90 dəqiqəlik "ənənə"nin sonu: Universitetlərdə dərs saatları dəyişir?

Ramin Nurəliyev: "90 dəqiqəlik dərs insanın diqqət imkanlarını aşır"

Təhsil sistemində səmərəliliyin artırılması, tələbələrin dərs prosesində daha aktiv iştirakının təmin olunması və müasir tədris metodlarının tətbiqi ilə bağlı müxtəlif müzakirələr aparılır. Bu kontekstdə ali təhsil müəssisələrində dərs saatlarının müddəti də diqqət mərkəzinə çevrilib. Azərbaycan universitetlərində uzun illərdir tətbiq olunan 90 dəqiqəlik dərs formatının dəyişdirilməsi və daha qısa müddətli dərs modelinə keçilməsi ilə bağlı təkliflər son günlər ictimai müzakirələrin əsas mövzularından biri olub. Müzakirələrin mərkəzində isə dərs saatlarının 90 dəqiqədən 60-70 dəqiqəyə endirilməsi məsələsi dayanır. Mövzu həm təhsil ekspertləri, həm müəllimlər, həm də tələbələr arasında müxtəlif fikirlərin səslənməsinə səbəb olub. Bəzi mütəxəssislər hesab edir ki, daha qısa və intensiv dərs formatı tələbələrin diqqətinin daha yaxşı cəmlənməsinə, informasiyanın daha effektiv mənimsənilməsinə və dərs prosesinin daha dinamik təşkilinə imkan yarada bilər. Digər tərəfdən isə bəzi müəllimlər və təhsil işçiləri bildirirlər ki, mövzuların əhatəli izahı, müzakirələr və praktik tapşırıqlar üçün mövcud 90 dəqiqəlik dərs müddəti daha əlverişli hesab olunur. Bu baxımdan dərs saatlarının azaldılması məsələsi yalnız texniki dəyişiklik kimi deyil, həm də tədrisin keyfiyyəti ilə bağlı daha geniş diskussiyalara yol açır. Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində universitetlərdə dərs müddəti fərqli formatlarda təşkil olunur. Bəzi ali təhsil müəssisələrində 50-60 dəqiqəlik dərs modeli tətbiq edildiyi halda, digərlərində daha uzun, 80-90 dəqiqəlik blok dərslərə üstünlük verilir. Bu isə göstərir ki, dərs saatlarının optimal müddəti hər bir ölkənin təhsil sistemi, tədris proqramları və akademik ənənələri ilə sıx bağlıdır. Azərbaycanda isə hazırda universitetlərdə dərs saatlarının müddətinin dəyişdirilməsi ilə bağlı konkret qərar qəbul edilməyib. Elm və Təhsil Nazirliyindən "Yeni Sabah"ın sorğusuna verilən cavabda bildirilib ki, qeyd olunan məsələ ilə bağlı rəsmi qərar mövcud deyil. Buna baxmayaraq, məsələ ətrafında aparılan müzakirələr ali təhsil sistemində mümkün dəyişikliklər və islahatlar barədə müxtəlif suallar doğurur.

"Bu mövzu ilə bağlı təşəbbüs göstərənlərdən biri də mən olmuşam. Hətta bununla əlaqədar müxtəlif xəbər portallarına, eləcə də televiziya kanallarına müsahibə də vermişdim. Beynəlxalq təcrübəyə diqqət yetirdikdə görürük ki, dərs müddətləri müxtəlif ölkələrdə fərqli şəkildə təşkil olunur. Mən mütəmadi olaraq beynəlxalq təcrübəni, xüsusilə də təhsil sahəsindəki tətbiqləri araşdırıram. Bu araşdırmalar göstərir ki, bir çox ölkələrdə mühazirə dərsləri əsasən 70-80 dəqiqə olur. Hətta bəzi ölkələrdə mühazirələrin müddəti 60 dəqiqə ilə məhdudlaşır".

