla Nəsrəddin" jurnalı mollanəsrəddinçilərin qaranlıq Şərqə maarif, milli istiqlal, oyanış ideyaları, milli düşüncə və mücadilə fikirləri yayan "atom bombası" idi. Məhz onun xeyirli "virusları" zaman-zaman Şərq adamının qanına-canına keçərək onu ziyanlı xasiyyətlərdən təmizləmiş, şüurlarda işıq yandırmışdı.
"Molla Nəsrəddin" aşiqi olduğu Şərqin, türk dünyasının və vətənimiz Azərbaycanın "xəstəlik tarixini" yaradırdı. "Molla Nəsrəddin"də bütün problemlər, həyatda müşahidə olunan bütün eybəcərliklər, nöqsan və əyintilər öz kameral əksini tapırdı. Kompleks şəkildə problemlərə yanaşan "Molla Nəsrəddin"in və mollanəsrəddinçilərin vahid amalı, mübarizə və inkişaf konsepsiyaları var idi. Milli azadlıq, dövlətçilik və müasirlik, mədəniyyət uğrunda mücadilə "Molla Nəsrəddin"nin fəaliyyət proqramı idi. Milli inkişafa qarşı olan bütün manelər saf-çürük olunur, tənqid edilirdi. Milli-fərdi oyanışa malik olmaq əzmini həyata keçirən "Molla Nəsrəddin" dini mövhumatla paslanmış şüurları təmizləmək, qaranlıqları məhv edib işıqlandırmaq və ətalət içində "səssiz ölümə" məhkum olunmuş bir milləti çırpınıb qalxmağa, mübarizə aparmağa yönləndirirdi.
"Molla Nəsrəddin" bu millətin dərdini çəkməkdən ötrü yaranmışdı. O, bu millətin dərdini də bilirdi, dərmanını da. Mirzə Cəlil özü demişkən: "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı". "Hər yan tüstüdür; məclislərdə və evlərdə duxaniyyat və məşrubat tütüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü!.. Xülasə, millət tüstü içində boğulmaqdadır. Millət boğulur, tüstülər milləti hər tərəfdən əhatə eləyib. Əgər dadü fəryada tez yetişməsəz mümkündür ki, millətdən bir əsər dəxi qalmaya". Hər tərəfdən gələn müxtəlif "tüstü"lər içində boğulan milləti bu "tüstülər"dən, qaranlıqlardan xilas etmək üçün ən dəqiq "nişançılar" ən yaxşı silah kimi "Molla Nəsrəddin"i yaratdılar. "Molla Nəsrəddin" məcmuəsi bütöv vətənin ayrılmış, paralanmış, bölünmüş ətraflarına dördgözlə baxaraq hər yerindən, hər dərdindən xəbər verdi. Bu möhtəşəm satirik jurnalın "qəsdi bütöv Azərbaycan üzərinə" , vətənin azadlığı və müstəqilliyi, millətin mədəniliyi və xoşbəxt rifahı, dövlətçiliyi "üzərinə idi".
Azərbaycanın böyük sənətkarı, yazıçı-dramaturq, publisist, naşir Mirzə Cəlil Məmmədquluzadənin bu jurnalın ərsəyə gəlməsində o qədər böyük rolu və xidmətləri olub ki, "Molla Nəsrəddin"in adı çəkiləndə ilk növbədə Cəlil Məmmədquluzadə yada düşür. Necə deyərlər, Mirzə Cəlilsiz "Molla Nəsrəddin", "Molla Nəsrəddin"siz Mirzə Cəlil yoxdur. Mirzə Cəlil bu jurnalın, o cümlədən, mollanəsrəddinçi ədiblərin ağsaqqalı, yolgöstərəni və ideoloqu idi.
"Ax unudulmuş vətən, ax yazıq vətən! Dünya titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular.
Bəs sən hardasan, ay biçarə vətən!"
