Biz nə istəyirik?
18:42 SosialSon günlərdə efirlərimiz, televiziya verilişlərimiz haqqında müzakirələr artıb və tənqidlər çoxalıb. İqtisadçı kimi media ilə əlaqələri olan, verilişlərdə iştirak edən biri kimi teleməkanda baş verən, hamımızı narahat edən və etməli olan deqradasiya və təhlükələri, səbəbləri haqqında bir neçə fikri bölüşmək istərdim.
Bir neçə il öncə bir yazı yazmışdım və orada 2010-cu illərin mədəniyyət, kino, teatr, incəsənətin digər növləri ilə 18-19-cu əsrləri, 20-ci əsrin əvvəlləri və 1960-cı illərin səviyyəsini müqayisə etmişdim. Nəticədə görürdük ki, 2010-cu illərdə inkişaf daha çox bir sahədə olub, texnologiya sahəsində, indi də süni intellekt. Qalan bütün sahələrdə bəşəriyyət demək olar ki, geriləyir. Texnoloji inkişaf bütün gözlərimizi kor edib, inkişaf var deyirik. Hətta iqtisadiyyat sahəsində də ciddi deformasiyalar mövcuddur. Hazırda qlobal iqtisadi inkişafdan daha çox kapitalın təmərküzləşməsi prosesi gedir. Dünya iqtisadiyyatı 1960-70-ci illərdə qurulan iqtisadiyyatların bəhrəsini yeyir. Deməli güclü deqradasiya bir çox sahələrdə gedir.
Yazının uzun olmaması üçün deqradasiyanın müxtəlif təzahür formalarında bütün dünyada ayrı-ayrı zamanlarda bərqərar olması, yayılması, təşviqi, təbliği üçün hansı siyasətlərin niyə və necə yürüdüldüyünə toxunmuram. Qlobal səviyyədə beyinlərin yuyulması, mənəvi aşınmanın sürətlənməsi və dərinləşməsi üçün teleserial sektorunun qurulması və inkişafı (dünyada tərbiyəvi, dövlətçilik və milli dəyərləri aşılayan seriallar əlbəttə var, amma çox azdır və çoxluq qarşısında uduzurlar, təsirləri hiss olunan deyil), qlobal aləmdə müğənnilərin missiyaları (bəziləri (məsələn, Lady Gaga) bu missiyaların icrasından açıq bəyanatlarla imtina edib kölgəyə çəkilsələr də, çoxluq həmin missiyaları həyata keçirir) və sair haqqında yəqin ki, çoxlarınız bilirsiniz.
Gələk televiziya məkanında baş verənlərə. Əvvəla bunu bütün televiziyalara aid etmək olmaz. Obyektivlik naminə qeyd edək ki, AzTv, İTV, ARB24, Real TV, APA TV öz dəst-xətləri olan kanallardır və bu gün müzakirə mövzusu olan verilişlər bu kanallara aid deyil. Digər yaddan çıxan kanal varsa üzrlü hesab edər.
Nə baş verir sualına cavab sadədir. Biabırçılıq. Niyə baş verir sualı isə müzakirə və mübahisə mövzusu olsa da, müəyyən cavabları var. Əvvəla, həmişəki kimi hər şeyi millətin üzərinə atmayaq. Sadə bir misal. ARB 24 kanalı ilk efirə gedən günlərdən pandemiyaya qədər hər gün saat 19:00-da qlobal iqtisadiyyatı canlı efirdə müzakirə edirdik, London və İstanbuldan ekspertlər verilişə canlı qoşulurdular. Həmin saatda Zaurun 5x5 verilişi yayımlanırdı. Düşünürdüm ki, yəqin ARB24 kanalına baxan olmaz. Rayonlara, kəndlərə qonaq gedərkən, Elman müəllim diqqətlə dinləyirik, izləyirik deyirdilər və o zamanlar ARB24 efirə çıxdıqdan sonra ən qısa zamanda ən çox baxılan kanala çevrilmişdi. Deməli, millətdə günah yoxdur demək olar. Varsa da, şişirdildiyi qədər deyil. Deməli günah yanlış reytinq siyasətindədir. İqtisadiyyatdan çox danışmayaq deyən millət deyil. O kanallardakı verilişləri təşkil edənlər də millət deyil. O kanallardakı kadr siyasətini aparan da millət deyil. 2020-ci ildə 44 günlük müharibə zamanı millət əslində necə bir millət olduğunu göstərdi, həmin imtahandan 5 ballıq şkalada 5 aldı. Məsələ, idarəçilikdədir, milləti günahlandırmağın heç bir əsası yoxdur. Əyləncə narkotika kimidir. Yavaş-yavaş dozasını artıraraq təqdim etməklə insanı narkomana çevirmək necə mümkündürsə, televiziyalarımızın da reytinq bəhanəsilə tənbəl variantı olan verilişləri millətə sırıyıraq sonra da millət bunu istəyir deməsi o qədər rahatdır, sadədir. Tənbəl variantı nədir? 3-4 saat canlı efirdə ağlına da deyil, ağzına gələni danışmaq asandır, yoxsa 3-4 canlı efirdə hansısa mövzuların ciddi təhlili, müzakirəsi, reportajların, süjetlərin hazırlanması?
Çal-çağır, əyləncə, idman yaxşıdır, öz qədərində. Məsələn, Roma imperiyası əhalinin başını qatmaq, siyasətdən uzaqlaşdırmaq, problemləri arxa plana atmaq məqsədilə kolizeylər, teatrlar, müxtəlif əyləncə məkanları inşa edirlər, qladiator döyüşlərini, əxlaqsızlığı, əyləncəni həddən artıq təbliğ edirdilər. İmperiya bir müddət sonra ayıldı ki, həmin sahələr xalqdan çox elitanın başını qatıb, imperiyanın genişlənməsi, rifahının artması, güclənməsi məsələlərinə çox az vaxt ayrılır. İmperiya süquta doğru gedir. Digər tərəfdən, televiziyalarda mövcud vəziyyət milli ruha, düşüncəyə, vətənpərvərliyə, ailə dəyərlərinə, əməksevərliyə və sair ali dəyərlərə zərbə vurur, aşındırır. Bir müddət sonra əyləncədən keyiyən beyinlər dövləti, siyasəti, ciddi məsələləri ya görmürlər, ya özlərini görməzliyə vururlar.
Televiziyaların ən böyük problemi nədir? İxtisaslaşma yoxdur. Məsələn, kənd təsərrüfatı sahəsində maariflənməyə, bu sahə haqqında verilişlərə ehtiyac var? Var. Həmin verilişlərə 100 min vətəndaş deyil, o sahədə olan 10 min fermer baxacaq. Amma onların maariflənməsi məhsuldarlığı artıracaq, daha az səhvlər edəcəklər, digər vətəndaşlar da həvəslənib fermerliyə başlayacaqlar və sair. Turizm sahəsi. Ölkəmizin nə qədər gözəl yerləri var, digər ölkələrdə turizm təcrübələri var. Həmin kanal vasitəsilə ölkəmizdə turizm sahəsində xidmət göstərən ictimai iaşə, hotel və sair sahələr də müəyyən təcrübələr, nou haular, yeni ideyalar qazanarlar. Məsələn, uşaq verilişləri demək olar ki, yoxdur. Halbuki gələcəyimiz indi yetişən uşaqlardan asılı olacaq. Milli ruh, qəhrəmanlıq, dürüstlük, mərhəmət hissləri və ya uşaqların beyinlərinin yuyulması, şüuratlı mesajların yeridilməsi animasiya filmləri ilə həyata keçirilir. Maraqlı bir fakt. BMW-nin sponsoru olduğu animasiya filmlərində nəzərə çarpmayacaq şəkildə BMW-nin loqoları istifadə edilirmiş. BMW mütəxəssisləri deyirdilər ki, bizim indi həmin 3-12 yaşlı uşaqlara BMW satmaq düşüncə və şansımız yoxdur. Amma onlara loqomuzu sevdirməklə gələcək müştəri bazamıza töhfə veririk. Sevgi, bağlılıq yoluxucudur. Bir ölkədə bir maşını daha çox gənclər sevirsə, digər ölkədəki gənclərdə də dəb halına gəlir. Bu gün gənclər arasında BMW sevgisinin səbəb və köklərinin bir hissəsinin həmin animasiya filmlərində olduğunu görürük. Biz bunu millət sevgisi, dostun düşmənin tanınması, elmə, təhsilə məhəbbət, torpaq sevgisi, əməksevərlik və sair dəyərlərin tətbiqi üçün tətbiq edə bilməliyik.
Bu gün iqtisadi verilişlərin sayı nə qədərdir? Yeri gəlmişkən, iş o yerə çatdı ki, televiziyalarda ekspert sözünün ucuzlaşdırılması, hər kəsə ekspert deyilməsi (ekspert sahəsinin dərin bilicisi, mütəxəssis deməkdir) ekspert sözünü gözdən saldı. Haşiyə: Məhz bu səbəbdən məni iqtisadçı-ekspert yox, iqtisadçı kimi təqdim edin deyirəm.
Biz nədən, kimdən şikayət edirik? Kadr siyasətinə hər sahədə olduğu kimi, televiziya sahəsində də yenidən baxmaq lazımdır. Televiziya da daxil əksər sahələrdə çox adam yerində deyil. Mütəxəssislərə qarşı qıcıq, kin-küdurət var. Yerində olmayanlar mütəxəssisləri öz yerləri üçün təhdid hesab edirlər. Əmin olaq ki, bunun bədəlini bir gün ölkə olaraq, cəmiyyət olaraq ağır bir şəkildə ödəyəcəyik. Əslində ödəyirik, sadəcə ölçə bilmirik...
Bu fikrim televiziya daxil əksər sahələrə aiddir. Hər hansı bir yenilik, həyata keçirilməsi nəzərdə tutulan fikir, nou hau, ideya, prosedur bir layihə deməkdir. Layihənin isə icra mexanizmləri, qaydaları və idarəçiliyi var. Bir layihə həyata keçirilməzdən öncə dar bir çərçivədə pilot layihə şəklində həyata keçirilir, sonra nəticələri ciddi təhlil olunur, çatışmazlıqlar aradan qaldırılır. Biz isə ağlımıza gələn, axşam yuxuda gördüyümüz, dost-tanışdan eşitdiyimiz hər hansı bir əsaslandırılmamış, ölçülüb-biçilməmiş fikri, ideyanı, layihəni ölkə səviyyəsində görək nə olur deyə tətbiq edirik. Bütöv ölkəni sınaq-təcrübə laboratoriyasına çevirmişik. Nəticələri də göz önündədir. Sonra da mənfi nəticələrini necə aradan qaldıraq deyə baş sındırmağa məcbur oluruq...
Yazının başlığı biz nə istəyirik adlanır. Etiraf edək ki, biz özümüz hələ nə istədiyimizi tam bilmirik. Çünki, istənilən sahədə mütəxəssis qıtlığı var. Ona görə yox ki, mütəxəssis yoxdur. Ona görə ki, mütəxəssislər hazırki dövrdə sərf eləmir, küsdürmüşük, mesaj veririk ki, biz olan yerdə sənə yer yoxdur, mütəxəssissən, get xarici ölkədə işlə, ya da bizim kimi özünə aid olmayan sahəyə keç, daha hörmətli olarsan. Mövzu ilə bağlı hər bir sahəyə aid olacaq ibrətamiz bir məsələ. Birisi Allaha üsyan edir ki, sənə o qədər dua, ibadət edirəm, məni eşitmirsən, var-dövlət vermirsən. Allah da deyir ki, o qədər dua edincə, mənə bircə dəfə şans ver, bir dəfə bircə dənə lotereya al. Yəni, bu qədər danışınca, gileylənincə, hər sahəyə həmin sahənin özünə, sözünə, sənətinə hörmət qoyan mütəxəssislərini dəvət edin. Yeri gəlmişkən, iqtisadi sahədə olan bütün qurumlar rəhbərliyə heç olmasa bircə nəfər həqiqətən iqtisadi düşüncəyə malik iqtisadçı dəvət etsinlər. Çox deyil, bircə iqtisadçı... Məncə zərərləri dəyməz.. Televiziyalarımız da səviyyəli aparıcıların, televiziya mütəxəssislərinin saylarını çoxaltsınlar. O halda biz televiziyanın özü də özündən nə istədiyini biləcək, cəmiyyət və millət olaraq biz də nə istədiyimizi biləcəyik..
Elman Sadıqov
İqtisadçı ekspert