Bu sözləri Olaylar.az-a açıqlamasında İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, 90 dəqiqəlik dərslər də mövcuddur, bunu inkar etmək olmaz. Lakin belə dərs formatı daha çox postsovet ölkələrində geniş yayılıb. Bununla belə, 90 dəqiqəlik dərslərin keçirildiyi ölkələrdə də dərs fasiləsiz şəkildə aparılmır. Məsələn, 90 dəqiqəlik dərsin daxilində müəyyən qısa fasilələr olur. Müəllim bəzən 5 dəqiqəlik fasilə verir ki, tələbələr və ya şagirdlər diqqətlərini yenidən toparlaya bilsinlər. Ümumilikdə isə təhsil sistemi inkişaf etmiş ölkələrdə mühazirələrin 70 dəqiqə civarında keçirildiyini görürük. Bəzi hallarda bu müddət 60 dəqiqə olur. Seminar dərslərinə gəldikdə isə onların adətən 50-60 dəqiqə ərzində təşkil edildiyi qeyd olunur. Xüsusilə də təhsili yüksək səviyyədə inkişaf etmiş ölkələrdə bu praktika geniş yayılıb. Bu baxımdan sual yaranır: niyə bizdə də bu cür yanaşma tətbiq olunmasın? Həqiqətən də nəzər yetirəndə görürük ki, bir saat yarım, yəni 90 dəqiqəlik dərs insanın diqqət imkanları baxımından olduqca uzun bir müddətdir. Axı insan beyni müəyyən bir vaxtdan sonra verilən informasiyanı əvvəlki kimi effektiv qəbul edə bilmir. Alimlərin apardığı araşdırmalar da göstərir ki, insan beyninin məlumatı yüksək səviyyədə qavrama qabiliyyəti təxminən 30-35 dəqiqə ərzində daha aktiv olur. Hətta bəzi tədqiqatlarda bu müddətin orta hesabla 28 dəqiqə olduğu qeyd edilir. Ən yüksək diqqət və qavrama potensialına malik insanlarda belə bu müddət təxminən 35 dəqiqə civarında olur. Bundan sonra isə insanın diqqəti tədricən azalır, fikri yayınır və verilən məlumatların mənimsənilməsi çətinləşir.

Belə olan halda sual yaranır: müəllim izah edir, danışır, tələbə və ya şagird isə dinləyir. Bəs bu mühazirə dərslərini niyə mütləq şəkildə 90 dəqiqə davam etdirməliyik? 

Reallıqda 90 dəqiqə ərzində verilən informasiyanın hamısı eyni səviyyədə mənimsənilmir. Çünki müəyyən vaxtdan sonra şagirdin və ya tələbənin diqqəti dağılır, fikri yayılır və dərsin effektivliyi azalır. Əgər bu müddət daha optimal şəkildə təşkil olunsa, məsələn 60 və ya 70 dəqiqə olsa, düşünürəm ki, nəticə daha səmərəli olar. Mənim fikrimcə, bu istiqamətdə ali təhsil müəssisələrində də müəyyən addımlar atılmalıdır. Əgər beynəlxalq təcrübədə bu model tətbiq olunur və müəyyən müsbət nəticələr əldə edilirsə, şübhəsiz ki, bizdə də bu yanaşmadan istifadə etmək mümkündür. Məsələn, seminar dərslərini götürək. Seminar dərslərinin 60-70 dəqiqədən artıq keçirilməsinin, xüsusilə də 90 dəqiqəyə qədər uzadılmasının məncə ciddi bir mənası yoxdur. Seminar dərsləri daha çox müzakirə, fikir mübadiləsi və praktiki fəaliyyət üzərində qurulduğu üçün onların daha qısa və dinamik formada təşkili daha məqsədəuyğundur. 

"Ümumiyyətlə, bizdə dərslərin 90 dəqiqə olması ənənəsinin formalaşmasının da müəyyən tarixi səbəbləri var. Bunun kökü əsasən sovet dövrünə gedib çıxır. Həmin dövrdə professorlar və alimlər bəzən bir universitetdən digərinə gedərək mühazirələr oxuyurdular. Məsələn, Bakı Dövlət Universitetində dərs deyən bir müəllim müəyyən günlərdə regionlarda yerləşən universitetlərə - məsələn, Lənkəran Dövlət Universitetinə gedərək orada bir neçə gün ərzində mühazirələr keçirdi. Belə hallarda müəllimin vaxtını daha səmərəli istifadə etmək üçün dərs saatları daha uzun, yəni 90 dəqiqəlik şəkildə təşkil edilirdi ki, müəllim qısa müddətdə daha çox materialı çatdıra bilsin. Bu praktika zamanla təhsil sistemində bir ənənəyə çevrildi və uzun müddət dəyişmədən qaldı. Lakin indi artıq müasir dövrdə yaşayırıq və təhsil sistemində də yeni imkanlar yaranıb. Bu gün həm distant təhsil formaları mövcuddur, həm də müəllim resursları əvvəlki dövrlərlə müqayisədə daha əlçatandır. Artıq müəllimlərin müxtəlif universitetlər arasında dərs deməsi kimi problemlər əvvəlki qədər aktual deyil. Bu səbəbdən də dərs saatlarının yenidən nəzərdən keçirilməsi mümkündür. Mən hesab edirəm ki, mühazirə dərslərini ən azı 70 dəqiqə etmək olar. Bu, həm müəllim üçün materialı izah etmək baxımından kifayət qədər vaxtdır, həm də tələbələrin diqqət imkanlarına daha uyğun bir müddətdir. Seminar dərslərinə gəldikdə isə onların 60 dəqiqə müddətində keçirilməsi daha məqsədəuyğun hesab oluna bilər. Belə bir yanaşma dərslərin daha effektiv təşkilinə, tələbələrin diqqətinin daha yaxşı qorunmasına və ümumilikdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərə bilər", - deyə təhsil eksperti sonda vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31