Mirzə Cəlil yaradıcılığı ilə həmvətənlərini oyatmağa, cəhalətdən ayıltmağa, özünə qayıtmağa səslədi: "Dünya aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni... hamı buna qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil millət, millət, millət. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur". Mirzə Cəlilin bütün fikri, məqsəd və məramı "Azərbaycan vətəninin üzərinədir". "Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə fel heç vaxt düzəlməz...!". "Əvvələn, gərək bir-birinizlə əl-ələ verəsiniz... yəni birləşəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa sizdən ötrü nicat yolu yoxdur". Göründüyü kimi, "Molla Nəsrəddin"in milli inkişaf konsepsiyasında elm və təhsil yolu ilə xalqın maarifləndirilməsi, gələcək müasir-mədəni və sosial ədalət hakim olan cəmiyyətin qurulması üçün yeni təlim və tərbiyələndirmə ənənələrinin olması vacibdən vacib hesab edilirdi. Öz hüquqlarını, milli mənşəyini və məsuliyyətini başa düşən şəxsiyyətlərin yaranması üçün yol məhz bu yeni ənənələrdən, təlim və tərbiyələndirmə ənənələrindən keçirdi. Akademik Məmmədcəfər Cəfərovun sözləri ilə desək, "Molla Nəsrəddin" "çalışırdı ki, məktəb, mətbuat, incəsənət, bütün elmi-mədəni müəssisələr hər şeydən əvvəl zəhmətkeş kütlələrin və vətənin gələcəyi olan gənc nəslin tərbiyəsinə xidmət etsin". Məhz bu cür sosial-mənəvi inkişaf hesabına milli və xəlqi birlik yaradıb, zülmə və şərə qarşı etiraz edib mücadilə apararaq azadlıq və gözəl həyat qazanmaq olar. Bu proqram və prinsiplər Mirzə Cəlilin sosial-siyasi görüşlərində sosial ədalət hakim olan cəmiyyət qurmağın prioritetini təşkil edir.
Beləliklə, Mirzə Cəlil Azərbaycanın dərdini də bilirdi, dərmanını da. Onun sənətkar böyüklüyü də onda idi ki, o təkcə problemləri göstərmirdi, həm də öz ayıqlığı, dərin müşahidə və anlamı hesabına nicat yolunu da göstərirdi. Bu mənada Mirzə Cəlil bütöv Azərbaycanı qabağına qoyub "xırdalanmış" halına ağlayırdı: "Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, onun qeydinə qalmalıdır! Axıtmalı qanlarımız,ehsan etməli pullarımız varsa - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur". Qeyd etmək yerinə düşər ki, müəllifin "Azərbaycan" məqaləsini onun bütün düşüncəsinin, fəaliyyət və məqsədlərinin proqramı, konsepsiyası hesab etmək olar. Burdakı dərin lirizm, yanğı və ehtiras müəllif kədərinin ölçülərini təsəvvür etməyə imkan verir. Mirzə Cəlilin bu sözləri hər bir zaman hər bir azərbaycanlının qarşısında proqram, konsepsiya və fəaliyyət istiqaməti, gələcəyə çağırış şüarları olmalıdır: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda çalışmaqdır". Bütün bu xüsusiyyətlərinə, Azərbaycan xalqının inkişafı yolunda göstərdiyi xidmətlərə görə xalqımızın ümummilli lideri Heydər Əliyev "Molla Nəsrəddin" jurnalını və onun redaktoru Mirzə Cəlil Məmmədquluzadə irsini yüksək qiymətləndirərək deyirdi: "Cəlil Məmmədquluzadə öz yaradıclığı ilə, əsərləri ilə, publisitikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz "Molla Nəsrəddin" jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir".
Bu mənada, "Molla Nəsrəddin" jurnalı "Şərq həyatının ensiklopediyası" adlana biləcək, "xalqa... "öz camalını" göstərib, onu "fikirləşməyə" çağıran" bir məcmuə kimi keçdiyi kəşməkəşli mübarizə və mücadilə yolunun millətimizin qarşısındakı böyük xidmətlərinə görə heç zaman öz əhəmiyyətini itirməyəcək, həmişə də öz gülüş və qəhqəhələrilə yaddaşlarımızda düşünən və düşündürən publisistika kimi qalacaqdır. Görkəmli söz ustadı, yazıçı, dramaturq, şair, publisist, pedaqoq, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamda da deyildiyi kimi: "Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin" jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur".