İki ənənənin dialektikası: Novruz və Ramazan- ÖZƏL

Sosial elmlərin, xüsusilə də Qərb sosioloji ənənəsinin ən fundamental tədqiqat obyektlərindən biri modernlik və ənənənin qarşıdurması problemidir. Klassik Avropa təcrübəsində bu proses aydın cizgilərlə müşahidə olunur: inkişaf edən modern elm, tənqidi fəlsəfə və mülki hüquq, cümhuriyyətçilik, vətəndaşlıq konsepsiyası kimi sekulyar institutlar əsrlər boyu hakim olmuş ənənəvi-dini inanclar və kilsə hegemonluğu ilə kəskin konfliktə girmişdir. Bu tarixi dialektika, nəticə etibarilə, cəmiyyətin dünyəviləşməsi (sekulyarizasiya) ilə yekunlaşmışdır.
Bu klassik dixotomiyanın müsəlman cəmiyyətlərinə sıçraması XIX əsrdən etibarən özünü göstərməyə başlamışdır. Qərbdən fərqli olaraq, Şərqdə modernləşmə prosesi daxili təkamüldən ziyadə, həm də xarici təsirlər və modern dövlət quruculuğu zərurəti ilə meydana gəlmişdir. Məhz bu səbəbdən, modernləşməkdə olan müsəlman ölkələrində bu sosioloji proses hələ də tamamlanmamışdır və "keçid dövrü sancıları" davam edir.
Fikrimcə, müsəlman şərqində cəmiyyətlər qarşısında hələ də konkret cavabını tapmamış fundamental suallar durur:
- İdentifikasiya böhranı: Fərdin əsas aidiyyəti Millətə yoxsa Ümmətədir? Bizim ölkədə bu problem özünü - "Öncə müsəlman, yoxsa azərbaycanlı olmalısan?" sualı kimi büruzə verir.
- Hüquqi sistem: Müsəlman ölkələrin çoxunda hələ də, ictimai tənzimləmə sekulyar hüquqla, yoxsa şəriət normaları ilə aparılmalıdır sualı aktuallığını qoruyur.
- Dünyagörüşü: İnsanın həyat bələdçisi elmi-sekulyar rasionalizm, yoxsa dini etiqaddır? Bu sual bizim ölkəmiz üçün də, fikrimcə, çox aktualdır. "Hüquq yetərlidirmi, dini etiqadlı olmadan əxlaqlı olmaq mümkündürmü?" suallarının tez-tez səsləndirildiyini müşahidə edirik.
Bu dilemmalar qarşısında cəmiyyətlər müxtəlif strategiyalar seçirlər: bəziləri qərbləşmə ilə ənənəni uzlaşdırmağa (adaptasiya), bəziləri sərt şəkildə keçmişə qapanmağa (mühafizəkarlıq), digərləri isə tamamilə yeni bir milli kimlik inşa etməyə çalışırlar.
Lakin bizim cəmiyyətimizdə, yuxarıda qeyd olunan "modernlik və ənənə" şablonuna sığmayan, olduqca fərqli və unikal bir fenomen özünü göstərir. Bunu ən bariz şəkildə Novruz bayramı və Ramazan ayının kəsişməsində müşahidə edə bilərik.
Burada məsələ yeninin (modernin) köhnə (ənənə) ilə mübarizəsi deyil. Burada qarşı-qarşıya gələn, yaxud eyni ictimai məkanda birgə yaşamağa çalışan iki fərqli ənənədir. Hər ikisi xalqın tarixi yaddaşında dərin köklərə malikdir, lakin onların ontoloji mahiyyətlərində daxili, potensial ziddiyyətlər mövcuddur:
Bildiyimiz kimi, Novruz ənənəsi təbiətin oyanışını, maddi bolluğu, coşqunu, cismani və dünyəvi sevinci simvollaşdırır. Etnik-milli yaddaşın məhsuludur.
Ramazan ənənəsi isə, əsasən, dini olub nəfsin tərbiyəsini, asketizmi, qənaəti, maddi olandan imtinanı, ruhani dərinliyi və sükunəti təmsil edir. Dini-ənənəvi yaddaşın məhsuludur.
Bizim cəmiyyətimizdəki bu mənzərə nə Avropanın "modernlik-ənənə", və ya "elm-kilsə" konfliktinə, nə də ənənəvi müsəlman cəmiyyətlərinin əksəriyyətinin üzləşdiyi sadə modernləşmə böhranına bənzəyir. Bu, eyni xalqın mentalitetində iki fərqli - həm etnik-tarixi, həm də dini-mənəvi - dəyərlər sisteminin eyni vaxtda varlıq göstərməsidir.
Bu iki ənənənin kəsişmə nöqtəsində insanların nümayiş etdirdiyi davranışlar dərin antropoloji və sosioloji tədqiqatlara möhtacdır. Baxmayaraq ki, əlimizdə geniş empirik məlumatlar yoxdur, ilkin gündəlik müşahidələr əsasında əhalinin bu "ikili ənənə" qarşısında aşağıdakı modellər üzrə qruplaşdığını ehtimal etmək olar:
1. Sintezçilər (xalq dindarlığı): Əhalinin bəlkə də ən böyük qismi bu kateqoriyaya aiddir. Onlar eyni həftə ərzində həm oruc tutub iftar süfrəsi aça, həm də tonqal üzərindən atlanıb səməni yetişdirə bilirlər. Bu qrup üçün hər iki ənənə "babalardan qalan adət" kateqoriyasında birləşir və aralarındakı fəlsəfi ziddiyyət nəzərə alınmır.
2. Mühafizəkar dindarlar (ortodoksal dindarlıq): Müəyyən dini cərəyanların mənsubları (əsasən sələfilər), eyni zamanda digər dini cərəyanlar içərisində fərdi sərt mövqe nümayiş etdirənlər Novruzu İslamdan əvvəlki bütpərəstlik və ya zərdüştlük inancı kimi təsnif edərək ondan tamamilə imtina edir, yalnız İslami ənənələrə sarılırlar. Qeyd etdiyim kimi, ortodoksal dindarlıq sadəcə sələfi etiqadlı dindarlara xas deyil, lakin bu dini cərəyanda Novruza qarşı sərt  mövqe prinsipial xarakter daşıyır.
3. Sekulyaristlər (dindar olmayanlar): Bu qrup isə yalnız milli kimliyə və uzaq tarixi köklərə istinad edərək, İslam ənənələrini ərəb mədəniyyətinin təsiri kimi xarakterizə edir və Ramazan və oruc kimi rituallardan uzaq duraraq bütün ehtiramını Novruza yönəldir.
Qısaca, Azərbaycan və bənzər post-sovet müsəlman cəmiyyətlərindəki bu vəziyyət göstərir ki, mədəniyyət, modernlik və ənənə əlaqələri təkölçülü deyil, mürəkkəb xarakterə malikdir. Məsələnin bütün mürəkkəbliyini anlamaq üçün hazırcavab fərziyyələrdən uzaqlaşıb, bu unikal daxili ziddiyyətləri empirik məlumatlar əsasında tədqiq etmək lazımdır. Yalnız bu cür dərin sosioloji və antropoloji araşdırmalar bizə cəmiyyətimizin əsil mahiyyətini, onun həm ziddiyyətlərini, həm də heyrətamiz uzlaşdırma qabiliyyətini göstərə bilər.
Novruz və Ramazanın xalqımız üçün mübarək və firavan keçməsi diləyi ilə...

Asəf Qənbərov
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31